Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2089/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Sarıvəlli İsrafil oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və fərqin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-798/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək H.Əliyev adına Bakı NEZ-da faktiki işlədiyi müddət nəzərə alınmaqla illərin və 1932-ci il təvəllüdlü 70 yaşlı ahıl atası X2 xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi, xüsusi şərtlərlə güzəşt hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, pensiyaya çıxdığı xx.xx.2017-ci ildən əvvəlki 3 il üçün, yəni xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək yaranan fərqin hesablanaraq bir dəfəyə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək H.Əliyev adına Bakı X6nda faktiki işlədiyi müddət nəzərə alınmaqla, 1932-ci il təvəllüdlü 70 yaşlı ahıl atası X2 xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək qulluq etdiyi müddətin də sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci ilə tarixədək yaranan fərqin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-798/2022saylı, 16 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2007-ci il tarixədək "Azərneftyağ” istehsalat Birliyinin 502 saylı yağların selektiv təmizləmə qurğusunda texnoloji qurğu əməliyyatçısı peşəsində işlədiyi dövr güzəştli pensiya hüququnun yaranmasına əsas verməsinə baxmayaraq, məhkəmə işin bu hallarına səhv mövqedən yanaşmış və əsasssız olaraq onun 1 avqust 1997-ci il tarixə qədər qanunvericiliklə nəzərdə tutulmuş staja malik olmamağı barədə nəticəyə gəlmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında nəzərdə tutulmasına baxmayaraq, məhkəmə qanunsuz və əsassız olaraq onun 1997-ci il tarixədək qanunvericilikdə tələb olunan müddətdə güzəştli iş stajının olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında»” Azərbaycan Respublikası Qanununun 32.1 -1-ci maddəsinin 1 -ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Onun pensiya hüququ 2017-ci il tarixə qədər yaranmış və pensiyanın təyin edilməsi ilə bağlı həmin tarixdən sonra müraciət etmişdir. Lakin məhkəmə göstərilən halları nəzərə almadan güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci ilə tarixədək yaranan fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini əsassız hesab etmişdir. Məhkəmə həmçinin 1932-ci il təvəllüdlü 70 yaşlı ahıl atası X2 xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək qulluq etdiyi müddətin də sosial sığorta stajına daxil edilmə tələbini buna dair heç bir əsaslandırma qeyd etmədən rədd etmişdir. Birinci instansiya məhkəməsi inzibati işə baxarkən işin hallarını düzgün araşdırmamış və bunun nəticəsində düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf iddianın əsassız olduğunu və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddianın təmin edilməsini xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı ona 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək yaranan fərqin hesablanaraq ödənilməsini tələbilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək cavabdeh inzibati orqana qarşı iddia qaldırmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. ... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 52 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajı olmalıdır; İş materiallarından görünür ki, iddiaçının ümumi stajı xx.xx.2006-cı ilə qədər tamamlanmışdır ((xx.xx.1980-xx.xx.1979)+(xx.xx.1982-xx.xx.1980)+(xx.xx.2006xx.xx.1982) = 25 il 11 ay 9 gün ). İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yerinə yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X6 tərəfindən göndərilmiş 17 dekabr 2021-ci il məktubdan görünür ki, İddiaçı xx.xx.1996xx.xx.2007-ci illər dövründə keçmiş “Azərneftyağ” X6nun 5 saylı texnoloji sexin 502 saylı yağların furfurolla təmizlənməsi qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir. İş materiallarında olan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X6 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1996cı il tarixdən xx.xx.2007-ci il tarixədək "Azərneftyağ” İstehsalat Birliyinin 502 saylı yağların selektiv təmizləmə qurğusunda texnoloji qurğu əməliyyatçısı peşəsində işlədiyi dövr ərzində estakadalarda neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı 2005-ci il tarixinə qədər benzinlərin oktan ədədini qaldırmaq məqsədi üçün etil mayesindən istifadə olunmuşdur. Yuxarıda qeyd edilən dövr ərzində NEZ-də kükürdlü neft emal olunmamışdır.” İş materiallarında olan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X6 tərəfindən göndərilmiş 17 dekabr 2021-ci il məktubdan görünür ki, İddiaçı xx.xx.1996xx.xx.2007-ci illər dövründə keçmiş “Azərneftyağ” X6nun 5 saylı texnoloji sexin 502 saylı yağların furfurolla təmizlənməsi qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir. İş materiallarında olan 30 sentyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçının xüsusi iş stajı 10 ildən az, 9 il 9 ay 25 gündür ((xx.xx.1996-xx.xx.1996= 5 ay 26 gün)+ (xx.xx.2006-xx.xx.1996=9 il 3 ay 29 gün)= 5 ay 26 gün + 9 il 3 ay 29 gün= 9 il 9 ay 25 gün). Beləliklə iş materiallarından da görünür ki, İddiaçı xüsusi iş stajı xx.xx.2006-cı ilə qədər tamamlanmamışdır. Eyni zamanda Kollegiyanın iclasında iştirak edən iddiaçının vəkili bildirmişdir ki, iddiaçı ümumiyyətlə kükürdlə işləməmiş, peşəsinə uyğun olaraq furfurolla işləmişdir. Buna münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda iddiaçının peşəsinə uyğun olaraq furfurolla işləməsi həmin siyahıya uyğun olaraq zərərli hesab edilərək, öz təsdiqini tapmış olsa belə həmin dövr xx.xx.1996-xx.xx.2006-ci illəri əhatə etdiyindən yenə də qanunvericiliklə tələb olunan müddət tamamlanmır. Beləliklə, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən pensiya təyin olunması barədə iddia tələbinin təmin edilməməsi ilə nəticələnən qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Bundan əlavə iddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 1932-ci il təvəllüdlü, 70 yaşlı ahıl atası X2 xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək qulluq etdiyi müddətin də sosial sığorta stajına daxil edilməli olduğunu bildirmişdir. Əmək pensiyaları haqqında qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Kollegiya apelyasiya şikayətinin yuxarıda qeyd edilən hissəsinə münasibətdə bildirir ki, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İş materiallarından göstərilən halların mövcud olması ilə bağlı hər hansı bir hal müəyyən edilmir. Eyni zamanda Kollegiya bildirir ki, iddiaçının göstərdiyi müddət hətta, onun ümumi sığorta stajına daxil edilsə belə, iddiaçının müvafiq güzəştli sığorta stajı mövcud olmadığından məhkəmənin yekun qərarına təsiri olmayacaqdır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-798/2022 saylı iş üzrə qəbul etdiyi 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2089/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2089/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver