Məhkəmə qərarları › İş №2-1(103)-2075/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2075/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2075/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər rayon polis idarəsinə qarşı (üçüncü şəxslər: X8 və digərləri) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(112)-3889/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X8 və digərləri) “qeydiyyatdan çıxarılma barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə X9 ilə nikah münasibətlərində olması nəzərə alınmaqla gəlin köçmüşdür. Həmin əmlak 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportuna əsasən qayınatası Ələkbər Nəzərovun mülkiyyətində olmuşdur. Mülkiyyətçi Ə.Nəzərov 1991-ci il tarixdə vəfat etmiş, V.Nəzərov isə mirası həmin dövrdən faktiki olaraq qəbul etmiş və orada öz ailəsi ilə birlikdə yaşamışdır. Daha sonra V.Nəzərov 2019-cu il tarixdə vəfat etmiş, iddiaçı ərindən qalan mirası həmin dövrdən faktiki olaraq qəbul etmiş və hal-hazırda öz ailəsi ilə birlikdə orada yaşayır. Həmin evlə bağlı sənədləşmə işləri aparılarkən formal olaraq həmin yaşayış sahəsində yaşamayan, lakin qeydiyyatı olan şəxslərin olduğu aşkar edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(112)-3889/2023 saylı qərardadı ilə (hakim O.Həsənov) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3889/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış, işin hallarını gizlətməklə, o cümlədən bir-birini təkzib edən ifadələr işlətməklə, eləcə də işin hallarına tətbiq olunması nəzərdə tutulmayan və aidiyyəti olmayan müxtəlif sayda maddihüquq normalarını qərardadda sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmışdır. Hazırki iş üzrə X2, X13, X14, X10, X15, X3, X5, X6, X7, X1, X4 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb etsə də, tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətlərini araşdırmadan ədalətsiz nəticəyə gəlmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, zəruri cəlbetmə qaydasında cəlb olunmuş 3-cü şəxslərdən 2 nəfəri, yəni X8 və X16 vəfat etsələr də, ölmüş şəxslərin məhkəmə işinə cəlb olunmaları, həmin ölmüş şəxslərə qarşı istifadə hüquqlarının mülki məhkəmə icraatında mübahisələndirilməsinin izah olunması ilə bağlı məhkəmənin mövqeyi ümumiyyətlə qəbul edilən deyildir. Digər tərəfdən, ilkin mülkiyyətçinin 1991-ci ildə vəfat etməsindən 31 ildən artıq (kifayət qədər uzun) müddət keçməsinə baxmayaraq, halhazıradək 3-cü şəxslərin həmin evdə yaşamamalarına və həmin halın müvafiq dövlət qurumu tərəfindən də təsdiq olunması barədə sübutlara məhkəmə tərəfindən qiymət verilmədən əsassız qərardad çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, məktubla məhkəmə kollegiyasına müraciət edərək nümayəndənin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Xəzər rayon polis idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilini dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Yuxarıda artıq göstərildiyi kimi, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Göründüyü kimi iddiaya mahiyyəti üzrə baxılması onun mümkünlük şərtlərinin ödənilməsindən asılıdır ki, iddiaçının iddia qaldırmasına münasibətdə subyektiv hüquqa malik olması da iddianın mümkünlük şərti qismində çıxış edir. Lakin, hazırkı iş üzrə iddiaya münasibətdə ümümi mümkünlük şərti kimi iddiaçının subyektiv hüquqa malik olmalı olması ilə bağlı şərt ödənilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Göründüyü kimi əmlaka münasibətdə subyektiv hüququn realizəsi ilk növbədə həmin əmlakın miras əmlaka daxil olması, həmin miras əmlakın isə vərəsə tərəfindən qəbul edilməsindən asılıdır. Qanunverciliyin tələblərini hazırki işə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının adına vərəsəlik şəhadətnamənin mövcud deyil, ümumiyyətlə hüquqmüəyyənedici sənəd adına olan Ə.Nəzərovun adına miras əmlakına dair hər hansı vərəsəlik işi açılmamışdır. Nəticə etibarı ilə vərəsəlik işi açılmadığından V.Nəzərovun və onun həyat yoldaşı hazırkı iş üzrə iddiaçının adına həmin əmlaka vərəsəlik şəhadətnaməsinin mövcudluğu da mümkün deyil. Vərəsəlik şəhadətnaməsinin mirasın qəbul edilib-edilməməsinə münasibətdə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında vərəsəlik şəhadətnaməsi olmayan, lakin mirası faktiki qəbul etmiş şəxslərin vəfat etmiş şəxsə aid öhdəliklərinin həmin şəxs tərəfindən ödənilməsinə münasibətdə qərarda qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmələr mülki işə baxarkən hər kəsin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarını səmərəli və əlçatan vasitələrlə təmin edərək ədalət mühakiməsini qanunvericiliklə müəyyən edilmiş xüsusi prosessual icraat qaydasında həyata keçirməlidirlər. Mülki məhkəmə icraatı qaydasında baxılan işlərin əksəriyyəti iddia icraatı qaydasında baxılır. İddia icraatı məhkəmənin maddi hüquq münasibətindən irəli gələn mübahisə üzrə mülki işə prosessual hüquq normaları əsasında baxılmasında və həll edilməsində ifadə edilən fəaliyyətidir. İddia icraatının başlanılması iddia hüququnun realizəsi ilə həyata keçirilir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Göstərildiyi kimi, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən bu cür işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Yuxarıda göstərildiyi kimi, müraciətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinin Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər sırasına aid edildiyinə istinad edilərək, miras əmlakın vərəsələr tərəfindən qeyri-formal üsulla qəbulu halında maraqlı şəxslərin həmin əmlak hesabına mənafelərinin təmin edilməsi ilə bağlı iddialarına baxılmasının prosessual qaydasının qanunvericilikdə nəzərdə tutulmadığı göstərilmişdir. Konstitusiya Məhkəməsinin qərarından görünür ki, məhkəmə hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Lakin, həmin Qərarın özündə aidiyyəti məsələnin mülki icraat qaydasında baxılan işlərlə əlaqədar olması da aşkardır. Qərarın mahiyyətindən də aydın olur ki, həmin qərar mirasın faktiki qəbulunun xüsusi hallarına münasibətdə heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsi zərurətini müəyyən etmiş, mülki icraat qaydasında baxılan işlər üzrə, konkret olaraq kreditor tələblərinə münasibətdə vərəsəlik şəhadətnaməsi olmayan, lakin faktiki vərəsənin müəyyən ediləcəyi təqdirdə öhdəliyin ona aid olması ilə bağlı da mövqe nümayiş etdirmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia həmin halların inzibati məhkəmə icraatı qaydasında müəyyən edilməsinə yönəlmişdir. Lakin iddiaçı bu zaman nəzərə almamışdır ki, miras həqiqətən şəhadətnamə olmadan faktiki qəbul edilsə belə həmin halın müəyyən edilməsi mülki icraat qaydasında baxan məhkəmənin səlahiyyətinə aid olmaqla, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin səlahiyyətindən kənardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(112)-3889/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar