Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2091/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2192/2021 saylı 20 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin hansı orqanın - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, yoxsa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olması və aidiyyəti orqanın üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, o, 02.05.1986-cı il tarixdən 30.06.1988-ci il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. N0-cı ilin 21 noyabrında könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində olan N nömrəli hərbi hissəyə xidmət etmək üçün daxil olmuşdur. Bundan sonra N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmətini N3-cü ilin avqust ayının 23-də N saylı alayda başa vurmuşdur. N saylı alayın komandiri kapitan Babayev olmuşdur. 2020-ci ilin mart ayında Bakı İnzibati Məhkəməsində Müdafiə Nazirliyinə qarşı veteran statusu və vəsiqəsinin verilməsi tələbi barədə iddia qaldırmışdır. Qarabağ uğrunda döyüşlərdə könüllü iştirak etdiyi üçün tələbinin Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olduğu üçün məhkəmənin tövsiyəsi ilə ərizəni məhkəmədən geri götürüb 2020-ci ilin sentyabr ayında həm Müdafiə nazirliyinə, həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən şöbə rəisi polkovnik Əjdər Babazadənin 06.10.2020-ci il tarixli məktubu ilə ona Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası"na müraciət etməsi tövsiyə edilmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehlər sırasından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin çıxarılmasını xahiş etmiş və 20.05.2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin prosessual iştirakına xitam verilmişdir. Həmçinin, iddia tələbinin “İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2192/2021 saylı 20 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, 02.05.1986-ci il tarixdən 30.06.1988-ci il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. 21.11.N0-ci il tarixdən könüllü olaraq xidmət etmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində olan N nömrəli hərbi hissəyə daxil olmuşdur. Bundan sonra N nömrəli hərbi hissədə xidmət etmişdir. N3-cü ilin avqust ayının 23-də N saylı alayda xidmətini başa vurmuşdur. Həmçinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24.11,2017-ci il tarixli, 2(011)- 9847/2017 saylı qətnaməsinə əsasən, İddiaçı ərizəsi təmin edilərək, onun 21 noyabr N0-cı il tarixdən 23 avqust N3-cu il tarixədək hərbi xidmət keçməsi və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Bu iş üzrə maraqlı tərəf Azərbaycan Respublikasının Müdafiə Nazirliyi olmuşdur. Bakı İnzibati Məhkəməsi Xətai Rayon Məhkəməsinin adıçəkilən qətnaməsini əsas sübut kimi götürmüşdür. Göründüyü kimi İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 805, N və N saylı hərbi hissələrində xidmət etməsini göstərmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24.11.2017-ci il tarixli, 2(011)-9847/2017 saylı qətnaməsinin qət etdi hissəsində onun 21 noyabr N0-cı il tarixdən 23 avqust N3-cu il tarixədək hərbi xidmət keçməsi və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Bu sübutları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” mümkünsüzdür. Əlavə olaraq bildirilir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmiş, lakin tərtib olunmuş siyahıda İddiaçı adı həmin siyahıdan keçmir. İddiaçı könüllü olaraq hərbi xidmətdə olduğu hərbi hissələr (805, N və N nömrəli hərbi hissələr) Müdafiə Nazirliyinin tərkibində olduğundan özünümüdafiə dəstəsi və yaxud birləşməsi hesab edilə bilməz. Bu səbəbdən iddiaçının “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair cavabdeh Müdafiə Nazirliyi olmalıdır və həmin Nazirliyin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası”na müraciət edilməsi məqsədəuyğundur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və məhkəmənin mövqeyinə görə, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin tərkibində döyüş əməliyyatlarında könüllü iştirak etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 9847/2017 saylı 24.11.2017-ci il tarixli Qətnaməsindən görünür ki, İddiaçı 21 noyabr N0-cı il tarixdən 23 avqust N3-cü il tarixədək hərbi xidmət keçməsi və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 9847/2017 saylı 24.11.2017-ci il tarixli Qətnaməsi 25.01.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 06.11.2017-ci il tarixli 9/2-N67 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin oktyabr N1-ci il və N nömrəli hərbi hissə komandirinin may N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 03.03.2020-ci il tarixli 1/71-3702 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 26.02.2020-ci il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman N və N nömrəli hərbi hissələrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat aşkar olunmadığına və Bakı şəhəri Xətai rayon məhkəməsinin 24.11.2017-ci il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 06.10.2020-ci il tarixli H/3122 nömrəli məktubdan görünür ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, iddiaçının 805, N və N saylı hərbi hissələrdə xidmət keçdiyini nəzərə alaraq, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”sına müraciət etməsi məqsədəuyğundur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Həmin qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N8-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Qətnaməsinə əsasən İddiaçı 21 noyabr N0-cı il tarixdən 23 avqust N3-cü il tarixədək hərbi xidmət keçməsi və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibindən qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən, hərbi bilet əsasında müharibə veteranı adı həmin şəxslərin hərbi bileti ilə eyni zamanda hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə isə iddiaçının hərbi biletində səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılması barədə qeyd edilməmişdir. İddiaçının, eyni zamanda, qanuni əsaslarla ordudan tərxis olunması barədə nə hərbi hissələrin nizami hissə üzrə əmrləri, nə də arxiv arayışları mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 46.1-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2192/2021 saylı 20 may 2021-ci il tarixli qərarı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2091/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2091/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver