Məhkəmə qərarları › İş №2-1(103)-2092/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2092/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2092/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X9 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X3, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1985/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3, 6, və 10-cu maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 20, 23, 71-ci maddələrinə və İnzibati Prosessual Məcəlləsinin 2.2.3; 34.1 və 45-47-ci maddələrinə əsasən, cavabdehin üzərinə müəyyən hərəkətlər, yəni aztəminatlı ailəsinə ədalətli sosial yardımın təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı bildirir ki, əvvəldən ünvanlı sosial yardım almaqda çox çətinliklər çəkmiş, hətta uşaqların ikisi 18-20 yaşlarına çatıb artıq sosial yardım onlara cəmi iki üç dəfə təyin olmuşdur. Nəhayət 2023-cü ilin iyulun 4-də onlara sosial yardım təyin olunmuşdur, daha sonra isə on iki ay olmadan onuncu ayda onlara xəbər vermədən sosial yardımı dayandırdılar. Buna səbəb anadan işləməsini tələb olunduğunu dedilər, 2024-cü ilin fevral ayının sonunda aylıq müavinətini verdikdən sonra mart ayının birindən sosial yardımlarını dayandırmışlar. 2024-cü ilin qanunvericiliyində anadan iş tələbi ləğv edilmişdir, buna baxmayaraq bu tələblə qanunu pozmuşlar. Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi yanlışdır və onlara ünvanlı sosial yardım təyin olunmalıdır.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli, № 2-1(112)-11640/2024 saylı qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X11 əsl İddiaçı ilə əvəz olunmuşdur.

4. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Bakı şəhəri Binəqədi rayon sakini İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli **********20701 nömrəli müraciəti qurumlarla yoxlanılmışdır. Yoxlama nəticəsində: 1. Sahibkarlıq fəaliyyəti üzrə sahənin düzgün seçilməməsi səbəbindən - belə ki, təmsilçinin övladı X12 “Sabit vergi ödəyicisi” olmasına baxmayaraq qeyd olunan müraciətdə vergi ödəyicisinin fəaliyyət növü olaraq “Sadələşdirilmiş vergi ödəyicisi” seçmişdir. 2. Ailə üzvü X2 12 aydakı gəlirləri barədə tam olmayan məlumatların təqdim edilməsi - Ailə üzvü vergi orqanında müvafiq qaydada qeydiyyatdan keçməsinə baxmayaraq məlum olmayan səbəblərdən onun əvvəlki ardıcıl gələn 12 ay müddətində sahibkarlıq fəaliyyəti olmamış və ya digər vergi tutulan əməliyyat aparmamışdır. Ailə üzvünün sahibkarlıq fəaliyyətindən əldə etdiyi faktiki gəlirləri vergi və sığorta qanunvericiliyi ilə müəyyən edilmiş sənədlərlə təsdiq edilmir. Bu səbəbdən ailənin gəlirinin və ünvanlı dövlət sosial yardımın məbləğinin düzgün hesablanması mümkün deyildir. Əvvəlki ardıcıl gələn 12 ay müddətində sahibkarlıq fəaliyyəti olmayan və ya digər vergi tutulan əməliyyat aparmayan sahibkarın üzv olduğu ailənin orta aylıq gəliri ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailəyə aid olmasını müəyyən etmək mümkün deyildir. Təmsilçinin övladı X12 vergi ödəyicisi kimi xx.xx.2024-cü il tarixindən fəaliyyət göstərməyə başlamışdır. “Ünvanlı sosial yardım haqqında” Qanunun 10-cu maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1985/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı xx.xx.1983-cü il təvəllüdlü İddiaçı ailə üzvləri ilə birlikdə xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən yanlış məlumat təqdim edildiyindən ünvanlı sosial yardımın təyin edilməsi üçün gəlirin düzgün hesablanması mümkün olmamışdır. Ünvanlı sosial yardım təyin edilməsi üçün ailənin gəlirinin ehtiyac meyarından aşağı olması sübut edilməlidir. Odur ki, Vergi və sığorta sənədləri ilə təsdiq edilən gəlir məlumatları təqdim edilmədiyindən, ailənin aztəminatlı olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən məsələlər araşdırılmamış və lazımi sübutlar əldə edilməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

9. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

11. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) əsasən: maddə 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən: bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X10 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

22. İşin hallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Xocəsən Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 505 №-li arayışa əsasən xx.xx.1983-cü il təvəllüdlü İddiaçı, xx.xx.2005-ci il təvəllüdlü X17, xx.xx.2006-cı il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, Çiçək yaşayış massivi, Quzanlı küçəsində inşa edilmiş fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar.

23. Hazırda iddiaçı ona ailə üzvləri ilə birlikdə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunmasını tələb edir.

24. Cavabdeh orqan isə iddiaçı tərəfindən yanlış məlumat təqdim edildiyindən, yəni X1 vergi ödəyicisi olmasına baxmayaraq ƏƏSMN edildiyi müraciətdə “Sadələşdirilmiş vergi ödəyicisi” olmasını, VÖEN olduğu zaman 12 ay ərzində sahibkarlıq fəaliyyəti ilə hansı səbəbdən məşğul olmaması, gəlirləri barədə düzgün məlumatın verilməməsini səbəbindən ünvanlı dövlət sosial yardının ödənilməsindən imtina etmişdir.

25. Qeyd olunan halların araşdırılması məqsədi ilə, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.

26. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X19 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən 10 aprel 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınması və fəaliyyətinin aktiv vəziyyətdə olunması barədə məlumat müəyyən edilmişdir.

27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı müşayət məktubuna əlavə edilmiş linklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı ƏƏSMN əməkdaşları ilə birlikdə iddiaçının ailə üzvləri ilə yaşadığı 2 mərtəbəli fərdi yaşayış evinə baxış keçirmişlər, fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən otaqlar yarıtəmirli, ikinci mərtəbədə yerləşən otaqlar isə ümumiyətlə təmirsizdir. İddiaçının həyat yoldaşı həyətində 30-35 göyərçin olmasını, özünün usta işləməsini, aylıq orta gəlirinin təxmini 300-400 manat civarında olmasını bildirmişdir.

28. Qeyd olunan sənədlərin araşdırmasının nəticəsi olaraq məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Cavabdeh təşkilat iddiaçının ailə üzvü olan X1 vergi ödəyicisi olmasına baxmayaraq ƏƏSMN edildiyi müraciətdə “Sadələşdirilmiş vergi ödəyicisi” olmasını, VÖEN olduğu zaman 12 ay ərzində sahibkarlıq fəaliyyəti ilə hansı səbəbdən məşğul olmaması, gəlirləri barədə düzgün məlumatın verilməməsi səbəbindən ünvanlı dövlət sosial yardının ödənilməsindən imtina etmişdir. Daha sonra iddiaçı ailəni təmsil edən şəxs qismində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi **********93402 nömrəli müraciət əsasında ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 758,06 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmiş və müddətin sonuna kimi ödənilmişdir. Həmçinin, İddiaçı VEMTAS-a daxil etdiyi xx.xx.2024-cü il tarixli **********20702-197 nömrəli müraciətinə ailənin ərizə-bəyannamədə göstərdiyi faktiki yaşayış ünvanının düzgün qeyd edilməməsi və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə maddi-məişət şəraitinin müayinəsindən sonra imtina verilmişdir. Bu tarixdən sonra ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun müəyyən olunması ilə bağlı VEMTAS-a müraciəti olmamışdır.

29. Cavabdeh tərəfindən gətirilən arqumentlərə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir.

30. Belə ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin məhkəmə sorğusuna əsasən verdiyi cavab məktubundan bəlli olmuşdur ki, iddiaçının ailə üzvü hesab edilən Hökümə Zaqarova hal-hazırda vergi ödəyicisidir. Qeyd olunun hal cavabdehin Hökümə Zaqarovanın keçmiş vergi ödəyicisi olması və onun aktiv vergi ödəyicisi qismində qeyd olunmasının düzgün olmaması ilə bağlı gətirdiyi arqumenti əsassız edir və iddiaçının müraciətində yazılan məlumatın həqiqətə uyğun olmasına dəlalət edir. Cavabdeh təşkilatın Hökümə Zaqarovanın VÖEN olduğu müddətdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirləri barədə məlumatın verilməməsi ilə bağlı gətirdiyi arqumenti də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Hökümə Zaqarovanın VÖEN-nin olması onu mütləq şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsas sayıla bilməz. Belə ki, şəxsin VÖEN-i şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına vəzifə deyil, hüquq verir. Ona görə də H.Zaqarovanın sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan gəlirləri barədə məlumatın gizlədilməsinə dair gətirdiyi arqumentlə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil təqdim edilmədiyinə görə məhkəmə kollegiyası həmin arqumenti cavabdehin şəxsi mülahizəsi kimi qəbul edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, xx.xx.2006-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatdığına görə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, VÖENnin olub-olmaması, gəlirinin olub-olmaması ilə bağlı məlumatlar onun tərəfindən daha düzgün cavablandırıla bilərdi. Lakin həmin məlumatları artıq yetkinlik yaşına çatmış şəxsin valideyini tərəfindən verilməsi həmin məlumatın qeyri-dəqiq olmasını istisna etmir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Hökümə Zaqarova artıq yetkinlik yaşına çatdığına görə uşaq statusunu itirib və cavabdeh təşkilat tərəfindən onun ailə üzvü kimi qəbul edilməsinin hüququ əsası mövcud olmur.

31. Apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının 12-ci vərəqinin 3-cü abzasında cavabdeh tərəfindən etiraz verilməyən tələbə qiymət verilməsinin düzgün olmaması ilə bağlı gətirdiyi arqument məhkəmə kolegiyası tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh tərəfindən gətirilən digər arqumentlərin də hüquqi əsası yoxdur. Başqa sözlə desək xx.xx.2025-ci il tarixli qərarın 12-ci vərəqinin 3-cü abzasında olan hal digər arqumentlər olmadan olsa idi, o halda həmin hal birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas hesab oluna bilərdi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin bu arqumentini də əsassız hesab edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni anda yoxlamalı, qəbul etdiyi qərarında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Cavabdeh imtinaya əsas təşkil edən halları əsasları ilə aşkar etməli və qəbul etdiyi qərarla gətirdiyi arqumenrtlərə dair mövqeyini bildirməli və əsaslandırmalıdır.

33. Eyni zamanda kollegiya cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə isə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Hazırkı işin hallarından isə görünür ki, ilkin olaraq cavabdeh uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş hər hansı fəaliyyət göstərmədən, eləcə də yuxarıda qeyd edilən qaydada qiymətləndirmə aparmadan imtina qərarı qəbul etmişdir.

34. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən, ona ünvanlı dövlət sosial yardımı xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Buna görə də iddiaçıya ünvanlı dövlət sosial yardımı xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə çəkişmələri Qanunun 8.1-ci maddəsində göstərilmiş 1 illik müddətdən sonrada davam etməsi (xx.xx.2024xx.xx.2025-ci ilə kimi) və yekun məhkəmə qərar çıxarılan vaxtı 1 illik müddətin keçməsi iddiaçıya ünvanlı sosial yardımın əvəzi olaraq kompensasiya ödənilməsi üçün maneə ola bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1985/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ünvanlı dövlət sosial yardım təyinatı tarixi “xx.xx.2024-cü” il göstərilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1985/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ünvanlı dövlət sosial yardım təyinatı tarixi “xx.xx.2024-cü” il göstərilməklə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar