Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2074/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əlyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun işlədiyi illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5752/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. НЗ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli hərbi biletindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1994-cü ildə İcarə Müəssisəsi Mənzil Təmir Tikinti İdarısinə İİİ dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə həmin vəzifədən azad edilmişdir, xx.xx.2005-ci ildə Qurucu LTD MMC-yə İİİ dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə həmin vəzifədən azad edilmişdir, xx.xx.2021-ci ildə "xxxx" MMCdə ARDNŞ nəzdində “Azərikimya” İB-nin Sumqayıt ş. ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət X5 tərəfindən verilmiş 218 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, Qərvənd kolxozunun arxiv sənədlərinə əsasən İddiaçı /Adil/ həmin kolxozun traktor briqadasında və mal fermasında işləmiş və əmək haqqı almışdır. Arayışda qeyd edilmişdir ki, kolxozun verdiyi məlumata görə 1975, 1976, 1985, 1990-1993-cü illərin arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır. Ağdam rayonu RİHB-nın Qərvənd kənd İƏD üzrə nümayəndəliyinin 483 nömrəli xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı Baş Qərvənd kənd sakinləri və Ş.Rəhimov adına kolxozun üzvlərinin dediklərinə görə iyul 1976-cı ildən 1993-cü ilin sentyabr ayına qədər kolxozda İİİ dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. “Azərmənzilsənayetəmirtikinti” birliyi Mənzil təmir-tikinti idarəsi tərəfindən verilmiş 83 nömrəli 08 aprel 2016-cı il tarixli güzəştli arayışın məzmunundan görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək həmin idarədə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmiş, həmin vəzifə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarına əsasən güzəştli pensiyaya çıxmaq hüququ verir. Sumqayıt şəhəri "xxxx" MMC tərəfindən verilmiş 36 nömrəli xx.xx.2016-cı il tarixli güzəştli arayışda qeyd olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Arayışın məzmunundan görünür ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarına əsasən güzəştli pensiyaya çıxmaq hüququ verir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim olunan sənədlərdən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən (17 il 9 ay 22 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (12 il 1 ay 14 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36.600 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13.398,69 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı Adil oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “iddiaçıya işlədiyi illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayınadək Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı vəzifəsində işləmişdir. O, əmək pensiyasının alınması ilə əlaqədar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin həmin təşkilat ərizəni təmin etməmiş və bildirmişdir ki, tələb olunan ümumi iş stajı olmadığına görə onun yaşa görə əmək pensiyası hüququ yoxdur, əmək pensiyası təyin edilməsi qanuna ziddir, məhkəməyə müraciət oluna bilər. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə işləməsini təqdiq edən qanuni sənədləri cavabdehə təqdim etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, İPM-in 12.1, 58.7, 73.1, 82, 85 – 87-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1, 21.1-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə və digər müvafiq qanunvericlik normalarına əsaslanaraq, iddiaçıya 1976 – 1993-cü illərdə kolxozda elektrik qaynaqçısı işlədiyi dövr sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə alınmamış pensiya məbləğinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair verilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassız hesab edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə qeyd olunan 3 tələbdən heç birinə cavab vermir. Belə ki, İddiaçının əmək kitabçası 12 yanvar 1994-cü ildə açılmışdır, ona görə də həmin tarixdən öncə hər hansı qanunla müəyyən edilmiş qaydada sübut edilmiş əmək stajı mövcud deyil. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. (3.2.1) əmək kitabçası; (3.2.2) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (3.3.3) mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; (3.2.4) Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; (3.2.5) İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt; (3.2.6) sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud qanunvericiliyin tələblərinə əsasən, İddiaçının əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı ya əmək kitabçası, ya da onun üzrlü səbəblərdən olmadığı halda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə müəyyən edilir. İddiaçı isə stajının yalnız arayışlar əsasında müəyyən edilməsini tələb edir. Arayış əsasında stajın müəyyən edilə bilməsi isə yalnız Qaydaların 3.2.3-cü bənddə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxslər üçün nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının əmək kitabçasına əsasən cəmi 17 il 9 ay 22 gün ümumi iş stajı mövcuddur. Bundan əlavə, iddiaçı pensiya kapitalı ilə bağlı tələbə də cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36.600 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13.398,69 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5752/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə prosesində iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə iş vərəqi 21-də olan poçt zərfinə əsasən xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “onun işlədiyi illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ödənilməsi ” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az, pensiya kapitalı ilə bağlı tələbə cavab verməməsi əsası ilə imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin olunmamışdır. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının əmək kitabçasındakı iş stajının həqiqiliyinin sübuta yetirildiyi halda belə onun ümumi iş stajının yetərli olmadığına, buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın qanuna zidd olmadığına, iddiaçının iddiasının əsassız olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına və onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və güzəştli iş stajına dair arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il 2 ay 17 gün) həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi stajı ilə yanaşı, onun həm də ümumi iş stajının 25 il olmaması mübahisələndirilir. Birinci instansiya məhkəməsi iddiaçının 1976-1993-cü illərdə kolxozda elektrik qaynaqçısı işləməsi barədə Ağdam rayon Qərvənd kənd İD üzrə nümayəndəsinin arayışını arxiv arayışı qismində qəbul edilməmiş, iddiaçının əmək kitabçasında qeyd olunan i1994-2004, 2006-2008-ci illərdə işlədiyi dövrlərin isə sübuta yetirildiyi üçün onun 25 il ümumi iş stajının olmadığını müəyyən etmişdir. İddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərdən biri birinci instansiya məhkəməsi tərəfindən onun 1976-1993-cü illərdə kolxozda işləməsi faktının nəzərə alınmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qeyd olunan dövrdə iddiaçının işləməsini təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Bu barədə iddiaçı yalnız şahid ifadələrinə və ona əsasən verilmiş müvafiq nümayəndəliyin arayışına istinad etsə də, həmin arayış birinci instansiya məhkəməsinin də göstərdiyi kimi, arxiv arayışı hesab olunmadığı üçün qəbul edilmir. Həmin dövrün iddiaçının ümumi iş stajına daxil edilməsi üçün onun hüquqi əhəmiyyəti olan fakt olaraq müəyyən edilməsi vacibdir. Bu barədə iddiaçı apellyasiya şikayətində qəbul edilmiş qərarların birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etmişdir. Lakin apellyasiya baxışı zamanı təqdim olunmuş məhkəmə aktları nəzərdən keçirilərkən müəyyən olundu ki, həmin aktlar iddiaçının istinad etdiyi dövrün onun iş stajına daxil edilməsi və nəticə etibarilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas vermir. Belə ki, işə əlavə olunmuş Sumqayıt şəhər məhkəməsinin 2(060)-8033/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayınadək Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı vəzifəsində işləməsi faktı müəyyən edilsə də, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(015)-4137/2018 saylı 14 noyabr 2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş, ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra İddiaçı cavabdeh DSMFnun Sumqayıt şəhər Şöbəsinə qarşı 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayınadək Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi barədə iddia ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 2-1(085)-416/2019 saylı xx.xx.2019-cu il tarixli qərarla onun iddiası təmin edilsə də, sonradan həmin qərar yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş və sonunda apellyasiya instansiyası məhkəməsinin 2-1(105)-219/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2019-cu il tarixli qərar ləğv edilmiş və iddiaçının iddiaçı qeyri-mümkün sayılmışdır. Göründüyü kimi, hazırda iddiaçının 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayınadək Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı işlədiyi müddətin onun sığorta stajına daxil edilməsi üçün bu barədə arxiv arayışı və ya digər mötəbər sübutların olmaması ilə yanaşı, həm də onun xeyrinə bu hüquqi faktın tanınması ilə bağlı müvafiq məhkəmə qərarı da mövcud deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayınadək Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı işlədiyi müddətin onun iş stajına daxil edilməsi mümkün olmadığı üçün onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxması ilə bağlı qanunla tələb olunan 25 il ümumi stajı da tamamlanmır. Belə olan halda məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxması üçün qanunun 25 il ümumi iş stajının olması tələbinin ödənilmədiyini nəzərə alaraq iddiaçının tələb olunan 12 il 6 ay xüsusi iş stajının olub-olmaması məsələsini araşdırmır. O ki qaldı iddiaçının qanunla tələb olunan pensiya kapitalının məbləğinə, cavabdeh tərəfin bildirməsinə görə iddiaçının tələb olunan 36600 manat pensiya kapitalına qarşı 13398,69 manat pensiya kapitalı mövcuddur ki, bu da ona istədiyi növdə pensiyanın təyinatı üçün kifayət etmir. Odur ki, Kollegiya hazırki vəziyyətdə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olmadığını və bu barədə tələbinin təmin olunmasının qeyri-mümkün olduğunu nəzərə alaraq hesab edir ki, onun “keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ödənilməsi” barədə tələbi də əsas tələbə əlavə tələb olduğundan və əsas tələbin təmin olunmaması səbəbindən təmin oluna bilməz. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etməkdə haqlı olmuş və buna görə də birinci instansiya məhkəməsi iddianın təmin olunmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5752/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, onun 1976-cı ilin iyul ayından 1993-cü ilin sentyabr ayınadək Ağdam rayonu, Başqərvənd kəndində yerləşən Ş.Rəhimov adına kolxozda elektrik qaynaqçısı işləməsi ilə bağlı hüquqi faktın tanınması barədə mülki məhkəmə icraatı qaydasında yeni əsaslarla iddia vermək və həmin iddianın təmin olunması ilə bağlı məhkəmə qərarı qəbul ediləcəyi təqdirdə həmin məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra yenidən qeyd olunan dövrün onun ümumi iş stajına daxil edilərək ona qanunvericiliyin imkan verdiyi yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etmək, bu tələbinin təmin olunmasından imtina edildiyi halda isə həmin imtinadan inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5752/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2074/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2074/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver