Məhkəmə qərarları › İş №2-1(103)-2074/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2074/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2074/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı “torpaq sahəsinin verilməsi və ya torpaq sahəsinin dəyərinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2349/2023 saylı 15 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2005-ci tarixli 21/24 saylı qərarı ilə ona ayrılan torpaq sahəsinin ona təqdim edilməsi və ya həmin torpaq sahəsinin mövcud bazar qiymətinə uyğun olaraq qiymətləndirilərək, dəyərinin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə, torpaq sahəsi almaq üçün 2005-ci ildə Bakı şəhəri Binəqədi rayon Xocəsən qəsəbə bələdiyyəsinə müraciət etmişdir. Müraciətinə əsasən Xocəsən qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarı ilə ona alqı-satqı yolu ilə qəsəbə ərazisində 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin qərara uyğun olaraq tərəfindən Xocəsən qəsəbə bələdiyyəsinin bank hesabına 2.400.000 (AZM) vəsait ödənilmişdir. Xocəsən qəsəbə bələdiyyəsinin qərarına əsasən Binəqədi rayon Xocəsən qəsəbə ərazisində olan və ona verilən torpaq sahəsinin ölçüsü və ünvanı qeyd edilməklə cizgisi Binəqədi rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmışdır. Ayrılan torpaq sahəsinin yeri ona göstərildikdən sonra, tərəfindən həmin torpaq sahəsinə mişar daşı gətirilərək sahənin ölçülərinə uyğun olaraq, dörd tərəfindən hasar inşa edilmişdir. Lakin maddi vəziyyətində çətinliklər olduğu səbəbindən tikinti işlərini dayandırmağa məcbur olmuşdur. Sonradan mütəmadi olaraq torpaq sahəsinə getməklə yanaşı orada olan qonşularla əlaqə saxlayırdı. 2013-cü ilin yaz aylarında qonşular ona zəng edərək onun torpaq sahəsində ev inşa edildiyini bildirmişlər. Əraziyə gəldikdən sonra evin inşa edən şəxslə görüşmüş və onda həmin torpaq sahəsinə dair sənədlərinin olduğu ona bildirmişdir. Məcburiyyət qarşısında qalaraq, Xocəsən qəsəbə bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə sədri onu qəbul etmiş və sənədlərlə tanış olaraq bələdiyyədə işləyən memara məsələnin araşdırılmasını tapşırmışdır. Araşdırmadan sonra ona bildirilmişdir ki, ona ayrılan torpaq sahəsi səhv olaraq verilib. Yəni torpaq sahəsi başqa bir ünvanda yerləşdiyi müəyyən edilmişdir. Nəticədə ona başqa bir sahə göstərilmişdir. Həmin ərazəyə tərəfindən 2000 ədəd mişar daşı gətirilmişdir. 2022-ci ildə həmin ərazidə hasar tikmək istəsə də məlum olmuşdur ki, bu sahə də başqa şəxsə məxsusdur. Torpaq sahəsinin ona ayrılmasını dəqiqləşdirmək üçün o, Milli Arxiv İdarəsinə müraciət etmişdir. AR Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2021 ci il tarixli BA-01137-2020 saylı cavab məktubu ilə Xocəsən qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarının və torpağa dair cizginin arxivdə mövcud olduğu təsdiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2349/2023 saylı 15 fevral 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul eidlməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 5 saylı 10 aprel 2015-ci il tarixli qərarına və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, bələdiyyə tərəfindən ona sənədlə verilmiş torpaq sahsinin yerinin əslində sənəddə başqa yer olduğu, lakin faktiki olaraq torpaq sahəsinin başqa yerdə yerləşdiyi bildirilmiş, bununla bağlı ona başqa torpaq sahəsi verilmişdir (sənəddən fərqli). Orada tikinti işləri aparmış, satmaq istədikdə isə məlum olmuşdur ki, həmin ərazi sənəd əsasında başqa səxslərə məxsusdur. Bundan sonra yenidən bələdiyyəyə müraciət etmiş və sonuncu tərəfindən ona başqa torpaq sahəsinin ayrılması və ya müvafiq kompensasiyanın ödənilməsinin məhkəmə qərarı əsasında aparılmasının mümkün olması bildirilmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icratının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı tələbi “X1 xx.xx.2005-ci tarixli 21/24 saylı qərarı ilə ona ayrılan torpaq sahəsinin ona təqdim edilməsi və ya həmin torpaq sahəsinin mövcud bazar qiymətinə uyğun olaraq qiymətləndirilərək, dəyərinin ona ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin “vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” 21/24 №-li, xx.xx.2005-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş (cizgi əlavə olunur) ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İddiaçı 4-cü mədənə gedən asfalt yolunda ayrılmış 600 kv. metr torpaq sahəsinə dair cizgi Xocasən Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Xocahəsən Bələdiyyəsi tərəfindən verilmiş 052027 saylı xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən ******* manat torpaq sahəsinin dəyəri ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı ünvanlanmış BA-01137-2020 saylı xx.xx.2020-ci il tarixli məktubunda İddiaçı barəsində Binəqədi rayon Xocasən Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixl, 21/24 saylı qərarı və ona əlavə edilmiş cizgi sənədinin Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, həmin qərarın və ona əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş ksero surətləri iki vərəqdən ibarət göndərildiyi qeyd olunmuşdur. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, ona bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi başqa şəxsə verilibmiş, bu səbəbdən bələdiyyəyə müraciəti ilə bağlı ona başqa yerdən torpaq ayrılmış (bu barədə sənədi yoxdur), həmin yerdə də tikinti işləri apardıqdan sonra məlum olmuşdu ki, həmin yer də başqa şəxsə məxsusdur. Hazırda iddiaçı ya ona bələdiyyə tərəfindən vaxtilə ayrılmış torpaq sahəsinin, ya da həmin torpağa görə ödədiyi vəsaitin qaytarılmasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (bənd 3.1). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (bənd 4). Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “torpaq sahəsinin ona qaytarılması” barədə tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Bu barədə tələbə iddiaçı ona ayrılmış torpaq sahəsinin kim tərəfindən zəbt olunduğunu araşdırdıqdan sonra həmin şəxsə qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Digər tərəfdən, iddiaçının “torpağın dəyərinin ona ödənilməsi” barədə tələbinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında torpağın dəyəri ödənilməmişdən əvvəl müqavilə bağlanılmışdır, hansı ki, hazırda da qüvvədədir. Həmin müqavilənin qüvvədə olduğu müddətcə iddiaçının ödədiyi pulun ona geri qaytarılması mümkün deyil. Əgər iddiaçı həmin müqavilənin ləğv edilməli olduğunu hesab edirsə, bu barədə müqavilə tərəfi olan bələdiyyəyə müraciət etməli, daha sonra isə tərəflər razılaşmadığı təqdirdə iddiaçı həmin müqavilənin ləğvi və pulun ona qaytarılmasını bələdiyyədən mülki məhkəmə icraatı qaydasında tələb edə bilər. Odur ki, hazırki vəziyyətdə iddiaçının hər iki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığı üçün birinci instansiya məhkəməsi iddianın qeyri-mümkün saylıması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2349/2023 saylı 15 fevral 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2349/2023 saylı 15 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar