Məhkəmə qərarları › İş №2-1(103)-2092/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2092/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2092/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 29 iyun 1980-ci il tarixdən 1 aprel 1987-ci il tarixədək Oğuz (keçmiş adı Vartaşen) Rayon Mədəniyyət şöbəsində baş mühasib, 23 aprel 1987-ci il tarixdən 24 oktyabr 1994-cü il tarixədək Oğuz Rayon Maliyyə şöbəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəzifələrində işləmiş. Qeyd edilən hər iki vəzifə hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət qulluğuna şamil edilir. Ona 2009-cu ilin yanvar ayında dövlət qulluğunda olmuş 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş vəzifələrin Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Oğuz Rayon Maliyyə İdarəsi tərəfindən onun adına verilmiş 25 fevral 2009-cu il tarixli 04/02-58 nömrəli arayışda onun 1993-1994-cü illərdə çalışdığı aparıcı inspektor vəzifəsinin aparıcı məsləhətçi vəzifəsi ilə əvəz edildiyi qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Rumiyyə Ağdamskayanın ona ünvanlanmış 21 noyabr 2019-cu il tarixli 16/02-05-395-6309 nömrəli məktubunun məzmunundan görünür ki, onun 23 aprel 1987-ci il tarixdən 24 oktyabr 1994-cü il tarixədək Oğuz Rayon Maliyyə şöbəsində işlədiyi pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1998-ci il 20 aprel tarixli İ-36 nömrəli əmri ilə təsdiq edilmiş Oğuz Rayon Maliyyə İdarəsinin strukturunda pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi nəzərdə tutulmamışdır və hal-hazırda həmin idarədə belə bir vəzifə (ştat vahidi) yoxdur. Ona 23 yanvar 2009-cu il tarixdə pensiya təyin edilərkən pensiya Oğuz Rayon Maliyyə İdarəsinin mövcud aparıcı məsləhətçisinin 2007-2008-ci illərdəki dövlət məvacibi nəzərə alınmaqla hesablanmalı olduğu halda, səhvən onun 1993-1994-cü illərdəki dövlət məvacibi əsas götürülməklə hesablanmışdır. Göründüyü kimi ona pensiya təyin edilərkən Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsinin müddəalarına riayət edilməmişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə (staja görə əlavələrə görə) əsasən həqiqi hərbi xidmət müddəti (01 yanvar 1992-ci ilədək keçmiş SSRİ ərazisindəki əsgərlik xidməti) qulluq stajına şamil olunmur, lakin staja görə əlavələr hesablanarkən nəzərə alınır. O, 1974-1976-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə İdarəsinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi xahiş etmiş. Müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun direktor vəzifəsini içra edən Şahin Əliyevin imzası ilə ona göndərilmiş 27 avqust 2020-ci il tarixli **********0 nömrəli cavab məktubunda ərizədə göstərdiklərinə cavab vermək əvəzinə başqa əsasa görə pensiyasını yenidən hesablayıb həmin əsasa görə də pensiya təyin edildikdən sonrakı bütün müddət üçün ödənilməyən məbləğ hesablanıb tam ödənilməli olduğu halda son 3 ilin fərqi hesablanaraq ödənilmişdir. Ona ünvanlanmış məktubun məzmunundan aydın olur ki, ona pensiya hesablanarkən vəzifə maaşı aparıcı məsləhətçi vəzifəsinə uyğun hesablanmışdır, halbuki ona pensiya hesablanarkən həmin idarə üzrə baş məsləhətçi vəzifəsinin vəzifə maaşı əsas götürülməli idi. “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 №-li Fərmanının 2-ci bəndinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq, bu Qaydalarının 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, dövlət məvacibini mövcud vəzifənin 2007-2008-ci illər üzrə dövlət məvacibi əsasında hesablamaqla, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı 27 aprel 2021-ci tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması qaydalarının 2-ci maddəsində göstərilir ki, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq, bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Ona pensiya dövlət qulluqçusunun əmək pensiyası qaydalarına əsasən hesablanmışdır. Buna baxmayaraq artımlar isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hesablanmışdır. Məhkəmə hazırkı iş üzrə qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Bundan əlavə cavabdehin məhkəməyə göndərdiyi etirazda qeyd edilmişdir ki, guya aparılmış araşdırma nəticəsində, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən onun 01 dekabr 2013-cü il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 300,00 manat olmuşdur. Bu fikir tamamilə uydurma və əsassızdır. Burada Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına istinad edilməsi də əsassızdır. Belə ki, burada prezidentin hansı tarixli hansı saylı sərəncamına istinad edilməsi məlum deyildir. O, məhkəmədən ona pensiya təyin edilən zaman nəzərə alınan mövcud vəzifənin (aparıcı məsləhətçi vəzifəsinin) 2007-2008-ci illər üzrə dövlət məvacibi nəzərə alınmaqla, həmçinin, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Pensiya işindən də aydın görünür ki, ona 14 il 2 ay 24 gün dövlət qulluğunda stajı (22.07.1980-ci il tarixdən – 01.04.1987-ci il tarixədək Oğuz rayon Mədəniyyət şöbəsində baş mühasib, 21.04.1987-ci il tarixdən 20.10.1994-cü il tarixədək Oğuz Rayon Maliyyə İdarəsində aparıcı inspektor işlədiyi dövr) nəzərə alınmaqla İİ qrup əlilliyə görə 06 mart 2009-cu il tarixdə dövlət qulluğu pensiyası təyin edilmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, dövlət məvacibini mövcud vəzifənin 2007-2008-ci illər üzrə dövlət məvacibi əsasında hesablamaqla, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçıya məxsus pensiya işindən də aydın görünür ki, iddiaçıya 14 il 2 ay 24 gün dövlət qulluğunda stajı (22.07.1980-ci il tarixdən-01.04.1987-ci il tarixədək Oğuz rayon Mədəniyyət şöbəsində baş mühasib, 21.04.1987-ci il tarixdən 20.10.1994-cü il tarixədək Oğuz rayon Maliyyə İdarəsində aparıcı inspektor işlədiyi dövr) nəzərə alınmaqla 2-ci qrup əlliliyə görə 06 mart 2009-cu il tarixdə dövlət qulluğu pensiyası təyin edilmişdir. Göründüyü kimi, iddiaçının dövlət qulluğu hesab edilən vəzifədə işləməsinin son müddəti 1994-cü il olmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, dövlət qulluğuna görə pensiya təyin edilən zamanı iddiaçının dövlət qulluğu hesab edilən vəzifədə çalışan müddətdə aldığı dövlət məvacibindən pensiya hesablanmış və həmin dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanma aparılmışdır. Bununla da məhkəmə hesab etmişdir ki, hazırki iddia ilə 1993-1994-cü illərdə işlədiyi aparıcı inspektor (hazırda aparıcı məsləhətçi) vəzifəsinin 2007-2008-ci illər üzrə almadığı dövlət məvacibi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbi əsassızdır. Məhkəmə iddiaçının digər tələbi staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət (1974-1976-cı illər) nəzərə alınmaqla dövlət qulluğuna görə pensiyanın yenidən hesablanması ilə bağlı qeyd etmişdir ki, dövlət qulluğuna görə təyin edilmiş pensiyanın staja görə əlavələr hesablanması zamanı hərbi xidmətdə olma dövrünün nəzərə alınması qanunvericilik normalarında nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın imtinası qanunun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış **********0 nömrəli 27 avqust 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Nurməməd oğlu barədə əmək pensiyasında müvafiq hesablamalar aparılmış, əskik pensiya məbləğinin hesablanaraq ödənilmiş, həmçinin əmək pensiyasının hesablanmasında tətbiq olunan faiz dərəcəsinin qanunvericiliyə əsasən yalnız dövlət qulluğu vəzifəsində olduğu müddətə uyğun olaraq hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış 23 sentyabr 2019-cu il № H-70 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Maliyyə Nazirliyi” arxiv fondunda mühafizə edilən 1999-2000-ci illərə dair Azərbaycan SSR Maliyyə Nazirliyinin əsas fəaliyyət və inzibati təsərrüfat məsələləri üzrə əmrlərində pensiya və müavinətlər idarəsinin ixtisar olunması haqqında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 25 dekabr 2018-ci il tarixli **********7 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 2-ci bəndinə əsasən pensiya təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin məbləği əsasında hesablanır. Həmin Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 13 yanvar 2020-ci il tarixli № **********5 saylı məktubundan görünür ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsi bildirir ki, iddiaçının 28.11.2019-cu il tarixli 21.04.1987-ci il tarixdən 20.10.1994-cü il tarixinədək olan dövrdə Oğuz Rayon Maliyyə idarəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsində işlədiyi dövrü və hərbi xidmətdə olduğu müddətin dövlət qulluğu stajı kimi qəbul edib pensiyanın yenidən hesablanması ilə bağlı müraciətini şöbədə araşdırmışdır. Məlum olmuşdur ki iddiaçıya 21.07.2009-cu ildə İİ-qrup əlilliyə görə dövlət qulluğu pensiyası hesablanarkən Oğuz Rayon Maliyyə idarəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsində işlədiyi dövrün iş stajı da daxil edilməklə, Maliyyə Şöbəsindən verilmiş 25.02.2009-cu il tarixli 04\0258 nömrəli əmək haqqı arayışındakı qeydlərə əsasən dövlət qulluğuna görə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Hərbi xidmətdə olduğu dövlət qulluğu stajının qəbul edilməsi ilə bağlı müraciətə isə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli "01" sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "X2 Təminatı Haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusuna pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında hərbi xidmət dövrü nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 21 noyabr 2019-cu il tarixli 16/02-05-395-6309 saylı məktubundan görünür ki, iddiaçı 1987-ci ilin aprel ayından Maliyyə Nazirliyinin Vartaşen (indiki Oğuz) Rayon Maliyyə Şöbəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsində çalışmış (əmr № K- 113,21 aprel 1987-ci il) və 20 oktyabr 1994-cü il tarixdən həmin vəzifədən öz ərizənizə əsasən azad edilmiş (əmr №45,21.10.1994-cü il). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1998-ci il 20 aprel tarixli İ-36 nömrəli əmri ilə təsdiq edilmiş Oğuz Rayon Maliyyə İdarəsinin strukturunda pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi nəzərdə tutulmamışdır və hal-hazırda həmin İdarədə belə bir vəzifə (ştat vahidi) yoxdur. İş materiallarında iddiaçıya aid olan pensiya işindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Oğuz rayon Maliyyə İdarəsinin 2009-cu il tarixli arayışına əsasən idarənin ştat cədvəli üzrə 1993-1994-cü illərdə X1 çalışdığı aparıcı inspektor vəzifəsi hal-hazırda aparıcı məsləhətçi vəzifəsi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 911 saylı Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda” yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında şöbə müdiri və onun müavini; vəzifələri qeyd olunur (2.1.7. İnzibati vəzifələrin altıncı təsnifatı). “X2 təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nda götərilmişdir ki; -bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir (bənd 1). Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır (bənd 2). -Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal (bənd 8.1); 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar (bənd 8.2.); 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır (bənd 8.3). -Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır (bənd 9). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 15.05.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənişlərdəki artımları nəzərdə tutur. İş materiallarında olan iddiaçıya məxsus pensiya işindən müəyyən olunur ki, iddiaçıya 22.07.1980-ci il tarixdən-01.04.1987-ci il tarixədək Oğuz rayon Mədəniyyət şöbəsində baş mühasib, 21.04.1987-ci il tarixdən 20.10.1994-cü il tarixədək Oğuz rayon Maliyyə İdarəsində aparıcı inspektor işlədiyi dövr, 14 il 2 ay 24 gün dövlət qulluğunda stajı nəzərə alınmaqla 2-ci qrup əlliliyə görə 06 mart 2009-cu il tarixdə dövlət qulluğu pensiyası təyin edilmişdir. Həmçinin müəyyən olunur ki, dövlət qulluğuna görə pensiya təyin edilən zamanı iddiaçının dövlət qulluğu hesab edilən vəzifədə çalışdığı müddətdə aldığı dövlət məvacibindən pensiya hesablanmış və həmin dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanma aparılmışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının 1993-1994-cü illərdə işlədiyi aparıcı inspektor (hazırda aparıcı məsləhətçi) vəzifəsinin 2007-2008-ci illər üzrə almadığı dövlət məvacibi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbi əsassızdır. Məhkəmə kollegiyası iddia tələbinin staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla dövlət qulluğuna görə pensiyanın yenidən hesablanması ilə bağlı isə qeyd edir ki, Dövlət qulluğuna görə təyin edilmiş pensiyanın staja görə əlavələrin hesablanması X2 təminatı haqqında Azərbaycan Respublikasının Qanununun 5ci maddəsində təsbit edilmişdir. Qeyd olunan Qanunda Dövlət qulluğuna görə təyin edilmiş pensiyanın staja görə əlavələr hesablanması zamanı hərbi xidmətdə olma dövrünün nəzərə alınması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı 27 aprel 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar