Məhkəmə qərarları › İş №2-1(103)-2083/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2083/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2083/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X5 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakıları ilə, İddiaçı cavabdeh AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs:X5 qanuni nümayəndəsi Qanuni nümayəndə) “çıxarışın və texniki pasportun verilməsi”, həmçinin, iddiaçı Qanuni nümayəndə cavabdeh AR ƏMDX DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs: İddiaçı) “mənzilin texniki pasportunda mənzilə aid qeydin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27-ci mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6896/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə X5 qanuni nümayəndəsi Qanuni nümayəndə iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan sonra, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7089/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Qanuni nümayəndə (azyaşlı X5 qanuni nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması” tələbinə dair idda ərizəsi üzrə inzibati iş (iş № 2- 1(112)7089/2020) həmin məhkəmənin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5 qanuni nümayəndəsi Qanuni nümayəndə) “mənzilə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işlə (iş № 2-1(112)- 6896/2020) birləşdirilməsi və hər iki inzibati işə bir icraatda baxılması qərara alınmışdır. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun İddiaçı verilməsi öhdəliyinin DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, həmçinin, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzilinin köməkçi sahəsinin 29-cu mənzillə ümumi istifadədə olmasına dair daşınmaz əmlakın dövlət reyestrində etdiyi qeydin qanunsuz hesab edilməsi və həmin qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1986/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 qanuni nümayəndəsi Qanuni nümayəndə üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi və texniki pasportda olan qeydin ləğv edilməsi” barədə iddia tələbi qismən-“texniki pasportda olan qeydin ləğv edilməsi” hissəsində və iddiaçı Qanuni nümayəndə (azyaşlı X5 qanuni nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması”na dair iddiası mümkün sayılmamışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzili onun mülkiyyətindədir. O, həmin mənzili 1997-ci ildə X2 almışdır. Mülkiyyət hüququ Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınaraq, bu barədə 12 fevral 1997-ci il tarixli, MH seriyalı, 071564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X12 tərəfindən verilmiş texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 56,6 kv.m-dir. Bunun 30 kv.m hissəsi yaşayış sahəsi (iki otaq) və 26,6 kv.m hissəsi isə köməkçi sahədir. Bu fakt Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin 1996-cı ildə tərtib etdiyi mənzilin texniki pasportu və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan, mənzilin cizgisi (arxivdə saxlanılan nüsxə ilə eyniliyi 2020-ci il iyulun 06-da cavabdeh tərəfindən təsdiq edilmişdir) də təsdiq edir. Cavabdehin 08 iyul 2020-ci il tarixli məktubu ilə də təsdiq edilmişdir ki, mənzil iddiaçının mülkiyyət qeydiyyatındadır. İş üzrə 3-cü şəxs olan X11 (yetkinlik yaşına çatmayıb, onun qanuni nümayəndəsi Qanuni nümayəndə) iddiaçının mülkiyyətində olan köməkçi sahənin bir hissəsinə istifadə hüququ ilə bağlı iddia irəli sürmüşdür. Qeydiyyat vəsiqəsində köməkçi sahə göstərilmədiyinə görə, onun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və yeni texniki pasport verilməsi üçün cavabdeh inzibati orqana müraciət olunmuşdur. Cavabdeh inzibati orqan ərizəni təmin etməkdən imtina edərək, bu barədə iddiaçıya 15 sentyabr 2020-ci il tarixli imtina bildirişi təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə qərarında yerli baxış zamanı 61 saylı MİS - in rəsinin bildirdiyi şifahi fikirlərinə əsaslanmışdır. Bu fikirlər mötəbər deyildir, ona görə ki, MİS məhkəmə icraatında tərəf deyildir, MİS rəisi müvafiq qaydada səlahiyyətləndirilməmişdir, MİS rəisi şahid kimi cəlb edilməmişdir və iltizamı alınmamışdır. Beləliklə, MİS rəisinin ifadəsinə istinad əsassızdır və mötəbər deyildir. 2. İddiaçının mənzilinə dair 1996 - cı ilin texniki pasportunda mübahisəli sahə onun mənzilinə aid olduğu halda 2001 - ci ilədək tərtib olunmuş texniki pasport daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunduğu halda, məhkəmə əsaslandırmadan, subyektiv mülahizəsilə həmin texniki pasportu daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab etməmiş, əksinə iş üzrə 3 - cü şəxsin mənzilinin texniki pasportu 2020 - ci ilə aid olduğuna görə daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab edilməməli olduğu halda, ona (həmin texniki pasportda mübahisəli sahənin ümumi istifadədə olan göstərilməsinə) istinad etmişdir. Halbuki, 3 - cü şəxsin mənzilinin texniki pasportunda mübahisəli sahənin ümumi istifadədə qeyd edilməsinin hec bir əsası nə cavabdeh, nə də iş üzrə 3 - cü şəxs tərəfindən təqdim edilməmişdir. İnzibati orqanın “əsaslandırması” sahənin qonşu tərəfindən faktiki istifadə edilməsi və mənzilə dair sənədlərin arxivdə tapılmaması ilə əlaqədar olmuşdur ki, bunların da heç biri imtinaya əsas deyil. Məhkəmə bu imtinanın əsassızlığına qiymət verməli olduğu halda, qanunu səhv tətbiq edərək, subyektiv mülahizələrinə əsaslanmışdır. Qeydiyyat vəsiqəsində 30 kv.m sahə göstərilməsi iddianın bütövlükdə rədd edilməsinə ümumiyyətlə əsas ola bilməzdi, çünki heçolmasa o sahəyə çıxarış verilə bilinərdi. Qeydiyyat vəsiqəsində 30 kv.m sahə göstərilməsinin səbəbi odur ki, həmin dövrdə qeydiyyat vəsiqəsində məhz yaşayış sahəsi göstərilirdi. Bu isə vətəndaşın təqsiri deyil, inzibati orqanın təqsiridir. Bu mənzilin isə yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi isə 26,5 kv.m - dir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivində Saxlanılan 019712 saylı, 16 yanvar 1997-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, 02.10.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında Bakı şəhəri, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 2 otaqlı sahəsi 30 kv.m olan 27 nömrəli mənzil X13 tərəfindən İddiaçı satılmışdır. – Nərimanov rayon Xalq Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən görünür ki, Bakı şəhər Mülkiyyət hüquqlarının Texniki İnventarlaşdırılmasının qeydiyyat idarə rəisinin Nəbiyevə qeydiyyat vəsiqəsi verməkdən imtina etməsi ilə bağlı hərəkəti qanunsuz sayılması, Bakı şəhəri,C.Cabbarlı küçəsi 4 saylı evin 2 otaqlı evin 30 kv.m olan 27-li mənzilin hüquqi qeydiyyatının İddiaçı adına aparılması və ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.12.2020-ci il tarixli, **********31 saylı məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binanın texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı bina 3 mərtəbədən yaşayış və köməkçi sahələrdən ibarətdir. – Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsindən (Seriya MH № 071564) görünür ki, Bakı şəhəri, C.Cabbarlı küçəsindəki 4 №-li yaşayış evinin 27 mənzili üzərində İddiaçı xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 712 №-li reyestr kitabında qeydə alınmışdır. – Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X4 və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş texniki pasportun və mənzil planın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, C.Cabbarlı küçəsindəki 4 №-li yaşayış evinin 27 mənzilin iki otaqlı sahəsi 30 kv.m (1-ci otaq – 18,5 kv.m; 2-ci otaq – 11,5 kv.m); köməkçi sahələri (mətbəx – 4 kv.m, öngiriş – 11 kv.m; anbar – 11,6 kv.m) – Yasamal rayonu 61 nömrəli MKİS-nin mühəndisi Bədəlov D.Ə tərəfindən təsdiqlənmiş Yasamal rayonu, C.Cabbarlı küçəsi ev 4, mənzil 27 əsas kirayinişin X8 mənzilinin planına əsasən mənzil yerli sovetə məxsusdur, iki otaqlı sahəsi 30,0 kvm-dir, 2-ci mərtəbədə yerləşir.Mənzilin ümumi sahəsi 56,60 kvm-dir. – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 08 iyul 2020-ci il tarixli və 15 sentyabr 2020-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4, ünvanında yerləşən 27 nömrəli mənzilinin texniki pasportunda göstərilən bəzi sahələrinin qonşu tərəfindən istifadə olunması səbəbindən ərizənin icrasının təmin edilməsi mümkün olmamışdır. Həmçinin, bildirilmişdir ki, sözügedən mənzilə dair texniki pasportun ikinci nüsxəsi idarənin arxivində saxlanılmamışdır. – Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X14 tam mülkiyyət üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi olan 62.7 kv.m olan mənzili qızı X9 bağışlamışdır. – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********70-05101-093012) çıxarışdan görünür ki, Bakı şəhəri, C.Cabbarlı küçəsindəki 4 №-li yaşayış evinin 29 saylı mənzili üzərində X5 xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçirilmişdir. – Azərbaycan Respubliası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bakı şəhəri, C.Cabbarlı küçəsindəki 4 №-li yaşayış evinin 29 saylı mənzilin ümumi sahəsi 63.5 kv.m, yaşayış sahəsi 45.2 kv.m təşkil edir.Texniki pasportun “Mənzil planı” bölməsində həmin mərtəbədə yerləşən 7.6 kv.m olan köməkçi sahənin (anbar) ümumi istifadədə olduğu göstərilmişdir. – Birinci instansiya məhkəməsi tərəfindən 16 aprel 2021-ci il tarixdə keçirilmiş yerli baxışda 61 №-li Mənzil Kommunal İstismar Sahəsinin sədri X7 (səlahiyyəti http://yasamalih.gov.az/page/40.html təsdiq olunur) iştirak edərək bildirmişdir ki, O, 6 ilə yaxındır ki mənzil kommunal istismar sahəsinin sədridir. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı bina kommunal bina olmuşdur. Bina 3 mərtəbədən və 24 mənzildən ibarətdir. Adətən otaqlar nömrələnir və qeyd edilir ki, hansı nömrə hansı otaqdır. Binanın alt mərtəbəsi obyekt, üst mərtəbəsi isə bir nəfərə məxsusdur. Binanın 2ci mərtəbəsində sağ tərəfdə isə İddiaçı və Qanuni nümayəndə yaşayır. Hazırda mübahisəli otağın təyinatı anbardır. Pəncərəsi yoxdur, ümumi istifadədə sayılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin 30 kv.m yaşayış sahəsi, 26,6 kv.m köməkçi sahəsi olmaqla 56,6 kv.m ümumi sahəsi olan Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun İddiaçı verilməsi öhdəliyinin DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsinə baxılır. 30 kv.m yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasının qanuni və əsaslı olması işin mübahisə olunmayan halıdır. Tərəflər arasındakı mübahisə iddianın 26,6 kv.m köməkçi sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin materiallarında olan mübahisəli mənzilin texniki pasportuna əsasən müəyyən olunur ki, mübahisəli 26.6 kv.m köməkçi sahənin 11.0 kv.m olan keçid hissəsi və 4.0 kv.m olan mətbəx hissəsi 30 kv.m yaşayış sahəsinə məxsus olan sahədir və hal-hazırda iddiaçının istifadəsindədir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Qanuni nümayəndə da bunu öz izahatlarında təsdiq etmişdir. İddia tələbinin 11.6 kv.m (3-cü şəxsin texniki pasportuna görə 7,6 kv.m) olan anbar hissəsi isə həmin mərtəbədə yerləşən digər mənzillə ümumi istifadədə olan köməkçi sahədir. Qeyd olunan məsələ iş materiallarında olan iddiaçıya və üçüncü şəxsə məxsus texniki pasportlarda öz təsdiqini tapmışdır. Məhkəmə iclaslarında iştirak edən tərəflərin izahatlarına əsasən də bu məsələ təsdiq olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 30 kv.m yaşayış sahəsinə, 26.6 kv.m köməkçi sahənin 11.0 kv.m olan keçid hissəsinə və 4.0 kv.m olan mətbəx hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınaraq bunun barəsində çıxarışın və texniki pasportun İddiaçı verilməsi hissəsinə münasibətdə əsaslı olduğundan iddia həmin hissədə təmin olunmalıdır. İddia tələbi 11.6 kv.m olan anbar hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınaraq bunun barəsində çıxarışın və texniki pasportun İddiaçı verilməsi hissəsinə münasibətdə əsaslı olmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40.1-ci maddəsinə əsasən kommunal mənzildə birdən artıq otağa xidmət etmək üçün istifadə olunan sahələr (kommunal mənzildə ümumi əmlak) ümumi paylı mülkiyyət hüququ ilə həmin mənzildə otaq mülkiyyətçilərinə məxsusdur. Həmin Məcəllənin 40.2-ci maddəsinə müvafiq olaraq kommunal mənzilin ümumi əmlakının ölçülərinin dəyişdirilməsi yalnız həmin mənzildə bütün otaq mülkiyyətçilərinin razılığı əsasında mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması yolu ilə mümkündür. Həmin Məcəllənin 41.5-ci maddəsinə görə, kommunal mənzildə otağın mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: 41.5.1. kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 41.5.2. kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən otağa mülkiyyət hüququndan ayrılıqda başqasına keçməsinə səbəb olan digər hərəkətlər etməyə. Hazırki işdən görünür ki, anbar sahəsinə dair kommunal mənzilin qonşuları arasında mübahisə var, bu səbəbdən həmin sahə onlardan birinin adına dövlət qeydiyyatına alına bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək iddianın qismən təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)- 1986/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası qismən təmin edilsin. İddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində 4 saylı evin 27 nömrəli mənzilinin 30 kv.m yaşayış, 11.0 kv.m keçid və 4.0 kv.m mətbəxdən ibarət olan köməkçi sahələr üzərində İddiaçı məxsus hüquqlar Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsın və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasport verilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar