Məhkəmə qərarları › İş №2-1(103)-2085/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2085/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2085/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Gülməmmədovanın Cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X10 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X13) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3306/2024 saylı 25 yanvar 2024-cü il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 210690 seriya nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Əziibəyov rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 34 saylı evin 33.31 yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 5 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X13 (xx.xx.1960-cı il təvəllüdlü Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı X2 İvanoviçin Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 34- də yerləşən 5 nömrəli mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 34-də yerləşən 5 nömrəli mənzildən X8 qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı Şəhəri Rayon Polis İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 34-də yerləşən 5 nömrəli mənzilin mülkiyyətçisidir. X4 məxsus olan mənzildə qeydiyyatdadır. Lakin onun qeydiyyatda olduğu, yəni iddiaçının mülkiyyətində olan mənzildə yaşamır və onun həmin mənzildən istifadə hüququ mövcud deyil. Həmçinin qeyd etmişdir ki, X13 iddiaçının mənzilinin keçmiş sahibinin qohumu olmuşdur. O, bu mənzili 20 il əvvəl onun qohumundan alqı-satqı yolu ilə almışdır. X13 ilə heç bir ünsiyyəti yoxdur və harda olduğunu da bilmir. O, həmin şəxsi ümumiyyətlə tanımır. Bu səbəblə də iddiaçı onun mənzilində qeydiyyatda qalmasını istəmir. Məhkəməyə müraciət etməkdə məqsəd ona məxsus mənzildən X8 qeydiyyatdan çıxarılması ilə bağlıdır. Belə ki, iddiaçı mənzilinə dair hər hansı bir notarial qaydada hərəkət etmək istədikdə həmin şəxsin razılığını almalı olacaq. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3306/2024 saylı 25 yanvar 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, X8 Bakı şəhəri, ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Piralahı Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs X13 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X13 məhkəmə araşdırmasından məlumatı olmamış, lazımınca xəbərdar edilməmiş və məhkəmədə iştirakı təmin edilməmişdir. Mübahisəli mənzil X8 mərhum anası X1 mülkiyyətində olmuşdur. Onlar mübahisəli mənzildə yaşamışlar. X5 İvanoviçə məlum olmuşdur ki, anasının ölümündən sonra sözügedən mənzil iddiaçıya satılmışdır. Belə ki, mərhum X6 hələ sağ ikən mübahisəli mənzilə dair iddiaçının həyat yoldaşı X9 3 il müddətinə xx.xx.2005-ci il tarixədək məlum olmayan səbəblərdən etibarnamə vermişdir. X1 ölümündən sonra X11 mənzili həyat yoldaşı-İddiaçı satmışdır. Nəticədə X13 vərəsə kimi miras əmlakdan pay hüququndan məhrum olmuşdur. 1-ci instansiya məhkəməsi işin faktiki hallarını tam, ətraflı və obyektiv araşdırmadan ədalətsiz qərar qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası barədə cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh və 3-cü şəxsin iştirakları olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə üçüncü şəxs X8 və cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı Cavabdehnə qarşı tələbi “iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 34də yerləşən 5 nömrəli mənzildən X8 qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı Şəhəri Rayon Polis İdarəsi üzərinə öhdəlik kimi qoyulması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə üçüncü şəxsin həmin ünvanda faktiki olaraq yaşamamasına, istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına və bu ünvandakı qeydiyyatın hazırda formal xarakter daşımasına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, sözügedən mənzil üzərində X8 istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 153 saylı Mənzil- Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 737 saylı arayışda qeyd olunmuşdur ki, X13 Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır, amma yaşamır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 3-dən qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs X13 faktiki olaraq həmin ünvanda yaşamır və həmin mənzilə istifadə hüququ yoxdur. Belə olan halda iddiaçının üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur, cavabdeh Pirallahı rayon Polis İdarəsinin isə həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla hazırki işdə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və bununla yanaşı, üçüncü şəxsin iddiaçıya məxsus mübahisəli mənzildə iddiaçının (və yaxud da əvvəlki mülkiyyətçi olan mərhumun) razılıq ərizəsi əsasında qeydiyyata alınması müəyyən olunmur. Buna görə də məhkəmə hazırki iddianın həllində Konstitusiya Məhkəməsinin qərarının 3-cü bəndindən hərəkət etməlidir. Konstitusiya Məhkəməsi eyni zamanda bununla bağlı da hüquqi mövqeyini bildirərək göstərmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxsin iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubu ilə məhkəməyə İddiaçı 210690 nömrəli qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas olmuş alqı-satqı müqaviləsi təqdim olunmuşdur. Həmin alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, 8-ci və 9-cu bəndlərə görə Satıcı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş və Satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs X13 ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq, ondan özünün saxlanılmasını tələb etmək hüququ olmayan, mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmayan, iddiaçı ilə mənzilindən istifadəyə dair heç bir notarial razılaşması olmayan, həmçinin evin keçmiş mülkiyyətçisinə münasibətdə də sözügedən evə hər hansı hüququ olmayan şəxsdir və onun qeyd olunan mənzildə qeydiyyatda olması onun həmin mənzilə hansısa subyektiv hüququnun olmasını (mülkiyyət, istifadə və icarə) müəyyən etmir, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması da məhkəmə araşdırmaları zamanı müəyyən edilmir. Apelyantın apellyasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində gösstriəlnlərə əsasən əsasssız olub, qəbul edilmədiyi üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün də əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3306/2024 saylı 25 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

3-cü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3306/2024 saylı 25 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X15 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar