Məhkəmə qərarları › İş №2-1(103)-2076/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2076/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2076/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X7 şəxsi və Hacıqabul rayonu Ələtli Bələdiyyəsinə qarşı X3 üçüncü şəxs qismində göstərilməklə şəhadətnamənin etibarsız hesab edilməsi və s.tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6485/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X7 şəxsi və Hacıqabul rayonu Ələtli Bələdiyyəsinə qarşı X3 üçüncü şəxs qismində göstərilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticəsi barədə xx.xx.2020-ci il tarixli, 108 nömrəli protokolunun, Şirvan ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə 124 nömrə ilə qeydiyyata alınmaqla müsabiqənin qalibinə verilmiş 011651 nömrəli Şəhadətnamənin etibarsız hesab edilməsi, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəricələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından xx.xx.2020-ci il tarixli, 108 nömrəli protokol və 011651 nömrəli Şəhadətnamə əsasında Hacıqabul rayonunun Ələtli bələdiyyəsi ilə X3 arasında 36 ha torpaq sahəsinə dair X1 adın verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6485/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadı (hakim B.Cəlalov) ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 8.1.1 və 8.1.2-ci maddələrinə istinad etməklə onunla əsaslandırmışdır ki, qanunvericilik fiziki şəxsin eyni vaxtda bir neçə yaşayış yerinə sahib olmasını mümkün hesab etsə də, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı bir yaşayış yeri üzrə qeydiyyata alınmasını zəruri sayır, şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır, iş materiallarında olan, iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır, bundan əlavə, iddiaçı da iddia ərizəsində özünün yaşayış yeri kimi həmin ünvanı qeyd etmişdir. Həmçinin müəyyən olunur ki, iddianın predmeti olan daşınmaz əmlak - torpaq sahəsi Hacıqabul rayonu ərazisində yerləşirdiyinə görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Şirvan İnzibati Məhkəməsidir Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mübahisə edilən inzibati aktı qəbul etmiş Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X7 şəxsi ünvan 4 ünvanında yerləşir. AR Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “AR apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 15-ci bəndinə əsasən, Bakı şəhərinin rayonları Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir. Məhkəmə iclasında tərəflərin iştirakı: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini İPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İş materiallarından aydın olur ki, hazırki iddia mübahisələndirmə haqqında iddiadır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Məhkəmə Kollegiyası qeyd edir ki, İPM-in 8.1.1-ci maddəsində inzibati mübahisələrə baxılmasının müstəsna aidiyyəti müəyyən edilmişdir, belə ki, həmin maddəyə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır, hazırki iş üzrə iddianın predmeti olan daşınmaz əmlak - torpaq sahəsi Hacıqabul rayonu ərazisində yerləşir. Həmçinin həmin Məcəllənin 8.1.2-ci maddəsində mübahisələndirmə haqqında iddialara baxılmasının aidiyyət qaydaları müəyyən edilmişdir. Belə ki, həmin maddədə qeyd edilir ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırki işin materiallarından görünür ki, cavabdehlərdən Hacıqabul rayonu Ələtli Bələdiyyəsinin ünvanı Hacıqabul rayonu, Ələtli kəndidir. İddia tələbində mübahisələndirilən hərracın nəticələri barədə protokol Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X4 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən tərtib edilmişdir ki, həmin qurum cavabdeh qismində göstərilməmişdir. Göstərilsə belə, həmin komissiyanın da ünvanı Şirvan şəhəridir. Maddənin digər hissəsində isə inzibati aktın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin (hazırki iş üzrə iddiaçının) yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olması müəyyən edilmişdir. İddia tələbində mübahisələndirilən hərracın nəticələri barədə 011651 № li Şəhadətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən qəbul edilmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səlahiyyəti birdən çox məhkəmənin, o cümlədən Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə olduqda inzibati mübahisəyə iddiaçının yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Müəyyən edilir ki, iddiaçının ünvanı ünvan 8 də 8.1.2-ci maddəsinin tələbləri nöqteyi-nəzərindən hazırki mübahisəyə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılması istisna edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 4 №-li, xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi» barədə Əlavəyə əsasən Şirvan şəhəri və Hacıqabul rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidləridir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla apellyasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. İPM-nin 8.6-cı maddəsinə görə İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6485/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar