Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2074/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı Azərbaycan Respublikasından kənara çıxmağa qoyulmuş məhdudiyyətin götürülməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-409/2021 saylı 06 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində Azərbaycan Respublikasından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, uzun illərdir ki, Azərbaycan Respublikasında idmanın inkişafına öz töhfələrini vermiş, Azərbaycan Respublikasını beynəlxalq yarışlarda təmsil edən bir çox idmançının yetişdirilməsində yaxından iştirak etmiş bir məşqçidir. O, idmanın boks növü üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar idman məşqçisidir. Onun bu idman növü üzrə yetişdirdiyi idmançılar beynəlxalq yarışlarda iştirak etməkdə, Azərbaycan Respublikasının bayrağını bu yarışlarda yüksəklərə qaldırmaqdadırlar. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş vəsiqə əsasında müharibə veteranı, Azərbaycan Respublikası Milli Qəhrəmanlar və Şəhid Ailələri Cəmiyyətinin fəxri üzvüdür. Təqribən 4 il əvvəl Gürcüstan Respublikasına beynəlxalq yarışlara iştirak etmək üçün gedərkən sərhəd keçid məntəqəsində onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilmişdir. Beynəlxalq dərəcəli məşqçi kimi o, bu gün heç bir beynəlxalq yarışa gedə bilmir, göndərilmiş dəvətnamələri cavabsız buraxır. Bu da onun bir məşqçi kimi fəaliyyətinə böyük ölçüdə zərər vurur. Onun ölkədən çıxışına hansı səbəbdən qadağanın qoyulmasını araşdırmaq üçün bir neçə quruma müraciət etmişdir. Onun müraciətləri uzun zaman cavablandırılmamış qalmışdır. Ən sonda araşdırmalar zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ölkədən çıxışına qadağa qoyulmuşdur. Bu səbəbdən o, həmin quruma müraciət etmiş və ölkədən çıxışına qoyulan qadağanın səbəbinin bildirilməsini xahiş etmişdir. Həmin qurum 28 avqust 2019-cu il tarixli 007-9796/70 saylı cavab məktubunda bildirmişdir ki, onun ölkədən çıxışına qoyulan qadağanın səbəbi onun “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə borcunun olması səbəbindəndir. “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məktub ünvalamaqla banka borcunu aydınlaşdırmaq istəmişdir. Həmin bankdan 19 sentyabr 2019-ci il tarixli 33/6714 saylı cavab məktubu ilə bildirilmişdir ki, onun həmin banka fiziki şəxs olaraq heç bir borcu mövcud deyildir. Bundan sonra bankdan aldığı cavab məktubunu əlavə etməklə bir daha cavabdehə məktub ünvanlamış və xahiş etmişdir ki, bu anlaşılmazlıq aradan götürülsün. Həmin qurumdan 28.10.2019-cu il tarixli 007-8324/3Ə saylı cavab məktubu ilə bildirilmişdir ki, onun təsisçisi olduğu “CB Elinbank" kommersiya bankının “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə kredit borcu var. Onun borcunun olması ilə bağlı heç bir məhkəmə qətnaməsi yoxdur. Hətta borcunun ödənilməməsi barədə də heç bir icra vərəqəsi mövcud deyildir. Bütün qeyd edilən maddi normalardan da görünür ki, cavabdeh qurum tərəfindən onun ölkədən gedişinə qoyulmuş məhdudiyyət Konstitusiya ilə təsbit olunmuş “sərbəst hərəkət etmək" hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Bu cür müdaxilə qanunvericiliyin məqsədlərinə mütənasib sayılmalıdır. Bundan əlavə, cavabdeh qurumun ona ünvanladığı 28.10.2019-cu il tarixli 007-8324/3Ə saylı cavab məktubunda qeyd edilmiş olan «CB Elinbank» kommersiya bankı haqqında Vergilər Nazirliyinin saytında kommersiya hüquqi şəxslərin reyestr məlumatı bölməsindən axtarış verildiyi zaman heç bir məlumat tapılmamışdır. Yəni Vergilər Nazirliyinin qeydiyyatında cavabdeh qurum tərəfindən qeyd olunan adda kommersiya qurumunun olması belə mövcud deyildir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-409/2021 saylı 06 may 2021-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. (hakim: P.Hüseynov) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadında bir-biri ilə ziddiyyət təşkil edən hallar öz əksini tapmışdır. Belə ki, qərardadda məhkəmə tərəfindən verilən sorğu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən göndərilən 12 dekabr 2020-ci il tarixli 33/4256 saylı məktubdan İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq edilmədiyi bildirilmişdir. Əvvəla bildirmək istəyir ki, iddiaçı qismində məhkəməyə müraciət edərkən AR Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının ölkədən getməsinə müvəqqəti məhdudiyyətin qoyulduğunu bildirsəydi, o zaman cavabdeh qismində AR Dövlət Sərhəd Xidmətinə qarşı məhkəməyə müraciət edərdi. Halbuki iddia tələbinin əsasını cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qoyulmuş məhdudiyyətin götürülməsi təşkil edirdi. Bundan başqa iş materiallarında da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən göndərilən 01 aprel 2020-ci il tarixli məktubda "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırılan cinayət işinin istintaqı zamanı İddiaçı təsisçisi olduğu “CB Elinbank” kommersiya bankının "xxxx" ASC-yə kredit borcunun olduğu, hazırda cinayət işi üzrə ibtidai istintaqın davam etdirildiyi, istintaqın nəticəsi barədə İddiaçı məlumat veriləcəyi bildirilmişdir. İddia tələbi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə göndərilən cavabda dolayı da olsa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İddiaçı ölkədən gedişinə müvəqqəti məhdudiyyətin qoyulduğu etiraf edilməkdədir. Ancaq işə baxan birinci instansiya məhkəməsi heç bir əsaslandırma və araşdırma aparmadan ölkədən çıxmağa məhdudiyyətin qoyulması və götürülməsinin cavabdehin yerinə yetirdiyi vəzifələrdən olmadığını qeyd etmişdir. O zaman maraqlıdır ki, iddiaçı ölkə hüdudlarından kənara çıxmağa çalışdığı zaman niyə ona sərhəd qapısında “sənə ölkədən çıxışa qadağanı Banditizim qoydurub” deyə bildirilir? Əgər məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ölkədən çıxmağa məhdudiyyətin qoyulmasına səlahiyyəti imkan vermədiyini və bunun həmin idarənin yerinə yetirdiyi vəzifələrə adi olmadığını bildirirsə, o zaman niyə çıxışda “çıxışına məhdudiyyət qoyulmayan'” İddiaçı ölkə hüdudlarından kənara buraxılmır? Bütün bu xüsusatlar məhkəmə tərəfindən araşdırılmalı olduğu halda, uzun müddət bu inzibati işi öz icraatında saxlayan məhkəmə yekunda bu cür əsassız bir qərardad qəbul etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iş üzrə iddiaçının izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı onun barəsində Azərbaycan Respublikasından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikasından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsini xahiş edir və cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini qeyd etmişdir. Lakin ölkədən çıxmağa məhdudiyyətin qoyulması və götürülməsi cavabdehin yerinə yetirdiyi vəzifələrə aid deyildir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 12.12.2020-ci il tarixli məktuba əsasən iddiaçının Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 01.04.2020-ci il tarixli məktubda qeyd olunur: "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və təhqiqat idarəsində araşdırılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı təsisçisi olduğu «CB Elinbank» kommersiya bankının "xxxx" ASC-yə kredit borcu vardır. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir, istintaqın nəticəsi barədə İddiaçı məlumat veriləcəkdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 28.10.2019cu il tarixli məktubda qeyd olunur ki, iddiaçının təsisçisi olduğu «CB Elinbank» kommersiya bankının "xxxx" ASC-yə kredit borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 12.12.2020-ci il tarixli 33/4256 saylı məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 19.09.2019-cu il tarixli 33/6714 saylı məktubundan görünür ki, hal-hazırda iddiaçının "xxxx" ASC qarşısında fiziki şəxs olaraq borc öhdəliyi mövcud deyil. Əlavə olaraq bildirilmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması "xxxx" ASC-nin səlahiyyətləri çərçivəsinə daxil deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-409/2021 saylı 06 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2074/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2074/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver