Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2072/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(112)-1513/2023 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona fevral 2018-ci ildən - 01 yanvar 2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işlədiyi müddətdə və pensiyaya çıxarkən nəzərə alınmayan 12.030,6 manat məbləğində aldığı əmək haqqının hesablanaraq, pensiyasına əlavə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, fevral 2018-ci ildən 01 yanvar 2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işlədiyi müddətdə və pensiyaya çıxarkən nəzərə alınmayan 12.030,6 manat məbləğində aldığı əmək haqqının hesablanaraq pensiyasına əlavə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 avqust 1954-cü ildə doğulmuşdur. 1991-ci ildən-2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işləmişdir. 28 il dövlət qulluğu stajı var. 2019-cu il 01 yanvar tarixdə müraciəti olmadan “Avtomatlaşdırılmış qaydada” ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin dövlət qulluqçusu kimi isə əmək pensiyasına 2019-cu il avqustun 22-də çıxmışdır. Dövlət qulluqçusu kimi pensiyaya çıxarkən pensiyası düzgün hesablanmamışdır. Belə ki, fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,6 manat məbləğində aldığı əmək haqqı pensiyaya çıxarkən nəzərə alınmamışdır. O, fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə nəzərə alınmayan əmək haqqının pensiyasına əlavə edilməsi barədə AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh tərəfindən 26 may 2022-ci il tarixli imtina məktubunda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Büdcədənkənar pul vəsaitinin əmək pensiyasının hesablanması zamanı nəzərə alınması ilə əlaqədar iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli 2-1(102)-153/21 nömrəli Qərarına əsasən rədd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, büdcədənkənar vəsaitlər hesabına ona ödənilmiş pul vəsaitinin sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin imtinasını mövcud qanunvericiliyə zidd hesab edir. Belə ki, o, birinci dəfə cavabdehə hüququnun yarandığı 04 fevral 2018-ci ildən 63,6 yaşdan dövlət qulluqçısu kimi əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi barədə müraciət etmişdir və sonuncu tərəfindən müraciəti təmin edilməmişdir. Bundan sonra hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 03 sentyabr tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna 2019-cu il 30 noyabr tarixli, 1362-VQD nömrəli Qanunla yeni məzmunda 20.30-cu maddə əlavə edilmiş və 2019-cu il 1 yanvar tarixdən qüvvəyə minmişdir. Həmin maddəyə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Ona 2019-cu il 4 fevral tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edildiyi, dövlət qulluqçusu kimi pensiya hüququnun 2019-cu il 22 avqust tarixdə yarandığı, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçusu kimi pensiyasına əlavələrin hesablandığı müəyyən edildiyindən, pensiyanın yenidən hesablanması üçün əsaslar olmadığından, iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(103)-390/2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli 2-1(102)-153/21 nömrəli Qərarı ilə verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Onun 2019-cu il 01 yanvar tarixdə müraciəti olmadan avtomatlaşdırılmış qaydada ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, yaşa görə əmək pensiyası hüququ 04 fevral 2018-ci ildə yaranıb, 10 ay sonra isə 01 yanvar 2019-cu ildə avtomatlaşdırılmış qaydada təyin edilmişdir. Digər tərəfdən isə fevral 2018-ci ildən - 01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,6 manat məbləğində əmək haqqı almışdır və bundan 3007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilmişdir. Lakin pensiyaya çıxarkən həmin məbləğ nəzərə alınmamışdır. Mövcud qanunvericiliyə görə isə həmin məbləğ pensiyasına əlavə edilməli idi. Göründüyü kimi birinci dəfə cavabdeh inzibati orqana 04 fevral 2018-ci ildən 63 yaş 6 aydan dövlət qulluqçısu kimi əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın yenidən hesablanaraq, ödənilməsi barədə müraciət etmişdir. Hazırda isə fevral 2018-ci ildən - 01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,6 manat məbləğində aldığı əmək haqqının pensiyasına hesablanaraq, ödənilməsi tələbi ilə müraciət edir. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş vəsatətdə göstərilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə DSMF-nin Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2018-ci il tarixdən 63 yaş 6 aydan dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ aktlara əsasən pensiyasının yenidən hesablanaraq ödənilməsi üçün müraciət etmiş, xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubla pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Daha sonra, iddiaçı xx.xx.2018-ci il tarixdən 63 yaş 6 aydan dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ aktlara əsasən pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(103)- 390/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin 05 oktyabr 2021-ci il tarixli 2-1(102)-1531/2021 nömrəli qərarı ilə Ali Məhkəmənin İnzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(103)-390/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırki iş üzrə iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, qəbul edilmiş qərar qanuni qüvvəyə minmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün hazırki iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(112)-1513/2023 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 04 avqust 1954-cü ildə doğulmuşdur. 1991-ci ildən-2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işləmişdir. İddiaçının 28 il dövlət qulluğu stajı var. 2019-cu il 01 yanvar tarixdə müraciəti olmadan “Avtomatlaşdırılmış qaydada” ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin dövlət qulluqçusu kimi isə əmək pensiyasına 2019-cu il avqustun 22-də çıxmışdır. Dövlət qulluqçusu kimi pensiyaya çıxarkən pensiyası düzgün hesablanmamışdır. Belə ki, fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,6 manat məbləğində aldığı əmək haqqı pensiyaya çıxarkən nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır (xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir). Məhkəmənin və cavabdehin istinad etdiyi Qanunun 20.30-cu maddəsi xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və 01 yanvar 2019-cu il tarixdə qüvvəyə mindiyindən, iddiaçının tələb etdiyi 12030,60 manat məbləğində pul vəsaitinin 2018-ci ildən 2019-cu ilədək ödənildiyindən, göstərilən qanunun müddəaları iddiaçıya şamil edilə bilməzdi. Həmin Qanunun müddəaları xx.xx.2019-cu ildən sonrakı dövrə yaranan hüquqlara şamil edilə bilərdi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxsləri hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məculiyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qanunun bu tələblərindən də göründüyü kimi, cavabdeh və məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinə istinad edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixli 94/ü nömrəli əmrinə əsasən iddiaçıya ödədiyi və iddiaçı pensiyaya çıxarkən nəzərə alınmayan 12.030,60 manatın hesablanaraq dövlət qulluqçusu pensiyasına əlavə etməmələri Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə ziddir. İş üzrə cavabdeh öz imtina məktubunda göstərmişdir ki, “iddiaçı xx.xx.2018-ci il tarixdən 63 yaş 6 aydan dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ aktlara əsasən pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3365/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(103)-390/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin 05 oktyabr 2021-ci il tarixli 2-1(102)-1531/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(103)-390/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, qəbul edilmiş qərar qanuni qüvvəyə minmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün hazırki iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.” İşə baxan məhkəmə özünün qərarını cavabdehin imtinasında göstərilən məhkəmə aktlarına istinad edərək əsaslandırmışdır. Məhkəmə nədənsə nəzərə almamışdır ki, ilk dəfə iddiaçı 2020-ci il 17 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona hüququnun yarandığı 2018-ci il 4 fevral tarixdən 63,5 yaşdan dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək, fevral 2018-ci ildən 01 yanvar 2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işlədiyi müddətdə və pensiyaya çıxarkən nəzərə alınmayan 12.030,6 manat məbləğində aldığı əmək haqqının hesablanaraq pensiyasına əlavə ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, məhkəmə işin bu hallarını araşdırmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1954-cü ildə Qax rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 №-li 02 avqust 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid 000622 №-li pensiya işinin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə DSMF Nizami rayon şöbəsi tərəfindən ona 252 manat 79 qəpik məbləğində pensiya təyin olunmuş, daha sonra DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı təyin olunmuş pensiya məbləği yenidən hesablanaraq, xx.xx.2019cu il tarixdən ona sabiq dövlət qulluqçusu kimi müddətsiz 730,60 manat məbləğində pensiya təyin olunmuşdur. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3365/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 04 fevral 2018-ci ildən 63,6 yaşdan dövlət quluqçusu kimi əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın yenidən hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsini 2-1(112)-3365/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddianın rədd olunması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 390/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-3365/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1531/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 aprel tarixli, 2-1(103)-390/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının birinci instansiya məhkəməsinin müvafiq sorğusuna **********4 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinə uyğun olaraq dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. İddiaçı büdcədənkənar pul vəsaitinin əmək pensiyasının hesablanması zamanı nəzərə alınması ilə əlaqədar iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli 2-1(102)-1531/21 nömrəli Qərarına əsasən rədd edilib. Qeyd olunanları nəzərə alaraq, büdcədənkənar vəsaitlər hesabına İddiaçı ödənilmiş pul vəsaitinin sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınması həm qanunvericiliyin tələbləri baxımından, həm də sözügedən məhkəmə qərarına əsasən mümkün hesab edilmir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin birinci instansiya məhkəməsinin müvafiq sorğusuna 17/430 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 2011ci il 01 iyul tarixli 461 nömrəli Fərmanına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında” Əsasnaməsinə və Nazirliyin 2018-ci il 08 fevral tarixli 94/ü nömrəli Əmrinə əsasən 2018-ci ilin mart ayında İddiaçı Nazirliyin büdcədənkənar “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun vəsaiti hesabına 2012- 2017-ci illər üzrə cəmi 12.030,61 (on iki min otuz manat, altmış bir qəpik) manat məbləğində aylıq vəzifə maaşına əlavə hesablanmış, ümumi 3153,72 (üç min bir yüz əlli üç manat, yetmiş iki qəpik) manat məcburi vergilər tutulduqdan sonra yekun 8876,89 (səkkiz min səkkiz yüz yetmiş altı manat, səksən doqquz qəpik) manat məbləğində vəsait ABB-nin Yasamal filialındakı ******************** nömrəli hesabına köçürülmüşdür. - İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 26 may 2022-ci il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinə uyğun olaraq dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Büdcədənkənar pul vəsaitinin əmək pensiyasının hesablanması zamanı nəzərə alınması ilə əlaqədar iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2021-ci il tarixli 2-1(102)-1531/21 nömrəli Qərarına əsasən rədd edilib. Qeyd olunanları nəzərə alaraq, büdcədənkənar vəsaitlər hesabına ona ödənilmiş pul vəsaitinin sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin müraciət baxılmamış saxlanılır. İşdən müəyyən edilir ki, iddiaçı 04 avqust 1954-cü il təvəllüdlü olmaqla, 1991-ci ildən- 2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işləmişdir. 01 yanvar 2019-cu il tarixdə “Avtomatlaşdırılmış qaydada” ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluqçusu kimi isə əmək pensiyasına 22 avqust 2019-cu il tarixdə çıxmışdır. İddiaçı dövlət qulluqçusu kimi pensiyaya çıxarkən pensiyasının düzgün hesablanmamasına, yəni fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,6 manat məbləğində aldığı əmək haqqının pensiyaya çıxarkən nəzərə alınmamasına istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.30-cu maddəsinə istinad etməklə iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Daha sonra iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi isə mübahisələndirilən qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.30-cu maddəsinə və ilkin sübutetmə yükünün qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu iş üzrə sübuta yetirə bilməməsinə, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun iş materialları ilə təsdiq olunmasına istinad etməklə iddia tələbini təmin etməmişdir. Hazırda iddiaçı tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili “Əmək pensiyaları haqqında” Qanuna 2018-ci il 30 noyabr tarixli, 1362-VQD nömrəli Qanunla yeni məzmunda 20.30-cu maddə əlavə edilməsindən və 2019-cu il 1 yanvar tarixdə qüvvəyə minməsindən, iddiaçının fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,60 manat məbləğində əmək haqqı almasından və bundan 3007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilməsindən, lakin pensiyaya çıxarkən həmin məbləğin nəzərə alınmamasından ibarətdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,60 manat məbləğində əmək haqqı alması və bundan 3007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilməsi iş materialları ilə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Qanuna 2018-ci il 30 noyabr tarixli, 1362-VQD nömrəli Qanunla yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir ki, həmin qanun 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir. Belə olan halda işin hallarından və qanunun qəbul olunma və qüvvəyə minmə tarixlərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minənə qədər iddiaçı fevral 2018-ci ildən-01 yanvar 2019-cu ilə kimi işlədiyi müddətdə 12.030,60 manat məbləğində əmək haqqı almış və həmin əmək haqqından 3007,65 manat Dövlət Sosial Müdafiə Fonduna ödəniş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin və cavabdehin istinad etdiyi yuxarıda göstərilən Qanunun 20.30-cu maddəsi xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və 01 yanvar 2019-cu il tarixdə qüvvəyə mindiyindən, iddiaçının tələb etdiyi 12.030,60 manat məbləğində pul vəsaiti isə 2018-ci ildən 2019-cu ilədək ödənildiyindən, göstərilən Qanunun müddəaları iddiaçıya şamil edilə bilməz. Həmin Qanunun müddəaları xx.xx.2019-cu ildən sonrakı hüquq münasibətlərinə şamil olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qanunun bu tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinə istinad edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixli 94/ü nömrəli əmrinə əsasən iddiaçıya ödədiyi və iddiaçı pensiyaya çıxarkən nəzərə alınmayan 12.030,60 manatın hesablanaraq dövlət qulluqçusu pensiyasına əlavə etməməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə zidd olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. - 20.1.8-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) təyin edilir. - 20.30-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır (xx.xx.2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla əlavə edilmiş və 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minmişdir). Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğuna görə təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(112)-1513/2023 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(112)-1513/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı fevral 2018-ci ildən 01 yanvar 2019-cu il tarixə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işlədiyi müddətdə və pensiyaya çıxarkən nəzərə alınmayan 12.030,6 (on iki min otuz manat, altmış qəpik) manat məbləğində aldığı əmək haqqının hesablanaraq pensiyasına əlavə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2072/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2072/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver