Məhkəmə qərarları › İş №2-1(103)-2091/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2091/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2091/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimovadan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2631/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********706000 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən kameral yoxlama nəticəsində 103 475,96 manat vergi borcu olduğu qeyd edilmişdir.

2. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC (VÖEN **********), "ARONB” MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

3. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********706000 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********706000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə İddiaçı QSC barəsində 2022-ci ilin mənfəət vergisi üzrə 103457,96 manat məbləğində hesablama aparılmışdır. Cavabdeh həmin qərarda qeyd olunan hesablamanın əsası kimi aşağıdakıları göstərmişdir: “Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 517289,8 manat iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.” Cavabdehin qeyd olunan məktubu müəssisə üçün anlaşılmaz olduğundan **********763200 nömrəli məktubla müraciət olunaraq riskli vergi ödəyicisi ilə bağlı məlumat təqdim olunması xahiş olunmuşdur. Həmin müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli **********703200 nömrəli məktuba siyahı əlavə olunmuş və 3 (üç) sayda vergi ödəyicisi ilə aparılan əməliyyatların riskli hesab olunduğu üçün xərclərin tam şəkildə nəzərə alınmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı bildirilmişdir ki, iddiaçı tərəfindən 2022-ci ildə metal satışı ilə məşğul olan "xxxx" MMC (VÖEN **********), "ARON-B” MMC ((VÖEN **********) və "xxxx" MMC ( VÖEN **********) ilə aparılan alqı-satqı əməliyyatları tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında alqı-satqı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında mallar qeyd olunan müəssisələrdən alınmış, satıcılar tərəfindən iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək xərclər bəyannamədən silinmişdir. Bununla bağlı bildirilmişdir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə sadalanan vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməyib, həmçinin başqa əməliyyatın pərdələnməsinə dair hər hansı əsas göstərməyib, faktiki malların təqdim edilmədiyini müəyyən etməyib. Yalnız həmin şəxsləri riskli vergi ödəyicisi qrupuna salmaqla həmin şəxslərlə hətta qərardan əvvəlki əməliyyatları belə “əmtəəsiz” hesab edilməsi isə tam qanunsuz haldır. Bir halı da xüsusilə qeyd edilmişdir ki, iddiaçının mal aldığı şəxslərin rəsmi alışında həmin malın görünməməsi əməliyyatın real olmadığı anlamına gəlmir. İddiaçının elə bir səlahiyyəti yoxdur ki, mal aldığı şəxslərin həqiqətən də həmin malı rəsmi aldığını müəyyən edə bilsin. Əməliyyatın “əmtəəsiz” hesab olunması üçün operativ vergi nəzarəti və ya digər tədbirlə aparılan əməliyyatın mal (iş,xidmət) mövcud olmadan baş verdiyinə dair sübutlar olmalıdır. Yalnız mal alınan şəxsin rəsmi mal alışının görünməməsinə istinad olunması əsassızdır. Həmçinin, xüsusilə diqqət olunmalı məqam bundan ibarətdir ki, əgər şəxsin real mal alışı yoxdursa, o zaman niyə vergi orqanı satışı qəbul edir? Əgər əməliyyat əmtəəsizdirsə, demək ki, gəlir (satış) da yoxdur. Məhz bu səbəbdən, Vergi Məcəlləsinin 109.9-cu maddəsində hətta əmtəəsiz əməliyyat aparılsa belə, gəlirdən çıxılmaların nəzərə alınması qeyd olunmuşdur. Lakin vergi orqanı əməliyyata əmtəəsiz kimi yanaşsa da həmin hala dair normanı belə düzgün tətbiq etməməklə xərcləri tam şəkildə nəzərə almamışdır. Əlavə olaraq bildirilmişdir ki, analoji mübahisələrə dəfələrlə məhkəmə müstəvisində baxılmış və kassasiya instansiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1234/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)1058/2023 saylı qərarları ilə riskli vergi ödəyicisi barədə qərarlar çıxarılandan əvvəlki dövrlərdə aparılan əməliyyatlara görə əvəzləşdirmələrin ləğv edilməsi, mənfəətdən xərclərin silinməsinin əsassız olması barədə mövqe formalaşmışdır.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 2022-ci il üçün mənfəət vergisi bəyənnaməsi üzrə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 517289,8 manat məbləğində əmtəəsiz əməliyyatlar müəyyən edilmiş və qeyd olunan məbləğ 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “2022-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə uyğunsuzluq məktubu” mənfəət vergisi bəyənnaməsi üçün xx.xx.2023-cü il tarixli **********017900 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 103457,96 manat vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli **********706000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Həmçinin iddiaçının **********763200 nömrəli müraciəti xx.xx.2023-cü il tarixli **********703200 nömrəli məktubla cavablandırılmış, siyahıya əlavə olunmuş vergi ödəyiciləri ilə aparılan əməliyyatların riskli hesab olunduğu üçün xərclərin tam şəkildə nəzərə alınmadığı bildirilmişdir. Bildirilmişdir ki, iddiaçı "xxxx" QSC "xxxx" MMC-dən (VÖEN **********)-xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində elektron-qaimə faktura əsasında 150914,4 manat, "ARON-B” MMC-dən (VÖEN **********) xx.xx.2022xx.xx.2022-ci il tarixlərində 173944 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 192431,4 manat dəyərində mal (iş, xidmət) almışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq iddiaçının qarşılıqlı əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləri olması barədə müvafiq qərarlar qəbul edilmişdir. Müvafiq qərarlarda riskli hesab edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş elektron qaimə fakturalarda qeyd olunan malların vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilmədiyi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edildiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilənlərə nəzər salındıqda müəyyən olunur ki, riskli hesab edilən vergi ödəyiciləri riskli əməliyyat apardığı tarix aralıqlarında "Xəzər Polad” QSC-yə də mal (iş, xidmət) təqdim etmişdir. Bundan əlavə bildirilmişdir ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı “Metan Ticarət və Tikinti” MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edir (qərar əlavə olunur). Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyunavqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alqı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2-ci maddəsinə əsasən Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 136.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1.vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3.əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2- ci maddəsinə əsasən bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3- cü maddəsinə əsasən borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1- ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1-ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2- ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********706000 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən kameral yoxlama nəticəsində 103 475,96 manat əlavə vergi hesablanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2631/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatı (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN **********), "ARON-B” MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərarlar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin ("xxxx" MMC, "ARON-B” MMC, "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

9. Birinci instansiya məhkəməsi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” na dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 1.3-cü bəndinə, 1.4-cü bəndinə, Vergi Məcəlləsinin 62,64cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2631/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

e) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: - 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: - 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci mddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.

17. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”: - 6.8-cı bəndinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş bəyannamənin və ya hesabatın 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatların təqdim edilməsi barədə Bildiriş” göndərir. - 6.9-cu bəndinə əsasən bu Qaydaların 6.8-ci bəndinə müvafiq olaraq göndərilmiş bildirişlə bağlı daxil olmuş dəqiqləşdirilmiş bəyannamə və ya hesabatlar üzrə kameral vergi yoxlaması aparılmır, yalnız dəqiqləşdirilmiş bəyannamədə və ya hesabatda bildirişdə göstərilən əlavə sənəd və ya mənbəyi məlum olan məlumatların nəzərə alınıb alınmaması araşdırılır. Araşdırma zamanı kənarlaşma aşkar olunduqda bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə yeni bildiriş göndərilir. - 6.10-cu bəndinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə müvafiq olaraq göndərilmiş bildiriş üzrə dəqiqləşdirilmiş bəyannamə və hesabat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə bu barədə məlumatlar səyyar vergi yoxlanılmasının və ya operativ vergi nəzarətinin keçirilməsi məsələsinə baxılması üçün vergi orqanının aidiyyəti strukturuna göndərilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

22. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:

23. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır.

24. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.

25. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********706000 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən iddiaçının kameral yoxlama nəticəsində 103 475,96 manat vergi borcu olduğu qeyd edilmişdir.

26. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC (VÖEN **********), "ARONB” MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

27. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

28. İş materiallarından aydın olur ki,"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli **********008000 nömrəli və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********028400 nömrəli, "ARON-B” MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********019400 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı isə ondan əvvəl "xxxx" MMC ilə (VÖEN **********) xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli müqavilə, "xxxx" MMC ilə (VÖEN **********) xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli müqavilə, "ARON-B” MMCnin (VÖEN **********) xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli müqavilə bağlamışdır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından aydın olur ki, iddiaçı "xxxx" MMC, "ARON-B” MMC, "xxxx" MMC-dən metal qırıntısı əldə etmişdir.

29. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatı (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN **********), "ARON-B” MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərarlar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin ("xxxx" MMC, "ARON-B” MMC, "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

30. Məhkəmə eyni zamanda nəzərə alır ki, qeyd edilən əməliyyatlar üzrə əmtəələrin alışı iddiaçı vergi ödəyicisinin fəaliyyət istiqamətinə uyğun olmuş, iddiaçı "xxxx" MMC (VÖEN **********), "ARON-B” MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) savayı, digər vergi ödəyicilərindən həmin dövrdə qeyd edilən əmtəələrin alışını həyata keçirmiş və buna dair məhkəməyə çoxsaylı elektron qaimələr (“Qurtuluş 93 Residence” MTK, "xxxx" MMC, "xxxx" QSC, “X4” Qapalı Səhmdar Cəmiyyəti) təqdim edilmişdir.

31. Eyni zamanda iddiaçı tərəfindən həmin dövrə aid əmtəə dövriyyəsinə dair vergi orqan; tərəfindən tərtib edilən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə çoxsaylı aktlar təqdim edilmişdir, bu da ödəyici tərəfindən aparılan əməliyyatların əmtəəsiz olmasına dair ehtimalları aradan qaldırır.

32. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

33. Məhkəmə Kollegiyası hesab edir ki, aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini də sübut edə bilməmişdir.

34. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, müvafiq əməliyyatlar aparıldıqdan sonra tərəflərdən birinin riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələrək həmin dövr üzrə yoxlamanın təkrar həyata keçirilməsi və inzibati aktın qəbul edilməsi əsasları vergi qanunvericiliyində nəzərdə tutulmadığından birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan inzibati akt ləğv edilməlidir.

35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.

36. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

37. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

38. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı şəxslər riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

39. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir.

40. Eyni zamanda iddiaçının, əməliyyat apardığı şəxslərdən aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2631/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2631/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar