Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2081/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi(vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4532/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4532/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı müraciət etdiyi 20 iyun 2018-ci il tarixdən güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq hərbi qulluqçuların siyahısında mənzil növbəsinə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən xüsusi mülkiyyətində olan 7 saylı evin, 114 saylı mənzilini xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən sataraq mənzil şəraitini süni şəkildə pisləşdirmiş və xx.xx.2020-ci il tarixdən Xətai rayonu, Sadacan küçəsi 52 saylı inzibati binaya qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı xx.xx.2018-ci il tarixdə rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir və xx.xx.2018-ci il tarixli, B- 94 saylı məktub ilə vətəndaşdan hüquqi sənədlərini təqdim etməsi xahiş olunmuş, lakin vətəndaş hüquqi sənədlərini təqdim etməmişdir. xx.xx.2021-ci il tarixli, B-96-068 saylı ərizə ilə vətəndaş təkrar rayon İcra Hakimiyyətinə müraciət edərək yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmığını xahiş etmişdir və xx.xx.2021-ci il tarixli, B-36-068 saylı məktubla özünün və 18 yaşı tamam olmuş ailə üzvülərinin adında Azərbaycan Respublikası üzrə danışanmaz əmlak üzərində mülkiyyətin olub-olmaması barədə arayış istənilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu, mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İclasın vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı qüvvələr Baş Qərargah Rəisinin xx.xx.1993-cü il tarixli, 012 nömrəli əmrinə əsasən xəstəliyə görə ehtiyyata buraxılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınmağını xahiş etmiş, cavabdeh tərəfindən isə imtina aldıqdan sonra hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi qaydasında həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1- ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 26-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır (152-ci b. 4-cü ab.), həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (164 b., 1 ab.), yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir (164 b, 5 ab.). “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Fərmanın 3-cü abzasında qeyd edilmişdir ki, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Qeyd olunan normativ hüquqi aktların tələblərinə uyğun olaraq iddiaçının mənzil siyahısına alınmağa hüququ yarandığından və cavabdehin tərəfindən isə həmin tələb təmin olunmadığından, birinci instansiya məhkəməsi iddianı təmin edərək “İddiaçı müraciət etdiyi 20 iyun 2018-ci il tarixdən güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq hərbi qulluqçuların siyahısında mənzil növbəsinə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RİH-nə həvalə edilməsi barədə qərar qəbul etməkdə haqlı olmuşdur. Cavabdeh apelyasiya şikayətində İddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən xüsusi mülkiyyətində olan 7 saylı evin, 114 saylı mənzilini xx.xx.2017ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən sataraq mənzil şəraitini süni şəkildə pisləşdirdiyini bildirsə də, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5873/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, adıçəkilən mənzil xx.xx.1997-ci il tarixdən kənar şəxsin mülkiyyətində olmuş, iddiaçı və onun ailə üzvləri sadəcə olaraq həmin ünvanda qeydiyyatda olmuşlar. Həmin mənzil mülkiyyətçi tərəfindən satıldıqdan sonra isə yeni mülkiyyətçi olan X1 məhkəməyə müraciət edərək yuxarda adıçəkilən şəxslərin(İddiaçıda daxil olmaqla) Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 7 saylı evin, 114 saylı mənzilindən istifadə hüquqlarının itirilməsini xahiş etmiş və iddianın təmin edilməsi məhkəmə tərəfindən qət edilmişdir. Göründüyü kimi, cavabdehin iddiaçı tərəfindən mənzil şəraitini süni şəkildə pisləşdirməsi ilə bağlı gətirdiyi dəlil iş materialları ilə təkzib olduğundan əsassız hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4532/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2-1(103)-2081/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2081/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver