Məhkəmə qərarları › İş №2-1(103)-2076/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2076/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2076/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı ASC-nin Cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X12 və X8 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs qismində X6 cəlb edilməklə) “üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12935/2023 il tarixli 07 dekabr 2023-cü tarixli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "xxxx" İKB ASC (İddiaçı ASC) ilə X2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X4 məxsus, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2(004)-5887/2016 saylı qətnaməsinə əsasən tutma yönəldilmiş və əmlak "xxxx" İKB ASC (İddiaçı ASC)-nin mülkiyyətinə keçmişdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışda xx.xx.1956-cı il təvəllüdlü X3 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzildə qeydiyyatda olması qeyd edilmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 47/2-28505 saylı məktubu ilə bildirilmişdir ki, X6 xx.xx.2003-cü il tarixdə ünvan 3 ünvanına qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 5 saylı MKİS-in 178 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzildə X6 yaşamır. Məhkəmə sərəncamı vətəndaş X4 5 saylı MKİS-ə dəvət edilərək təqdim edilmişdir. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzildən X3 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-47/2-19028/2023 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzildə hal-hazırda qeydiyyatda olan vətəndaş X3 qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı ASC cavabdeh Bakı şəhəri Səbail Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzildən X3 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12935/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə X2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş X4 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzildə yerləşən 3 otaqlı, ümumi sahəsi 64,5 kv.m olan sahəyə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2(004)-5887/2016 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair «Yelo Bank” ASC-nin mülkiyyət hüquqları 25 dekabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına RX seriyalı ******* nömrəli çıxarış alınmışdır. Əmlakın "xxxx" İKB ASC (İddiaçı ASC)-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina edir. İddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə etdiyi müraciətinə cavab məktubu ilə imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12935/2023 saylı 07 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ASC-nın mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzilindən X3 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X6 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qeydiyyatda olduğu mənzil iki mənzilin (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 50, mənzil 35, ümumi sahəsi 64,5 kv.m olan və mənzil 38, ümumi sahəsi 19,4 kv.m olan (hal-hazırda yaşadığı)) birləşməsindən ibarətdir və həmin iki mənzilin bir qapısı vardır. Onun bir mənzili Bank tərəfindən alınsa da, ikinci mənzil hazırda mülkiyyətindədir. Buna görə də mülkiyyətində olan və hal-hazırda yaşadığı ümumi sahəsi 19,4 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 50, 38 saylı mənzildən qeydiyyatdan çıxarılmasının hüquqi əsası araşdırılmalıdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia subyektiv hüququ olan şəxs tərəfindən və qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı tələbi “X3 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzildən qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlmişdir ki, üçüncü şəxsin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2792/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" İKBnin cavabdehlər X1 və X4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8252/2016 nömrəli 23 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzil xx.xx.2018-ci il tarixdə mülkiyyə hüququ ilə ********** qeydiyyat nömrəsi ilə İddiaçı ASC-nın adına qeydiyyata alınmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı yuxarıda göstərilən qanuni qüvvəsini almış mülki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal üzrə onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, 35 saylı mənzildə qanunsuz qeydiyyatda olan 3-cü şəxs X3 qeydiyyatdan çıxarılmasını tələb edir, lakin X6 mənzildən çıxmaqdan imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyatda olan, lakin həmin yaşayış sahəsinə artıq istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin istifadə hüququ olmadığı halda mülkiyyətçinin inzibati orqana müraciəti əsasında sonuncu tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evə qeydiyyatı üçün zəruri olan şərt (istifadə hüququ) mövcud deyildir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 3-cü şəxsə məxsus mənzilə ipoteka predmeti olaraq tutma ybnəldilmiş və əmlak iddiaçının mülkiyyətinə keçmişdir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından isə üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxsin iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, 3-cü şəxsin mübahisəli mənzilə istifadə hüququ olmadığından, iddiaçı həmin 3-cü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş və onun bu iddiası düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Hazırki işdə apelyantın apellyasiya şikayətində göstərdiyi “qeydiyyatda olduğu mənzilin, yəni ipotekanın yönləndiyi mənzilin (mənzil 35) onun faktiki yaşadığı mənzillə (mənzil 38 ilə) birləşməsindən ibarət olub, həmin iki mənzilin bir qapısının olduğu” barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil 3-cü şəxsin mübahisəli mənzildə qeydiyyatının saxlanması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının digər, yəni faktiki yaşadığı, sahəsi 19,4 kv.m. olan mənzil 38-ə qeydiyyata düşməsi də mümkündür. Bu səbəbdən apelyantın apellyasiya şikayətinin həmin dəlili birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12935/2023 saylı 07 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

3-cü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12935/2023 saylı 07 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar