Məhkəmə qərarları › İş №2-1(103)-2073/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2073/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2073/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının sığorta hissəsi və pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməklə əmək pensiyasının yenidən hesablanması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3240/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12-14 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin olunmuş əmək pensiyasının sığorta hissəsi və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının ildə bir dələdən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsini nəzərə alaraq pensiyanın yenidən hesablaması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.1-ci maddəsinə əsasən 23 oktyabr 2006-cı il tarixdən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununa uyğun olaraq 25 il qulluq etmiş prokurorluq işçisi kimi 50% pensiya təyin edilmiş və o, prokurorluq orqanlarında qulluğunu davam etdirmişdir. Həmin tarixdən 2017-ci ilin fevral ayının 15-dək işlədiyi dövrdə ona 50% həcmdə pensiya ödənilmişdir. 15 fevral 2017-ci il tarixdə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq onun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Qeyd edilən ödənişdə «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinin tələbləri pozularaq pensiyanın baza hissəsi və sığorta hissəsi nəzərə alınmamış və əmək pensiyasının yığım hissəsi (fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalı) onun pensiyasına hesablanmamışdır. Həmçinin, əmək pensiyasının hesablanmasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmamışdır. Odur ki, əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsini nəzərə alaraq pensiyası yenidən hesablamaqla və ona ödənilən 50% həcmində ödənişi açıqlamaqla «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinə əsasən ona ödənilməli olan məbləğin ödənilməsinin təmin olunmasına dair 15 sentyabr 2020-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət edərək «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 10-cu maddəsinə əsasən ərizə ilə əlaqədar görülmüş tədbirlər barədə ünvan 1 ünvanına rəsmi məlumat verilməsini xahiş etmişdir. Ərizənin İdarə tərəfindən 15 sentyabr 2020-ci il tarixdə alınmasına baxmayaraq, bu günə kimi ona hər hansı bir cavab verilməmişdir. Halbuki, İdarə tərəfindən pensiya hüququ qazanmış bir sıra prokurorluq əməkdaşları və pensiyada olan sabiq prokurorluq əməkdaşları üçün onların ərizələrinə əsasən müvafiq indeksləşdirmə aparılmış və indeksləşdirilmiş məbləğlər 3 ilə bölünərək hazırda onların aylıq pensiyalarına əlavə edilməklə ödənilir. Göründüyü kimi, İdarə naməlum səbəblərdən bu sahədə ikili standartlar siyasəti həyata keçirir. İdarənin qanunsuz hərəkətləri barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış ərizə də bu günə kimi cavabsız qalmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 20.8 – 20.8.1ci maddələrinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 20.8.2-ci maddəsinə əsasən prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. «Əmək pensiyaları haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.3-cü böəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2, 11.1, 18.6, 21,2.2, 21.2.4, 23.1, 25, 29.3, 30.1 (birinci və ikinci cümlələrində), 30.1-1, 31.1, 31.1-1, 31.2, 32.2 və 41,1ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 1 may 2017-ci il tarixli 1352 nömrəli Fərmanı ilə 2.3-cü bəndə “28-ci,” sözlərindən sonra “29.1-ci (ikinci halda), 29.3-cü,” sözləri əlavə edilmişdir. Göründüyü kimi, qanuna və onun fəaliyyətini nizama salan Əsasnaməyə əsasən əmək pensiyaçısının pensiyasının ildə bir dəfə ölkə üzrə indeksləşdirilməşinin həyata keçirilməsi və bu indeksləşdirmənin həyata keçirilməsinin müvafiq icra hakimiyyəti orqanı olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə, qanuna və onun fəaliyyətini nizama salan Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə»yə (o cümlədən 1.1-ci, 3.1.28-4-cü, 3.1.29-cu bəndlərinə) əsaslanaraq, əmək pensiyaçısının pensiyasının ildə bir dəfə ölkə üzrə indeksləşdirilməsinin həyata keçirilməsi və bu indeksləşdirmənin həyata keçirilməsinin müvafiq icra hakimiyyəti orqanı olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edildiyindən, əmək pensiyasının indeksləşdirilməsinin həyata keçirilməsi qanunla və onun fəaliyyətini tənzimləyən əsasnaməsinə əsasən cavabdehin öhdəliyidir. Lakin, cavabdeh orqan əsassız olaraq öhdəliyin icrasından imtina etmişdir. Buna görə də o (iddiaçı), mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək 23 oktyabr 2006-cı il tarixdən ona təyin edilmiş əmək pensiyasının indeksləşdirilməsinin həyata keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, pensiya təyin olunduğu vaxtdan hal-hazıradək indeksləşdirilmə tətbiq edilməklə ödənişlərin illər üzrə açıqlanmasına dair rəsmi arayışın ona verilməsi və bundan sonra da hər il inflyasiya səviyyəsindən asılı olaraq pensiyasının indeksləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını iddia ərizəsinin nəticə hissəsinə əlavə edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbi həcminin azaldılaraq dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin «iddiaçıya təyin olunmuş əmək pensiyasının sığorta hissəsi və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının ildə bir dələdən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsini nəzərə alaraq pensiyanın yenidən hesablaması və ödənilən 50% həcmində pensiya ödənişi açıqlanmaqla «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinə əsasən ödənilməli məbləğin ödənilməsi (pensiya təyin olunduğu tarixdən onun qulluq keşməsinə xitam verilən 15 fevral 2017-ci il tarixədək) öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3240/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: R.Kərimli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, onun iddia tələbində əmək pensiyasının indeksləşdiriməsi ilə əlaqədar “ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun” ifadəsi əvəzinə “istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” ifadəsinin istifadə edilməsi və «“Əmək pensiyaları haqqında” AR Qanunu həmin qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə təyin olunmuş əmək pensiyasının yalnız “sığorta hissəsinin” və “ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq şəkildə müəyyən edilən illik artım tempinə uyğun olaraq” indeksləşdirilməsini mümkün sayır» məzmunlu məhkəmənin gəldiyi nəticə məhkəmə tərəfindən əsas götürülərək iddiası təmin ediməmişdir. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, məhkəmə qərarının təsviri hissəsindən aydın görünür ki, məhkəmənin iddianın təmin edilməməsi üçün əsas götürmüş “istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” ifadəsi və «“Əmək pensiyaları haqqında” AR Qanunu həmin qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə təyin olunmuş əmək pensiyasınm yalnız “sığorta hissəsinin” və “ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq şəkildə müəyyən edilən illik artım tempinə uyğun olaraq” indeksləşdirilməsini mümkün sayır» məzmunlu ifadə inzibatı məhkəmə icraatı zamanı ümumiyyətlə tədqiq olunmamış, proses iştirakçıları kimi nə o, nə də ki cavabdehin nümayəndəsi bu ifadələrlə əlaqədar mülahizələrini bildirmək imkanına malik olmamışlar, yəni bu hüquqdan məhrum olmuşlar. Belə olan halda tədqiq predmeti olmamış “istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” ifadəsi və «“Əmək pensiyaları haqqında” AR Qanunu həmin qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə təyin olunmuş əmək pensiyasının yalnız “sığorta hissəsinin” və “ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq şəkildə müəyyən edilən illik artım tempinə uyğun olaraq” indeksləşdirilməsini mümkün sayır» ifadəsi hər hansı bir fakt və sübut növü kimi qiymətləndirilə bilməz və ümumiyyətlə məhkəmə qərarının qəbul edilməsi üçün qətiyyən əsas ola bilməz. Məhkəmə qərarının əsaslandırıcı hissəsində İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə istinad edilməsi göstərilsə də, məhkəmə tərəfindən həmin maddənin tələblərinə əməl edilməmişdir. Əgər inzibati məhkəmə icraatı zamanı “istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” ifadəsi tədqiq olunsaydı, o, məhkəməyə bildirərdi ki, iddia tələbinin nəticəvi hissəsində “ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun” ifadəsinin əvəzinə istifadə edilmiş “istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” ifadəsi texniki səhv, formal xətadır və formal xəta olmaqla iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas ola bilməz. İstər “ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun”, istərsə də “istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” ifadələri indeksləşdirilmənin həyata keçirilməsinin üsulu, qaydası, icra mexanizmidir və bu üsuldan, qaydadan, icra mexanizmindən xidməti vəzifələrinin icrası ilə əlaqədar istifadə etmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur qurumları əməkdaşlarının müstəsna səlahiyyətidir. Belə olan halda o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərdi və iddia tələbini dəyişdirərək, onun nəticəvi hissəsində “istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” ifadəsini “ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun” ifadəsi ilə əvəz edərdi və ya həmin ifadəni ümumiyyətlə iddia tələbindən çıxarardı. Bildirərdi ki, formal xəta olan “istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” ifadəsi iddia tələbindən çıxarılsa belə, onun iddia tələbi aydın olaraq qalır və qətiyyən öz mahiyyət və mənasını itirmir, çünki Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur qurumlarının əməkdaşları çox yaxşı bilirlər ki, əmək pensiyasının hissələrinin indeksləşdirilməsi hansı üsul, qayda, icra mexanizmi əsasında həyata keçirilir. Əgər inzibati məhkəmə icraatı zamanı «“Əmək pensiyaları haqqında” AR Qanunu həmin qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə təyin olunmuş əmək pensiyasmın yalnız “sığorta hissəsinin” və “ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq şəkildə müəyyən edilən illik artım tempinə uyğun olaraq” indeksləşdirilməsini mümkün sayır» məzmunlu ifadə tədqiq olunsaydı, o, məhkəməyə bildirərdi ki, bu ifadə yanlışdır. Belə ifadədən istifadə edilərkən Qanunun konkret normasına istinad edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda həmin qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə təyin olunmuş əmək pensiyalarının yalnız sığorta hissəsinin və ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi barədə hər hansı bir norma yoxdur və heç vaxt olmamışdır. Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri pensiyalarının həm sığorta hissəsi, həm də ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilir. «Belə olan halda, məhkəmə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinasını qanuna zidd qiymətləndirmir və hesab edir ki, bu imtina İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayıla bilməz» məzmunlu məhkəmənin gəldiyi nəticə isə ümumiyytlə inzibati iş materialları ilə ziddiyyət təşkil edir. Belə ki, inzibati icraat materiallarında onun pensiyasının indeksləşdirilməsinə dair müraciəti ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat İdarəsinin imtinası yoxdur və ola da bilməz, çünki bu idarə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhəl qoymayaraq müraciətinə hər hansı bir cavab verməmişdir. Belə bir imtina mövcud olmadığı halda məhkəmənin gəldiyi nəticə ən azı təəccüb doğurur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi, 12 iyul 2019-cu il tarixinədək əmək pensiyasının hər iki hissəsinin indekləşdirilməsi ildə bir dəfə “ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq” həyata keçirilirdi, 12 iyul 2019-cu il tarixindən sonra isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının indeksləşdirilməsi ildə bir dəfə “istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq” həyata keçirilir. Bununla əlaqədar inzibati məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsinin etirazına 08 may 2021-ci il tarixli əlavəsinə onun 04 iyun 2021-ci il tarixli münasibətində (yəni məhkəmə tərəfindən qərarın qəbul edildiyi tarixdə) bildirmişdir ki, iddia tələbi 23 oktyabr 2006-cı il tarixindən 15 fevral 2017-ci il tarixinədək işlədiyi dövrü əhatə etdiyinə görə, ona təyin olunmuş pensiyanın indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12 iyul 2019-cu il tarixinədək qüvvədə olan 29.1-ci maddəsinin redaksiyasına əsasən həyata keçirilməlidir və həmin maddənin redaksiyasını təqdim etmişdir: «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.» Bu fakt bir daha ona dəlalət edir ki, iddia tələbinin nəticəvi hissəsində “ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun” ifadəsinin əvəzinə “istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” ifadəsinin istifadə edilməsi sadəcə olaraq formal xətadır. Nədənsə məhkəmə tərəfindən bu vacib fakta heç bir əhəmiyyət verilməmişdir. Məhkəmə qərarının əsaslandırıcı hissəsində İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin rəhbər tutulması göstərilsə də, məhkəmə tərəfindən həmin maddənin tələblərinə əməl edilməmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona təyin olunmuş əmək pensiyasının sığorta hissəsi və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının ildə bir dələdən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsini nəzərə alaraq pensiyanın yenidən hesablaması və ödənilən 50% həcmində pensiya ödənişi açıqlanmaqla «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinə əsasən ödənilməli məbləğin ödənilməsi (pensiya təyin olunduğu tarixdən onun qulluq keşməsinə xitam verilən 15 fevral 2017-ci il tarixədək) öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, mövcud qanunvericilik prokurorluq işçilərinin («Əmək pensiyaları haqqında» AR Qanununun 9.4-cü maddəsində göstərilən) əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə artırılması və yenidən hesablanması zamanı qulluq stajına görə əmək pensiyalarının əlavələrinin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanmasını nəzərdə tutur. Yəni, mövcud qanunvericilik normalarına əsasən əmək pensiyaçısı olan prokurorluq işçilərinin əmək pensiyası müvafiq qaydada – sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqı müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə yenidən hesablanır. İşin hallarına görə isə, məlum olur ki, hazırkı İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4 və 20-ci maddələrinə aid edilən əmək pensiyaçılarının sırasına aid edilsə də, onun cavabdeh inzibati orqana müraciətində və hazırkı iddiasında əmək pensiyasının yenidən hesablanması zamanı indeksləşdirmənin “pensiyanın sığorta hissəsi və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” olaraq aparılmasını tələb edir. Hansı ki, «Əmək pensiyaları haqqında» AR Qanunu həmin qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə təyin olunmuş əmək pensiyasının yalnız “sığorta hissəsinin” və “ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq şəkildə müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsini mümkün sayır. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinasını qanuna zidd qiymətləndirməmiş və hesab etmişdir ki, bu imtina İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.14-cü maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 6-cı maddəsinə görə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (20.1.5) bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qanunun sözügedən normalarının təhlilindən görünür ki, prokurorluq orqanlarının əməkdaşlarının əmək pensiyasına əlavələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanır və mövcud qanunvericilik normalarına əsasən əmək pensiyaçısı olan prokurorluq işçilərinin əmək pensiyası müvafiq qaydada sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqı müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə yenidən hesablanır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ildə bir dəfədən az olmayaraq istehlak qiymətlərin indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilərək yenidən hesablana bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayıla bilməz. Cavabdehin apelyasiya şikayətindəki “İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin məhkəmə tərəfindən tələblərinə əməl edilməmişdir” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, onun bu dəlili əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iş üzrə mübahisə tərəflərin iştirakı ilə dəfələrlə məhkəmə iclasında araşdırılmış, iddiaçı tərəfindən iki dəfə iddia tələbləri dəyişdirilmiş və məhkəmənin müvafiq qərardadları ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Həmçinin cavabdeh tərəfindən dəyişdirilmiş iddialara etirazlar məhkəməyə daxil olmuş və məhkəmə iclaslarında araşdırılmışdır. Beləliklə müəyyən olunur ki, iddia tələbinin formalaşması və dəqiqləşdirilməsi üçün iddiaçıya məhkəmə tərəfindən hər cür imkan yaradılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3240/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar