Məhkəmə qərarları › İş №2-1(103)-2073/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2073/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2073/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 66 saylı pay qoyuluşu haqqında müqavilənin surətinə əsasən MTK Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Bayıl massivində çəkilmiş avtomobil yolunun kənarında yaşayış binaları obyekti ünvanında tikintisini həyata keçirdiyi 2 girişli, 17 mərtəbəli, 6 saylı yaşayış binasının, 2-ci giriş, 12-ci mərtəbəsində tikintinin oxları arası perimetri üzrə sahəsi 116.8 kv.metr, ümumi sahəsi 105 kv.metr, yaşayış sahəsi 60.5 kv.metr təşkil edən 3 otaqlı, 124 nömrəli mənzili təmir olunmuş vəziyyətdə iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 1.4-cü maddəsinə görə həmin mənzilin dəyəri 101807 manat təşkil edir. Bu məbləğin 46831 manatı “SOCAR” tərəfindən, 54976 manatı isə iddiaçı tərəfindən ödənilməlidir.

2. "xxxx" MTK-nın 90 saylı, 04 aprel 2024-cü il tarixli arayışına əsasən iddiaçının 02 sentyabr 2021-ci il tarixli, Neftçi MTK-ya pay qoyuluşu haqqında 66 saylı müqaviləsinə əsasən kooperativə borcu yoxdur. Həmin müqaviləyə əsasən "xxxx" MTK-nın bank hesablarına ƏDV daxil olmaqla 101807,55 manat (“SOCAR” tərəfindən 46831,47 manat, payçı tərəfindən 54976,08 manat) vəsait ödənilmişdir.

3. 24 yanvar 2022-ci il tarixli, RB247012241 nömrəli qəbzin surətinə əsasən iddiaçı tərəfindən "xxxx" MTK-nın "xxxx" ASC-də olan hesabına köçürülməsi üçün 7000 manat pul məbləği ödənilmişdir.

4. 25 yanvar 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 47 976.08 manat pul məbləği xx.xx.2021-ci il tarixli, 66 saylı Pay qoyuluşu haqqında müqaviləyə əsasən "xxxx" MTK-nın "xxxx" ASC-də olan hesabına köçürülmüşdür.

5. Cavabdeh tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, **********935400 nömrəli qərardan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini və yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması barədə müvafiq ödəniş tapşırığının müvəkkil banka verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MTK ilə kooperativə pay qoyulması haqqında xx.xx.2021-ci il tarixli, 66 saylı müqavilə bağlamışdır. Həmin müqavilənin 1.3-cü maddəsinə görə "xxxx" MTK ona Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsinin Bayıl massivində tikilən 17 mərtəbəli 6 nömrəli yaşayış binasının 12-ci mərtəbəsində, ümumi sahəsi 116,8 kv.metr olan 3 otaqlı 124 nömrəli mənzili təmir olunmuş vəziyyətdə təhvil verməyi üzərinə götürmüşdür. Həmin mənzilin dəyəri 101807 manat təşkil edir. Bu müqavilənin 1.4-cü maddəsinə görə bu məbləğin 46831 manatı “SOCAR” tərəfindən, 54976 manatı isə onun tərəfindən ödənilməlidir. Bu müqavilə üzrə öhdəliklər tam şəkildə icra olunmuşdur. Belə ki, 46831 manat məbləğində pul “SOCAR” tərəfindən, qalan 54976 manat məbləğində pul isə iddiaçı tərəfindən ödənilmişdir. İşin hallarından görünür ki, iddiaçıya nə mənzil aldığı "xxxx" MTK, nə də bu mənzilin ödənilməsi ilə əlaqədar köçürmələr həyata keçirdiyi bank tərəfindən onun ƏDV-ni qaytarmaq hüququnun olması izah edilməmişdir. İddiaçı belə bir fərmanın qəbul edilməsindən xəbərsiz olmuşdur. O, bu fərmanın qəbul edilməsindən vaxtında xəbərdar olsaydı, həmin ödənişlərin vaxtında qaytarılması barədə cavabdehə müraciət edərdi. Belə ƏDV ödənişlərinin geri qaytarılması barədə məlumatı o, bu yaxınlarda öyrənmiş və bundan sonra da həmin ƏDV-nin geri qaytarılması barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən ərizənin təmin edilməsindən imtina olunmuş və səbəb kimi də onun 90 günlük müraciət etmək hüququnun ötürüldüyü göstərilmişdir. Cavabdeh orqan tərəfindən ona bu barədə heç bir məlumat verilmədiyi və təbliğat işləri aparılmadığı halda, əsassız olaraq onun ərizəsinin təmin olunmasından imtina olunmuşdur. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixində vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli elektron ərizəyə xx.xx.2021-ci il tarixli müqavilə və xx.xx.2022ci il tarixli ödəniş sənədləri əlavə edilmişdir. İddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2021-ci il tarixli pay qoyuluşu müqaviləsinə (№ 66) və xx.xx.2022-ci il tarixli bank ödəniş tapşırığına əsasən müəyyən etmək olur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya nağdsız qaydada tam şəkildə xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üçün fərmanla yaradılması nəzərdə tutulmuş elektron portal xx.xx.2022-ci il tarixindən istifadəyə verilmiş və portalın istifadəyə verilməsi ilə bağlı məlumat xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir, iddiaçının əldə etdiyi yaşayış sahəsinə görə ödənişin xx.xx.2022-ci il tarixində başa çatdırıldığı nəzərə alsaq, onun tərəfindən müraciət qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra, yəni xx.xx.2022-ci il tarixindən etibarən hesablanan 90 günlük müddət axımı bitdikdən sonra xx.xx.2024-cü il tarixində edilmişdir. Odur ki, müraciət edilməsi üçün qanunla nəzərdə tutulmuş 90 günlük müddət bitdikdən sonra şəxsin müraciət etməsi ƏDV-nin müvafiq hissəsinin geri qaytarılmasından imtina üçün əsas olmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, cavabdeh orqan tərəfindən sözügedən Fərmanın tələbləri izah edilməmiş və iddiaçının belə bir hüququnun olduğu ona bildirilməmişdir. Cavabdeh orqan bununla bağlı xx.xx.2022-ci il tarixindən DVX-nin rəsmi internet səhifəsində bu barədə məlumat yerləşdirdiklərini bildirmişlər. Bununla da cavabdeh orqan bu fərmandan irəli gələn vəzifələrini yerinə yetirmiş hesab etmişdir. Lakin., işin hallarından görünür ki, cavabdeh öz vəzifələrini yerinə yetirmədiyi halda əsassız olaraq iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Bu isə həm cavabdeh tərəfindən, həm də məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 saylı Fərmanının tələblərinin pozulması deməkdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasımı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmə kollegiyası tərəfindən mümkün hesab edildi.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 165.6.-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na əsasən: 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir;

18. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında 25 may 2022-ci il tarixli Fərmanı isə aşağıdakıları nəzərədə tutur: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1 və 3.1-ci maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

24. Belə ki, hazırkı işin hallarından görünür ki, xx.xx.2021-ci il tarixli, 66 saylı pay qoyuluşu haqqında müqaviləsinin 1.1 və 1.3-cü bəndlərinə əsasən İddiaçı tərəfindən verilən üzvlük haqqı müqabilində o, Kooperativin üzvlüyünə daxil olur və kooperativ pay haqqı müqabilində ona Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Bayıl massivində çəkilmiş avtomobil yolunun kənarında 6 saylı yaşayış binasının, 124 nömrəli mənzili təmir olunmuş vəziyyətdə ona verilməsi barədə razılıq əldə edilir. Payçı hesab edilmiş İddiaçı pay haqqının minimum 10 faizini, yəni 5497,60 manat ilkin pay haqqı kimi əvvəlcədən Kooperativin xeyrinə ödəyir, qalan məbləği isə onun əvəzinə Socar ödəyir. Beləliklə də, mənzilin dəyəri olan 101807 manat tam şəkildə ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında 25 may 2022-ci il tarixli Fərmanına əsasən xx.xx.2024-cü il tarixində cavabdeh təşkilata müraciət edərək həmin ödənişlə bağlı ƏDV-nin geri qaytarılmasını tələb etmişdir.

25. Cavabdeh orqan isə müraciət üçün 90 günlük müddəti ötürüldüyünü bildiriərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.

26. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşır.

27. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən verilmiş müvafiq sorğulara aşağıdakı cavablar gəlmişdir.

28. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən alıcıların müraciət etməsi üçün nəzərdə tutulmuş elektron portal xx.xx.2022-ci il tarixdən etibarən istifadəyə verilmişdir.

29. "xxxx" MTK tərəfindən sorğuya cavab məktubuna əsasən təqdim edilmiş arayış və ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən ƏDV daxil ödənilmiş 54976.08 manat məbləğin ƏDV-si MTK tərəfindən X1 ödənilmişdir.

30. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən (o cümlədən "xxxx" MTK-dan) nağdsız qaydada yaşayış sahəsi alan iddiaçının alıcı kimi, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçməklə elektron kabineti vasitəsilə qeyd olunan sənədləri portala göndərdiyi təqdirdə, satıcının depozit hesabına ödədiyi ƏDV-nin 30 faizini geri qaytarılmasını tələb etmək hüququ vardır. Əks halda, yəni həmin müddətə riayət olunmadıqda ƏDV-nin qaytarılmasına yol verilmir.

31. Kollegiya qeyd edir ki, sözügedən qanunvericiliyin tətbiqi ilə əlaqədar kifayət qədər kütləvi infomasiya vasitələrində izahlı məlumatlar verilmişdir. Adıçəkilən Qaydanın 5.1-ci və 5.3-cü bəndlərinin qeyd olunan imperativ tələblərindən isə göründüyü kimi, 90 gündən sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir və burada qanunverici tərəfindən müddətin bərpası barədə müddəa nəzərdə tutulmamışdır.

32. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə qədər müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuş, onun qanunla qorunun hüquqlarını pozmamışdır.

33. Əlavə olaraq məhkəmə kollegiyası hazırki, iddia tələbi ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruri bilir.

34. Belə ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilə daşınmaz əmlakın alqısatqısı müqaviləsi deyil, xx.xx.2021-ci il tarixli, 66 saylı pay qoyuluşu haqqında müqavilədir. Yəni həmin müqavilənin tələblərinə görə İddiaçı üzvlük haqqını ödədikdən sonra Kooperativə üzv daxil edilir və ödədiyi məbləğin əvəzi olaraq İddiaçı Kooperativ tərəfindən inşa edilmiş yaşayış binasının 3 otaqlı mənzil üzərində pay hüququ verilir. Məhkəmə baxışı ərəfəsinə qədər qeyd olunan mənzilin üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçmir. xx.xx.2021-ci il tarixli 66 saylı müqavilədə daşınmaz əmlakın iddiaçıya verilməsi qeyd olunsa da həmin mənzilin pay hüququnun əvəzi olaraq verilməsi diqqətdən kənarda qalmamalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı daşınmaz əmlakın alınması hallarına şamil edilir. Bundan başqa o da qeyd olunur ki, Vergi Məcəlləsinin 164.1.17-ci maddəsinə əsasən hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi ƏDV-dən azaddır. Qeyd olunan maddənin tələbləri Kooperativin üzvlüyünə qəbul edilmiş şəxsdən pay alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsindən X2 ƏDV-nin ödənilməsini istisna edilir.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

36. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar