Məhkəmə qərarları › İş №2-1(103)-2082/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2082/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2082/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2- 1(112)-1259/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şəki Rayon Məşğulluq Mərkəzinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, pandemiya davam etdiyi müddət ərzində ona hər ay olmaqla yaşayış minimumu həcmində – 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1964-cü il tarixdə doğulmuşdur. Əvvəllər əmək fəaliyyəti olsa da, öz arzusu ilə işdən azad edildikdən sonra yaşı ilə əlaqədar işləməmişdir. Bu səbəbdən də hal-hazıradək işsizdir. Oğlunun maddi köməyi ilə yaşayır, amma məlum pandemiya ilə əlaqədar onun özünün də maddi vəziyyəti yaxşı deyil. Mülkiyyətində daşınar və daşınmaz əmlak yoxdur. 22 aprel 2020-ci il tarixdən müraciəti əsasında işaxtaran kimi qeydiyyata alınsa da, ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Şəki rayon məşğulluq mərkəzi tərəfindən aztəminatlılıq meyarına uyğun gəlmədiyini əsas gətirməklə birdəfəlik ödəmədən 3 iyul 2020-ci il tarixdə imtina edilmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, maddi vəziyyəti aztəminatlılıq meyarına tam uyğun gəlir. Bu səbəblə telefon nömrələrinə zəng edərək, imtina verilmsinə əsas kimi göstərdikləri informasiya sistemində aşkar etdikləri məlumatların nədən ibarət olmasını soruşduqda, ona uyğunsuz cavablar verilmişdir. Lakin imtina cavabını tam əsassız hesab edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmə pandemiyanın davam etdiyi müddət ərzində ona ödənməlidir. "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nda Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində – 190 manat birdəfəlik ödəmə veriləcəyi nəzərdə tutulduğundan, işsiz kimi qeydiyyata alınmağı üçün online qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Məlumdur ki, bu məqsədlə 70 milyon manat (2 aylıq – aprel və may ayları) vəsait ayrılmışdır. Məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu tədbirin icrasını təmin etməlidir. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə (bu günədək) Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılmışdır. 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə onlayn qaydada müraciət etmək üçün nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan "online müraciət" bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alınmaq mümkün idi. Müraciət şəxsiyyət vəsiqəsinin seriyasını və FİN nömrələrini daxil etməklə, "İstiqamət" bölməsində "məşğulluq sahəsində göstərilən xidmətlər", "Xidmət növü" bölməsində isə "vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması" bölmələrini seçməklə həyata keçirilirdi. O, bu qaydada da müraciət etmişdir. Bu gün Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur və dörd aydan çoxdur ki, ölkədə əksər iş yerləri bağlıdır. İş yerlərinin bağlanması və karantin rejimi ilə əlaqədar dövlət işsizlər üçün 190 manat birdəfəlik müavinət ödəyəcəkdir. Məşğulluq haqqında qanunvericiliyə əsasən işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur. Qanunla aşağıdakı şəxslər məşğul şəxslər hesab olunduğundan onlara işsizlik statusu verilmir: muzdla (əmək müqaviləsi ilə) işləyənlər; mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; sahibkarlar (VÖEN-i olanlar); mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar); əyani təhsil alan tələbələr; Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və b. Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər almalıdır. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur. Göründüyü kimi, yuxarıda sadalanan kateqoriya şəxslərə aid olmadığından, o (iddiaçı), işsiz kimi qeydiyyata alınmışdır. Lakin heç bir hüquqi əsas olmadan ona imtina bildirişi verilmişdir. Belə ki, həmin bildirişdə onun işsiz kimi qeydiyyata alınsa da, aztəminatlılıq meyarına uyğun gəlmədiyi əsası ilə imtina edilmişdir. Bu hal isə, tamamilə qanunsuz və əsassızdır. Bu səbəblə də Nazirliyin elan etdiyi kimi qaynar xəttinə (142) zəng vuraraq bu barədə məlumat vermişdir. Müraciətinin araşdırılacağı bildirilsə də, bu günədək ona cavab verilməmişdir. Bundan sonra bir neçə dəfə yenidən həmin nömrəyə zəng vursa da, müraciətinin araşdırıldığını əsas gətirərək hələ də cavab verməmişdilər. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Şəki İnzibati Məhkəməsinə iddianın dəyişdirilməsi ilə bağlı əlavə ərizə təqdim etmiş və ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, tələb kimi «birdəfəlik ödəmənin verilməsindən imtina barədə qərarın ləğv edilməsi, alınmayan birdəfəlik ödəmənin verilməsi» göstərmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-1(116)-153/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)-206/2021 saylı iş üzrə 07 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və ərizəsində «cavabdehin imtina barədə qərarının ləğv edilməsi və xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may və iyul ayları üzrə aylıq birdəfəlik ödəmənin verilməsi» tələbini göstərmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(112)-1259/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X3 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı (bundan sonra -Qərar) ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Qərarla təsdiq edilmiş Qaydanın 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Həmin sistemlərdən əldə olunmuş məlumatlar insan faktoru olmadan avtomatlaşdırılmış şəkildə emal olunaraq, hüququ müəyyən edilmiş şəxslərə işsiz şəxslərə birdəfəlik ödəmələr üzrə təyinatlar aparılmışdır. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Təsadüfi deyildir ki, Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Müasir dövrdə ilk dəfə baş vermiş qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel-may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi ilə bağlı qeyrimüəyyənliklər yaransa da, hazırki məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanladığı zaman X2 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır. Hamıya məlumdur ki, koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlər yalnız 190 manat birdəfəlik ödəmə ilə sonlanmamış, işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin edilməsi məqsədilə 50 min haqqı ödənilən ictimai iş yeri (əmək haqqı 250 manat) yaradılmışdır. Digər tərəfdən 2020-ci il ərzində 10.000 nəfərdən artıq işsiz şəxsin özünüməşğulluğuna kömək məqsədilə bütün zəruri addımlar atılmışdır. Bir məsələ də vurğulanmalıdır ki, Nazirliyin “Məşğulluq” Alt sistemində (bundan sonra - MAS) Vakansiya Bankı formalaşmış və həmin bankda 10 minlərlə vakant vəzifələr vardır. İşsiz şəxs “e-sosial.az” internet portalındakı şəxsi kabinetinə daxil olaraq MAS-da mövcud olan vakansiyaları mütəmadi izləmək, həmin vəzifələrə göndərişlərin formalaşdırılması imkanlarına malikdir. Nəzərə alınmalıdır ki, yuxarıda sözügedən birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun tabeliyində olan X2 kütləvi informasiya vasitələri ilə, habelə işsiz şəxslərə birbaşa məktublar, telefon zəngləri, sms-lər ünvanlamaqla həmin şəxslərin sosial rifahının təmin edilməsi, dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olması üçün müraciətlər etmişdir. Qanunun 1.1.6-cı maddəsinə, habelə X1 konvensiyalarına əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, MAS-da işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Göstərilənlərdən belə aydın olur ki, mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Hazırda Qanuna uyğun olaraq X2 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədilə sms-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Məşğulluq Mərkəzi iş aparır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədilə özünüməşğulluğa cəlb edir. Bundan başqa “Mediasiya haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 2020-ci ilin aprel, may və iyul ayları üzrə aylıq birdəfəlik ödəmənin verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən onun “işsiz kimi qeydiyyat alınsa da, az təminatlı sayılmaması”nı əsas gətirərək imtina etmişdir. Lakin məhkəmə icraatında cavabdeh inzibati orqan iddiaçının “az təminatlı sayılmaması” qənaətinin konkret əsaslarını bildirmədən, müvafiq sistemin məlumatlarına formal olaraq istinad etmişdir. Halbuki, belə hal «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır – 1) eyni statusda və vəziyyətdə olan şəxslərə münasibətdə “bərabərlik prinsipi”nə və “mövcud inzibati praktika”ya ziddir; 2) müvafiq normativ aktla (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 127 nömrəli 7 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Qaydalar) müəyyən edilən “birdəfəlik ödəmənin məqsədi”nə mütənasib deyil; 3) iddiaçının işsiz və aztəminatlı olmasını bəyan etdiyi halda, bunun əksini sübut edən tutarlı dəlil təqdim edilməməsi “mötəbərlilik” xüsusatını inkar etmir; 4) işin tam və hərtərəfli araşdırılmasının aparılması təmin edilməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanuna zidd sayılmış və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Dövlət Məşğulluq Xidməti Şəki Rayon Məşğulluq Mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Sizin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şəki Rayon Məşğulluq Mərkəzində aidiyyəti üzrə baxılmışdır. Siz xx.xx.2020-ci il tarixli müraciətiniz əsasında işaxtaran kimi qeydiyyata alınmışınız, lakin müvafiq informasiya sistemlərindən əldə edilmiş məlumatlara əsasən Sizə aztəminatlılıq meyarına uyğun gəlmədiyiniz üçün 190 manat 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı tələbindən imtina edən cavabdeh iddiaçının aztəminatlılıq meyarına uyğun gəlmədiyiniə əsaslansa da, bununla bağlı hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyasına təqdim edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən iddiaçının aztəminatlılıq meyarına uyğun gəlmədiyinə istinad edərək, iddiaçıya maddi yardımın ödənilməsindən imtina etməsi əsassızdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə icraatında həmçinin cavabdeh tərəfindən iddiaçıya münasibətdə işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamış, dəlil bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddia tələbinin mümkün sayılmamasına, eləcə də iddianın təmin edilməməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(112)-1259/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar