Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2088/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Alışanova (Məmmədzadə) Türkan Elşən qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3384/2024 saylı, 08 fevral 2024-cü il qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Alışanova (Məmmədzadə) Türkan Elşən qızı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 29 iyul 2022-ci il tarixdə X2 Universiteti tərəfindən iddiaçıya verilən НЕМ seriyalı, 000747 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-2022-ci illərdə X2 Universitetində “Biznesin idarə edilməsi" ixtisası üzrə əsas (baza ali) təhsil almışdır. 29 iyul 2022-ci il tarixində ona verilən НЕМ seriyalı, 000747 nömrəli diplomu üzrə ixtisasın tanınması məqsədilə 18 avqust 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Agentlik təhsili barədə hərtərəfli araşdırma aparmadan qısa bir zaman ərzində əldə etdiyi xarici ixtisasın tanınmasından 11 sentyabr 2023-cü il tarixində imtina etmişdir. Hesab edir ki, Agentlik tərəfindən qəbul edilən qərar qanunsuzdur. İmtina məktubunda göstərilir ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Agentlik nəzərə almamışdır ki, onun təhsil aldığı dövrün yarısından çox bir hissəsi (2019/2020-ci, 2020/2021-ci və 2021/2022-ci tədris illəri) pandemiya dövrünə təsadüf etmişdir. Bu halda bütün dünya xüsusi karantin rejimi tətbiq etdiyi və dünya ölkələri təhsili distant əsaslarla tətbiq etdikləri bir dövrdə onun Gürcüstana getməyi mümkünsüz idi. Bununla da Agentliyin inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələblərinin nəzərə almaması müəyyyən edilir. Belə ki, “İnzibati icraat haqqında" Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Agentlik imtina aktında heç cür normativ müddət anlayışına aydınlıq gətirmir və bu anlayışı izah etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na istinad edir. Halbuki, cavabdeh 4-cü bənddə göstərilən standartların Gürcüstanda deyil, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunmasını nəzərə almamışdır. Gürcüstanda tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normativlərə uyğun deyil, yerli standartlara əsasən aparılır. Agentlik iddiaçını icraata cəlb etməmiş və bu səbəbdən də nəzərə almamışdır ki, o şəxsi həyatı ilə bağlı ilk iki tədris ilində bəzi dərslərdə iştirak edə bilməmiş, məhz bu səbəbdən 8 semestr üçün nəzərdə tutulmuş təhsil proqramını 10 semestrə (4 il əvəzinə 5 il) başa vurmuşdur. Agentlik icraat apararkən hərtərəfli araşdırma aparmamış, əlavə sualların cavablandırılması üçün iddiaçını icraata cəlb etmək əvəzinə bütün hallarda şəxsi mülahizələr əsasında ona aydın olmayan detalları onun əleyhinə yozmaqla qanunsuz qərar qəbul etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğu müəyyən edilmişdir: 2017/2018-ci tədris ili üzrə - 24 gün; 2018/2019-cu tədris ili üzrə - 11 gün; 2019/2020-ci tədris ili üzrə -5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü); 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü); 2021/2022-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü), təhsil müddəti 4 ildir. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Sonda iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3384/2024 saylı, 08 fevral 2024-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında Konvensiya” iştirakçı ölkələrin diplomlarının hər bir ölkənin daxili qanunvericiliyi, xarici diplomların tanınmaq üçün müəyyən etdiyi prosedurlar əsasında tanınmasına əsas verir. Azərbaycanda da bu qaydalar Nazirlər Kabineti tərəfindən təsbit olunub. Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplomu almasıdır. Əgər bu şərtlər ödənilibsə, nazirliyin diplomu tanımamağa əsası yoxdur. Tələbələrin (hazırki halda iddiaçının) təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvaliflkasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nın xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hal mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Göründüyü kimi normativ hüquqi aktlarda xarici dövlətlərin ali təhsil sahəsində kvalifikasıyanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar mövcud olmuşdur ki, hazırki iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur. Azərbaycan Respublikasının qanunvericiliyində ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuşdur. Qanunvericilikdə qiyabi təhsil forması zamanı distant təhsil formasından istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır. Mövcud (qiyabi) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə edilməsinin qanunvericilik tərəfindən qadağan olunması qeyd edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - X2 Universiteti tərəfindən 29 iyul 2022-ci il tarixdə verilmiş НЕМ seriyalı, 000747 nömrəli bakalavr diplomunun və ona əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həmin Universiteti biznesin idarəedilməsi ixtisası üzrə əyani təhsil formasında oxuyub bitirmiş və ona bakalavr dərəcəsi verilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli NA00016727 saylı qərarından görünür ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - İddiaçıya aid sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 1-ci il 24 gün, 2-ci il 11 gün, 3-cü il 5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) Gürcüstan Respublikasının ərazisində olmuşdur. 4-cü və 5-ci kurslar pandemiya dövrünə təsadüf etdiyindən getməmişdir. İşdən müəyyən olunur ki, iddiaçıya X2 Universiteti tərəfindən əyani təhsil formasında bakalavriat proqramını bitirdiyindən 29 iyul 2022-ci il tarixdə НЕМ seriyalı, 000747 nömrəli biznesin idarəedilməsi ixtisası üzrə bakalavr diplomu verilmiş, həmin diplom apostil olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət edərək, aldığı diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina edilmişdir. İmtina isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığında ölkədə qısa müddətdə olmuş və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İddiaçı tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisaslarının tanınması haqqında Konvensiya”da qeyd olunan şərtlərin ödənilməsindən və mövcud (qiyabi) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə edilməsinin qanunvericilik tərəfindən qadağan olunmamasından ibarətdir. Halbuki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin xüsusi halları baxımından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyinə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığına dair cavabdehin imtinası əsaslıdır. Belə ki, iddiaçı 1-ci il 24 gün, 2-ci il 11 gün, 3-cü il 5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) Gürcüstan Respublikasının ərazisində olmuşdur. 4-cü və 5-ci kurslar pandemiya dövrünə təsadüf etdiyindən getməmişdir. Kollegiya nəzərə alır ki, pandemiya dövründə iddiaçının distant təhsil alması onun iradəsindən kənar xüsusi fövqəladə şəraitin diqtəsi ilə bağlı olmuşdur. Lakin digər təhsil dövrü ilə baglı qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar təqdim olunmamışdır. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin əyani formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq əyani və distant fərqli təhsil formalarıdır. Ona görə də iddiaçının halına münasibətdə əyani təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin əyani formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış əyani formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin əyani formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Apelyasiya şikayətində bir neçə yerdə “mövcud (qiyabi) təhsil forması zamanı digər (distant) təhsil formasından istifadə edilməsinin qanunvericilik tərəfindən qadağan olunmasının qeyd edilməməsi” vurğulandığından məhkəmə kollegiyası qeyd edir ki. həmin dəlilin hazırkı işə heç bir aidiyyəti yoxdur. Belə ki, işdən də görünür ki, İddiaçı qiyabi yox, əyani təhsil almışdır. İşin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş X2 Universiteti tərəfindən 29 iyul 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, iddiaçı Alışanova (Məmmədzadə) Türkan Elşən qızı qeyd olunan Universitetdə hibrid formada təhsil alırdı. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təhsilalmanın hibrid forması nəzərdə tutulmamışdır. Belə ki, “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3384/2024 saylı, 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3384/2024 saylı, 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2088/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2088/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver