Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2072/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); İbrahimli İbrahim Adil oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, Üçüncü şəxsin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Mirzəyeva qızı) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1189/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilindən X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 8 noyabr 1952- ci il tarixdə doğulmuşdur. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilində tək yaşayır. Bakı şəhərində yaxın qohumu yoxdur, bacıları Moskvada yaşayırlar. İddiaçı 12 iyun 2002-ci il tarixdə doğulmuş X5 2005-cin ildə övladlığa götürmüşdür və 8 noyabr 2020-ci il tarixədək onlar həmin mənzildə birlikdə yaşamışlar. İddiaçı 2020-ci ilin oktyabr ayının sonlarında ürək nahiyəsindən ağır əməliyyat olunmuş və əməliyyatdan sonra onun ciddi qulluğa ehtiyacı yaranmışdır. X1 ona qulluq etməkdən imtina etmiş (“məni qulluq etmək üçün övladlığa götürməmisən ki, deyərək), əşyalarını toplamış, tanışı olan bir şəxslə evləndiyini, onunla kirayədə yaşayacağını bildirmiş və 8 noyabr 2020- ci il tarixdə çıxıb getmişdir. Qeyd olunan tarixdən bir neçə gün sonra Səbinə Mirzəyeva həmin şəxslə birlikdə iddiaçının yanına (sözügedən mənzilə) gəlmiş və ona meyvə və qabda yemək gətirmişlər. Həmin qabdakı yeməyi yedikdən sonra iddiaçının səhhəti pisləşmiş, tibbi müdaxilədən sonra yaxşılaşmışdır. Bundan üç gün sonra Səbinə Mirzəyeva zəng edərək hər hansı hadisə olmadığını bildirdikdə, təəccüblənmişdir. Məlum olmuşdur ki, əməliyyat olan ərəfədə Səbinə Mirzəyeva həmin şəxslə birlikdə Xaçmaza gedərək, iddiaçıya valideynlərindən miras qalmış evi və torpaq sahəsini ona göstərmişdir. Həmçinin onların niyyəti iddiaçının evinə və Xaçmazdakı ata mülkinə sahib çıxmaq olmuşdur. İddiaçı bu barədə Nəsimi rayon prokurorluğuna rəsmi müraciət etmişdir. Səbinə Mirzəyeva Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilində uzun müddətdir yaşamır, əşyalarını götürərək çıxıb getmişdir. Onun yaşamadığı həmin mənzildə formal olaraq qeydiyyatda qalması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2, 5-ci maddələri ilə ziddiyyət təşkil edir. Odur ki, Səbinə Mirzəyevanın yaşamadığı və mülkiyyətçisi ilə yuxarıda qeyd edilən əməllərə cəhd etdiyi mənzildə qeydiyyatda qalması üçün hüquqi əsas yoxdur, onun qeydiyyatı formal xarakter daşıyır, iddiaçının təhlükəsizliyinə xidmət etmir, faktiki vəziyyəti əks etdirmir. İddiaçı mülkiyyətindəki mənzildən Səbinə Mirzəyevanın qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının vəkilinə ünvanlanmış 18 may 2021-ci il tarixli 082- 18430-1221 nömrəli cavab məktubunda bildirmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxsin Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var.” Göründüyü kimi, müraciət qanunvericilikdə göstərilən əsaslara tam cavab verməsinə baxmayaraq, inzibati orqan əsassız olaraq formal məzmunda 082-18430-1221 nömrəli 18 may 2021-ci il tarixli imtina verməklə iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. İddiaçı hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 18 may 2021-ci il tarixli cavab məktubunu 25 may 2021-ci il tarixdə almışdır. Göstərilənlərə və İPM-in 1.2, 2.2.2, 8, 27, 33, 38.2, 73-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına əsaslanaraq, məhkəmədən X3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmənin qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1189/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1189/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının özü və qızı Bakı şəhəri, ünvan 2 ünvanda yaşasa da, qızı hazırda bu ünvanda yaşamır, bunu qonşular akta əsasən təsdiq ediblər.İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin sakinlərinin imzası və Bakı şəhəri Nəsimi RİH MKTB 48 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş 31 may 2021-ci il tarixli aktda da qeyd olunmuşdur ki, X8 həqiqətən uzun müddətdir ki, ərə getməsi ilə bağlı bu mənzildə yaşamır, onun hazırda harada yaşaması sakinlərə məlum deyildir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1189/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı ŞİH başçısı X6 və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən 29 oktyabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Vəkil1 (İddiaçı vəkilinə) ünvanlanmış 18 may 2021-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə Qeydiyyat Məsələləri Bölməsinə ünvananan müraciətə Bölmədə baxılmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxsin ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatda çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. - Bakı şəhəri Nəsimi RİH MKTB 48 saylı MKİSin 264 nömrəli 3 iyun 2021-ci il tarixli arayışında bildirilmişdir: İddiaçı ünvan 5 ünvanda qeydiyyatda iki nəfərdir (özü və qızı). Özü qeydiyyatdadır və yaşayır, qızı X8 hazırda bu ünvanda yaşamır, bunu qonşular akta əsasən təsdiq ediblər. - Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin sakinlərinin imzası və Bakı şəhəri Nəsimi RİH MKTB 48 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş 31 may 2021-ci il tarixli aktda qeyd olunmuşdur ki,binanın 1 saylı mənzilində qeydiyyatda olan X8 həqiqətən uzun müddətdir ki, ərə getməsi ilə bağlı bu mənzildə yaşamır, onun hazırda harada yaşaması sakinlərə məlum deyildir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qərarında qeyd etmişdir ki, üçüncü şəxs X8 İddiaçı ailə üzvü olmaqla sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilində hazırda yaşamasa da, həmin yaşayış sahəsindən könüllü şəkildə çıxmamışdır və bununla bağlı onlar arasında mülki mübahisə mövcuddur.İddiaçı üçüncü şəxsə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin , o cümlədən, şəxsin yaşayış yerini dəyişməsi, istifadə hüququna xitam verilməsinin mövcud olması haqqında sübut,dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə aşağıdakı maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericilik normalarının tələblərindən fərqli olaraq hazırkı iş üzrə üçüncü şəxsin qeyd edilən mənzildən könüllü şəkildə çıxması müəyyən edilməmişdir. Belə ki, İddiaçı ona məxsus mənxildən üçüncü şəxs X3 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4733/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı "yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair" ilk və İddiaçı cavabdeh X4 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, e2(006)-1008/2022 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1008/2022 saylı iş üzrə 06 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair” ilk iddia tələbi təmin edilmiş, İddiaçı X2 ünvan 4 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi qərara alınmışdır. Həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsi ilk iddia üzrə cavabdeh İddiaçı qadağan edilmiş, İddiaçı cavabdeh X4 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Göründüyü kimi İddiaçı ilə X7 arasında yaşayış sahəsindən istifadəyə dair halhazırda mülki mübahisə mövcuddur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hər nə qədər iddiaçının qeyd etdiyi kimi qonşular tərəfindən tərtib edilmiş akta əsasən üçüncü şəxs X3 qeyd edilən yaşayış sahəsində ərə getməsi ilə bağlı yaşamaması göstərilsə də, iş materiallarında olan iddiaçının cavabdeh inzibati orqana müraciəti və mülki mübahisə ilə bağlı məhkəmə qətnaməsi ilə üçüncü şəxsin həmin mənzildə könüllü şəkildə yaşamaması faktını təsdiq edir. Belə olan halda, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilindən üçüncü şəxs X3 qeydiyyatdan çıxarılmasından cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən imtina olunması qanuna zidd qiymətləndirilə bilməz Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1189/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1189/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2072/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2072/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver