Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2074/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2580/2023 nömrəli, xx.xx.2023-cü il qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda, həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin nümayəndəsi etirazda göstərmişdir ki, iddiaçının xx.xx.2003-xx.xx.2021-ci il tarixləri arasındaki dövr ərzində "xxxx" MMC şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyində işlədiyi kran operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2580/2023 nömrəli, xx.xx.2023-cü il qərarı ilə iddia təmin edilmiş və İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2408/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2580/2023 nömrəli, xx.xx.2023-cü il qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-165/2024 saylı, xx.xx.2024-cü il saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2408/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1100000a-11588 kod altında “qüllə quraşdırıcıları—qaynaqçıları” vəzifəsi və peşəsi nəzərdə tutulmuşdur ki, iddiaçının əslində icra etdiyi işin həmin vəzifə və peşə ilə əlaqəsi müəyyən edilmir. İşəgötürənin xx.xx.2022-ci il tarixli arayışında da həmin vəzifə və peşəyə istinad edilmir. Bundan başqa, həmin arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.2-ci bəndinə istinad edilir ki, həmin bənd də neftin qazılmasına deyil, hasilatına aiddir. X7 Qazma Qurğusunun “qazma” ilə yanaşı “hasilat”ı da icra etdiyinə dair məlumat işdə yoxdur.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2580/2023 nömrəli, xx.xx.2023-cü il qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “iddiaçının yaş, ümumi staj və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Tərəflər arasında mübahisə açan məsələ məhz iddiaçının güzəştli iş stajının olmaması və onun işlədiyi “kran operatoru” peşəsinin güzəştli pensiya hüququ verən Siyahıda nəzərdə tutulmaması ilə bağlıdır. Cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun işlədiyi “kran operatoru” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmadığını əsas gətirmişdir. Halbuki, iddiaçının işlədiyi peşənin müvafiq Siyahıda nəzərdə tutulmuş vəzifəyə uyğunluğu "xxxx" MMC Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (xx.xx.2022-ci il tarixədək adı "xxxx" MMC) tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2003-xx.xx.2009 və xx.xx.2010xx.xx.2021-ci il tarixlərində "xxxx" MMC (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyində, dənizdə yarımdalma üzən X8 Qurğusunda kran operatoru (10.2 neft, qaz və qaz hasilatı: a) qurğuda qaldırıcıların maşinisti) kimi çalışmışdır. Göründüyü kimi, "xxxx" MMC Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddiaçının xx.xx.2003-xx.xx.2009 və xx.xx.2010-xx.xx.2021 dövrlər üzrə işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğunu qəbul etmiş, “kran operatoru” peşəsinin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1100000a-11588 kod altında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.2-a) qurğuda qaldırıcıların maşinisti peşəsi ilə funksional fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materillarından görünür ki, iddiaçı xx.xx.1961-ci il ildə anadan olub və 60 yaşının tamam olduğu 06 dekabr 2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2021-ci il tarixə 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı olması iş materialları ilə öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə mübahisəli hal iddiaçının qanunvericiliklə tələb olunan 12 il 06 ay güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-xx.xx.2009 və xx.xx.2010-xx.xx.2021-ci il tarixlərində "xxxx" MMC (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyində, dənizdə yaramdalma üzən X8 Qurğusunda kran operatoru (10.2 neft, qaz və qaz hisalatı: a) qurğuda qaldırıcıların maşinisti) kimi çalışmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, "xxxx" MMC şirkəti dənizdə neft və qaz quyularında qazma işləri aparır. Bununla əlaqəda bildiririk ki, 1961-ci il təvəllüdlü X2 həqiqətən xx.xx.2003-xx.xx.2009 və xx.xx.2010-xx.xx.2021-ci il tarixlərində "xxxx" MMC (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində, dənizdə yarmdalma üzən X8 Qurğusunda kran operatoru kimi çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən 1 saylı Siyahı X bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün, kod-1100000a-13590 və 13592) güzəştli şərtlərlə pensiya hüququ verən kran operatoru (qazma qurğularının maşinisti) peşəsi üzrə iş stajı 3 il, 4 ay, 28 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.1-ci hissəsinin a) qazma qurğularının maşinsitləri peşə üzrə iş stajı isə 13 il, 7 ay, 31 gün təşkil edir. "xxxx" MMC şirkətinin “kran operatorunun” vəzifəsinin əmək funksiyaları “qazma qurğularının maşinisti” vəzifəsinin əmək funksiyaları iə eynilik təşkil edir. "xxxx" MMC şirkətinin Azərbaycandakı Nümayəndəliyində güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən vəzifə üzrə ümumi əmək stajı 17 il, 30 gün təşkil edir.” Təqdim edilmiş arayışdan göründüyü kimi iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğunu qəbul etmiş, “kran operatoru” peşəsinin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1100000a-11588 kod altında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.2-a) qurğuda qaldırıcların maşinisti peşəsi ilə funksiolan fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və peşə, yəni kran maşinisti peşəsi konkret olaraq Siyahıda həmin adda qeyd olunmasa da, funksional fəaliyyət baxımından Siyahısında 1100000a-11588 kod altında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.2-a) qurğuda qaldırıcların maşinisti peşəsi ilə eynilik təşkil etdiyi təsdiq olunmuşdur. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən iddiaçının 12 il 06 ay güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün digər əsas şərt fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. İşin faktiki hallarından görünür ki, iddiaçının pensiya kapitalı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin iş materiallarından pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi müəyyən edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2074/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2074/2024
08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver