Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2084/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 8721/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,97 kv. metr olan qeyri-yaşayış sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh- DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" mənzil tikinti kooperativinin (bundan sonra mətndə MTK) ümumi iclasının 251 saylı protokolundan olan 19 may 2020ci il tarixli çıxarışa əsasən kooperativə üzv qəbul edilərək, MTK-nın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,97 kv.metr olan qeyri-yaşayış sahəsi ona verilmişdir. O, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə və müvafiq sənədlərlə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətinə cavabdeh orqan xx.xx.2020-ci il tarixli məktubu ilə imtina verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçı-İddiaçı xüsusi mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 297 №li reyestr kitabının 28232 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, ünvan 1 ünvanında yerləşən faktiki (ümumi) sahəsi 138,6 kv. metr olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair təqdim edilmiş ilkin sənədlər əsasında İdarə tərəfindən İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış hazırlanmış, həmin çıxarışda qeyri-yaşayış sahəsinin ümümi sahəsi 109.6 kv. metr qeyd olunmuşdur. Lakin İddiaçı xx.xx.2020-ci il tarixli müraciəti əsasında İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilən zaman müəyyən olmuşdur ki, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportla faktiki vəziyyət arasında fərq mövcuddur. Belə ki, ümumi sahədə artım fərqi vardır, hazırda faktiki sahə 133.3 kv.metr təşkil edir. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 8721/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçı-İddiaçı xüsusi mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 297 №li reyestr kitabının 28232 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, ünvan 1 ünvanında yerləşən faktiki (ümumi) sahəsi 138,6 kv. metr olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 8721/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Tikinti obyektinin istismarına icazə verilməsi haqqında ” 457 №-li xx.xx.2016-cı il tarixli Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində “13”, “15”, “17”, “19”, “21” ünvanında "xxxx" MTK-nın sifarişi ilə inşa olunmuş və tikintisi başa çatmış 12 mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. - "xxxx" MTK-nın üzvlərinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 251 №-li protokolundan çıxarışın surətindən görünür ki, iddiaçı-İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və "xxxx" MTK-nın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 140,97 kv. metr olan 1A №-li qeyri-yaşayış sahəsi verilmişdir. - xx.xx.2020-ci il tarixli 251 №-li maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, daşınmaz əmlakın ümumi sahəsi 140,97 kv. metr olan 1A №-li qeyri-yaşayış sahəsinin pay dəyəri ödənilmişdir. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarə tərəfindən xx.xx.2021-ci il tarixdə qeyriyaşayış sahəsinin faktiki vəziyyətinə əsasən tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, iddiaçı-İddiaçı məxsus mübahisəli qeyri yaşayış sahəsinin ümumi sahəsi 109,6 kv. metr qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,6 kv. metr olan qeyri-yaşayış sahəsi İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır və bu barədə Daşınmaz əmlakın Dövlət Reyestrində 297 nömrəli reyestr kitabının 28232 nömrəli vərəqində qeydiyyat aparılmışdır. - İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********99 №li xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi təqdim edilmiş ilkin sənədlər əsasında qanuna müvafiq icra edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********47 №-li cavab məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109,6 kv. metr olan qeyri-yaşayış sahəsinin İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasına dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə əsas olmuş aşağıdakı sənədlərdən; - "xxxx" MTK-nin üzvlərinin xx.xx.2020-ci il tarixli ümumi iclasının 251 №-li protokolundan çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı kooperativin üzvü olaraq verilmiş "xxxx" MTK-nın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, 1A №-li qeyriyaşayış sahəsinin ümumi sahəsi 140,97 kv. metr təşkil etmişdir. - xx.xx.2020-ci il tarixli 251 №-li maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsindəki 21 saylı çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, daşınmaz əmlakın ümumi sahəsi 140,97 kv. metr olan 1A №-li qeyri-yaşayış sahəsinin pay dəyəri ödənilmişdir. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi binanın 1-ci mərtəbəsində bir hissəsində yerləşir, faktiki olaraq boş istifadəsiz olduğu qeyd olunaraq, ümumi sahədə 7,67 kv.metr azalma fərqi ilə qeyri-yaşayış sahəsinin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 140,97 kv. metr, faktiki isə 133,3 kv. metr olduğu müəyyən olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6332 №li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə iddiaçı-İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki (ümumi) sahəsi 138,6 kv. metr (11,0 x 12,6 m.) təşkil etdiyi müəyyən edilir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qeyd etmişdir ki, iddiaçıya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh inzibati orqana təqdin olunmuş sənədlərdə, ümumi sahəsi 140,97 kv. metr təşkil etdiyi, faktiki isə ekspert rəyinə əsasən 138,6 kv. metr olduğu halda, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə səhvən 109,6 kv. metr kimi qeydə alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 11.1 -ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırda ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair özünün xüsusi mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 297 №li reyestr kitabının 28232 nömrəli vərəqində aparılmış qeydə düzəliş edilərək, ünvan 1 ünvanında yerləşən faktiki (ümumi) sahəsi 138,6 kv. metr olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6332 №li ekspert rəyinə əsasən ekspert belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə iddiaçı-İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki (ümumi) sahəsi 138,6 kv. metr (11,0 x 12,6 m.) təşkil etdiyi müəyyən edilir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərkibi tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə yerli baxış keçirilmiş və qeyri-yaşayış sahəsinin 138,6 kv. metr təşkil etdiyi, ümumi istifadədə olan pilləkən qəfəsinin mövcud olmadığı, yuxarı mərtəbələrə girişin həyətdən olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus olan mübahisəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh inzibati orqana təqdim olunmuş sənədlərdə, ümumi sahəsi 140,97 kv. metr təşkil etdiyi, faktiki isə ekspert rəyinə əsasən 138,6 kv. metr olduğu halda, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə səhvən 109,6 kv. metr kimi qeydə alınmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 8721/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 8721/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2084/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2084/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver