Məhkəmə qərarları › İş №2-1(103)-2085/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2085/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2085/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı qızının cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 173 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında iddiaçıya ayrılmış 1,38 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-595/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında qabaqcadan abadlaşdırılıb istifadə etdiyi 1,38 ha torpaq sahəsinin onun adına mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 173 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında qabaqcadan abadlaşdırıİıb istifadə etdiyi əlavə cizgi əsasında 1.38 ha torpaq sahəsinin İddiaçı mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmiş və ərizəyə əlavə təqdim edərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 173 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində gedən yolun sağ kənarında qabaqcadan abadlaşdırılıb istifadə etdiyi əlavə cizgi əsasında 1.38 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu ərazisində olan Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında qabaqcadan abadlaşdırılıb istifadə etdiyi 1.38 ha torpaq sahəsi iddiaçı tərəfindən uzun müddətdir ki, istifadə olunur. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və kommunal xərcləri ödəmişdir. Ona məxsus 1,38 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu sənədlərdə çatışmazlıq olduğunu bildirərək, sənədləri qəbul etməkdən imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-16694/2023 saylı qərardadı ilə iş üzrə Bakı şəhəri Səbail Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpaqları olmaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan əlavə, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 173 saylı sərəncamı ilə torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək bələdiyyələr tərəfindən müəyyən edilir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən 13800 kv.m. torpaq sahəsinin 11880 kv.m. hissəsi hər tərəfdən mişar daşla sərhədlənmiş, qalan 1920 kv.m. hissəsi isə hasardan kənar yerləşir. Həmçinin, torpaq sahəsi iki tərəfdən yeni çəkilmiş daş hasarla hasarlanmış, digər tərəfi şərti göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü il tarixədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı Qaydaları”na əsasən, rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-595/2025 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddianın təmin edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 595/2025 saylı qərarı mübahisələndirilmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqları olmaqla, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan əlavə, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 173 saylı sərəncamı ilə torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən 13800 kv.m. torpaq sahəsinin 11880 kv.m. hissəsi hər tərəfdən mişar daşla sərhədlənmiş, qalan 1920 kv.m. hissəsi isə hasardan kənar yerləşir. Həmçinin, torpaq sahəsi iki tərəfdən yeni çəkilmiş daş hasarla hasarlanmış, digər tərəfi şərti göstərilmişdir. Qeyd olunanlara əsasən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməy bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bununla yanaşı təqdim edilmiş yerləşmə cizgisində istinadlar, perimetrik ölçülər qeyd edilmədiyindən torpaq sahəsinin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, iş materiallarında olan Bakı şəhəri Səbail Bələdiyyəsinin “Səbail rayonu ərazisində olan 1,38 ha torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə” xx.xx.2003-cü il tarixli, 173 saylı Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, torpaq sahəsi alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilmişdir. İddiaçı ona ayrılmış daşınmaz əmlakın daşınmaz dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan ölçünün verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və tələbdən imtina cavabı almışdır. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsi olması və torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi bildirilir. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsində iş üzrə kifayət qədər geniş araşdırma aparılaraq mütəxəssis, ekspert rəyləri nəzərə alınmaqla iddiaçının xeyrinə qərar qəbul edilmişdir. Qarşı tərəfin apellyasiya şikayəti əsassızdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin arayışında torpaq sahəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus elektrik şəbəkəsinin mühahizə zonasında yerləşmədiyi qeyd olunmuşdur. Bakı Şəhəri İcra Hakmiyyətinin Başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 910 saylı Sərəncamından müəyyən olunur ki, torpaq sahəsinin Səbail Bələdiyyəsinə verilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi Bakı şəhər Səbail Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri Səbail Bələdiyyəsinin “Səbail rayonu ərazisində olan 1,38 ha torpaq sahəsinin vət. İddiaçı adına sənədləşdirilməsi barədə” xx.xx.2003-cü il tarixli, 173 saylı Sərəncamından görünür ki, vətəndaş İddiaçı ərizə ilə Səbail Bələdiyyəsinə müraciət edərək, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında qabaqcadan abadlaşdırıb istifadə etdiyi 1,38 ha torpaq sahəsini onun adına sənədləşdirilməsini xahiş etmiş və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən 1.38 ha torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. - İddiaçı ilə Səbail Bələdiyyəsi arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” akta əsasən, Səbail Bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində 1,38 ha torpaq sahəsinin satılması barədə 26 fevral 2003-cü il tarixli, 173 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı bələdiyyənin hesabına 60500 manat ödəmişdir (qəbz № 027458). - Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 1,38 ha torpaq sahəsinin planı tərtib olunmuşdur. - Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, SBFA-5/417 saylı arayışında qeyd olunmuşdur ki, Səbail Bələdiyyəsi tərəfindən Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında ünvanında xx.xx.2003-cü il tarixli 173 saylı sərəncamı ilə İddiaçı adına 1.38 ha torpaq sahəsi sənədləşdirilmişdir. - "xxxx" xx.xx.2024-cü il tarixli, 13-13/2-2/06-4-E-7112-5/2024 saylı arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ilin 16 may tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 2.2 saylı bəndinə əsasən ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən 1.38 ha torpaq sahəsi "xxxx" ASC-yə məxsus elektrik şəbəkəsinin mühahizə zonasında yerləşmir. - Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08-225-018-96 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 173 saylı sərəncamı ilə Badanıdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən 1.38 ha torpaq sahəsi Bakı şəhəri Səbail bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşməklə İddiaçı istifadəsinə verilmiş, bu barədə Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 173 saylı iclas protokolu da mövcuddur. Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 173 saylı sərəncamı üçün əsas olmuş sənədlər üzrə qeydiyyata alınmışdır. - Bakı şəhəri İcra Hakmiyyətinin Başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onların təhvil verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 910 saylı Sərəncamından müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Səbail rayonu üzrə 198,6214 hektar torpaq sahəsinin sərəncama əlavə edilmiş əlavədə göstərilən sərhədlər daxilində Səbail Bələdiyyəsinə verilməsi qərara alınmışdır. - “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” 06 oktyabr 2000-ci il tarixli protokoldan (surəti) müəyyən olunur ki, “Bələdiyyələrin torpaqları və əraziləri haqqında” 07 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 237 saylı Fərmanını rəhbər tutaraq Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 910 saylı sərəncamı ilə Səbail rayonu Səbail bələdiyyəsinə ayırdığı torpaq sahəsinin sərhədləri qərara əlavə olunan Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən tərtib və təsdiq edilmiş plana əsasən tərəflərin iştirakı ilə naturada dəqiqləşdirilmiş və bütün döngə nöqtələrində mərzlərlə nişanlanaraq yerli bəlıdiyyəyə təhvil verilmişdir. - Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2003-cü il tarixli SB/ƏH-4/375 №li məktubda İddiaçı Səbail Bələdiyyəsinə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında qabaqcadan abadlaşdırıb istifadə etdiyi 1,38 ha torpaq sahəsini onun adına sənədləşdirilməsini xahiş etdiyi bildirilmiş, İddiaçı müraciətinə müvafiq rəy bildirilməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Səbail Bələdiyyəsinə ünvanlanmış 23 yanvar 2004-cü il tarixli 18/03-9/550 №li məktubda göstərilmişdir ki, İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında 1,38 ha torpaq sahəsinin ayrılması barədə qaldırdıqları məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmirlər. - Birinci instansiyası məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-35-1/2-546/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yolun sağ kənar hissəsində yerləşən 1.38 ha torpaq sahəsinin İddiaçı adına ayrılmamışdan əvvəl həmin torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsinə dair məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə verilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 16694/2023 nömrəli müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. - Birinci instansiyası məhkəməsinin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********12 saylı məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri Səbail rayonunda yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 13800,0 kv.m. təşkil edir. Göstərilən faktiki 13800,0 kv.m. t/s-i relyefi hündür ərazidə yerləşməklə sahənin 11880.0 kv.m. hissəsi hər tərəfdən mişar daş hasarla sərhədlənib, digər 1920,0 kv. metr hissə isə hasar çölündən iki tərəfi yeni çəkilmiş daş hasarla digər tərəfi şərti olaraq göstərilir. Torpaq sahəsi üzərində bir mərtəbəli zirzəmli yaşayış evi və həyət tikilisi vardır. Torpaq sahəsinin şimal-şərq tərəfi üzərindən 6 KV-luq elektrik hava xətti keçir. Yerləşmə cizgisində perimetrik ölçüləri qeyd olunmamışdır. - Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********21 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, göstərilən faktiki 13800.0 kv.m. torpaq sahəsi relyefi hündür ərazidə yerləşməklə sahənin 11880.0 kv.m. hissəsi hər tərəfdən mişar daş hasarla sərhədlənib. Digər 1920.0 kv.m. hissə isə hasar çölündən iki tərəfi yeni çəkilmiş, faktiki bir hissəsi uçurulmuş daş hasar qalıqları ilə, digər tərəfi şərti olaraq göstərilir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Sahəyə dair sənədlər təqdim edilməyib. Sahənin sərhəddindən 0.3-2.5 metr aralı məsafəsindən bir hissəsi sonradan yeraltı kabel olan (yeraltı olduğundan istiqamətini təyin etmək mümkün olmamışdır) 6 kVt-lıq elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahəyə digər fiziki şəxsin müraciəti barədə məlumat yoxdur. Torpaq sahəsinin cənub-qərb hasarboyu hissədən (diametri 108.0 mm-lik,25.0 mm-lik) orta təzyiqli açıq qaz xətti keçir. Qeyd olunan qaz xəttinin mühafizəsi barədə məlumat yoxdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5645 saylı ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: “ ... İddiaçı faktiki istifadəsində olan 13800 kv. metr torpaq sahəsinin Bakı şəhər Səbail Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. ... Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən və hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü 13800,0 kv.m. olmaqla, 11880,0 kv.m. hissəsi hər tərəfdən mişar daşı hasarla sərhədlənib, digər 1920,0 kv.m. hissə isə hasar çölündən iki tərəfi yeni çəkilmiş daş hasarla əhatəyə alınmışdır. Torpaq sahəsinin faktiki olaraq digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. ... Təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, həmin torpaq sahəsinin cizgiyə uyğun olaraq 13800 kv.m. torpaq sahəsi olduğu müəyyən edilmişdir. ... Əvvəllər ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin sökülərək yerinin dəyişdirilməsini nəzərə alaraq, iddiaçının istifadəsində olan torpaq sahəsinin “Elektrik qurğularının quraşdırılması Qaydası” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən elektrik qurğularının mühafizə zonasına düşmədiyi müəyyənləşdirilmişdir”. İş materiallarından göründüyü kimi, torpaq sahəsi iddiaçıya Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 173 saylı Sərəncamı əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş torpaq sahəsi ilə bağlı zəruri parametrlər ölçüsü göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istidəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Bakı şəhəri Səbail Bələdiyyəsinin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır.Bu baxımdan həmin qərar “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hazırkı növ işlər üzrə formalaşdırdığı mövqeyə uyğun olaraq, istər DTXK-nın rəyinin olmaması, istər yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olması inzibati aktın qüvvədə olması, eləcə də iddiaçının həmin akta münasibətdə etimad hüququnun mövcud olması baxımından aparılan qiymətləndirmə nəticəsində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsasın olmadığı ilə bağlı nəticəyə gəlinməsinə əsas yaradır. Ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmuşdur ki, bu hal məhkəmə tikintitexniki ekspertizasının tədqiqatı zamanı müəyyən olunmuşdur. Belə ki, ekspert rəyindən də göründüyü kimi iddia olunan torpaq sahəsi həqiqətən də Bakı şəhəri Səbail rayonu Səbail bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşmiş, torpaq sahəsinin ölçüsü 1380 kv.m. təşkil etməsi müəyyən edilmişdir. Bundan başqa ekspert rəyində qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsi digər fiziki və ya hüquqi şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Odur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə orqanı tərəfindən rəy alınmadan ayrılması iddiaçının etimad hüququnun mövcudluğuna xələl gətirə bilməz, bu səbəbdəndir ki, qüvvədə olan inzibati akt əsasında hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün də əsas ola bilməz. İddiaçı da torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını müəyyən edən konkret sübut məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunmalıdır kı, torpaq sahəsinin ayrıldığı zaman bələdiyyənin hüdudları daxilində yerləşməsi müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir. Apellyasiya şikayətinin digər dəlilinə (torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir) gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən halın məhkəmə araşdırması dövründə aradan qaldırılması həm "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, № 13-13/2-2/06-4-E-7112-5/2024 saylı arayışı, həm də iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-595/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar