Məhkəmə qərarları › İş №2-1(103)-208/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-208/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-208/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun xarici ali təhsilə dair kvalifikasiyanın tanınması üçün şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3105/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “Biznes İdarəçiliyi” bölməsi üzrə 74026 nömrəli xx.xx.2023-cü il tarixli diplomunun Xarici ali təhsilə dair kvalifikasiyanın tanınması üçün şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci ildə anadan olmuş və orta məktəbi qurtardıqdan sonra 2013-cü ildə Türkiyə Respublikası Atatürk Universitetinin “Qiyabi və Distant Təhsil Fakültəsinin” “İşlətmə” proqramı üzrə “Biznes idarəçiliyi” bölməsinə daxil olmuş, müəyyən fasilələrlə xx.xx.2023-cü ildə başa vurmuşdur. Bu barədə ona 74026 nömrəli diplom verilmişdir. Azərbaycan Respublikasında təhsil qanunvericiliyinə əsasən verilmiş ali təhsil ixtisası -“diplom”un Azərbaycan Respublikası ərazisində “Xarici dövlətlərin ali təhsilə” aid kvalifıkasiyalarının tanınması” üçün Təhsil Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminat Agentliyi xx.xx.2023-cü il tarixli NA00017318 saylı məktubunda Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 3.10.1-ci bəndinə əsasən xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Diplomun tanınmasından imtinanın əsası ondan ibarət olmuşdur ki, “Bakalavriat səviyyəsinə uyğun kvalifikasiyayaların ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olaraq “əyani” və “qiyabi” təhsilalma formaları müəyyən edilmişdir”. İddiaçı hesab edir ki, ona verilmiş cavab əsassızdır. Belə ki, Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi əsassız mülahizələri rəhbər tutmaqla onun hüquqları kobud pozulmuşdur. Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 3.10.1-ci bəndinə əsasən “xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi” Qaydalarının 4.1.5-ci bəndinə istinad etməsi əsassızdır. Qaydaların 4.1.5-ci bəndində göstərilmişdir ki, “Milli Kvalifıkasiya Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (baza ali) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tanınma üzrə ümumi tələblərdən biridir. İddiaçının təhsil aldığı Atatürk Universiteti uzun müddətdir fəaliyyət göstərir və dünyanın bir çox ölkəsindən həmin universitetdə təhsil alırlar. Universitetin qiyabi təhsil sistemi demək olar ki, bir çox inkişaf etmiş ölkələrin Amerika, Fransa, Almaniya və s. ölkələrin təhsil sistemləri ilə eyniyyət təşkil edir. Nəzərə alınmalıdır ki, həm göstərilən ölkələrdə, həm də Azərbaycan Respublikasında qiyabi təhsil sisteminin “ənənəvi” forması ondan ibarətdir ki, təhsil müəssisəsi tərəfindən tələbəyə verilmiş fənn tapşırıqlarını sərbəst hazırlayır və tələbə hər tədris ilində iki semestrdə bir ay təhsil alır və əvvəldən verilmiş fənn tapşırıqları üzrə imtahan verərək müəyyən edilmiş proqram tapşırıqları mənimsədiklərini təsdiq etmişlər. İddiaçı Türkiyə Respublikası Atatürk Universitetində təhsil aldığı müddətdə hər tədris müddətində Türkiyə Respublikasına gedərək qiyabi təhsil proqramı üzrə təhsil almış, eyni zamanda, Universitet müəllimləri tərəfindən distant formasında keçirilən təhsil proqamlarında iştirak etmişdir. Qeyd olunan hallar ona dəlalət edir ki, Atatürk Universitetində aldığı təhsil həm Türkiyə Respublikasının Təhsil haqqında qanunlarına, həm də Azərbaycan Respublikasında qüvvədə olan qanunlarına uyğun olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının daxil olmuş müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra-Qaydalar) uyğun olaraq icraat aparılmışdır. Cavabdeh qurum inzibati icraatın nəticəsində Qaydaların tanınmaya dair tələbləri ilə kvalifikasiyanın yekununda əldə olunduğu tədris prosesinin xüsusiyyətləri arasında uyğunsuzluq aşkarlandığı üçün xx.xx.2023-cü il tarixli qərarla həmin kvalifikasiya üzrə tanınma haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qaydaların 4.1.5-ci yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına (əyani və ya qiyabi) əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər arasında əks olunmuşdur. İddiaçı isə tədris müddətinin bütün dövründə ənənəvi təlim metodlar ilə tədris müddəti bu tələbə uyğun gəlmir. Yeni Qaydalar, “Təhsil haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramında əks olunmuş distant texnologiyaların tətbiqi ilə tədrisin təşkili prosesinin xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyalara nisbətdə çərçivəsini müəyyən etmişdir. Qaydaların 1.2-ci bəndində vurğulanmışdır ki, Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir. Bununla da cavabdeh inzibati orqanın sözügedən sahədə “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş diskresion səlahiyyəti açıq şəkildə təsbit olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydalar) əsasən xarici dövlətlərdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyaların tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formada təşkil edilməsi tanınma üçün tələblər arasında göstərilmişdir. Qeyd olunmuş normativ aktda əks olunmuş “ənənəvi təlim metodları” ifadəsinin konkret olaraq hansı təhsilalma formaları və metodlarını ehtiva etdiyi barədə məhkəmə sorğusuna müvafiq Fərmanla təsdiq edilmiş Qaydaların 1.3-cü bəndinə əsasən tanınmanı həyata keçirən səlahiyyətli qurum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs olan Təhsildə Keyfiyyət Təminatı Agentliyində baxılmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsindən sonra hüquqi prosesin təbii davamı olaraq ali təhsil sahəsində çərçivə və standartların formalaşdırılması üçün əlaqədar qanunaltı normativ aktlar təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının 5.4-cü bəndində deyilir: “Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.” Həmin normativ aktın 5.5 və 8.7.5-ci yarımbəndlərində əyani və qiyabi təhsilalma formaları üzrə təhsilin ümumi müddəti və hər bir tədris ilinin müddəti detallı şəkildə əks olunduğu halda distant və eksternat təhsil formaları üzrə bu məlumatlar əks olunmamışdır. Eyni normativ aktın “Ali təhsil proqramları” başlıqlı 8-ci hissəsinin 8.9-cu bəndində qeyd edilir ki, “Əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir.” Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş ali təhsilin standart və proqramlarının əks olunduğu akt bütövlükdə təhlil edildiyində distant təhsil formasının tədrisin təşkili prosesində xüsusi təhsilalma forması kimi istifadəsinin nəzərdə tutulduğu aydın olur və bu təhsil forması əsas və müstəqil forma kimi qəbul edilməmiş, ayrıca təhsil müddəti və tədris müddətləri ona nisbətdə öz əksini tapmamışdır. Azərbaycan Respublikasında tədrisin təşkili qaydalarını təznimləyən əsas normativ akt olan Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əyani və qiyabi təhsilalma formaları üzrə ali təhsilin təşkili prosesində kredit və tədris yükü barədə müfəssəl izah və çərçivəni özündə ehtiva etsə də, ayrı bir təhsilalma forması kimi distant təhsilin ali təhsil proqramlarının tədrisində tətbiqi üzrə tədris yükü və çərçivəsi barədə məlumatlara yer verilməmişdir. Normativ hüquqi aktların qəbul edilmə ardıcıllığına nəzər saldıqda Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə müvafiq Qaydalar təsdiq olunduğu zaman Azərbaycan Respublikası hüquq terminologiyası və təhsil sistemində “distant” təhsilin artıq bilinən bir anlayış olduğunu müəyyən etmək mümkündür, lakin ali təhsilin standart və proqramlarında qeyd olunmuş distant təhsil forması müstəqil və ana təhsilalma forması kimi qəbul edilməmiş, növbəti aktlarla ali təhsildə tədris yükü və tədris normativləri yalnız əyani və qiyabi təhsilalma formaları üzrə göstərilmişdir. O cümlədən, əyani və qiyabi təhsilalama formaları üzrə tədrisin təşkili zamanı təhsilalanların sessiya və imtahanlarda iştirakının tələb olunan müddət və həcmləri dəqiq təsbit olunmuşdur. Həmçinin, leksikoloji mənası etibarilə “ənənəvi” ifadəsi, “ənənə şəkli almış, ənənə mahiyyətində olan, ənənə üzrə keçirilən, keçən, ənənəyə əsaslanan, əsas etibarilə təcrübədən keçirilmiş, sınanmış, yeni olmayan, uzun müddət tətbiq edilməkdə” olan mənalarını verməkdədir ki, ənənəvi təlim metodu dedikdə Azərbaycan Respublikası ali təhsil sistemində hal-hazırda tətbiqi mövcud olan, yeni olmayan, yuxarıda göstərildiyi kimi təsviri və tətbiqi normativ aktlarla əhatə olunmuş və uzun illərdir tətbiq olunan təlim metodları başa düşülməlidir. Bu bir faktdır ki, Azərbaycan Respublikasında ali təhsil müəssisələri fövqəladə situasiya sayılan qlobal COVİD-19 pandemiyası ilə təhsilin müxtəlif səviyyələri üzrə ilk dəfə onlayn-məsafədən təlim metodlarının geniş tətbiqinə başlandı və bu metodlar nəzəri olaraq məlum olsa da, praktiki olaraq Azərbaycan təhsil sistemi və təhsil qurumları üçün qeyri-ənənəvi idi və ənənəvi olmayan, fövqəladə vəziyyətin nəticəsi olaraq tətbiqi nəzərdə tutulmuşdu. Bununla bağlı, beynəlxalq hüquq leksikologiyasına nəzər yetirsək, “ənənəvi təlim metodları” dedikdə, “ümumi, pandemiyadan əvvəlki mənada, müəllimin tələbələrdən ibarət sinif otağına şəxsən rəhbərlik etməsi, diskursa moderatorluq etmək və bilik axınını tənzimləmək ssenarisini təsvir edir və məna etibarilə təhsilalan və təhsilverənin fiziki olaraq eyni vaxtda eyni məkanda olmasını ehtiva edir”. Nəticə olaraq, beynəlxalq və yerli təcrübəyə əsasən ali təhsil müəssisəsində müəllim və ya məruzəçinin və tələbələrin nəzərdə tutulmuş məkanda fiziki olaraq dərslərdə, sessiyalarla və mühazirələrdə normativ aktlarda nəzərdə tutulmuş tələblərə uyğun müddətlərdə iştirakı ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab olunur. Qlobal səviyyədə internet texnologiyalarının inkişafı və bu texnologiyaların tədris prosesində istifadəsi, xüsusilə post-pandemiya dövründə geniş vüsət alaraq, distant təhsilin müəyyən ixtisasların tədrisində müstəqil təhsilalma forması kimi istifadəsi ilə yanaşı, dünya təcrübəsində də ana təhsilalma formaları qəbul edilən əyani və qiyabi təhsilalma formalarında müxtəlif proqramların tədrisi zamanı ənənəvi olmayan, onlayn-məsafədən təlim metodlarının da tətbiqi həyata keçirilməkdədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3105/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, “Biznes İdarəçiliyi” bölməsi üzrə 74026 nömrəli xx.xx.2023-cü il tarixli diplomunun Xarici ali təhsilə dair kvalifikasiyanın tanınması üçün şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X8 həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilərək göstərilmişdir ki, iddiaçıya Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən təqdim olunan diplom əlavəsindən müəyyən edilir ki, o, “açık öğretim” və distant formada təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən təhsilalma formaları üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. İddiaçının təhsilalma forması üzrə təhsilalma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və programı”nın tələbləri ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərizəçinin təhsil aldığı açıq təhsil forması tətbiq olunan standartlara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qiyabi və distant təhsilalma formalarının elementlərini özündə cəmləşdirən bir təhsilalma formasıdır. Ərizəçinin əldə etdiyi təhsil istiqaməti (ixtisas) üzrə Azərbaycan Respublikasında belə təhsil formasına (açık öğretim) yol verilmir. Genişprofilli mütəxəssis hazırlığını təmin edən ali təhsilin bakalavr səviyyəsi üzrə tədrisin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.1-ci maddəsinə əsasən, bu qaydalar “Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin bakalavriat səviyyəsində təhsilin məzmunu, təşkili və "bakalavr" dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. Həmin Qaydaların 2.8-ci və 2.9-cu bəndlərinə əsasən, qiyabi təhsil forması üzrə isə tədris ili ümumilikdə 32 həftə olmaqla, hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilmişdir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda, bakalavriat səviyyəsində tələbəyə bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. “Açık öğretim” təhsil forması qeyri-ənənəvi təhsil formasıdır. Türkiyə Cümhuriyyətinin “AÇİK YÜKSEKÖĞRETİM YÖNETMELİĞİ” haqqında qanunun 8ci maddəsinə əsasən imkanlar daxilində a) ali təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər və filmlər, b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur. Qeyd olununan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Açık öğretim” təhsil forması beynəlxalq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericilik sistemində mövcud deyil. Həmçinin, bu hal özünü iddiaçının təhsil aldığı müəssisənin Agentliyə ünvanlamış olduğu məktubda “açık öğretim” və “distant” təhslin fərqli anlayışlar olduğu qeyd etməsi ilə də özünü təsdiqləyir. Türkiyə Cümhuriyyətinin “X1 Tanıma ve Denklik Yönetmeliği” haqqında Qanunun 7ci maddəsinin “d” bəndinə əsasən “Yükseköğrenime başladıkları ilk eğitim öğretim döneminde ÖSYM’nin yükseköğretime geçiş için aradığı asgari şartları karşılamış olan ve (c) bendinde belirtilen yükseköğretim kurumlarına ders transferi/yatay geçiş yoluyla geçip öğreniminin en az %70’ini bu yükseköğretim kurumlarında tamamlayanların diplomalarına” tanınma haqqında şəhadətnamə verilə bilər. Bu halı təsdiqləyən bir çox X2 qərarları mövcuddur. (Danıştay 8. Daire, esas No 2018/6019, kara No: 2022/438, Danıştay 8. Daire, esas No 2021/7512, kara No: 2021/6546). Bundan əlavə, T.C Təhsil Nazirliyi tərəfindən xarici kvalifikasiyaların tanınmasına dair müraciətə əsasən qiyabi təhsil forması “açık öğretim” təhsil formasına bərabər tutularaq, Bakı Dövlət Universitetində qiyabi təhsil formasında təhsil almış vətəndaşa “X1 Tanıma ve Denklik Yönetmeliği” haqqında Qanunun 6-cı maddəsinin “b” bəndinə əsasən imtina qərarı verilmişdir. Qeyd olunanlara əsasən “açık öğretimlə” təhsilverən ölkə (Türkiyə) öz vətəndaşlarının xarici ölkədə “açık öğretim” təhsil forması ilə təhsil almış tələbələrin əldə etdikləri xarici kvalifikasiyaları tanımadığı halda Azərbaycan Respublikasında “açık öğretim” təhsil forması ilə xarici ölkədə təhsil almış tələbələrin əldə etdikləri xarici kvalifikasiyaların tanınması, həmçinin qeyd olunan təhsil formasının Azərbaycan Respublikasında mövcud olan dörd təhsil formasına (əyani, qiyabi, distant, ekstrenat təhsil) uyğun gəlmədiyi təqdirdə məhkəmə əsassız olaraq qərar qəbul etmişdir. Belə ki, “açık öğretim” təhsil formasında tələbə dərsləri tədris edən mentorla heç bir ünsiyyət, əlaqə qurmadan sadəcə dərs materiallarına və ya audio-video yazılar istifadə edilməklə tədris prosesində iştirak edir. Qeyd olunanlara əsasən məlum olur ki, “açık öğretim” və “uzaktan eğitim” oxsar texnologiyadan istifadə edilsə də, fərqli təhsil formasıdır. Tanınma üzrə Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması və ya 4.1.5-ci yarımbəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tanınma üzrə ümumi tələblərdən biridir. Qeyd etmək zəruridir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmçinin, həmin Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən öz imkanları ilə Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının Ali Təhsil Şurası və ya Türkiyə Respublikasındakı ali təhsil müəssisələri tərəfindən müəyyən edilən şərtlər əsasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri nəzərə alınaraq qəbul edilir. Buna baxmayaraq, oxşar işlər üzrə iddiaçıların ümumiyyətlə heç bir imtahanda iştirak etmədən “açıк öğretim” formasında təhsil üçün qəbul olduqları müəyyən edilmişdir. “Qaydalar”ın 3.10-cu bəndinə əsasən aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda, 2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. Həmçinin, məhkəmə qərarında qeyd edilməli və nəzərə alınmalı olan digər bir məsələ, iddiaçının təhsilverəni qismində çıxış etdiyi Atatürk Universiteti müntəzəm olaraq distant texnologiyaların tətbiqini mümkün edən yetərli proqram təminatına malik olması və həmin proqram təminatı Türkiyə Respublikasının təhsil sahəsində qüvvədə olan qanunvericiliyinə əsasən tələb olunan sertifikasiyadan keçməsi, ümumiyyətlə distant texnologiyaların hansı növündən istifadə olunması ilə bağlı məlumatlar göstərilməli idi. Belə ki, distant forma ilə alınan təhsil bir neçə növə bölünür ki, bunlardan ən çoxu interaktiv və videokonfrans şəkildə təşkil olunanlardır. Belə olan halda, iddiaçının birmənalı olaraq ənənəvi təlim metodlarında olduğu kimi müəyyən müddələrdə universitetdə keçirilən auditoriya dərslərində iştirakını tələb edir. Ali Məhkəmənin 2-1(102)-2762/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının bir neçə bəndlərində vurğulanan hüquqi mövqe ondan ibarətdir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Məhkəmə qərar qəbul etdikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-821/2022 nömrəli qərarının 33-cü bəndində qeyd olunmuş məhkəmənin xüsusi biliklər tələb edən sahə üzrə öz mülahizələri əsasında qərar qəbul etməsinin yolverilməzliyini nəzərə almamışdır. Şübhəsiz ki, təhsilalma formasının müəyyən edilməsi də məhkəmə tərəfindən deyil, məhz təhsil ekspertləri tərəfindən, birinci növbədə isə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 7.1-ci bəndinə əsasən təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edən və bu siyasəti həyata keçirmək vəzifəsini daşıyan Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq bölmələri tərəfindən həyata keçirilə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3105/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1991-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. -Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 26 sentyabr 2023-cü il tarixli, NA00017318 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarında qeyd edilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, ərizəçinin bütün təlim müddəti ərzində təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Odur ki, ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. -74026 nömrəli, xx.xx.2023-cü il tarixdə verilmiş Atatürk Universiteti Qiyabı və Distant Təhsil Fakültəsi Bakalavr diplomundan görünür ki, İddiaçı həqiqətən Atatürk Univesitetinin xüsusi qanun və əsasnaməsinə əsasən təhsilini müvəffəqiyyətlə başa vurmuş və Türkiyə Respublikası qanunlarının verdiyi hüquq və səlahiyyətlərdən istifadə edilməklə ona hazırki diplom verilmişdir. Diploma əlavə olaraq apostil təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəməyə əlavə olaraq ona məxsus C03166796 nömrəli pasport və Atatürk Universiteti Qiyabi və Distant Təhsil Fakültəsi Qiymət cədvəli təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya etiraza əlavə olaraq, iddiaçı barəsində sərhədkeçmə məlumatları (2013/2014 -7 gün, 2014/2015-11 gün, 2015/2016-9 gün, 2017/2018-5 gün, 2017/2018- getməyib, 2018/2019- getməyib, 2019/2020- getməyib/ İİ semestr pandemiya dövrü, 2020/2021-getməyib/pandemiya dövrü, 2021/2022getməyib/pandemiya dövrü, 2022/2023- 4 gün (təyinat üzrə məntəqə Tbilisi, açıq öyrətim) təqdim edilmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı Türkiyə Respublikasının Atatürk Universitetində “Biznes idarəçiliyi” ixtisası üzrə təhsil almışdır. Təhsil forması “açıq öyrətim” olmuşdur. Türkiyə Respublikasının Atatürk Universitetinin Dövlət İmtahan Komissiyasının qərarı ilə ona 09 aprel 2023-cü il tarixdə 74026 nömrəli diplom verilmişdir. Sözügedən bakalavr dərəcəsini təsdiq edən, universitet tərəfindən verilmiş 74026 nömrəli diplom Türkiyə Respublikasının Təhsil İdarəsi tərəfindən apostil edilmişdir. İddiaçı cavabdehə ərizə ünvanlayaraq, həmin bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdeh Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” təhsilalma forması müəyyən edilmədiyindən müraciətdə göstərilən məsələnin həllindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öğrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “açık öğretim” təhsil forması qeyri-ənənəvi təhsil formasıdır. Türkiyə Respublikasının qanunvericiliyinə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Açık öğretim” təhsil forması beynəlxalq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericilik sistemində mövcud deyil. Həmçinin, bu hal özünü iddiaçının təhsil aldığı müəssisənin Agentliyə ünvanlamış olduğu məktubda “açık öğretim” və “distant” təhslin fərqli anlayışlar olduğu qeyd etməsi ilə də özünü təsdiqləyir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri ... 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:

8. Ali təhsil proqramları: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. İddiaçı 2023-cü ildə Türkiyə Respublikasının Atatürk Universitetinin Qiyabi və Distant Təhsil Fakultəsinin işlətmə bölməsinin Biznes idarəçiliyi bölməsini bitirmiş, xx.xx.2023-cü il tarixdə diplom verilmişdir. İddiaçı təhsili “açıq öyrətim” formasında almışdır. Açıq öyrətim ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz. Göründüyü kimi, “açık öyrətim” təhsil “distant (məsafədən)” təhsil ilə eyni olmamaqla fərqli təhsilalma formalarıdır. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə “açıq öyrətim” formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutmamışdır. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun diplomların tanınması və ekvivalentliyi adlanan 12-ci maddəsində qeyd edilir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq,...həyata keçirilir İddiaçı təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ının 2.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilən halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formaları olduğundan və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində açıq öyrətim təhsilalma forması nəzərdə tutulmadığından iddiaçının açıq öyrətim təhsil formasında aldığı diplomun tanınması və ekvivalentliyi haqqında iddiası təmin edilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3105/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “Biznes İdarəçiliyi” bölməsi üzrə 74026 nömrəli xx.xx.2023-cü il tarixli diplomunun xarici ali təhsilə dair kvalifikasiyanın tanınması üçün şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3105/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “Biznes İdarəçiliyi” bölməsi üzrə 74026 nömrəli xx.xx.2023-cü il tarixli diplomunun xarici ali təhsilə dair kvalifikasiyanın tanınması üçün şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar