Məhkəmə qərarları › İş №2-1(103)-2083/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2083/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2083/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı2 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı (3-cü şəxslər X2, X3 və B.Sərdarov adına Zavod) “mənzilə orderin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1994/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Həmşərik iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə orderin alınıb ona verilməsini xahiş etmişlər. Sonradan, iddiaçılar, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilmişdir (i.v.55). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun mənzilinin orderini gizlədir və məhkəmələri aldadır. İddiaçı hesab edir ki, cavabdehdən orderin alınıb ona verilməsi təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1994/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadı ləğv edib, iş üzrə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mənzil orderini gizlədirlər. Yəni tələb etdiyi əvvəl 70-ci mənzil (otaq) olmuş, hazırkı 305-ci mənzil qanuni əsaslarla ona məxsus olmuşdur. Məhkəmə tərəfindən ona hüquqi köməklik olunmamış, səhvə yol vermişdir. Odur ki, həmin səhv düzəldilməlidir. Ona məxsus mənzilə qanunsuz sənəd verən və alan şəxslər, eləcə də orderini gizlədənlər müəyyən olunaraq həbs edilməlidirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. (Digər həmşərik İddiaçı1 məhkəmə iclasına gəlməmişdir. İPM-in 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.) Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi S.Yusifov izahatında 1982-ci ildən Sərdarov adına maşınqayırma zavodunda işlədiyini və həmin zavoddan ona yataqxana verildiyini qeyd edərək, birinci instansiya mıəhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) və digər üçüncü şəxslər də məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan iş üzrə prosessual məsələyə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq və prosessual qanunvericiliyin tələbləri qaydasında (iddia müddətinə, formasına və s. riayət olunmaqla), qanunvericiliklə cavabdehliyi müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və iddiaçı tərəfindən hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddianı mümkünsüz hesab edərkən ilkin olaraq aşağıdakıları qeyd etmişdir: “...Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) icraatında olan 2-1(112)-122/2023 saylı inzibati iş materialı mövcuddur ki, 03 sentyabr 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş həmin iş üzrə də iddianın və iddiaçıların çoxsaylı ərizələrinin mahiyyətindən aydın olur ki, iddiaçının həmin iş üzrə hüquqi marağı da məhz mübahisəli mənzillə bağlı olmaqla mənzilin son nəticədə onun adına rəsmiləşdirilməsi, istifadə hüquqlarının bərpasına yönəlmişdir. Həmin iş üzrə də məhkəmənin hüquqi yardımına uyğun olaraq iddiaçıların hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, son nəticədə baxılan iddia iddiaçının hüquqi marağına uyğun olaraq üçüncü şəxslərin istifadəsində olan mənzillə bağlı kirayə müqaviləsinin iddiaçıların adına bağlanılması ilə əlaqədar olmuşdur. Həmin iş üzrə də ilkin iddia tələbində də orderin verilməsi formasında da tələb olmuşdur ki, həmin tələb iddiaçının sonrakı ərizələrində yenə təkrarlansa da, iddia tələbinə dəqiqləşmə nəticəsində son nəticədə tələb məhz kirayə müqaviləsinin bağlanılması ilə bağlı olmuşdur. Lakin, iddiaçılar həmin icraatın aparılması ilə kifayətlənməmiş, yenidən məhkəməyə eyni mübahisə predmeti barədə iddia vermiş, bu dəfə iddia formal olaraq orderin alınıb ona təhvil verilməsi ilə bağlı olmuşdur. Halbuki, istər iddia tələbinin formal baxımından, istərsə də mahiyyəti üzrə qiymətləndirməsi baxımından mümkünlük əsaslarının mövcudluğundan söhbət gedə bilməz. Formal hüquqi baxımdan ona görə mümkünlük şərtinin ödənilməsindən söhbət gedə bilməz ki, cavabdehin iş materiallarında olan nizamnaməsindən də görünür ki, həmin inzibati orqanın hansısa vətəndaş və ya digər şəxsin əlindən hər hansı bir sənədi alaraq digər bir şəxsə təqdim etməsi qismində səlahiyyəti mövcud olmamışdır. Bu səbəbdən iddianın yazılış baxımdan mümkünlük şərtini ödəməsi məhkəmə hesab edir ki, istisna olunur. Hazırkı iddianın da həmin iddiada əlavə tələb qismində qoyula bilmək imkanına iddiaçıların malik olduğu, həmin iş üzrə icraat zamanı verilmiş onlarla məhkəmə sorğusu və ona cavab məktublarının mövcud olduğu, həmin iş üzrə yerli baxışın da həyata keçirildiyi tərəfin diqqətinə çatdırmaqla eyni mübahisəli məsələlərin təkrar yoxlanılmasının hazırkı iddia üzrə qiymətləndirilməsi məsələsinə münasibət bildirilməsini təklif etmiş, lakin iddiaçılar işə mahiyyəti üzrə baxılmalı olmasını, mövcudluğu təsdiq edilməmiş, maddi daşıyıcıda hələ ki, məhkəməyə təqdim edilə bilməyən orderin fiziki olaraq alınaraq ona təhvil verilməsini xahiş etmişdir...” Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsinin hazırkı işə baxmış hakiminin icraatında, iddiaçıların eyni məzmunlu başqa bir iddia ərizəsi üzrə işə baxılır və həmin işdə hakim, İPM-in 13-cü maddəsinin tələbi qaydasında, iddiaçılara iddianın münasib iddia tələbinə dəqiqləşdirilməsinə də nail olmuşdur (Həmin iddia ərizəsi hazırkı işə əlavə olunmuşdur. İş vərəqi 115-117) Belə olan halda, iddiaçıların konkret halda cavabdehdən ona mübahisəli mənzilə dair order verilməsi haqqında iddia tələbinə baxılması mümkün sayıla bilməz (İPM-in 1.2ci maddəsi baxımından MPM-in 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir.) Ən azından, yeni mənzil qanunvericiliyi ilə mənzillərə dair “order” adlı hüquqmüəyyən edici sənədin verilməsi nəzərdə tutulmur. Belə ki, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcələsinin 48.1-ci maddəsinin tələbinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Digər tərəfdən,cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əsasnaməsində də mənzillərə dair order vermək kimi səlahiyyəti nəzərdə tutulmamışdır. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçıların cavabdehə qarşı hazırkı orderin verilməsi haqqında iddia tələblərinin məhkəmə icraatının mümkünlük şərtləri ödənilmir. Odur ki, iddia İPM-in 35.1-ci maddəsinin qeyd olunan tələbləri baxımından, əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Belə olan halda, sözügedən Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi əsaslıdır. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçıların apellyasiya şikayətinin məhkəmənin onlara köməklik göstərmədiyini və səhv qərardad qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1994/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1994/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar