Məhkəmə qərarları › İş №2-1(103)-2089/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2089/2021

01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2089/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X2 qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması, 01.03.2019-cu il tarixdən 160 manat, 01.10.2019cu il tarixdən 320 manat məbləğində ona pensiya təyin edilməsi və 1136,64 manat alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2173/2021 saylı iş üzrə qəbul etdiyi 04 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2173/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı pensiyanın yenidən hesablanması, 01.03.2019-cu il tarixdən 160 manat, 01.10.2019-cu il tarixdən 320 manat məbləğində ona pensiya təyin edlməsi və 1136,64 manat alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin olunmamışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,“Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləğini müəyyən edən SH = PSK/T düsturda + həmin Qanunun 01.01.2021-ci il tarixədək qüvvədə olmuş 19-cu maddəsində nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr göstərilmədiyinə görə həmin əlavələr pensiyanın sığorta hissəsinin tərkibini təşkil etmir.“Əmək pensiyaları haqqında” Qanunun 19.2.-ci maddəsi ləğv edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli fərmanı ilə 01.01.2021-ci il tarixdən əmək pensiyasının sığorta hissəsinə əlavənin əvəzinə həmin 120 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Göründüyü kimi Qanunun 19.2.-ci maddəsində göstərilmiş əlavə əmək pensiyasının sığorta hissəsinin tərkibini təşkil etmədiyi üçün prezident təqaüdü ilə əvəz olunmuşdur. Əgər həmin əlavə cavabdehin düşündüyü kimi sığorta hissəsinin tərkibi olsa idi onu sığorta hissəsindən ayırmaq mümkün olmazdı. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin 18.10.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya 01.01.2019-cu il tarixdən yaşa görə 245.44 manat (SH 125.44 + Elmlər Namizədi 120) əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı il tarixədək iş stajı 25 il təşkil edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29.06.2020-ci il tarixli bildirişində göstərilmişdir: ““Əmək pensiyaları haqqında” AR Qanunun 6-1 maddəsinin tələbinə əsasən bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bu səbəbdən də fəlsəfə doktoru elmi dərəcənizə görə verilən əlavə də nəzərə almaqla pensiyanızın ümumi məbləği pensiyanın minimum məbləğindən az olarsa, o halda pensiyanın minimum məbləğinə çatdırılır. Nəzərinizə çatdırırıq ki, Sizin pensiyanızın məbləği “Əmək pensiyaları haqqında” AR Qanunun tələblərinə müvafiq olaraq düzgün hesablanmışdır.” Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət edərək, pensiyasının yenidən hesablanması, 01.03.2019-cu il tarixdən 160 manat, 01.10.2019-cu il tarixdən 320 manat məbləğində ona pensiya təyin edlməsi və 1136,64 manat alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsinin nəticəsi ilə Kollegiya razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun; - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. - 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. - 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin qanunun 29 dekabr 2020-ci il tarixədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 60 nömrəli Qərarının 11-ci bəndinə əsasən birinci, ikinci, üçüncü kateqoriyalı elmi və elmitədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmitədqiqat idarələrinin rəhbər və elmi işçilərinin X4 müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına əlavələr müəyyən olunmuşdur. Həmin qərarın 12-ci bəndinə əsasən, bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Həm də, qüvvədə olan qanunvericiliyə görə pensiyanın ümumi məbləği pensiyanın minumum məbləğindən az olarsa, o halda pensiyanın minimum məbləğinə çatdırılır. İşin hallarından görünür ki, iddiaçıya 01.0.2019-cu il tarixdən 125,44 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Növbəti müraciətindən sonra əlavə təqdim etdiyi sənədləri əsasında ona fəlsəfə doktoru elmlər namizədi olması nəzərə alınmaqla 01.01.2019-cu il tarixdən yaşa görə 245.44 manat (SH 125.44 + Elmlər Namizədi 120) əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən yuxarıda sadalanan normaların tələbləri pozulmadan qanunauyğun şəkildə iddiaçıya hüququnun yarandığı tarixdən müvafiq əlavə də nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası fəlsəfə doktoru elmlər namizədi olmasına görə ona ödənilən 120 manat əlavənin pensiyanın sığorta hissəsinə aid olmamasına dair apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə ödənilən 120 manat məbləğində vəsaitin əmək pensiyasının sığorta hissəsinin tərkib hissəsini təşkil etməsi 29 dekabr 2020-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun 19.2-ci madəsində nəzərdə tutulmuşdur. Belə olan halda, elmi dərcəyə görə ödənilən məbləğin pensiyanın sığorta hissəsinə aid olmamasına dair iddiaçının dəlili əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2173/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Həmid Həmidov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar