Məhkəmə qərarları › İş №2-1(103)-2088/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2088/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2088/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə yazılı cavab verilməsi və poçt vasitəsilə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4343/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə 2 dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı ildən xx.xx.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hazırda ehtiyatda olan zabit, Prezident təqaüdçüsü, 2014-cü ildən 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən xx.xx.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə o əyani müayinə olunmuş və əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA nömrəli forma 88 yazılıb elektron sistemə daxil edildikdə, ona xx.xx.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Bu barədə xx.xx.2021-ci il tarixə kimi dəfələrlə, xx.xx.2021-ci il tarixdə isə axırıncı dəfə onun şəxsi kabinetinə cavabdehin cavab məktubu yerləşdirilərək orada göstərilmişdir ki, “0280003AAFMA nömrəli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir". Eyni zamanda bu barədə iddiaçının şəxsi kabinetində qeydiyyat var və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək iddiaçının elektron şəxsi kabinetinə cavabdeh tərəfindən qeyd edilən məzmunda 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə ona göndərilməmiş, o, bu barədə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı şəxsi kabinetinə baxış keçirərkən görmüşdür ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşmüş, əlilliyin axrıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir. Bu səbəbdən o cavabdehə dəfələrlə müraciət etmişdir. Hazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixdə müraciətinə cavabdeh tərəfindən cavab verilməyərək “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbləri növbəti dəfə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4343/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2566/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4343/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2-1(103)-2566/2022 nömrəli qərardadı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “ iş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət edib və həmin müraciət cavabdeh tərəfindən qəbul edilib (iş v. 5). Həmçinin iş materiallarında həmin sənədin son icra tarixi xx.xx.2021-ci il göstərilmişdir (iş v. 28) Beləliklə, məhkəmənin yuxarıda qeyd edilən əsaslarla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etdiyini və həmin müraciətin cavablandırılmadığını bildirsə də, həmin müraciətini və müraciətin göndərilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş və hazırkı halda iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dəlilini iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. İş materiallarından göründüyü kimi İddiaçı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etmiş və həmin müraciət cavabdeh tərəfindən qəbul edilərək, son icra tarixi xx.xx.2021-ci il göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4343/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4343/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə yazılı cavab verilməsi və poçt vasitəsilə göndərilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar