Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2092/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və üzərindəki evə mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia qaldıraraq Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 1269 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ tərəfində yerləşən fərdi yaşayış sahəsinin tikintisi üçün iddiaçıya ayrılmış 1000 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1.) İddianın əsaslarına görə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1269 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ kənarında yerləşən fərdi yaşayış evinin tikilməsi üçün 1000 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin sərəncam və həmin torpaq sahəsinin yerləşmə sxemi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1269 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ kənarında yerləşən fərdi yaşayış evinin tikilməsi üçün 1000 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış verilməsini iddiaçı xahiş etmişdir. Lakin cavabeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair yerləşmə cizgisində qeyd olunan ərazi ilə şərti olaraq göstərildiyi torpaq sahəsinin yerləşməsi və perimetrik ölçülərində ciddi uyğunsuzluqlar vardır. Belə ki, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki iddia olunan torpaq sahəsi tam fərqli sahələrdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 1269 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin sağ tərəfində yerləşən fərdi yaşayış sahəsinin tikintisi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, evin yerləşdiyi torpaq saəhəsinə dair yerləşmə cizgisində qeyd olunan ərazi ilə şərti olaraq göstərilən torpaq sahəsinin yerləşməsi və perimetrik ölçülərində ciddi uyğunsuzluq var. Yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki iddia olunan torpaq sahəsi tam fərqli sahələrdir. Həmçinin, göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Maştağa Tərəvəzçilik-Südçülük sovxozuna ayrılmış torpaq sahələri daxilində yerləşir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin imtina məktubundan, iddia ərizəsinə etirazından apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, mübahisləndirilən məsələ fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlıdır. O cümlədən, mübahisələndirilir ki, göstərilən torpaq sahəsinin yerləşməsi və perimetrik ölçülərində uyğunsuzluq var, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki iddia olunan torpaq sahəsi tam fərqli sahələrdir. Elektron kadastr baza məlumatlarına əsasən Maştağa Tərəvəzçilik-Südçülük sovxozuna ayrılmış torpaq sahələri daxilində yerləşir. Cavabdehin birinci dəlili ilə əlaqədar onu qeyd etmək lazımdır ki, həmin dəlili daha çox formal xarakter daşıyır. Çünki, konkret olaraq göstərilən torpaq sahəsinin yerləşməsi və perimetrik ölçülərində hansı uyğunsuzluqdan söhbət getdiyi əsaslandırılmır. Cavabdehin, növbəti dəlillərindən isə göründüyü kimi, göstərilən torpaq sahəsi yerləşmə cizgisindən fərqli sahədə - elektron kadastr baza məlumatlarına əsasən Maştağa Tərəvəzçilik-Südçülük sovxozuna ayrılmış torpaq sahələri daxilində yerləşdiyi mübahisələndirilmişdir. Qeyd olunmalıdır ki, cavabdehin mütəxəssisi tərəfindən eynilə faktiki olaraq göstərilən torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun və Savalan yaşayış massivinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşdiyi qeyd olunmuşdur. İPM-in 12.3-cü madəsinn tələbinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 12.4-cü maddəsinin tələbinə görə isə proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi, və ya gizlədilməsi, yaxud hər hansı üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə,məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən proessual qanunvericilyin qeyd olunan tələbinə müvafiq olaraq 06 iyul 2022-ci il tarixli qərardadı ilə cavabdehin imtinasının əsası kimi göstərdiyi – Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zabrat-Maştağa şossesinin sağ kənarı ünvanında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair yerləşmə cizgisində qeyd olunan ərazi ilə şərti olaraq göstərdiyi torpaq sahəsinin yerləşməsi və perimetrik ölçülərində olan ciddi uyğunsuzluğunu sübut edən sənədlərin 20 gün müddətində məhkəməyə təqdim edilməsi cavabdeh orqana həvalə edilsə də, cavabdeh tərəfindən həmin sənədlər, nəinki 20 gün müddətində, heç 4 ay müddətində belə məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, cavabdeh mübahisələndirdiyi həmin halı sübuta yetirməmiş, işə baxan birinci instansiya məhkəməsi 4 ay yarımdan sonra, işdə mövcud olan sübutlara əsasən işə baxaraq, mahiyyəti üzrə iddianın təmin olunması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. İPM-in 1.2-ci maddəsinin tələbi baxımından, İPM-in 184.2-ci maddəsi də məhz, nəzərədə tutur ki, hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İşdə olan sübutlarla müəyyən edilən hallar isə aşağıdakılardan ibarətdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 aprel 2021-ci il tarixli məktubuna əsasən iddiaçıya təqdim edilmiş Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1269 nömrəli sərəncamının arxiv surətindən görünür ki, həmin sərəncamla iddiaçıya Maştağa qəsəbəsi Zabrat-Maştağa şossesinin sağ kənarında 37 saylı 1000,0 kv metr torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır (Həmin sərəncam ləğv olunmasına və ya qüvvədən düşməsinə dair cavabdehin hər hansı bir dəlili mövcud deyildir). - Sabunçu rayon İHB-nın qeyd edilən 1269 saylı xx.xx.2000-ci il tarixli sərənccamı ilə təsdiq olunmuş iddiaçıya ayrılan həmin torpaq sahəsinın yerləşmə sxemi (Həmin sxemin də düzgünlüyünü təkzibedən sənəd-sübut məhkəməyə cavabdeh tərəfindən təqdim olunmamışdır) «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; …; Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; …; Qanunun qeyd olunan tələbləri baxımından, Sabunçu rayon İHB torpaqayırma sərəncamı və həmin sərəncamla təsdiq olunmuş torpaq sahəsinin cizgi planı iddiaçıya məxsus torpaq sahəsinin onun adına qeydə alınması üçün əsas yaranır. Həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə gəldikdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. ...; 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 102.6-cı maddəsinə əsasən Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərir, və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Tikintilərin Dövlət reyestrinə göndərə, və ya bilavasitə təqdim edə bilər. İş materiallarından görünür ki, iddiaçının sifarişi ilə lisenziyalı qurum tərəfindən 2021-ci ildə fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsi hazırlanmış və iddiaçı tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə müvafiq məlumatlandırma icraatı qaydasında ev tikilmiş və tikintinin başa çatmasına dair Sabunçu rayon İcra Hakimiyyətinə poçtla sifarişli məktub ünvanlanmışdır ki, işin qeyd olunan həmin halları cavabdeh tərəfindən mübahisələndirilmir. Belə olan halda, «Daşınmaz, əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.2ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarldıq-planlaşdırma bölməsi, siifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra, tikinti barədə məlumatlandırılan orqana (qüruma) sifarişli poçt göndərişi və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlakın qeydiyyatı üçün əsas sayılır. Beləliklə də, Sabunçu rayon İHB-nın sərəncamı ilə iddiaçıya ayrılan 1000kv m (10 sot) torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində məlumatlandırma qaydasında tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Göründüyü kimi, Suraxanı İHB-nın torpaqayırma sərəncamı və torpağın yerləşmə cizgisi - həmin daşınmaz əmlakın iddiaçının adına reyestrdə qeydiyyatına əsas verdiyi halda, cavabdehin qeydiyyatdan imtina edərək vahid çıxarış verilməsindən imtina etməsi, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının, və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olaraq iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2092/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2092/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver