Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2090/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1, Tərcüməçi X2 qızının iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2617/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2617/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının pensiya kapitalı ilə bağlı araşdırma aparmamış, cavabdeh orqan isə pensiya kapitalı ilə bağlı məlumatları gizlətmişdir. Lakin iddiaçının 25 il stajı ilə birlikdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da nəzərə alınmalı idi. Məhkəmə kollegiyasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasında iştirak edən cavabdehin nümayədəsi apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını izahatını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, iddiaçı sonuncu dəfə cavabdeh inzibati orqana 22.06.2020-ci il tarixdə məktubla müraciət edərək ona yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi 23.06.2020-ci il tarixdə məktubu rəsmi qaydada qəbul etməsinə baxmayaraq bu günə kimi cavab verməmişdir. Bundan əvvəl iddiaçı dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və 26.04.2019cu il tarixli, 20.09.2018-ci il tarixli,12.09.2018-ci il tarixli, 24.05.2018-ci il tarixli məktublardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qeyd edilən məktublarda imtina onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 60 yaşına çatmış qadınların ( bu yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci ilin iyul 1-dək hər il 6 ay artırılır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (yaşa görə əmək pensiyası hüququ vardır. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 il 06 ay yaşının tamam olduğu 26.02.2018-ci il tarixə tələb olunan 25 ildən artıq iş stajının əvəzində iddiaçının yalnız 21 il, 03 ay, 05 gün iş stajı toplanmışdır. Buna görə də iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbində haqlı olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* saylı 25.06.1977-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçı 05.10.1976-cı il tarixdə № 230, 07.10.1976-cı il tarixli əmr ilə “Bakı ayaqqabı ticarət”də 40 saylı mağazaya satıcı şagirdi vəzifəsinə qəbul edilmişdir. 26.10.1976-ci il tarixdə 38 saylı mağazaya həmin vəzifəyə keçirilmişdir (26.10.1976-cı il tarixli, əmr № 247), 10.06.1977-ci il tarixdə kiçik satıcı ixtisası verilmişdir və 10 saylı mağazaya kiçik satıcı vəzifəsinə keçirilmişdir (20.06.1977-ci il tarixli, əmr № 120), 25.06.1977-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (öz xahişi ilə) 04.07.1977-ci il tarixli, əmr № 132), 16.08.1977-ci il tarixdə Eksperimental sexə yığıcı şagirdi qəbul edilmişdir (12.08.1977-ci il tarixli, əmr № 509), 17.11.1977-ci il tarixdə yığıcı şagirdi vəzifəsinə keçirilmişdir (16.11.1977-ci il tarixli, əmr № 573), 24.01.1978-ci il tarixdə komplektləşdirmə şöbəsinə 1-ci dərəcəli düzücü-qablaşdırıcı vəzifəsinə keçirilmişdir (23.01.1978-ci il tarixli, əmr № 22), 15.09.1978-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddasinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (18.09.1978-ci il tarixli, əmr 460a), 17.10.1978-ci il tarixdə Az OQ MM-də Katibə-makinaçı vəzifəsinə qəbul edilmişdir (17.10.1978-ci il tarixli, əmr № 97), 02.01.1979-cu il tarixdə Azərbaycan SSR ƏM 37-ci maddəsinə əsasən öz xahişi ilə azad edilmişdir (02.01.1979-cu il tarixli, əmr № 123), 08.01.1979-cu il tarixdə 1 saylı stomatoloji poliklinikada katibə - makinaçı vəzifəsinə qəbul edilmişdir (08.01.1979-cu il tarixli, əmr № 3 § 2), 04.07.1979-cu il tarixdə Az SSR ƏM 37K30-cu maddəsinə əsasən tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir (03.07.1979-cu il tarixli, əmr № 58), 28.01.1981-ci il tarixdə Bakı şəhərlərarası telefon stansiyası İstehsalat təcrübəsi müddətində üçüncü sinif planmaliyyə qrupu telefonçu şagirdi vəzifəsinə təyin edilmişdir ( 26.01.1981-ci il tarixli, əmr № OK/ 7), 06.07.1981-ci il tarixdə İstehsalat təcrübəsi bitdiyinə görə tutduğu vəzifədən azad edilmişdir (9 iyul 1981-ci il tarixli, əmr № OK/45), 16.02.1983-cü il tarixdə Az.SSR dövlət radio və televiziya komitəsi makinaçı vəzifəsinə qəbul edilmişdir (05.02.1983-cü il tarixli, əmr № 48 k), 11.10.1983-cü il tarixdə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmişdir (13.10.1983-cü il tarixli, əmr № 216 k), 25.12.1984-cü il tarixdə Azərbaycan dövlət Filarmoniyası Dövlət xor kapellasına xor artisti kimi qəbul edilmişdir (24.12.1984-cü il tarixli, əmr № 146), 14.01.1990-cı il tarixdə Azərbaycan SSR ƏM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (12.01.1990-cı il tarixli, əmr № 16k), 15.01.1990-ci il tarixdə Azərbaycan SSR Dövlət Radio və Televiziya Komitəsinə Xor artisti vəzifəsinə qəbul edilmişdir. (12.01.1990-cı il tarixli,əmr №16k), 28.04.1994-cu il tarixdə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsilə (öz xahiş ilə) işdən azad edilmişdir. (06.05.1994-cu il tarixli № 313k). - İddiaçıya məxsus ИТ-İ ******* saylı 04.05.1995-ci il tarixdə doldurulmuş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, iddiaçı 26.04.1994-cü il tarixdən (25.04.94-cü il tarixli, əmr №285) 20.08.2001-ci il tarixə (20.08.2001-ci il tarixli, əmr № 285) qədər Bakı şərnişin stansiyasında arayışların verilməsi üzrə növbətçi vəzifəsində işləmişdir. İddiaçıya məxsus A seriyalı № 751081 saylı diplomun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1980-ci il tarixdən 30.06.1981-ci il tarixə qədər Bakı şəhər 83 nömrəli texniki peşə məktəbində katibə stenoqrafistka peşəsi üzrə təhsil almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli, **********4 saylı arayışından görünür ki, hazırda iddiaçı yaşa görə 130 manat məbləğində aylıq sosial müavinət alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın tələbindən görünür ki, qadınların pensiya hüququnun yaranması üçün ən azı 60 yaşına çatması, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və yaxud 25 il sığorta stajı olması tələb edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4- cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, onun 60 il 06 ay yaşı 26.02.2018-ci il tarixdə tamam olmuşdur və bu tarixdən də iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının tələb edilən 25 il yox, cəmi 22 il, 03 ay, 13 gün ( 8 ay 20 gün + 1 il 00 ay 29 gün + 2 ay 15 gün + 5 ay 26 gün + 5 ay 8 gün+8 ay 1 gün + 6 il 00 ay 19 gün + 4 il 3 ay 13 gün + 7 il 3 ay 24 gün + 1 il təhsil müddəti=22 il 3 ay 13 gün) iş stajı var. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatdan görünür ki, minimum tələb olunan pensiya kapitalının məbləği 15840 manatdır, lakin hazırda iddiaçının pensiya kapitalının məbləği 14101 manat təşkil edir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən və pensiya təyin edilməsi üçün tələb edilən 25 il əmək stajı və ya minimum pensiya kapitalı yoxdur. Belə ki, iddiaçının 22 il, 03 ay, 13 gün iş stajı və 14101 manat pensiya kapitalı vardır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apelyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır, bu səbədən də apelyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2617/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aida Hüseyn Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2090/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2090/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver