Məhkəmə qərarları › İş №2-1(103)-2092/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2092/2020

07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2092/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı fərdi şəxsi firmasının nümayəndəsi X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********540500 nömrəli və xx.xx.2020-ci il tarixli **********608200 nömrəli, xx.xx.2020-ci il tarixli **********485600 nömrəli, xx.xx.2020-ci il tarixli **********922200 nömrəli, xx.xx.2020-ci il tarixli **********488700 nömrəli, xx.xx.2020-ci il tarixli **********883500 nömrəli, xx.xx.2020-ci il tarixli **********486300 nömrəli, xx.xx.2020-ci il tarixli **********551400 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı Məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə də təqdim edərək, işə mahiyyəti üzrə baxıb qurtaranadək, müəssisənin ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulması, müəssisənin hesablarının dondurulması və həmin borclara görə iddiaçının hazırda mövcud olan, habelə onun hüquqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınması, məhkəmə qərarı qanuni qüvvəyə minmədən vergi borcunun tələb edilməsi və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, müvəqqəti xarakterli müdafiə tədbiri qismində işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının ƏDV depozit hesabına, bank hesablarına sərəncamların qoyulması, firmanın hesablarının dondurulması, mübahisələndirilən məbləğdə 105 faiz dondurulması istisna olmaqla dayandırılması və həmin borclara görə hazırda mövcud olan, habelə, onun hüquqi ünvanına daxil olan bütün növ əmlakın, o cümlədən, xammalların, dəzgahların, avadanlıqların və əmlakın siyahıya alınması cavabdehə qadağan edilmişdir Qərardadla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilmiş hissədə ləğv olunması və həmin hissədə ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsindən əvvəl məhkəmənin vəzifəsi ilk öncə iddianın uğurluluq ehtimalının müəyyən edilməsi olmalı idi. Lakin məhkəmə qərardadında iddianın uğurlu olmasına dəlalət edən hər hansı sübuta, formalaşmış məhkəmə təcrübəsinə istinad etməmiş, ümumiyyətlə qeyd edilən məsələ üzrə araşdırma aparmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə qismən əsaslıdır. Belə ki, İPM-in: 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.” Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Lakin hazırkı işin hallarının ilkin araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Birinci instansiya məhkəməsi də göstərilən halları qərardadında müzakirə etməmiş və müvafiq hüquqi qiymət verməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası hesab edir ki, İPM-lə müəyyən edilən şərtlər müzakirə edilmədən və sözügedən hallara hüquqi qiymət verilmədən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin tam yaxud qismən təmin edilməsi haqqında qəbul edilən qərardad əsaslandırılmış sayıla bilməz. İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə razılaşır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayət qismən təmin edilməlidir (İPM-87, İPM-1.2, MPM-398.0.2). Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar