Məhkəmə qərarları › İş №2-1(103)-2084/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2084/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2084/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3497/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində icarəsində olan 0.8 ha və 1 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 976 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində istifadəsiz qalmış 0.8 ha torpaq sahəsi 99 il müddətinə abadlaşdırılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsi üzərində inşa etdiyi və ümumi sahəsi 292.8 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və texniki pasport verilmişdir. Həmçinin, Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 716 nömrəli digər Sərəncamı ilə Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində istifadəsiz qalmış 1 ha torpaq sahəsi 99 il müddətinə abadlaşdırılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsi üzərində inşa etdiyi və ümumi sahəsi 269.30 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və texniki pasport verilmişdir. Həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi xx.xx.2023-cü il tarixli müraciətinə, həmin idarədən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubları ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinə əsasən müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsası ilə bağlı qeyd edir ki, göstərilən torpaq sahəsi 15 ildən artıq müddətdir ki, iddiaçının daimi sahibliyində və istifadəsində olmaqla, həmin torpaq sahələri abadlaşdırılaraq yararlı vəziyyətə gətirilmiş, eləcə də həmin torpaq sahələrinin hüdudları daxilində olmaqla, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış iki fərdi yaşayış evi mövcuddur. Həmiçinin qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxslə də mübahisə yoxdur. Bu səbəbdən də cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmiş halları əsassız hesab edir və yuxarıda qeyd olunan sənədlər və faktiki vəziyyət həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət edir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** və ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********48 və **********49 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Belə ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi, şimal-qərb ünvanında **********52-11301 reyestr nömrəli bağ evinin yerləşdiyi 0.8 ha və Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsi ünvanında **********0211301 reyestr nömrəli bağ evinin yerləşdiyi 1 ha torpaq sahələri üzərində icarə hüquqları İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ evinin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 976 nömrəli xx.xx.2007-ci il tarixli, 716 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamları ilə vətəndaş İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində istifadəsiz qalmış 0.8 ha və 1 ha torpaq sahələri 99 il müddətinə abadlaşdırılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarəyə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3497/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana mürəciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində icarəsində olan 0.8 ha və 1 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktublar ünvanlayaraq qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmin imtinadan narazı qalan iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əlavə edilməlidir. İş materialları və məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilir ki, qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 976 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində istifadəsiz qalmış 0.8 ha torpaq sahəsi 99 il müddətinə abadlaşdırılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya icarəyə verilmiş, iddiaçının torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Daha sonra iddiaçı həmin torpaq sahəsi üzərində inşa etdiyi və ümumi sahəsi 292.8 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və texniki pasport verilmişdir. Eyni zamanda, Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 716 nömrəli digər Sərəncamı ilə Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində istifadəsiz qalmış 1 ha torpaq sahəsi 99 il müddətinə abadlaşdırılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Daha sonra həmin torpaq sahəsi üzərində inşa etdiyi və ümumi sahəsi 269.30 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və texniki pasport verilmişdir. Göründüyü kimi iddiaçıya icarə əsasında verilmiş hər iki torpaq sahəsi üzərində iddiaçı tərəfindən fərdi yaşayış evləri inşa edilmiş və həmin evlər üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı göstərilən torpaq sahələri ilə bağlı hüquqmüəyyənedici sənədləri və fərdi yaşayış evlərinə dair reyestrdən çıxarışları cavabdeh inzibati orqana təqdim etdiyi halda, sonuncu əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 4-cü bəndinə əsasən daşınmaz əmlak üzərinə hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3497/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3497/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində icarəsində olan 0.8 ha və 1 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar