Məhkəmə qərarları › İş №2-1(103)-2087/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2087/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2087/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının qanuni təmsilçisi X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2022 saylı 03 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi (Qeydiyyat nömrəsi VÖEN: **********) qeydiyyata alınmışdır. İddiaçı MMC-nin direktoru X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edərək, 30 dekabr 2018-ci il tarixdən digər müəssisələr tərəfindən ƏDV depozit hesabına köçürmələr edilən zaman İnternet Vergi İdarəsində “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısı sistemdə ortaya çıxdığından işgüzar nüfuzuna ciddi ziyan dəydiyini və maliyyə itkilərinə məruz qaldığını nəzərə alaraq, İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi və müəssisənin işləyə bilmədiyi müddətdən hazırki dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50000 manat məbləğində vəsaitlərin (ümumilikdə 160809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi barədə müvafiq göstərişlərin verilməsini xahiş etmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli məktubla bildirilmişdir ki, "xxxx" MMC-də (VÖEN **********) külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2018-ci il tarixdən digər müəssisələr tərəfindən ƏDV depozit hesabına köçürmələr edilən zaman İnternet Vergi İdarəsində “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısı sistemdə ortaya çıxdığından işgüzar nüfuzuna ciddi ziyan dəydiyini və maliyyə itkilərinə məruz qaldığını nəzərə alaraq, İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi barədə və müəssisənin işləyə bilmədiyi müddətdən hazırki dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50000 manat məbləğində vəsaitlərin (ümumilikdə 160809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən tikinti fəaliyyəti ilə məşğul olur. 30 dekabr 2018-ci il tarixdən digər müəssisələr müvafiq olaraq ƏDV depozit hesabına köçürmə edən zaman İnternet Vergi İdarəsində “Bu vergi ödəyicisi İddiaçı" VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısı qeyd edildiyi müəssisəyə bildirildi. Yazı hələ də olduğu kimi sistemdə ortaya çıxır və işgüzar nüfuzuna ciddi ziyan dəyir. Maliyyə itkilərinə məruz qalır. Qanunvericiliyə əsasən İnternet Vergi İdarəsinin fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir və cavabdehlik daşıyır. "MANAR-QALA” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs olması faktının sübuta yetirilmədən və ya bu cür şübhənin olduğu təqdirdə müvafiq araşdırmanın aparılmaması, cinayət işinin başlanmaması bu cür məlumatın qeyd edilməsini qanunvericiliyə əsasən tamamilə yalnışdır və böhtan xarakeri daşıyır. Çünki, əmtəəsiz maliyyə əməliyyatları aparılması ARnın Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və bu faktın olması ehtimalı varsa, müvafiq qaydada cinayət işi başlanılmalı və araşdırılmalıdır. Lakin bu barədə heç bir qərar və sübut olmadığı halda vergi orqanı tərəfindən bu cür ittihamla təqsirləndirilmək özü məsuliyyətə səbəb olan haldır, qanunvericiliyin tələblərinin pozulmasını və qərəzli yanaşmanı sübut edir. Həmçinin “MANAR-QALA" MMC-nin ƏDV sub-hesabında olan vəsaitin hərəkəti də qanunsuz olaraq məhdudlaşdırılmışdır ki, bu da qanunvericiliyə əsasən tamamilə qanunsuzdur. Müəssisənin ƏDV sub-hesabına məhdudiyyət yalnız qanunvericilikdə nəzərdə tutulduğu halların mövcud olması ilə həyata keçirilə bilər ki, bu da müvafiq qərar əsasında həyata keçirilir. Halbuki, bu cür qərar qəbul edilmədən müəssisənin ƏDV sub-hesabına məhdudiyyət qoyulmuşdur ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları”na tamamilə ziddir. Bütün bunlar müəssisənin işgüzar nüfuzuna, fəaliyyətinə ciddi şəkildə ziyan vurur. Belə ki, hal-hazırda alqı-satqı etdiyi müəssisələr ƏDV sub-hesabına köçürmələr həyata keçirməkdən imtina edir, müəssisə ilə əməkdaşlıq etmək istəmirlər. Müəssisəni fəaliyyətində yaranmış bu problemlərə görə müəssisə əldə edə biləcəyi gəlirdən məhrum olur. Belə ki, müəssisənin 2018-ci il tarixində mənfəəti 92770.48 manat olmuşdur. Qeyd olunan qanunsuz əməllərdən sonra müəssisənin fəaliyyəti dayanmış, mənfəət əldə edə bilməmişdir və ƏDV sub-hesaba qoyulmuş məhdudiyyət və sistemdə ortaya çıxan əsassız yazının qeyd olunduğu 2018-ci ilin 30 dekabr tarixindən hazırkı dövrədək - 1 il 2 ay 10 gün müddətində müəssisə (14x7730.87) + 2576.95 = 110 809.13 manat əldə edə biləcəyi mənfəətdən məhrum edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 13.2.8-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM, 109.9 maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM, 178.11 maddə). Belə ki, İddiaçıMMC-nin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsinə səbəb "xxxx" MMC-də (VÖEN: **********) 2015-2018-ci illər üzrə aparılmış SVY zamanı müəyyən olunmuş qara mühasibatlıq məlumatlarına əsasən müəssisənin İddiaçı MMC ilə də riskli əməliyyatlar aparılması faktlarının aşkar olunmasıdır. Bunun əsasında İddiaçı MMC xx.xx.2019-cu il tarixində riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Yuxarıda qeyd edilən dövr ərzində müəssisə tərəfindən ümumi dövriyyəsi 968.742,0 manat məbləğində göstərilmiş və büdcəyə 141.628,0 manat məbləğində vergi ödənişi edilmişdir. Lakin bununla belə müəssisənin adına heç bir aktiv təsərrüfat subyektinin qeydiyyata alınmadığı və əmək müfəttişliyinin məlumatına əsasən işçisinin olmadığı müəyyən olunmuşdur. Belə olan halda iddiaçının tədarük etdiyi mal-materialın saxlanma yeri, konkret olaraq özünün fəaliyyət göstərdiyi yer, habelə göstərdiyi xidmətlərin hansı əmək qüvvəsi ilə həyata keçirməsi barədə yaranmış suallar onun riskli vergi ödəyicisi hesab olunmasına ciddi əsaslar vermişdir. İddiaçı iddia ərizəsində vergi orqanının qanunazidd hərəkət edərək, vergi ödəyicisi barədə hər hansı araşdırma aparılmadan, cinayət məsuliyyətinə cəlb edilmədiyi halda onu riskli vergi ödəyiciləri siyahısına aid edildiyini bildirmişdir. Bununla bağlı qeyd edirlər ki, DVX-nın Vergi Cinayətlərinini ibtidai Araşdırılması Baş İdarəsində "xxxx" MMC-də (VÖEN: **********) külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə istintaq olunan ********* nömrəli cinayət işi başlanılmış və araşdırma materialları əsasında həmin müəssisənin əmtəəsiz əməliyyat aparmaq məqsədi ilə bağladığı mülki-hüquqi əqdlərdən birinin tərəfi qismində İddiaçı MMC-nin çıxış etdiyi müəyyən edilmişdir. Beləliklə, riskli vergi ödəyicisi ilə aparılan əmtəəsiz əməliyyatlar, həmçinin vergi ödəyicisinin özü tərəfindən vergi orqanına dürüst olmayan məlumatların təqdim edilməsi gəlir və xərclərin uçotunun düzgün aparılmamasına, aparılan maliyyə əməliyyatlarının uçotda əks etdirilməməsinə, nəticədə şəffaflığın təmin edilməməsinə və büdcə qarşısındakı vergi öhdəliyinin azaldılmasına dəlalət edir. Göründüyü kimi, vergi orqanı tərəfindən "xxxx" MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsassız olmamışdır. Dövlət Vergi Xidməti tərəfindən Cəmiyyətin ƏDV sub-hesabı üzrə əməliyyatlarır aparılmasında yaradılmış məhdudiyyətin aradan qaldırılmasına gəldikdə isə, iddiaçı bu halın əsaslandırılması üçün hər hansı bir sübut təqdim etməmişdir. Vergi ödəyicisinin iş qovluğu məlumatları təhlil edilərkən ƏDV sub-uçot hesabının bağlanılması halını təsdiq edən hər hansı məlumat aşkar olunmamış, müəssisə tərəfindən bununla bağlı ünvanlanmış müraciətlərin isə müvafiq qaydada cavablandırıldığı müəyyən edilmişdir. Analoji məhkəmə mübahisəsinə baxmış Ali Məhkəmənin xx.xx.2018ci il tarixli 2-1(102)-830/18 nömrəli (hakim Sevda Hüseynova) qərarında qeyd edilmişdir ki, iddiaçı hesab etmişdir ki, onun ƏDV sub-uçot hesabına məhdudiyyət cavabdeh tərəfindən qoyulmuşdur. Bu halın əsaslandırılması kimi hər hansı bir sübutu təqdim etməmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının əsaslandığı hallar hər hansı bir qaydada yoxlanılmamış və iddiaçının ƏDV sub-uçot hesabına məhdudiyyətin qoyulması hüququnun cavabdehlərdə olub-olmaması, mövcud olduğu halda, hansı əsaslarla və hansı qaydada qoyulması, qoyulduğu təqdirdə iddia tələbi ilə bağlılığı müəyyən edilməmişdir.”. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin cavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi məhdudiyyətlə vergi orqanının hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda, bildiririk ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi“ Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnaməyə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı ərizəsində müəssisənin fəaliyyətinin dayandırıldığını və bu səbəbdən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əldən çıxmış faydaya görə 110.809,13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50.000,0 manat məbləğində kompensasiyanın ödənilməsini Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Lakin uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aktiv olmuş, xx.xx.2019-cu il tarixdə təqdim etdiyi arayış əsasında fəaliyyəti dayandırılmış, lakin xx.xx.2019-cu il tarixdə bəyannamə təqdim etdiyinə görə fəaliyyəti yenidən aktivləşdirilmiş və xx.xx.2020-ci ilədək aktiv olaraq qalmışdır. Bu isə öz növbəsində vergi ödəyicisinin məhkəməyə yanlış məlumat təqdim etdiyini və onun iddiasının əsassız olaraq maddi mənfəət əldə etmək məqsədi daşıdığını göstərir. Həmçinin iddiaçının dəymiş ziyanın əvəzi olaraq 160.809,13 manat pulun ödənilməsi tələbi barədə bildirir ki, iddia tələbinə nəzər saldıqda iddiaçı hansı hərəkətlər nəticəsində zərərin dəyməsi, bu hərəkətlərlə dəymiş zərər arasında səbəbli əlaqə, habelə zərərin dəyməsini əsaslandıran dəlillər və sübutlar qeyd edilməmişdir. Göründüyü kimi, İddiaçı MMC-nin iddiası əsassız və qanunvericiliyin tələblərinə tamamilə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2022 saylı 03 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılaraq, İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi ƏDV depozit hesabı üzrə xidmətlərin göstərilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş halların heç birinin mövcud olmadığını, iddiaçının ƏDV depozit hesabındakı məhdudiyyətin olmasını əsas gətirərək iddia ərizəsini təmin etsə də, sub-uçot hesabından istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığını araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, ƏDV depozit hesabının proqram təminatı cavabdeh inzibati orqan tərəfindən idarə olunur, vergi ödəyicisinin həmin proqram təminatına hər hansı şəkildə müdaxilə etmək imkanı yoxdur, lakin vergi orqanı tərəfindən iddiaçının ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər hansı məhdudiyyət qoyulmamışdır. Bundan başqa iddiaçının adı riskli vergi ödəyicilərinin rəsmi siyahısına deyil, vergi orqanının daxilində aparılan bir siyahıya salınmışdır, rəsmi olaraq riskli vergi ödəyicilərinin siyahısına iddiaçının adının salınması ilə bağlı hər hansı qərar qəbul edilməmişdir, belə rəsmi siyahıya iddiaçının adının salınmamasının səbəbi isə onunla bağlı olmuşdur ki, Vergi Məcəlləsinin 13.2.81, 13.2.82-ci maddələrinə xx.xx.2019-cu il tarixdə müvafiq dəyişikliklər aparıldıqdan sonra belə rəsmi siyahının aparılmasına başlanılmış, hazırki işdə iddiaçı ilə əməliyyat aparan digər şirkətlə bağlı məlumatlar isə həmin dəyişikliklərin qanunvericiliyə daxil edilməsinə qədər məlum olmuşdur. Odur ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmuş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, vergi ödəyicisi olaraq müəssisənin ƏDV depozit üzrə vəsaitlərinin hərəkətinə məhz vergi orqanı tərəfindən məhdudiyyət qoyulmuşdur, belə ki, ƏDV depozit hesabının proqram təminatı vergi orqanı tərəfindən idarə olunur və vergi ödəyicisinin həmin idarəçiliyə müdaxilə etmək imkanı yoxdur. Odur ki, müəssisə vergi orqanının qoyduğu məhdudiyyətin götürülməsini tələb edir. Digər tərəfdən vergi orqanı müəssisənin əvvəllər əməliyyat apardığı başqa bir müəssisənin yol verdiyi qanun pozuntuları ilə bağlı iddiaçı müəssisənin riskli vergi ödəyicisi hesab olunacağını ehtimal etmiş, bu barədə ayrıca qərar qəbul etməsə də, 30 dekabr 2018-ci il tarixdən digər müəssisələr tərəfindən iddiaçının ƏDV depozit hesabına köçürmələr edilən zaman İnternet Vergi İdarəsində “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısı sistemdə ortaya çıxır ki, bu da müəssisənin işgüzar nüfuzuna ciddi ziyan vurur, nəticədə müəssisə xeyli miqdarda maliyyə vəsaitlərindən məhrum olur. Odur ki, iddiaçının nümayəndəsi ərizə verərək, onun ikinci tələbinin məhz digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” kimi nəzərə alınmasını və məhz bu tələbində israrlı olduğu üçün həmin tələbə mahiyyəti üzrə baxılıb onun təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi apellyasiya şikayətinin də təmin olunmamasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının müraciətinə münasibətdə cavabdeh tərəf hərəkətsizlik göstərmiş və iddiaçı müraciətindən 35 gün keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı dövründə cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 39-cu maddəsini və iddianın “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçının iddia ərizəsindən də göründüyü kimi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı tələbi 30 dekabr 2018-ci il tarixdən digər müəssisələr tərəfindən ƏDV depozit hesabına köçürmələr edilən zaman İnternet Vergi İdarəsində “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısı sistemdə ortaya çıxdığından işgüzar nüfuzuna ciddi ziyan dəydiyini və maliyyə itkilərinə məruz qaldığını nəzərə alaraq, İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi, müəssisənin işləyə bilmədiyi müddətdən hazırki dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50000 manat məbləğində vəsaitlərin (ümumilikdə 160809.13 manatın) İddiaçı MMCnin bank hesabına köçürülməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” barədə olmuşdur. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən həmin müraciətə münasibətdə hərəkətsizlik göstərilmiş, lakin sonradan məhkəmə icraatı dövründə cavabdeh inzibati orqan iddiaçının tələbinin əsassız olduğuna istinad edərək onun təmin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin “müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110.809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. Həmçinin, həmin tarixdə məhkəmə iddia tələbinin “İddiaçı MMC-nin ƏDV subhesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılaraq, İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması” kimi oxunmasını qərara almış və həmin tələblərə mahiyyəti üzrə baxaraq iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçının birinci, yəni İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması” barədə tələbinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı onun ƏDV depozit hesabına digər şəxslər tərəfindən əməliyyatlar aparılarkən, yəni vəsait ödənilərkən sub-hesab üzərində cavabdeh orqan tərəfindən məhdudiyyətin qoyulduğuna istinad edərək həmin məhdudiyyətin qoyulmasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları”na zidd olduğunu bildirir və buna görə də bu məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının ƏDV sub-hesabında ümumiyyətlə məhdudiyyətin mövcud olduğunu və bu məhdudiyyətin məhz vergi orqanı tərəfindən qoyulduğunu mübahisələndirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 4.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur. Həmin Qaydaların “ƏDV qeydiyyatının ləğvi, vergi ödəyicisinin ləğvi və yenidən təşkili ilə bağlı ƏDV sub-uçot hesabları üzrə əməliyyatların aparılması” adlanan 5-ci bəndinin 1-ci hissəsinə görə vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi onun ƏDV subuçot hesabından istifadəsinin məhdudlaşdırılması üçün əsasdır. Vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan və sonradan bu sub-uçot hesabına daxil olan pul vəsaitləri dövlət büdcəsinə köçürülür və həmin vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir. Göründüyü kimi, vergi ödəyicisinin ƏDV sub-uçot hesabının hərəkəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə həyata keçirilir və vergi ödəyicisinin ƏDV sub-uçot hesabından istifadəsinin məhdudlaşdırılması yalnız vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı mümkündür. Bu fakt apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsinin verdiyi izahatla da təsdiq olunmuşdur. Belə ki, nümayəndə izahatında vergi orqanı tərəfindən iddiaçının ƏDV subuçot hesabı üzrə vəsaitlərin hərəkətinə hər hansı məhdudiyyətin qoyulmadığını bildirsə də, həmin sub-uçot hesabının proqram təminatının vergi orqanı tərəfindən idarə olunduğunu və vergi ödəyicisinin həmin proqram təminatına hər hansı şəkildə müdaxilə etmək imkanının olmadığını təsdiqləmişdir. İşə birinci instansiya qaydasında baxılarkən keçirilmiş məhkəmə kompyuter-texniki ekspertizasının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 5/785 saylı Ekspert rəyində göstərilmişdi ki, tədqiq olunan “www.etaxes.gov.az” internet resursda ”Manar-Qala” MMC-yə məxsus hesabına “Digər sub-uçot hesaba köçürmə” üsulu ilə digər hesablardan köçürmələri həyata keçirmək mümkün olmamış, “www.e-taxes.gov.az” internet resursda saxlanılan məlumatlara, informasiyanı əks etdirən serverlərə və məlumat bazalarına baxışın keçirilməsi mümkün olmamış və bu səbəbdən qeyd olunan üsullar ilə köçürülmələrinin həyata keçirilməsində yaranan məhdudiyyətin texniki xassələrini (texniki qüsur, nəzərdə tutulmuş texniki əməliyyat, kənar müdaxilə və digər səbəblər) müəyyən etmək mümkün olmamışdır. Beləliklə, aparılan araşdırmalar onu deməyə əsas verir ki, vergi ödəyicisinin ƏDV sub hesabı üzrə əməliyyatlar aparılmasında məhdudiyyət mövcuddur və müəssisənin ƏDV sub-uçot hesabının proqram təminatı yuxarıda adı çəkilən qanunvericilik normalarına görə vergi orqanı tərəfindən idarə olunduğu üçün həmin proqram təminatına vergi ödəyicisinin hər hansı şəkildə müdaxilə etmək imkanı yoxdur, ona görə də bu məhdudiyyətin məhz vergi orqanı tərəfindən yaradılması istisna olunmur. Nəzərə alınmalıdır ki, sözügedən məhdudiyyətin qoyulması üçün yuxarıda adı çəkilən Qaydalarda göstərilən hal- vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi iş üzrə müəyyən olunmur. Bu halı cavabdeh orqan da mübahisələndirmir. Belə olan halda iddiaçı həmin məhdudiyyətin məhz vergi orqanı tərəfindən heç bir qanuni əsas olmadan qoyulduğuna istinad edərək onun aradan qaldırılmasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “ƏDV sub hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən də düzgün olaraq təmin olunmuşdur. İddiaçının digər tələbinə, yəni “digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV subhesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar- Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla yuxarıda da qeyd olunduğu kimi, iddiaçının tələbi məhz digər şəxslər tərəfindən onun ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd olunan “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi ilə bağlı olmuşdur. Lakin iş materiallarından görünür ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə öz təşəbbüsü ilə iddiaçının həmin tələbinin “İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması” kimi nəzərə almış və həmin tələbə mahiyyəti üzrə baxaraq onun təmin olunması barədə qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, vergi orqanı tərəfindən "xxxx" MMC-də səyyar vergi yoxlaması keçirilən zaman müəssisənin İddiaçı MMC ilə 2015-2018-ci illər üzrə “qara mühasibatlıq” məlumatlarına əsasən riskli əməliyyatlar aparması faktı aşkar edilmiş və bunun əsasında vergi orqanının deməsinə görə, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçının adının vergi orqanı tərəfindən riskli vergi ödəyicilərinin siyahısına salınması ilə bağlı hər hansı qərar qəbul edildiyi və ya belə qərar qəbul edilmədən onun adının mövcud rəsmi siyahıda olmasını təsdiq edən müvafiq siyahıdan çıxarış təqdim olunmamışdır. İş üzrə birinci instansiya məhkəməsi 2018-ci ildə alqı-satqı əməliyyatları aparılan zaman İddiaçı MMC-nin müqavilə tərəfinin riskli vergi ödəyicisi olub-olmamasını müəyyən etməyin texniki cəhətdən qeyri-mümkün olduğunu və qeyri-müəyyənliyə görə hüquqi şəxsin (iddiaçının) məsuliyyət daşımadığını nəzərə alaraq onun adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin vergi orqanının üzərinə qoyulması qənaətinə gəlmişdir. Halbuki məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının onun adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması ilə bağlı hər hansı tələbi olmamış, tələb yalnız vergi orqanın qoyduğu məhdudiyyətlə bağlı digər şəxslər tərəfindən onun ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd olunan “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi ilə bağlı olmuşdur. Bununla yanaşı, iş üzrə qeyd olunduğu kimi, iddiaçının adının riskli vergi ödəyicilərinin siyahısına salınması ilə bağlı vergi orqanının hər hansı qərarı olmamış, məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi isə iddiaçının adının belə rəsmi siyahıya deyil, vergi orqanının daxilində aparılan qeyri-rəsmi bir siyahıya salındığını bildirmişdir. Bu fakt onu deməyə əsas verir ki, iddiaçının adının riskli vergi ödəyicilərinin siyahısına salınması ilə bağlı vergi orqanının hər hansı qərarı olmadığı və onun adının belə siyahıda olması təsdiq olunmadığı halda vergi ödəyicisinin adının belə siyahıdan çıxarılması da mümkünsüzdür. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizədən də müəyyən olundu ki, iddiaçının ikinci tələblə bağlı hüquqi marağı məhz İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması olmaqla yanaşı, həm də məhz digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsinə yönəlmişdir. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almadan, vergi orqanı tərəfindən iddiaçının adının riskli vergi ödəyicilərinin siyahısına salınması ilə bağlı qərarın qəbul edilibedilmədiyini araşdırmadan, belə qərar olmadığı halda həmin rəsmi siyahıda iddiaçının adının mövcud olduğuna əmin olmadan öz təşəbbüsü ilə iddia tələbini “vergi ödəyicisinin adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” kimi nəzərə almış və həmin tələbə mahiyyəti üzrə baxaraq onu təmin etmişdir. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 13.2.81, 13.2.82-ci maddələrində göstərilən “riskli vergi ödəyicisi” və “əmtəəsiz əməliyyat” anlayışları vergi qanunvericiliyinə xx.xx.2019-cu ildə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun əsasında daxil edilmişdir. xx.xx.2019-cu il tarixdə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdən qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 1.1.5-ci bəndində isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82ci maddəsinə uyğun olaraq, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi qərara alınmışdır. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş, 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmişdir. Eyni zamanda qeyd olunur ki, Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarının 1.3-cü bəndinə görə riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Qərarın 1.4-cü bəndinə görə vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Sadalanan normaların mənasına görə, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir və belə vergi ödəyicilərinin rəsmi qaydada siyahısı da məhz vergi orqanı tərəfindən aparılır. Lakin hazırki işdə yuxarıda da qeyd olunduğu kimi, iddiaçının riskli vergi ödəyicisi olması ehtimalının müəyyən olunduğu dövr- 2018-ci il olmuş, həmin dövrdə də yuxarıda qeyd olunan normalar mövcud olmamış, bu barədə sonradan qanunvericilikdə müəyyən dəyişikliklər aparılsa da, iddiaçının riskli vergi ödəyicisi olması ilə bağlı vergi orqanı tərəfindən müvafiq qərar qəbul edilməmiş və onun adı rəsmi qaydada aparılan riskli vergi ödəyicilərinin siyahısına salınmamışdır. Cavabdehin sözlərinə görə, iddiaçının adının vergi orqanında daxili qaydada aparılan riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə dəlilə gəldikdə isə bu barədə mövcud siyahıdan çıxarış məhkəməyə təqdim edilmədiyi üçün iddiaçının adının həqiqətən də belə siyahıda olması faktı təsdiqlənmir və cavabdehin bu dəlili heç də iddiaçının adının riskli vergi ödəyiciləri siyahısında olmasına dəlalət etmir, onun adının mövcud olmayan siyahıdan çıxarılması üçün də əsas vermir. Belə olan halda iddiaçının adının mövcud olmadığı siyahıdan çıxarılması məsələsindən söhbət gedə bilməz. Odur ki, iddiaçı digər şəxslər tərəfindən onun ƏDV sub hesabına əməliyyatlar aparılan zaman idarəçiliyi vergi orqanı tərəfindən həyata keçirilən proqram təminatında yaranmış məhdudiyyətlə bağlı elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsini cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı “Manar-Qala MMC”-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı hissədə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, digər- iddiaçı “Manar- Qala MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində prosessual pozuntuya yol verilərək, iddiaçının belə tələbinin olmaması səbəbindən ləğv edilməli, həmin hissədə iddia iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilməli, digər şəxslər tərəfindən “Manar-Qala MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, “iddiaçı “Manar-Qala MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilməli, digər şəxslər tərəfindən “Manar- Qala MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalı, qərar qalan hissədə (birinci tələbə münasibətdə) dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2022 saylı 03 mart 2022-ci il tarixli qərarı qismən, “iddiaçı “Manar-Qala MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilsin. Digər şəxslər tərəfindən “Manar-Qala MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərar qalan hissədə (birinci tələbə münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar