Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2079/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7093/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Şuşa könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin ona indiyədək “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üçün o, xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə cavabdehə və üçüncü şəxsə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı verilən etirazında göstərilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtlən iddiaçıya münasibətdə ödənilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hesab edirik ki, İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-70-ci maddələrini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7093/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş Şuşa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 22/560 nömrəli arayışında qeyd edilmişdir ki, 1973-cü il təvəllüdlü, Şuşa rayon sakini İddiaçı həqiqətən də 1990-ci il tarixdən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak edib. ƏSAS: Şuşa BİH-in yeni tərtib edilmiş adlı siyahısı - səh. 20, sıra № 319. Məhkəmənin sorğusuna cavab olaraq Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli, 5-77/2-235/5/2023 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin 09.06.20 23-cü il tarixli, 3-43-58/2-416/2023 nömrəli məktubunda bildirilmişdir ki, Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 245 nömrəli təsdiq edilmiş adlı siyahısında torpaqlarımıza erməni hərbi birləşmələrinin təcavüzü ilə bağlı 1988-1992-ci illərdə Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Şuşa rayonu üzrə özünümüdafiə könüllülər batalyonları döyüşçülərinin siyahısında (sıra sayı 840 səh 36) xx.xx.1973-cü il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-58/2-519/2023 nömrəli məktubu ilə Şuşa rayon İcra Hakimiyyətinin xx.xx.1999cu il tarixli 245 nömrəli təsdiq edilmiş adlı siyahısında torpaqlarımıza erməni hərbi birləşmələrinin təcavüzü ilə bağlı 1988-1992-ci illərdə Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Şuşa rayonu üzrə özünümüdafiə könüllülər batalyonları döyüşçülərinin siyahısında (sıra sayı 840 səh 36) xx.xx.1973-cü il təvəllüdlü X7 adının qeyd olunduğu hissəsinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Quşçular Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 08 nömrəli məktubunda qeyd edilmişdir ki, “Şuşa rayonu Quşçular kənd sakini İddiaçı adı döyüş bölgələrində özünümüdafiə dəstələrində iştirak etmiş şəxslərin adlı siyahısında qeyd edilmişdir (Quşçular kənd özünümüdafiə dəstəsi). Onun adı siyahıda 33-cü sırada göstərilir. Şuşa rayonu Quşçular kəndinin hər tərəfdən ermənilərlə əhatə olunması, müdafiə zolağının geniş olması və müdafiəçilərin sayının az olması 18 yaşı tamam olmuş gənclərin özünümüdafiə dəstəsinə yazılmalarını zərurətə çevirmişdir. Bu səbəbdən İddiaçı də Quşçular kənd özünümüdafiə dəstəsinin üzvü olmuşdur. Özünümüdafiə dəstəsinin siyahısı Quşçular KİƏDÜN-lik tərəfindən 08 avqust 1997-ci ildə tərtib edilib Şuşa RİH-ə təqdim olunmuşdur. Əlimizdə İddiaçı hərbi bileti yoxdur”. Məhkəmənin sorğusuna cavab olaraq Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli, 5-77/2-368/5/2023 nömrəli məktubu ilə göndərilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin özünümüdafiə könüllülər batalyonu döyüşçülərinin siyahısında 840-cı sırada İddiaçı adı qeyd edilmişdir. Məktubda vətəndaşın (İddiaçı) hərbi bileti olmadığı üçün hansı hərbi hissə və ya batalyonda qeydiyyatı haqqında məlumat vermək mümkün deyildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya verdiyi 126 №-li, xx.xx.2023-cü il tarixli arayışında göstərilir ki, “verilir 1973-cü il təvəllüdlü, Şuşa rayon sakini İddiaçı ondan ötrü ki, həqiqətən onun adı Şuşa rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 245 nömrəli təsdiq edilmiş adlı siyahısında torpaqlarımıza erməni hərbi birləşmələrinin təcavüzü ilə bağlı 1988-1992-ci illərdə Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi Şuşa rayonu üzrə özünümüdafiə könüllülər batalyonları döyüşçülərinin siyahısında (sıra sayı 840 səh. 36) qeyd olunmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; -AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. -Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 22/560 nömrəli arayışında qeyd edilmişdir ki, “verilir, 1973-cü il təvəllüdlü, Şuşa rayon sakini İddiaçı ondan ötrü ki, həqiqətən o 1990-ci il tarixdən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak edib. ƏSAS: Şuşa RİH-in yeni tərtib edilmiş adlı siyahısı - səh. 20, sıra № 319”. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-58/2-295/2023 nömrəli məktubunda bildirilmişdir ki, Şuşa rayon Quşçular kənd sakini 1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasında "hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin “q” bəndinə əsasən 27 yaş həddi tamam olduğu üçün hərbi xidmətə çağırışdan azad olunaraq xx.xx.2001-ci ildə ehtiyyata keçirilmişdir. xx.xx.2001-ci il tarixdə keçmiş Şuşa rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli, 5-77/2-200/5/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1990-1991-ci illərdə Şuşa özünümüdafiə dəstələrində iştirak edib-etməməsi barədə Şuşa Rayon İcra Hakimiyyətində heç bir təsdiqedici sənəd yoxdur, o cümlədən döyüş bölgəsindəki özünümüdafiə dəstələrində iştirak etmiş şəxslərin adlı siyahısında onun adına rast gəlinməmişdir. Yalnız kənd icra nümayəndəsinin təqdim etdiyi adlı siyahıda İddiaçı adı qeyd edilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli, 5-77/2-235/5/2023 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-58/2-416/2023 nömrəli məktubunda bildirilmişdir ki, Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 245 nömrəli təsdiq edilmiş adlı siyahısında torpaqlarımıza erməni hərbi birləşmələrinin təcavüzü ilə bağlı 1988-1992-ci illərdə Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Şuşa rayonu üzrə özünümüdafiə könüllülər batalyonları döyüşçülərinin siyahısında (sıra sayı 840 səh. 36) xx.xx.1973-cü il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin Müharibə Veteranı statusu verilmiş şəxslərin uçotu kitabında İddiaçı adı qeyd olunmamışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-58/2-519/2023 nömrəli məktubu ilə Şuşa rayon İcra Hakimiyyətinin xx.xx.1999cu il tarixli 245 nömrəli təsdiq edilmiş adlı siyahısında torpaqlarımıza erməni hərbi birləşmələrinin təcavüzü ilə bağlı 1988-1992-ci illərdə Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Şuşa rayonu üzrə özünümüdafiə könüllülər batalyonları döyüşçülərinin siyahısında (sıra sayı 840 səh. 36) xx.xx.1973-cü il təvəllüdlü İddiaçı adının qeyd olunduğu hissəsinin təsdiq olunmuş surəti təqdim edilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Quşçular Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 08 nömrəli məktubunda qeyd edilmişdir ki, “Şuşa rayonu Quşçular kənd sakini İddiaçı adı döyüş bölgələrində özünümüdafiə dəstələrində iştirak etmiş şəxslərin adlı siyahısında qeyd edilmişdir (Quşçuİar kənd özünümüdafiə dəstəsi). Onun adı siyahıda 33-cü sırada göstərilir. Şuşa rayonu Quşçular kəndinin hər tərəfdən ermənilərlə əhatə olunması, müdafiə zolağının geniş olması və müdafiəçilərin sayının az olması 18 yaşı tamam olmuş gənclərin özünümüdafiə dəstəsinə yazılmalarını zərurətə çevirmişdir. Bu səbəbdən İddiaçı də Quşçular kənd özünümüdafiə dəstəsinin üzvü olmuşdur. Özünümüdafiə dəstəsinin siyahısı Quşçular KİƏDÜN-lik tərəfindən 08 avqust 1997-ci ildə tərtib edilib Şuşa RİH-ə təqdim olunmuşdur. Əlimizdə İddiaçı hərbi bileti yoxdur”. -Məhkəmənin sorğusuna cavab olaraq Şuşa Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli, 5-77/2-368/5/2023 nömrəli məktubu ilə göndərilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin özünümüdafiə könüllülər batalyonu döyüşçülərinin siyahısında 840-cı sırada İddiaçı adı qeyd edilmişdir. Məktubda vətəndaşın (İddiaçı hərbi bileti olmadığı üçün hansı hərbi hissə və ya batalyonda qeydiyyatı haqqında məlumat vermək mümkün deyildir. -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-43/2-051xx/xx/2023 nömrəli məktubda bildirilmişdir ki, ““Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Belə ki, təqdim etdiyiniz Şuşa rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 22/560 nömrəli arayışında adınızın müvafiq adlı siyahıda olması qeyd edilsə də, siyahının hansı hüquqi qüvvəsi olan arxiv sənədləri əsasında tərtib olunmasını təsdiq edən sənəd yoxdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyinizə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Odur ki, döyüş əməliyyatlarında iştirakınızı sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti), həmçinin tələb olunan digər sənədlər tərəfinizdən tam toplandığı təqdirdə Sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə görə Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Sadalanan normalardan görünür ki, Əsasnaməyə görə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: -döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; -döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Qeyd edilən kateqoriya şəxslərə münasibətdə döyüş əməliyyatlarında iştirak aşağıdakı sənədlər əsasında müəyyən edilə bilər: -yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda); -hərbi biletlərdə qeydlər edilibsə (yalnız müvafiq əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda); -ezam olunma barədə əmrlər; -xəsarət alma haqqında arayışlar. Hazırkı iş üzrə iddiaçı 1990-1991-ci illərdə Şuşa rayonu üzrə könüllü müdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etdiyini iddia edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir. Qeyd edildiyi kimi bilavasitə döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak ilk növbədə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında müəyyən olunur. İşin hallarına qiymət verən birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəmə sorğusuna cavablardan görünür ki, Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 245 nömrəli təsdiq edilmiş adlı siyahısında erməni hərbi birləşmələrinin təcavüzü ilə bağlı 1988-1992-ci illərdə Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Şuşa rayonu üzrə özünümüdafiə könüllülər batalyonları döyüşçülərinin siyahısında 840-cı sırada İddiaçı adı qeyd olunmuşdur. Eyni zamanda, Şuşa rayon İcra Hakimiyyətinin iddiaçıya verdiyi xx.xx.2017-ci il tarixli arayışda iddiaçının Şuşa rayonu üzrə könüllü müdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etdiyini qeyd edilmişdir. Bununla bağlı məhkəmə siyahını təsdiq etmiş və arayışı təqdim etmiş Şuşa rayon İcra Hakimiyyətinə iddiaçının adının könüllü müdafiə dəstəsi üzvlərinin siyahısına daxil edilməsi əsasları barədə sorğu ünvanlamış, sorğuya cavabda İcra Hakimiyyəti İddiaçı 1990-1991-ci illərdə Şuşa özünümüdafiə dəstələrində iştirak edibetməməsi barədə Şuşa Rayon İcra Hakimiyyətində heç bir təsdiqedici sənədin olmadığını, döyüş bölgəsindəki özünümüdafiə dəstələrində iştirak etmiş şəxslərin adlı siyahısında onun adına rast gəlinmədiyi, yalnız Şuşa rayon Quşçular kənd icra nümayəndəsinin təqdim etdiyi adlı siyahıda İddiaçı adının qeyd edildiyi bildirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Quşçular Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin cavabında X8 Şuşa rayonu Quşçular kənd sakini olduğu, 18 yaşı tamam olmuş gənclərin özünümüdafiə dəstəsinə yazılmaları zərurəti olmaqla onun adının kənd icra nümayəndəliyi tərəfindən Quşçuİar kənd özünümüdafiə dəstəsi siyahısında daxil edildiyi qeyd edilsə də, lakin icra nümayəndəliyi tərəfindən iddiaçının adının siyahıya daxil edilməsinə əsas verən sübut-döyüş əməliyyatlarında bilavasitə iştirakı təsdiq edən sənədə istinad edilməmişdir. Halbuki, qanunvericiliyin yuxarıda da qeyd olunan tələbindən göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar yalnız döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda hüquqi əhəmiyyətə malik olur. Hazırkı halda iddiaçının özünümüdafiə dəstəsində fəal hərbi əməliyyatlarda iştirakını sübut edən sənədlər isə iş üzrə müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etdiklərindən onların üzvlərinə silahların təhkimi müvafiq qeydiyyat kitablarına uyğun olaraq həmin silahların nömrə, model, təhkim edildiyi şəxsin ad, soyad, imza və s. göstərilməklə həyata keçirilmişdir. Hazırkı iş üzrə iddiaçıya fəal hərbi əməliyyatda iştirakı üçün könüllü özünümüdafiə dəstəsinin iştirakçısı kimi müvafiq silahın təhkim edilməsinə dair hər hansı sənəd aşkar olunmamışdır. İddiaçının adının da olduğu adlı siyahıda (səh 36) müharibə veteranı adı və vəsiqəsi verilmiş şəxslərin siyahısı Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş və müəyyən olunmuşdur ki, həmin şəxslərə vəsiqə yalnız iddiaçının da adının olduğu yerli icra nümayəndəliyinin siyahısı əsasında deyil, həm də onların Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə Şuşa rayon Hərbi Komissarının və Şuşa rayon İcra Hakimiyyəti başçısının imza və möhürü ilə təsdiq edilmiş arayışlar əsasında verilmişdir. İddiaçının isə qeyd edilən müvafiq arayışı, hərbi bileti və ya yerli səfərbərlik və hərbi xidmətə çağırış komissarlığının qeydləri mövcud deyildir. Beləliklə, iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut etdiyini iddia edən əsas və yeganə sənədi Quşçuluq kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş siyahısıdır ki, belə bir siyahıda iddiaçının adının qeyd edilməsinə əsas verən müvafiq sənədlər məhkəmə araşdırması zamanı aşkar olunmamışdır. Halbuki, məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 16 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, Şuşa rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilərək Xidmətin aparatına təqdim olunmuş Şuşa rayonu üzrə könüllü müdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyası məhkəməyə təqdim edilmişdir ki, həmin siyahıda İddiaçı adı 319-cu sırada qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-58/2-519/2023 nömrəli məktubu ilə Şuşa rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 245 nömrəli təsdiq edilmiş adlı siyahısında torpaqlarımıza erməni hərbi birləşmələrinin təcavüzü ilə bağlı 1988-1992-ci illərdə Şuşa və ətraf kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Şuşa rayonu üzrə özünümüdafiə könüllülər batalyonları döyüşçülərinin siyahısında (sıra sayı 840 səh. 36) xx.xx.1973-cü il təvəllüdlü X7 adının qeyd olunduğu hissəsinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq işin qeyd olunan hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, yuxarıda qeyd olunan iş materiallarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsi, həmçinin hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəməyə ünvanlanan məktublarında qeyd etmişlər ki, X5 rayonu üzrə könüllü müdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam və hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7093/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7093/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı X10 “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2079/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2079/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver