Məhkəmə qərarları › İş №2-1(103)-2077/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2077/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2077/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi barədə sərəncam veriməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2233/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşmə təqdim edərək ehtiyatda olan hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə (arvadı və 1 oğlu) mənzil növbəsinə götürülməsi və mənzil verilənədək mənzil kirayəsi xərclərinin ödənilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir (33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: « 2016-cı ildə Aprel döyüşlərində hərbi xidmətdə olduğu zaman düşmənin atdığı mərmi nəticəsində yaralandığına görə ona 2017-ci ildə əlillik dərəcəsi təyin edilərək ordu sıralarından ehtiyyata buraxılmışdır. 2022-ci ilin yanvar ayından etibarən ailə üzvləri ilə Bakı şəhərində birlikdə yaşayır. Ehtiyatda olan zabit kimi özü və digər 2 ailə üzvünün mənzil növbəsinə götürülməsinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə dair ərizə ilə cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış 03 mart 2022-ci il və 19 iyul 2023-cü il tarixli cavab məktubları ilə onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir…» Cavabdeh iddia ərizəsinə yazılı münasibətində iddiaçının müraciətinə verilmiş imtinanı qanunuyğun hesab edərək bunu aşağıdakılarla əsaslandırmışdır: «…İddiaçı tərəfindən təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reystrinin 1 saylı Bakı Ərazi İdarəsinin **********28 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, keçmiş DTXK tərəfindən onun adına (ümumbirgə pay) Zaqatala şəhərində 0.05 ha yaşayış təyinatlı torpaq sahəsinə dair JN 195F, Kod 40201004 nömrəli xx.xx.2006ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və Zaqatala rayonu 2 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-2119 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən iddiaçı həmin torpaq sahəsindəki payını X1 bağışlamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququnun olmasını müəyyən edir. Göründüyü kimi, yaşayış sahəsi olmayan hərbi qulluqçuların sırf mənzillə deyil, torpaq sahəsi ilə də təmin olunması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (mənzil sahəsinə və torpaq sahəsinə) malik olub-olmamaları yoxlanılmalıdır. Beləliklə, iddiaçının adına daşınmaz əmlak (ümumbirgə payda yaşayış təyinatlı torpaq sahəsi) mövcud olmuşdur, lakin özgəninkiləşdirilmişdir. Özgəninkiləşdirmə faktı isə mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2233/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı və 1 oğlu) mənzil növbəsinə götürülməsi və mənzil verilənədək mənzil kirayəsi xərclərinin ödənilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbuledilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayəti isə aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının adına daşınmaz əmlak (ümumbirgə payda yaşayış təyinatlı torpaq sahəsi) mövcud olmuşdur, lakin özgəninkiləşdirilmişdir. Özgəninkiləşdirmə faktı isə mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış, iş üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarından kənara çıxılaraq əsassız qərar qəbul edilmişdir…» Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə onun və ailə üzvlərinin mənzil növbəsinə götürülməsini və mənzil verilənədək kirayə pulunun verilməsi barədə sərəncam verilmsəi vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmə qaydasında cavabdehdən tələb etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» 12-ci maddənin 2-ci hissəsinin: - 3-cü abzasının birinci cümləsinə əsasən: “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər.” -4-cü abzasının birinci cümləsinə əsasən isə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.” Eyni zamanda, 12-ci maddənin 7-ci hissəsinə əsasən: “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).” Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1 -ci hissəsi ilə “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini qaydası müəyyən edilmişdir. İş materialları ilə müəyyyən olunan hallar isə aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********221 nömrəli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2022ci il tarixli, 25 nömrəli arayışlarına, habelə, İddiaçı EZ ******* nömrəli Hərbi biletinin surətinə əsasən baş leytenant İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək AR SQ-da kursant, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək AR SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmiş; - iddiaçının 00066612 nömrəli hərbi biletinin 5-ci səhifəsinin 16-cı sıra qeydinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin 156-cı maddəsinin «V» bəndi ilə ehtiyata buraxılmışdır (Əsanəamənin h 156-cı maddəsinin «V» bəndi xəsliyinə görə hərbi qulluqçunun ehtiyata buraxılmasını nəzərədə tutur) - Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sənədə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlillik səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmiş; - AZ-İ 976073 nömrəli Nikah haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1988-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.2014-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqında akt qeydlər kitabında 2014-cü ilin avqust ayının 29 günündə 249 nömrə ilə qeyd aparılmış; - “Asan 7” xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Arayışa əsasən ünvan 2 ünvanda iddiaçı və onun ailə üzvləri X4 və X5 qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın aşkar edilməmişdir. -Eyni zamanda, Zaqatala bələdiyyəsinin, Binəqədi rayon bələbdiyyəsinin, Binəqədi rayonu Xocahəsən və M.Ə Rəsulzadə qəsəbə bələdiyyələrinin işə əlavə olunmuş arayışlarına əsasən iddiaçının adana fərdi yaşayış evinin tikintisi üçün torpa sahəsi ayrılmamışdır. Tədqiq olunan sənədlərə əsasən müəyyən olunan hallardan göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək AR SQ-da kursant, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək AR SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmiş, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «V» bəndi (xəstəliyinə görə) ilə ehtiyata buraxılmış, xx.xx.2022-ci il tarixdən “Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” əlillik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmiş, üç nəfər ailə tərkibində (jcü,arvadı və övladı) ünvan 2 ünvanda qeydiyyatdadır və onun adına respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh tərəfindən istinad olunan, keçmiş DTXK tərəfindən verilmiş şəhadətnaməyə əsasən iddiaçının vaxtilə ümumi birgə mülkiyyətdə olan 5 sot torpaq sahəsindən ona düşən payını bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilməsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hətta bir fərdi yaşayış evi üçün kifayətedici olmayan torpaq sahəsindəki cüzi bir payını 2021-ci ildə bağışlama müqaviləsi əsasında digər payçının xeyrinə güzəştə getməsi, ayrıca yaşayş sahəsi olmayan iddiaçının bilərəkdən öz vəziyyətini pisləşdirilməsi kimi qiymətləndirilməsi qəbul edilməzdir. Beləliklə də iddiaçının xəstəliyinə görə ehtiyata buraxılması, həm də onun xəstəliyinin 3cü dərəcə müddətsiz əlilliklə qəiymətləndirilməsi nəzərə alınmaqla, onun cavabdehə qarşı hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzil verilənədək mənzil kirayəsi xərclərinin ödənilməsi barədə sərəncam verilməsi barədə iddia tələbində haqlı olduğu sübuta yetirilir. Başqa sözlə, cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin qeyd olunan tələbinən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya tərəfindən iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən işin hallarıının düzgün araşdırılmadığını, mövcud sübutlara düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarından kənara çıxılaraq əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2233/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2233/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar