Məhkəmə qərarları › İş №2-1(103)-208/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-208/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-208/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Hüseynov Kazım Mirəziz oğlunun Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1704/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 2015-ci il tarixdə Ukrayna Respublikası Çerkası Dövlət Texnoloj Universitetinin “İnşaat” ixtisasını bitirmişdir. Bu barədə B15 nömrəli 156296 saylı müvafiq diplom almışdır. Sonradan iddiaçı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair xx xxx 2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirlyinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış O-623/03ANİ saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ukraynanın Çerkası Dövlət Texnoloji Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Nazirlər Kabinetinin 64 saylı xx xxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə əsasən A78C1FAEC293292 saylı müraciəti üzrə alıdğı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası əsassızdır və heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi isə ali təhsil haqqında sənədinin ölkə ərazisində tanınmasının qeyrimümkünlüyünə dair məktub vermişdir. O, 3 il müddətində qiyabi təhsil almışdır. Kollec diplomu əsasında qəbul olmuşdur. Oxuduğu müddətdə imtahanların hamısını özü vermişdir. Rus dilini və ixtisasını yaxşı bilir. Buna baxmayaraq ona gediş-gəlişi ilə bağlı mənfi rəy vermişlər. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1704/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün hüquqi qiymət verməyərək iddianı təmin etməmişdir. Halbuki Ukrayna Respublikasının Çerkas Dövlət X1 ərazisində ali təhsil ocaqlarından biri hesab olunmaqla qanuni şəkildə fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003- cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın müddəalarında onun sərhədkeçmə məlumatının müəyyən edilməsi, tədris yükünün mənimsənilməməsini müəyyən etmək, yoxlamaq və aşkar etmək üçün heç bir norma yoxdur. Onun bilik səviyyəsini oxuduğu ali təhsil müəssiəsi müəyyən etmiş və buna görə də təhsil müəssisəsinin dövlət imtahanı komissiyası tərəfindən yoxlanılaraq diplom verilmişdir. Lakin cavabdeh orqan məsələnin həllindən imtina etmiş və məktubunda onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığını göstərilmişdir. Cavabdeh inzibati orqanın hərəkətlərini əsassız sayır. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Cavabdehin imtinası əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Hesab edir ki, birinci instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan faktiki halları nəzərə almamış, bununla da işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələblərini pozmuşdur. Tərəflərin izahatları: xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı tərəfindən məhkəməyə teleqram vurularaq işlə əlaqədar Şuşa şəhərində ezamiyyətdə yol çəkilişində olduğu və bu səbəbdən də məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili X2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı 2015-ci ildə Ukrayna Respublikası Çerkası Dövlət Texnoloji Universitetini qiyabi formada “İnşaat” ixtisası üzrə bitirmişdir. İddiaçı diplomun Azərbaycan Respublikasında tanınmasını arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina edərək ona istinad etmişdir ki, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. ` Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Belə ki, iddiaçıya məxsus 2015-ci ildə verilən diplomda onun Ukrayna Respublikası Çerkası Dövlət Texnoloji Universitetinin “İnşaat” istiqaməti üzrə bakalavr dərəcəsi verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5-ci bənddə isə qeyd edilmişdir ki,...Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında x xxxx 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. İşdə olan sənədlərlə iddiaçının qiyabi təhsil forması üzrə bakalavriat səviyyəsində həftəlik maksimal 180-240 saatlıq tədris yükünü öyrənməsi, hər tədris ilində 24 kredit müəyyənləşdirilməsi və tədris dövrü ərzində bütövlükdə Kiyev şəhərində olması sübuta yetməmişdir. Nəticədə, iddiaçının Ukrayna Respublikası Çerkası Dövlət Texnoloji Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin qiyabi formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Ukraynada az olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Göründüyü kimi, xarici ölkə tərəfindən verilmiş «bakalavr» ixtisas dərəcəsi üzrə diplomlar o halda tanınır ki, ilk növbədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin təhsil müddətinə uyğun olsun. İddiaçının tələbinin təmin olunmasından imtinanın əsası ondan ibarət olmuşdur ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuş və diploma əlavədə qeyd olunan tədris yükünü həmin müddətdə yerinə yetirməsi qeyri-mümkündür. Qeyd olunmalıdır ki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan Ekspert qrupu tərəfindən həyata keçirilir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı təhsili ilə əlaqədar həmin ölkədə 1-ci il cəmi 7 gün olmuş, təhsilin 2-ci ili ümümiyyətlə həmin ölkədə olmamış, 3-cü il isə həmin ölkədə cəmi 17 gün müddətində olmuşdur. Bu fakt sərhədkeçmə məlumatları ilə də öz təsdiqini tapır. Buna görə də cavabdeh inzibati orqanda təşkil edilmiş komissiya tərəfindən iddiaçının tələbinə münasibətdə mənfi rəy verilmişdir. Beləliklə, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçının Ukrayna Respublikası Çerkası Dövlət Texnoloji Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğu müəyyən edildiyindən, müvafiq şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1704/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1704/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar