Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2075/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 10 oktyabr 1996-cı il tarixli 1889 nömrəli Sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Azərbaycan döngəsi 5 №-li binanın həyətində qaz kontoruna bitişik 15kv.m-lik boş qeyriyaşayış sahəsi İddiaçı icarəyə verilmiş, sərəncama uyğun olaraq rayon MTB-yi ilə xx.xx.1996-cı il tarixli 297 saylı icarə müqaviləsi bağlanmış, xx.xx.1977-ci il tarixli inventar №-si 780 olan qaraj sahəsi kimi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən texniki pasport verilmişdir. Həmin qeyri-yaşayış sahəsi 26 ildir ki, mübahisəsiz qaydada qanunvericiliyə uyğun olaraq iddiaçının faktiki mülkiyyətində və özü ilə ailəsinin faktiki istifadəsində olduğundan o, sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyətçi kimi çıxarışın və zəruri sənədlərin təqdim edilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının qeyd olunan müraciətini təmin etməmiş, həmin müraciətlə bağlı cavab məktubunda qanunvericiliyin normaları barədə ümumi məlumatları qeyd etməklə kifayətlənmiş və iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda mövqe olaraq qeyd etmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsinə əsasən “qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reestrində qeydiyyata alınması üçün əsas hesab olunur”. Eyni zamanda qeyd olunan qanunun 15-ci maddəsi əsas gətirilərək hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh istinad etdiyi qanunvericilikdə göstərilən sənədlərin ona təqdim olunmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qanunvericilikdə nəzərdə tutulan imtina əsaslarından heç biri mövcud deyil. Cavabdehin imtinası qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-1024/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 14.4 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 12.7 kv.m təşkil etməklə, mağaza kimi istifadə olunur. Həmçinin qeyri-yaşayış binasına dair Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyri-yaşayış binasının yerləşməsi dəqiq müəyyən edilməmiş və qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan Döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsassızdır, qərar ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, Bakı inzibati Məhkəməsi İddiaçı mübahisə predmeti olan qeyriyaşayış sahələrinə dair, Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi MİS 5 ilə bağlanmış xx.xx.1996-cı il tarixli, 297 nömrəli “qeyri-yaşayış sahələrinin icarəsi üçün birtipli” müqaviləyə əsaslanaraq cavabdehə müraciət etdiyini, cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina olduğunu qeyd etmişdir. İddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətinə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmalı olduğu iddiaçıya bildirilmiş, bu səbəbdən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hazırkı qərardan görünür ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən mübahisə predmeti olan sahəyə dair Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi MİS 5 ilə iddiaçı arasında bağlanmış xx.xx.1996-cı il tarixli, 297 nömrəli müqaviləyə və qeyd olunan sahənin təyinatının qaraj olması ilə bağlı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən iddiaçının adına verilmiş texniki pasporta əsaslanmışdır. Belə ki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Bundan əlavə həmin fərmana əsasən Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidməti hesab olunmuşdur. Beləliklə, qeyd edilən fərman verilənə qədər ayrı-ayrı dövlət təşkilatları öz balanslarında olan dövlət əmlakını icarəyə verə bilirdilərsə, fərmandan sonra bu səlahiyyət yalnız Əmlak Məsələləri Dövlət Xidmətinə aid edilmişdir. Belə ki, təqdim olunmuş icarə müqaviləsindən görünür ki, mübahisə predmeti olan sahə müddətli olaraq İddiaçı icarəsinə verilmiş, sonradan qeyd olunan fərmanın tələblərinə uyğun olaraq onun tərəfindən həmin sahəyə dair icarə müqaviləsinin bağlanması üçün Xidmətə müraciət daxil olmamışdır. Belə olan halda, hazırda Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi MİS 5 ilə iddiaçı arasında bağlanmış xx.xx.1996-cı il tarixli, 297 nömrəli müqavilə hüquqi qüvvəsini itirdiyindən, qeyd olunan müqavilə mübahisə predmeti olan sahə üzərində iddiaçının hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqi əhəmiyyət kəsb edə bilməz. Qeyd olunanlardan göründüyü kimi, dövlət əmlakı yalnız dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq xüsusi mülkiyyətə verilə bilər. Mövcud halda təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən mübahisə predmeti olan əmlak üzərindən mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsalardan hər hansı biri mövcud olmadığı halda, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq tətbiq olunmalı olan qanunvericilik normalarını düzgün seçməmiş, formal olaraq qanunvericiliyin ayrı-ayrı müddəalarını sadalamaqla kifayətlənmiş, nəticədə iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş texniki pasportda mübahisə predmeti olan sahənin təyinatının qeyri-yaşayış sahəsi deyil, qaraj sahəsi olması müəyyən olunur. Bundan əlavə mübahisə predmeti olan sahənin balanssaxlayıcısı olan Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq həmin sahənin qeyri-yaşayış sahəsi kimi dövlət əmlakının Registrində qeydiyyatının aparılması ilə bağlı Xidmətə müraciət daxil olmamışdır. Bu baxımdan qeyd olunan halların araşdırılması üçün Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi hazırkı məhkəmə prosesinə cəlb olunmaqla ümumiyyətlə mübahisəli sahənin təyinatının nədən ibarət olması, qeyri-yaşayış sahəsi kimi özəlləşdirilməsinin mümkünlüyü məsələsi müzakirə edilməli, daha sonra mübahisəli sahənin özəlləşdirilməsi mümkün hesab edildikdə qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi qaydaları iddiaçıya izah edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan faktiki halları və ona uyğun olaraq tətbiq edilməli olan qanunvericilik normaları kifayət qədər araşdırılmadan, iddiaçı tərəfindən təqdim edilmiş hüquqi qüvvəsini itirmiş icarə müqaviləsinə əsaslanmaqla qanunsuz olaraq iddia təmin edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər mübahisə predmeti olan sahə üzərində iddiaçının hər hansı hüquqlarını yaratmadığından, o, hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə hər iki apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, qeyd olunan əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməyiniz məqsədəmüvafiqdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1889 saylı 10 oktyabr 1996-cı il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik boş qeyri-yaşayış sahəsi heç bir əlavə tikinti etməmək şərti ilə təsərrüfat məqsədilə istifadə etmək üçün həmin həyətdə yaşayan İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini MİS 5 və İddiaçı arasında bağlanılmış 297 nömrəli xx.xx.1996-cı il tarixli Qeyri-yaşayış sahələrinin icarəsi üçün birtipli Müqavilənin surətindən görünür ki, Azərbaycan döngəsi 5 nömrəli binanın ümumi sahəsi 15 kv.m olan qeyri-yaşayış sahəsi təsərrüfat məqsədilə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 14,4 kv.m qaraja dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixində İddiaçı adına texniki pasport tərtib edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizaminaməsi»nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 3.1.16-cı bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə daxildir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 1889 saylı 10 oktyabr 1996-cı il tarixli sərəncamına əsasən Azərbaycan döngəsi 5 nömrəli binanın həyətində qaz kontoruna bitişik ünvanda yerləşən 15 kv.metrlik boş qeyri-yaşayış sahəsi təsərrüfat məqsədilə istifadə etmək üçün İddiaçı icarəyə verilmişdir. Həmin sərəncama əsasən Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini MİS 5 və İddiaçı arasında 297 nömrəli xx.xx.1996-cı il tarixli Qeyri-yaşayış sahələrinin icarəsi üçün birtipli Müqavilə imzalanmış, eyni zamanda Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə iddiaçının adına texniki pasport tərtib edilmişdir. Texniki pasportda qeyri-yaşayış sahəsinin (qarajın) ümumi ölçüsü 14.4 kv.m göstərilmişdir. Hazırda da həmin qeyri-yaşayış sahəsi iddiaçının istifadəsindədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan inzibati akta etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmışdır. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verildiyi tarixdə icra hakimiyyətinin başçısı vətəndaş ilə icarə müqaviləsi bağlamaq səlahiyyətinə malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsinin q) hissəsinə əsasən icra hakimiyyətinin başçısı hüquqi şəxslərlə və vətəndaşlarla icarə müqavilələri və digər təsərrüfat müqavilələri bağlamaq səlahiyyətinə malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından həmin sənədlər mötəbər sübut kimi qiymətləndirilməlidir. O da qeyd olunmalıdır ki, qeyri-yaşayış sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq sərəncam əsasında ayrılmışdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də digər inzibati orqanların davranışını müəyyən edir. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Beləliklə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1024/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2075/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2075/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver