Məhkəmə qərarları › İş №2-1(103)-2075/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2075/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2075/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçotun ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1958/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun vergi ödəyicisi kimi uçotunun ləğv edilməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin X17 üzrə Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X17 üzrə Baş İdarəsi tərəfindən İddiaçı bildiriş göndərilərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərinə riayət etmədiyi və həmin Məcəllənin 16.1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilmədiyi, bu səbəbdən VM-in 33-cü maddəsinə uyğun olaraq vergi uçotuna alındığı bildirilmişdir. İddiaçı vergi ödəyicisi kimi qanunsuz qeydiyyatının ləğv edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2021ci il tarixli **********299300 saylı məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuzdur və onun vergi ödəyicisi kimi qeydiyyatının ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Vergi ödəyicisi olmadığı üçün VM-də vergi ödəyiciləri üçün müəyyənləşdirilmiş vəzifələr ona şamil olunmur. Onun vergi ödəyicisi kimi uçota alınmağı üçün heç bir əsas mövcud deyil və uçota alınmaqla bağlı onun tərəfindən ərizə təqdim edilməmişdir. Beləliklə, onun uçota alınmağı ilə bağlı cavabdeh orqanın hərəkətləri vergi qanunvericiliyinə ziddir. Lakin bildirişin mətnindən də göründüyü kimi iddiaçının vergi ödəyicisi kimi uçota alınmalı olduğu cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamış, bununla bağlı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğu göstərilməmişdir. İmtina məktubunun göndərilməsinə dair zərfin üzərindəki ştempeldən görünür ki, zərf iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsində vergi uçotuna alınması üçün heç bir əsasın olmadığını qeyd etmişdir. Bildirilir ki, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı bir sıra fiziki şəxslərin, o cümlədən İddiaçı (FİN xxxxxxx) X5 Eyniləşdirmə Nömrəsindən (GÖÖEN) istifadə etməklə kommersiya məqsədli mallar (müvafiq olaraq minik və yük avtomobilləri, yarım yedək və yəhərli dartıcı) idxal etdiyi, lakin İddiaçı vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, fiziki şəxs İddiaçı vergi orqanında uçotda olduğu ünvana poçt vasitəsilə xx.xx.2019-cu il tarixli **********991700 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Kommersiya məqsədli gömrük əməliyyatları (müvafiq olaraq avtomobil, ehtiyat hissələri və istifadə olunmuş yəhərli dartıcı, yarımqoşqular) aparan həmin fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən isə bu halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Qeyd edilənlər nəzərə alınaraq vergi orqanı tərəfindən İddiaçı vergi uçotuna alınması barədə xx.xx.2019-cu il tarixli **********283800 nömrəli bildiriş göndərilmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmamışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda adıçəkilən Plenum Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bildirilir ki, iddiaçının irəli sürdüyü tələb məcburetmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 33-cü maddəsinin tələblərinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1- ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da aydın olduğu kimi məcburetmə haqqında iddia iddiaçı arzuladığı inzibati aktı cavabdehin imtina etdiyi və ya cavabdehin hərəkətsizliyi səbəbindən qəbul edilmədiyi hallarda irəli sürülə bilər. Həmçinin məcburetmə haqqında iddianın irəli sürülməsi ilə bağlı xüsusi mümkünlük şərti onun müddəti ilə bağlıdır. Bir halda imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim ediliyi vaxtdan 30 gün müddətində, digər halda isə müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçəndən sonra qərar qəbul edilmədiyi hallarda iddiaçının iddia qaldırmaq hüququ nəzərdə tutulmuşdur. Lakin indiki halda iddiaçı tərəfindən müvafiq formalı ərizə ilə vergi orqanına müraciət edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbləri əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1958/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual normaların pozuntusu ilə qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən AR VM-nin 13.2.37, 32.1, 32.4, 33.1, 33.3, 33.4, 33.5, 34.1 və 34.2-ci maddələrinə istinad edərək göstərmişdir ki, sadalanan normaların tələblərindən müəyyən olunur ki, vergi orqanlarının vergi nəzarətini həyata keçirmə formalarından birincisi vergi ödəyicilərini uçota almaqdır. Fiziki şəxslərə münasibətdə uçota alınmanın əsas şərti həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Lakin, həmin normalarda, vergi orqanı tərəfindən fiziki şəxs ərizə vermədən onun uçota alınmasını müəyyən edən müddəa yoxdur. İş materiallarından da göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının uçota durmadan sahibkarlıq fəaliyyəti göstərməsinə görə onun vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyində, fiziki şəxs tərəfindən idxal edilə biləcək nəqliyyat vasitələrinin, onun mülkiyyətində olan nəqliyyat vasitələrinin sayını məhdudlaşdıran hər hansı norma yoxdur. Göstərilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına idxal edilməsi və Azərbaycan Respublikasında özgəninkiləşdirilməsi zamanı İddiaçı gəlir əldə etməsi də iş materiallarında olan, məhkəmənin sorğusu əsasında toplanmış sənədlərdən görünmür. Beləliklə, məhkəmə yalnız ehtimal əsasında iddiaçının gəlir əldə etdiyi qənaətinə gəlmişdir. Vergi orqanının imtina məktubunda yazılı şəkildə əsaslandırma aparılmamış, bu cür əsaslandırma olmadığı və məhkəmə iclasında da inzibati orqan tərəfindən sübutlar təqdim edilmədiyi üçün, birinci instansiya məhkəməsi tərəfindən inzibati orqanın xeyrinə sübutlar toplanmaq məqsədilə AR DGK və AR DİN-ə sorğular verilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə əsasən sübutlar inzibati akt qəbul edilərkən toplanmalı və əsaslandırılmalı idi. Məhkəmə isə, AR İPM-nin 13-cü maddəsinin tələbinə görə iddiaçıya hüquqi yardım göstərmək vəzifəsi olduğu halda, inzibati orqana yardım etmək, inzibati orqanın xeyrinə sübutlar toplamaq istiqamətində sorğular vermişdir. Lakin, hətta bu sübutlar da, cavabdehin mövqeyinin əsaslı olduğuna dəlalət edə bilməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, vergi orqanının araşdırmasına əsasən İddiaçı X5 Eyniləşdirmə Nömrəsindən (GÖÖEN) istifadə etməklə kommersiya məqsədli mallar (müvafiq olaraq minik və avtomobilləri) idxal etdiyi, lakin H.S.Nəsirovun vergi orqanında uçotda olmadığı müəyyən edilmiş, bundan sonra vergi orqanı tərəfindən fiziki şəxs İddiaçı vergi orqanında uçotda olduğu ünvana poçt vasitəsilə xx.xx.2019-cu il tarixli **********991700 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət etmədiyindən xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmış, bu barədə ona vergi uçotuna alınması barədə xx.xx.2019-cu il tarixli **********283800 nömrəli bildiriş göndərilmişdir. İddiaçı vergi uçotunun ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, vergi orqanı iddiaçının müraciətinə cavab olaraq iddiaçının “Fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında” ərizəni vergi orqanına təqdim etməsini tövsiyə edərək müraciətin təminindən bilavasitə imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı vergi ödəyicisi kimi uçotunun ləğvedilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia mümkün iddiadır. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Vergi uçotunun ləğv edilməsi ilə bağlı iddia öz hüquqi təbiətinə görə öhdəliyin icrası haqqında iddia növünə uyğundur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə qənaətini aşağıdakılar ilə əsaslandırır: İddiaçının iddiasına, apellyasiya şikayətinin dəlillərinə görə onun vergi ödəyicisi kimi uçota alınması üçün Vergi Məcəlləsinin uçota alınmanı tənzimləyən 33.4-cü maddəsində nəzərdə tutulmuş heç bir hal mövcud olmadığından onun tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Eyni zamanda iddiaçının uçota alınması ilə bağlı cavabdeh orqanın hərəkətləri vergi qanunvericiliyinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının vergi ödəyicisi qismində uçota alınması üçün vergi orqanına müraciət etmək öhdəliyinin yarandığını, vergi orqanının iddiaçını vergi uçotuna almasının vergi qanunvericiliyinə uyğun olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. -32.4-cü maddəsinə görə vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. -33.1-ci maddəsinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. -33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. -33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. -33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. -34.1-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -34.2-ci maddəsinə görə vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın: -2.1-ci bəndinə görə vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər: 2.1.1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4. Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. -2.2-ci bəndinə görə fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. -2.3-cü bəndinə görə vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. -2.6-cı bəndinə əsasən kağız daşıyıcısında ərizələrin təqdim edilməsi bilavasitə aidiyyəti orqana gəlməklə və ya poçt vasitəsilə həyata keçirilir. Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin) proqram təminatına tam şəkildə işlənilməsi vergi orqanı tərəfindən həyata keçirilir. -2.6-1-ci bəndinə əsasən bilavasitə aidiyyəti orqana müraciət edildikdə rəqəmsal əl imzası avadanlığı vasitəsilə imzalanaraq elektron daşıyıcıda tərtib edilməklə də ərizələrin təqdim edilməsi həyata keçirilir. -2.9-cu bəndinə əsasən Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir. Belə ki, fiziki şəxsin vergi uçotuna alınmasının VM-nin normalarından göründüyü kimi əsas qaydası vergi orqanına uçota alınma barədə ərizə ilə müraciət edilməsidir. Fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Vergi Məcəlləsinin 33.4, 34.1 və 34.2-ci maddələri, eləcə də Qaydaların 2.1, 2.2, 2.3, 2.6-cı bəndləri bilavasitə ərizə əsasında vergi uçotuna alınmanın qaydalarını müəyyən edir. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin ərizəsi əsasında vergi uçotuna alınma 2 qaydada - kağız və elektron formatda aparılır. Yuxarıda sadalanan qanunvericilik normalarının birgə təhlilindən görünür ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. İnzibati işin araşdırılmış hallarından aydın olur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə isə vergi ödəyicisinin ərizəsi olmadan uçota alınmasının digər bir qaydasının mövcudluğu araşdırılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi qanunvericiliyi vergi ödəyicisi qismində uçota alınmanı yalnız fiziki şəxsin ərizəsi əsasında qeydiyyata alınma forması ilə məhdudlaşdırmır. Vergi Məcəlləsinin 33.3, 33.5-ci maddələrinin, Qaydaların 2.9-cu bəndinin təhlili onu deməyə əsas verir ki, vergi ödəyicisi qismində uçota alınmanın ikinci qaydası mövcuddur və bu ərizə verilmədən, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin vergi orqanının öz təşəbbüsü ilə qeydiyyata alınmasıdır. Belə ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsi vergi orqanının 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verilməsini nəzərdə tutur. Həmin norma blanket xarakterli norma olmaqla bilavasitə Məcəllənin 33.3-cü maddəsinə göndəriş edir. Məcəllənin 33.3-cü maddəsi isə fərdi sahibkarın vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi kimi uçota alınmanı nəzərdə tutur. Başqa sözlə, hər iki maddənin birgə təhlili ilə müəyyən olunur ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Əks halda, vergi uçotuna alınma barədə məlumatın vergi ödəyicisinə 5 gün müddətində göndərilməsi ilə bağlı 33.5-ci maddəsinin Vergi Məcəlləsində saxlanılmasının hansı hüquqi zərurətdən irəli gəldiyinin izahı mümkün olmazdı. Yuxarıda da qeyd edildiyi kimi ərizə əsasında vergi uçotuna alınma ilə bağlı 1 günlük müddət və ya real vaxt rejimi nəzərdə tutulmuşdur ki, həmin müddətlər çərçivəsində vergi ödəyicisinə uçota alınma haqqında şəhadətnamə göndərilir, bununla da fiziki şəxs artıq vergi ödəyicisi qismində uçota alındığı barədə məlumatlandırılır. Şəhadətnamə verildikdən sonra vergi ödəyicisinə uçota alınma haqqında yenidən müstəqil şəkildə hər hansı məlumatın (bildiriş və s.) göndərilməsinə zərurət qalmır. Deməli, Vergi Məcəlləsinin 33.5-ci maddəsində nəzərdə tutulan uçota alınma haqqında məlumatın 5 gün müddətində göndərilməsi ilə bağlı tələb vergi orqanının öz təşəbbüsü ilə vergi uçotuna alınma üçün nəzərdə tutulmuş müddətdir. Başqa sözlə, vergi uçotuna alınmanın ikinci qaydasına görə sahibkarlıq fəaliyyətinə başladığı günədək ərizə verməmiş, lakin sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətinin həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma zamanı iş materiallarına əlavə edilmiş gömrük rəsmiləşmələri, eləcə də idxal olunmuş avtomobillərlə bağlı təqdim edilmiş dövlət qeydiyyat məlumatlarından müəyyən olunur ki, İddiaçı 2018-ci ildə mart, iyun, sentyabr aylarında 05 ədəd LAND ROVER RANGE ROVER, LAND ROVER DİSCOVERY, LAND ROVER RANGE ROVER SPORT markalı minik avtomobillərini respublika ərazisində sərbəst dövriyyə üçün idxal etmişdir. İdxal olunan avtomobillər İddiaçı adına gömrük rəsmiləşməsindən keçdikdən sonra sonuncu tərəfindən qısa zaman ərzində (1-2 ay ərzində) müxtəlif fiziki şəxslərə alqı-satqı müqaviləsi əsasında satılmışdır. Bu hal da iddiaçının sahibkarlıqla məşğul olduğunun bariz göstəricisidir. İş materiallarında olan sübutlara- əlavə edilmiş gömrük bəyannamələrindən çıxarışlara və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsi tərəfindən təqdim edilmiş 5 ədəd nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışlarına məhkəmə kollegiyası diqqət yetirir: -Vergi ödəyicisi İddiaçı (VÖEN **********) xx.xx.2018-ci il tarixli, **********356 nömrəli bəyannamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER RANGE ROVER SPORT (ili: 2012, müh.həcmi: 2993 sm3, şassi/ban no: SALLSAAG6CA749728) minik avtomobilinin invoys dəyəri-12300 euro olmaqla Almaniyadan idxal etmişdir. RANGE ROVER SPORT (B/ili: 2013, rəngi: qara metallik, Ban: SALLSAAG6CA749728) minik avtomobili 590768 ANGİ nömrəli gömrük vəsiqəsi əsasında İddiaçı adına qeydiyyata alınmış və 99NB192 nömrə nişanı, xx.xx.2018-ci il tarixli, AD239264 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ona məxsus olan RANGE ROVER SPORT markalı minik avtomobilini (dövlət qeydiyyat nişanı 99NB192, buraxılış ili 2013, Ban nömrəsi SALLSAAG6CA749728) 30000 manata alıcı X4. Daha sonra həmin RANGE ROVER SPORT (B/ili: 2013, rəngi: qara metallik, Ban: SALLSAAG6CA749728) minik avtomobili alqı-satqı müqaviləsi əsasında Seyidov Emin Mirağa oğlunun adına qeydiyyata alınmış və 90SE100 nömrə nişanı, xx.xx.2018-ci il tarixli, AD289486 nömrəli şəhadətnamə verilmişdir. - Vergi ödəyicisi İddiaçı (VÖEN **********) xx.xx.2018 ci il tarixli, **********078 nömrəli bəyannamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER RANGE ROVER (ili: 2010, müh.həcmi: 3628 sm3, şassi/ban no: SALLMAM74AA323148) minik avtomobilinin invoys dəyəri-9800 euro olmaqla Almaniyadan idxal etmişdir. RANGE ROVER (B/ili: 2011, rəngi: qara metallik, Ban: SALLMAM74AA323148) minik avtomobili 601410 AMBGİ nömrəli gömrük vəsiqəsi əsasında İddiaçı adına qeydiyyata alınmış və 99RF204 nömrə nişanı, xx.xx.2018-ci il tarixli, AD299084 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ona məxsus olan RANGE ROVER markalı minik avtomobilini (dövlət qeydiyyat nişanı 99RF204, buraxılış ili 2011, Ban nömrəsi SALLMAM74AA323148) 40000 manata alıcı X2. Daha sonra həmin RANGE ROVER (B/ili: 2011, rəngi: qara metallik, Ban: SALLMAM74AA323148) minik avtomobili alqı-satqı müqaviləsi əsasında X8 adına qeydiyyata alınmış və 10ZV357 nömrə nişanı, xx.xx.2019-cu il tarixli, AD468432 nömrəli şəhadətnamə verilmişdir. - Vergi ödəyicisi İddiaçı (VÖEN **********) xx.xx.2018ci il tarixli, **********980 nömrəli bəyannamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER RANGE ROVER SPORT (ili: 2012, müh.həcmi: 2993 sm3, şassi/ban no: SALLSAAG6CA754271 minik avtomobilinin invoys dəyəri-12300 euro olmaqla Almaniyadan idxal etmişdir. LAND ROVER RANGE ROVER (B/ili: 2013, rəngi: qara metallik, Ban: SALLSAAG6CA754271) minik avtomobili 591193 ANGİ nömrəli gömrük vəsiqəsi əsasında İddiaçı adına qeydiyyata alınmış və 99MZ382 nömrə nişanı, xx.xx.2018-ci il tarixli, AD163096 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ona məxsus olan LAND ROVER RANGE ROVER markalı minik avtomobilini (dövlət qeydiyyat nişanı 99MZ382, buraxılış ili 2013, Ban nömrəsi SALLSAAG6CA754271) 59000 manata alıcı X1. Daha sonra həmin LAND ROVER RANGE ROVER (B/ili: 2013, rəngi: qara metallik, Ban: SALLSAAG6CA754271) minik avtomobili alqı-satqı müqaviləsi əsasında X6 adına qeydiyyata alınmış və 10UF100 nömrə nişanı, xx.xx.2018-ci il tarixli, AD242379 nömrəli şəhadətnamə verilmişdir. - Vergi ödəyicisi İddiaçı (VÖEN **********) xx.xx.2018ci il tarixli, **********970 nömrəli bəyannamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER DİSCOVERY (ili: 2014, müh.həcmi: 2993 sm3, şassi/ban no: SALLAAAG6EA724305) minik avtomobilinin invoys qiyməti 18000 euro olmaqla Almaniyadan idxal etmişdir. LAND ROVER DİSCOVERY (B/ili: 2015, rəngi: qara metallik, Ban: SALLAAAG6EA724305) minik avtomobili 594303 ABGİ nömrəli gömrük vəsiqəsi əsasında İddiaçı adına qeydiyyata alınmış və 99NK435 nömrə nişanı, xx.xx.2018-ci il tarixli, AD252683 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ona məxsus olan LAND ROVER DİSCOVERY markalı minik avtomobilini (dövlət qeydiyyat nişanı 99NK435, buraxılış ili 2015, Ban nömrəsi SALLAAAG6EA724305) 83000 manata alıcı X3. Daha sonra həmin LAND ROVER DİSCOVERY (B/ili: 2015, rəngi: qara metallik, Ban: SALLAAAG6EA724305) minik avtomobili alqı-satqı müqaviləsi əsasında X9 adına qeydiyyata alınmış və 99EK100 nömrə nişanı, xx.xx.2018-ci il tarixli, AD282743 nömrəli şəhadətnamə verilmişdir. - Vergi ödəyicisi İddiaçı (VÖEN **********) xx.xx.2018-ci il tarixli, **********984 nömrəli bəyannamə əsasında 1 ədəd ********** kodlu LAND ROVER DİSCOVERY (ili: 2014, müh.həcmi: 2993 sm3, şassi/ban no: SALLAAAG6FA752791) minik avtomobilini invoys dəyəri 18350 euro olmaqla Almaniyadan idxal etmişdir. LAND ROVER DİSCOVERY (şassi/ban no: SALLAAAG6FA752791) minik avtomobili 591188 ABGİ H/A-755698 nömrəli gömrük vəsiqəsi əsasında X13 adına qeydiyyata alınmış və 10CG008 nömrə nişanı, xx.xx.2018-ci il tarixli, AD163345 nömrəli şəhadətnamə verilmişdir. Hazırkı iş üzrə iddiaçının eyni vaxtlara təsadüf edən, bir istehlakçının tələbatına uyğun olmayan 5 ədəd eyni (və ya oxşar) markalı avtomobilləri idxal etməsi, idxal etdikdən qısa zaman ərzində həmin avtomobilləri əvəzli qaydada alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi gəlir əldə edilməsi ilə nəticələnən sahibkarlıq fəaliyyəti kimi qiymətləndirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının vergi ödəyicisi qismində uçota alınması ilə bağlı cavabdehin hərəkətləri yuxarıda qeyd olunan qanunvericilik normalarının birgə təhlilinə əsasən qanunazidd deyildir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1958/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar