Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2086/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil Əmralı oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3430/2022 saylı 16 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. PB seriyalı 033857 saylı xx.xx.1990-cı il tarixli Diplomdan görünür ki, İddiaçı 1984cü ildən 1990-cı ilədək Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli Arxiv Arayışına əsasən Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon Səhiyyə şöbəsinin 7 saylı yoluxucu uşaq xəstəxanasının natamam arxiv sənədlərinin əmək haqqı ödəniş cədvəllərində vət. İddiaçı 1984-cü ilə dair əmək haqqı hesablanması barədə bəzi məlumatlar mövcuddur. Əmək haqqı cədvəlinə əsasən 1984-cü ilin yanvar-iyun aylarında İddiaçı əmək haqqı ödənilmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunun 80 saylı xx.xx.1991-ci il tarixli Vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək təcili yardım ixtisası üzrə internatura keçmişdir. İddiaçıya məxsus 34215 saylı Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1993cü il tarixdən xx.xx.2005-ci il tarixədək M.Nağıyev adına X13 X2 kabinetinin həkim- Rentgenoloq vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək X9 Rentgen şöbəsində həkim-Rentgenoloq vəzifəsində, xx.xx.2010-cu il tarixdən hal-hazıradək şüa diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim vəzifəsində işləyir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunnmasından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 06 sentyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyanın minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Pensiya kapitalı ona münasibətdə 47800 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23843.30 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Sonradan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 yanvar 1984-cü il tarixdən 30 iyun 1984cü il tarixədək Nərimanov rayon şöbəsinin 7 saylı yolxucu uşaq xəstəxanasında işləmişdir. 1984-cü ildə Azərbaycan Tibb Universitetinə (N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu) daxil olmuşdur. 1990-cı ildə həmin Univestitetin pediatriya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 29 iyun 1990-cı il tarixli qərarı ilə ona həkimpediatr ixtisası verilmiş və həmin tarixdə RV 033857 N-li diplom verilmişdir. 01 avqust 1990-cı il tarixdən 26 iyun 1991-ci il tarixədək Azərbaycan Tibb Universitetində (N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu) internaturanı keçmişdir. Buraxılış imtahan komissiyasının 26 iyun 1991-ci il tarixli 11 saylı qərarı ilə təcili yardım ixtisası verilmiş və həmin tarixdə ona 80 N-İi vəsiqə verilmişdir. 30 iyul 1991-ci il tarixdən 20 avqust 1992-ci il tarixədək Bakı şəhəri Təcili və X4 Stansiyasının 4 saylı köməkçi yardım stansiyasında həkim vəzifəsində işləmişdir. 03 fevral 1993-cü il tarixdə M.Nağıyev adına X13 X2 kabinetinin həkim Rentgenoloq vəzifəsinə qəbul olunmuşdur. 14 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «a» bəndinə əsasən (xəstəxananın ləğvi ilə əlaqədar) həmin vəzifədən azad edilmişdir. 15 dekabr 2005-ci il tarixdə X10 Rentgen şöbəsinə həkim Rentgenoloq vəzifəsinə qəbul olunmuşdur. 01 noyabr 2010-cu il tarixdə Şüa diaqnostikası şöbəsinə şüa diaqnostikası üzrə həkim vəzifəsinə keçirilmişdir. Göstərilənlərə əsasən 1984-cü ildən 1990-cı ilədək olan Azərbaycan Tibb Universitetində təhsil aldığı müddət və 01 avqust 1990-cı il tarixdən 26 iyun 1991-ci il tarixədək olan 6 il müddəti və Azərbaycan Tibb Universitetində (N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu) internaturanı keçdiyi 1 il müddəti - cəmi 7 il təhsil müddəti onun sığorta stajına daxil edilir. Habelə 30 iyul 1991-ci il tarixdən 20 avqust 1992-ci il tarixədək Bakı şəhəri Təcili və X4 Stansiyasının 4 saylı köməkçi yardım stansiyasında həkim vəzifəsində işlədiyi 1 il 20 gün müddəti; həmçinin 03 fevral 1993-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək M.Nağıyev adına X13 X2 kabinetinin həkim Rentgenoloq vəzifəsində işlədiyi müddət onun sığorta stajına daxildir. Odur ki, o, 01 yanvar 2006-cı il tarixədək 21 il 6 aydan artıq ümumi sığorta stajına malik olduğundan və bu sığorta stajının 12 il 9 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan üzrə) işlədiyindən 52 yaşdan, yəni 17 iyul 2018-cı il tarixdən güzəştli şərtlə əmək pensiyası hüququna malikdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair verilmiş yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3430/2022 saylı 16 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2018-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi ilə cavabdeh orqana müraciət edərkən tələbinin əsaslarını təsdiq edən ona məxsus 34215 nömrəli əmək kitabçasını və 2249 nömrəli arayışı təqdim etmişdir. Həmin sənədlərə əsasən iddiaçının xx.xx.2006-ci il tarixədək 12 il 10 ay 27 gün ümumi iş stajı, 12 il 10 ay 11 gün güzəştli iş stajı öz təsdiqini tapır. İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlər əsasında xx.xx.2006-ci il tarixədək tələb olunan 25 il ümumi iş stajı yaranmadığından, onun iddiasına “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbləri əsasında baxılmalı olduğu halda birinci instansiya məhkəməsi tərəfindən işin hallarına həmin Qanunun 9.8-ci maddəsi tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 1984-1990-cı il üzrə ali təhsil müddəti, xx.xx.1990-xx.xx.1991-ci il tarixədək internatura keçdiyi dövr, xx.xx.1991- xx.xx.1992 dövr üzrə Bakı şəhəri Təcili və X4 Stansiyasının 4 saylı köməkçi yardım stansiyasında həkim vəzifəsində və xx.xx.1993xx.xx.2006 dövr üzrə həkim-rentgenoloq vəzifəsində işlədiyi dövr nəzərə alınaraq xx.xx.2006-cı il tarixədək iddiaçının 21 il 06 ay ümumi, 12 il 09 ay güzəştli iş stajının olması təsdiq edilmiş və iddia tələbinə sözügedən Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq baxılmışdır. Lakin iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdə onun yalnız xx.xx.1993- xx.xx.2006 dövr üzrə əmək fəaliyyəti öz əksini tapır və buna görə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən minimum əmək pensiyasının təminatına imkan verən 46 200 manat pensiya kapitalına qarşı 23 487,78 manat pensiya kapitalı qeydə alındığı üçün cavabdeh tərəfindən ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qeyd edilənlərdən aydın olduğu kimi məhkəmə iddiaçının cavabdeh orqana müraciəti zamanı təqdim etmədiyi sənədlər əsasında hazırkı iddia tələbi üzrə işə baxaraq iddianın mümkünlüyünün qiymətləndirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının tələblərini pozmuş və əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı, onun vəkili Vəkil Əmralı oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun pensiya kapitalının tələb olunan həcmdə olmaması əsası ilə tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olmasına, cavabdeh tərəfindən pensiya kapitalının mövcud olmasının tələb edilməsinin qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə çatması; 2) həmin vaxtadək 20 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədini (diplomu), əmək kitabçasını və iş yerindən arayışları təqdim etmişdir. İddiaçıya məxsus diplomdan görünür ki, o, 1984-cü ildən 1990-cı ilədək Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. Həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun ümumi iş stajı xx.xx.1984cü ildən xx.xx.1984-cü ilədək 6 ay, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək (internatura dövrü) 10 ay 25 gün, xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilədək (rentgenoloq) 12 il 10 ay 11 gün, xx.xx.2005-ci ildən 01.0.2006-cı ilədək 16 gün olmaqla, ümumilikdə 20 ildən artıq (20 il 3 ay 12 gün) təşkil edir. Həmçinin Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçının təqdim etdiyi “X12” Publik hüquqi Şəxsinin 2249 saylı xx.xx.2021-ci il tarixli, 899 saylı xx.xx.2022-ci il tarixli və 1344 saylı xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, iddiaçı xx.xx.1993-xx.xx.2005 və xx.xx.2005-xx.xx.2010-cu illər ərzində Xəstəxanada və Mərkəzdə rentgen şöbəsində həkim-rentgeneloq vəzifəsində işləmiş, işlədiyi müddətdə ona zərərli işdə işlədiyinə görə əmək məzuniyyətinə 6 təqvim günü əlavə verilmiş və işlədiyi peşə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu bölməsinə əsasən həkim rentgeneloqlar və s. peşəsinə uyğundur. Həmçinin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş “X12” Publik hüquqi Şəxsinin 3432 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “X12” Publik hüquqi Şəxsin radiologiya şöbəsində həkim-rodioloq vəzifəsində işləmişdir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cü səhiyyə idarələri bölməsində göstərilən həkimrentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkim vəzifələrinə (kod 12300000-20426) uyğundur. Bununla da məhkəmə kollegiyası iddiaçının xx.xx.1993-xx.xx.2005 və xx.xx.2005xx.xx.2006-cı illərdə işlədiyi “həkim-rodioloq” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda XİX bölmədə “Səhiyyə İdarələri” sırasında 12300000-20426 şifrəsi altında “həkim-rentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər” peşəsinə uyğun olub, həmin dövr üzrə onun güzəştli iş stajının 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə 10 ildən artıq təşkil etdiyini və işlədiyi peşənin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslıdır və təmin olunmalıdır. Odur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. O ki qaldı cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda və apellyasiya şikayətində göstərdiyi “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilinə, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ xx.xx.2006-cı ilədək yarandığı üçün və xx.xx.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın mümkün sayılmaması üçün əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı həm də işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3430/2022 saylı 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3430/2022 saylı 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2086/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2086/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver