Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2077/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı «məcburi dövlət sosial sığorta üzrə ödənilmiş vəsaitin iddiaçının fərdi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-985/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ildə 16,2 manat, 2018-ci ildə 36,2 manat, cəmi 52,4 manat torpağın məcburi dövlət sosial sığorta təyinatı üzrə ödənişin iddiaçının fərdi-şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı fərdi hesabının sığorta hissəsinə onun mükiyyətində olan kənd təsərrüfatına yararlı torpağa görə məcburi dövlət sosial sığorta təyinatı üzrə 2017-ci ildə 16,2 manat, 2018-ci ildə 36,2 manat (cəmi 52,4 manat) ödənişin köçürülməsi öhdəliyi cavabdeh DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, X2 torpaq mülkiyyətçisi, İddiaçı Hacı oğlu isə onun ailə üzvü kimi qeyd olunmuşdur. Həmin dövrdə qüvvədə olan Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 3-cü bəndində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. Mövcud qanunvericilik normaları müvafiq hallarda və qaydada mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan sığortaolunanların müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqları ödəməsini və bu məbləğlərin onların fərdi hesabının sığorta hissəsinə köçürülməsini nəzərdə tutur. Lakin nəzərə alınmalıdır ki, həmin köçürülmə sığortaolunanların torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra məcburi dövlət sosial sığortasının məqsədləri üçün müvafiq qaydada uçota alınması zəruridir. Birinci instansiya məhkəməsi yekun qərar çıxararkən ona əsaslanmışdır ki, iddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota durmasa da, yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Nəzərə alınmalıdır ki, ödənişin son təyinat yeri üzrə müvafiq hesabda həmin dövrdə əks olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil. Halbuki “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nda və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi tələbi nəzərdə tutulub. Belə ki, torpaq mülkiyyətçisi İddiaçıa Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını almasına baxmayaraq, Fondun yerli orqanında uçota durmamışdır. Mülkiyyətçi İddiaçıanın ailə üzvü (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən) olan İddiaçı isə "xxxx"ın Balakən Filialına ödəniş tapşırığının təyinatında “torpağın mdss” ifadəsini qeyd edərək 30 iyun 2017-ci il tarixdə 16 manat 20 qəpik, 13 mart 2018-ci il tarixdə isə 2018-ci il üçün 36 manat 20 qəpik ödəniş etmişdir. Buna görə də İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. Əlavə olaraq, iddiaçının müraciətinə Filial tərəfindən 9 oktyabr 2021-ci il tarixli **********2 nömrəli cavab məktubu ilə iddiaçıya qeydiyyatda olduğu ərazi üzrə vergi orqanına müraciət edilməsi tövsiyə olunmuş, lakin iddiaçı məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2-1(112)-985/2023 nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan DSMF Sosial Sığorta və X8 Filialının 9 oktyabr 2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda bildirilir ki, DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanlanmış 7 oktyabr 2021-ci il tarixli müraciətə baxılmışdır. Kovxayev X1 elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və yaxud “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın 2.1-ci bəndinə əsasən Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Qeyd olunan Qanunun 13.3-cü maddəsinə əsasən Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər uçota alındıqdan, uçotdan çıxarıldıqdan, həmçinin uçot məlumatlarında hər hansı dəyişiklik edildikdən sonra bu barədə 1 iş günü müddətində Nazirliyə məlumat verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı qeydiyyatda olduğu ərazi üzrə vergi orqanına müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd olunur: Müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin (bu yaş həddi 2017-ci ilin 1 iyul tarixindən başlayaraq 2021-ci ilin 1 iyul tarixinədək hər il 6 ay artırılır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 2019-cu ilin 1 iyul tarixindən kişilərin pensiya yaş həddi 64 yaş 6 ay müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, ona 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanmaqla əmək pensiyası təyin edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən hazırda əmək pensiyası almaq hüququ olmayan yaş həddi 64,5 yaşa çatmış kişilər yaşa görə müavinət almaq hüququna malikdirlər. Eyni zamanda bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən hazırda əmək pensiyası almaq hüququ olmayan yaş həddi 64,5 yaşa çatmış kişilərin yaşa görə müavinət almaq hüququna malikdirlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı DSMF Torpağın MDSS təyinatı üzrə 36,20 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı DSMF Torpağın MDSS təyinatı üzrə 16,20 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiє xx.xx.2022-ci il tarixli 257 nömrəli araygödan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Kapitalbank ASC-nin Balakən filialında qeyd olunmuş hesaba DSMF Torpağın MDSS təyinatı üzrə 36.2 AZN (x/h 1 AZN) vəsait ödəniş etmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı (ailə üzvləri ilə birlikdə) mülkiyyətində “kənd təsərrüfatı məhsullarının istehsalı” məqsədi üzrə, yəni kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var və ona bu barədə JN-751 kod 40100048 “Torpağa mülkiyyət hüququna dair şəhadətnamə” (Dövlət aktı), sonradan xx.xx.2021-cu ildə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış verilmişdir. İddiaçı "xxxx" ASC-nin Balakən filialında ******************** saylı h/hesaba “DSMF torpağın mdss” təyinatı üzrə (alan müştərinin VÖEN ********* olmaqla, Balakən rayonu üzrə Maliyyə Şöbəsi) 13 mart 2018-ci il tarixdə 36,2 manat, 30 iyun 2017-ci il tarixdə isə 16,20 manat vəsait ödəmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. 14.5-ci maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.5.1. sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: Bakı şəhərində 100 faizi; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi; digər şəhərlərdə 80 faizi; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi; kənd yerlərində 50 faizi miqdarında. 14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün: 14.5.1-1.9. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda – 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. Banklar tərəfindən təsərrüfat subyektlərinə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) bank hesabları açıldıqda həmin subyekt məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat təqdim etməlidir. Kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçotu müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu, qaydaları məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi, müvafiq hallarda və qaydada mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan sığortaolunanların müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqları ödəməsi və bu məbləğlərin cavabdeh tərəfindən onların fərdi hesabının sığorta hissəsinə köçürülməsi nəzərdə tutulmuşdur. Lakin nəzərə alınmalıdır ki, həmin köçürülmənin sığortaolunanların torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra məcburi dövlət sosial sığortasının məqsədləri üçün müvafiq qaydada uçota alınması zəruridir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşaraq qeyd edir ki, iddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota durmasa da, yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Ödənişin son təyinat yeri üzrə müvafiq hesabda həmin dövrdə əks olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil. Eyni zamanda iddiaçının həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində marağı da aydın görünür. Çünki, belə hal ona fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalına malik sığortaolunan kimi əmək pensiyası hüququnun yaranmasına xidmət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2077/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2077/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver