Məhkəmə qərarları › İş №2-1(103)-2093/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2093/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2093/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 56 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 56 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1873/2022 saylı 09 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İİİ-SL seriyalı 270600 saylı 14 aprel 1986-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 xx.xx.1986-cı ildə nikahlarını bağlamışlar. Onların birgə nikahından 1985-ci il tarixdə X8, xx.xx.1987-ci il tarixdə X4, xx.xx.1990-cı il tarixdə X11, xx.xx.1996-cı il tarixdə X1, xx.xx.1998-ci il tarixdə X2 və xx.xx.2001-ci il tarixdə X7 doğulmuşdur. Bu fakt işdə olan doğum haqqında şəhadətnamələr ilə də təsdiq olunur. V-JQ seriyalı 280808 saylı xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının oğlu X8 xx.xx.1998-ci il tarixdə 13 yaşında Bakı şəhərində vəfat etmişdir. İddiaçı məxsus ARM seriyalı ******* saylı xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1984-cü ildə Ermənistan SSR Spitak rayonu Şenavan kənd kolxozuna sıravi kolxozçu kimi işə qəbul edilmiş, xx.xx.1987-ci ildə öz ərizəsi əsasında işdən azad edilmiş, xx.xx.1994-cü ildə 76 saylı Körpələr Evi-Uşaq Baxçasına müvəqqəti olaraq tərbiyəçi köməkçisi kimi işə qəbul olunmuş, xx.xx.1994-cü ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1994-cü ildə 76 saylı Körpələr Evi-Uşaq Baxçasına müvəqqəti olaraq dayə kimi işə qəbul olunmuş, xx.xx.1998-ci ildə tutduğu vəzifədən işdən azad olunmuş, xx.xx.2001-ci ildə Azərbaycan Tibb Universitetində Farmakologiya kafedrasına xadimə qəbul edilmiş, xx.xx.2012-ci ildə 4 saylı tədris binasına xadimə keçirilmiş, xx.xx.2021-ci il tarixli qeydə əsasən hal-hazıradək işləyir. İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı 03 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müraciətinizə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz xx.xx.1988-ci il tarixdə tərtib olunmuş ARM № ******* saylı əmək kitabçasının surətinə əsasən Sizin ümumi sığorta stajınız 22 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 771,08 manat, xx.xx.2006-cı il tarixindən 13661,98 manat olmaqla, ümumilikdə 14433,06 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 rnanat pensiya kapitalından azdır. Bildiririk ki, Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən 1994- 1998-ci illər ərzində işlədiyiniz 76 saylı uşaq bağçasının 1994, 1995, 1997, 1998-ci illərə dair arxiv sənədləri və əmək haqqı cədvəllərində Sizin haqqınızda heç bir məlumat olmadığından və 1996-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanlara əsasən Sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona 56 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, Nəsimi rayon Təhsil Şöbəsinin 76 saylı uşaq bağçasında uzun illər fəaliyyət göstərmişdir. Onun fəaliyyət göstərdiyi tarixlər xx.xx.1998-ci il tarixli ARM ******* nömrəli əmək kitabçasında da müvafiq surətdə qeyd edilmişdir. Cavabdeh tərəfindən ona verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, onun təqdim etdiyi xx.xx.1988-ci il tarixli əmək kitabçasının surətinə əsasən onun ümumi sığorta stajı 22 il 3 ay olmaqla tələb olunan müddətdən azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006-cı il tarixədək 771,08 manat, xx.xx.2006-cı il tarixindən sonra 13661,98 manat olmaqla, ümumilikdə 14433,06 manat təşkil etdiyi qeyd olunmuşdur. Ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, o, əmək kitabçasında qeyd olunan bütün tarixlərdə iş fəaliyyəti ilə aktiv surətdə məşğul olmuşdur. Arxiv sənədlərində həmin illərin sənədlərinin olmaması ona pensiyasının təyin olunmaması üçün əsas deyildir. İşlədiyi qurum tərəfindən işlədiyi müddətlə bağlı lazımi qeydlərin aparılıb-aparılmaması onun sosial təminat hüquqlarının pozulması üçün səbəb ola bilməz. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı 10 fevral 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. 76 saylı uşaq baxçasının arxiv sənədləri və əmək haqqı cədvəllərində İddiaçı barədə heç bir məlumat olmadığından, 1996-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən yaşa görə pensiyanın təyin edilməsindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması və əmək kitabçasında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.1994-xx.xx.1998-ci illərdə 76 saylı uşaq baxçasında işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İddiaçı 6 övladını doğub, onları səkkiz yaşınadək tərbiyə etdiyinə görə pensiya hüququ 56 yaşında xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Məsələnin obyektiv araşdırılması üçün tərəflərindən Milli Arxiv İdarəsinə sorğu göndərilmişdir. Müraciətə verilən Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda Binəqədi rayon 76 saylı uşaq baxçasının 1994; 1995; 1997 və 1998-ci illərə dair arxiv sənədləri və əmək haqqı cədvəllərində İddiaçı barəsində heç bir məlumat olmadığı qeyd edilmişdir. 1996-cı ilə dair arxiv sənədləri və əmək haqqı cədvəlləri isə Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Monitorinq aktına əsasən qarşılıqlı yoxlama zamanı isə işdən çıxma əmrlərinə əmrlər kitabında rast gəlinməmişdir. İş materiallarında olan xx.xx.1988-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçının 22 il 3 ay sığorta stajının olduğu müəyyən edilmişdir. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. İddiaçının ümumilikdə 14433,06 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edir. İddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1873/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 56 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddiaçının sığorta stajının və pensiya kapitalının kifayət qədər olmamasını araşdırmamış, gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 56 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az, yəni 22 il 03 ay olması və pensiya kapitalının kifayət qədər olmaması, yəni 28800 manatdan az 14433.06 manat olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının pensiya yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə ümumi iş stajının 25 ildən artıq, yəni 26 il 10 ay 21 gün olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: dövr xx.xx.2020-xx.xx.2021, qadınların yaş həddi 62 il. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1965-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun 62 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. İddiaçı 6 uşaq doğub, onları səkkiz yaşınadək tərbiyə etməsi (onlardan biri 13 yaşında vəfat etmişdir) işin mübahisəsiz halıdır. Odur ki, iddiaçının Qanunla tələb olunan pensiya yaşı- 62 yaşı Qanunun 8-ci maddəsində qeyd olunduğu kimi, hər uşağa görə 1 il azaldıldıqda onun pensiya hüququ 56 yaşının tamam olduğu, yəni xx.xx.2021-ci il tarixdən yaranır. Həmin tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il əmək stajı cavabdeh orqan tərəfindən mübahisələndirilir. Belə ki, iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək işləməsi barədə qeydlər onun əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını bildirir və bu halı təsdiq edə biləcək hər hansı sübutun olmadığı halda 1994-1998-cü illər üzrə olan dövrü qəbul etmir, yeganə dəlil olaraq həmin dövrdə iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin Arxivə təhvil verilmədiyinə istinad edir. İşdən görünür ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını təqdim etmişdir. Həmin əmək kitabçasına görə onun xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək Ermənistan SSR Spitak rayonu Şenavan kənd kolxozunda sıravi kolxozçu kimi işlədiyi 3 il 6 ay 17 gün, xx.xx.1994-cü ildən xx.xx.1994cü ilədək 76 saylı Körpələr Evi-Uşaq Baxçasında müvəqqəti olaraq tərbiyəçi köməkçisi kimi işlədiyi 2 ay 15 gün, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək 76 saylı Körpələr Evi- Uşaq Baxçasında müvəqqəti olaraq dayə kimi işlədiyi 4 il 22 gün və xx.xx.2001-ci ildən xx.xx.2012-ci ilədək Azərbaycan Tibb Universitetində Farmakologiya kafedrasında xadimə, sonradan isə 4 saylı tədris binasında xx.xx.2021-ci il tarixli qeydə əsasən hal-hazıradək işlədiyi, lakin 56 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 19 il 1 ay 23 gün, ümumilikdə 25 ildən artıq iş stajının olduğu müəyyən olunur. Lakin hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də onun işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək 79 saylı Uşaq Baxçasında tərbiyəçi işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. Birinci instansiya məhkəməsində verilmiş sorğuya cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1998-ci il tarixədək 76 saylı uşaq baxçasında tərbiyəçi vəzifəsində çalışmışdır. Həmin məktubla İddiaçı işə daxil olma və işdən azad olunma barədə əmrlərindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş 143 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən 76 nömrəli baxçaya müvəqqəti tərbiyəçi köməkçisi təyin edilmiş və 46 nömrəli xx.xx.1998-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, o, xx.xx.1998-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir: Dövlət Arxivinin Bakı filialında saxlanılan Nəsimi rayon Təhsil Şöbəsinin 76 saylı Uşaq baxçasının 1993- 2000-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində Şabanova (Məsimova) Qüdrət Əhməd qızı barəsində heç bir məlumat yoxdur. Nəsimi rayon Təhsil Şöbəsinin əmr kitabları və 1990-1992-ci illərə dair 76 saylı Uşaq baxçasının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021- ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı Filialında saxlanılan Nəsimi rayon Təhsil Şöbəsinin 76 saylı Uşaq baxçasının 1990, 1993-2000-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində vət. Şabanova (Məsimova) Qüdrət Əhməd qızı barədə heç bir məlumat yoxdur. Nəsimi rayon Təhsil Şöbəsinin 76 saylı Uşaq bağçasının əmr kitabları və 1991, 1992-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Təhsil şöbəsinin sənədləri BŞİH-nin arxivində saxlanılmır. Eyni zamanda həmin rayonun 76 saylı uşaq baxçasının sənədləri ayrıca fond kimi onların arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, uşaq bağçaları ilə bağlı sənədlər Təhsil Nazirliyinin arxiv fonduna təhvil verilməmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1941 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilmişdir. 1994-1998-ci illərdə məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığından həmin dövrü əhatə edən hər hansı sənəd və məlumat mövcud deyildir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1994-1998-ci illərdə işlədiyi müddət şübhə altına alınmış və onun iş stajına daxil edilməsindən, nəhayət yaşa görə ona əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçı №143 §2 xx.xx.1994-cü il tarixli işə daxil olma və №4 §1 xx.xx.1998-ci il tarixli işdən azad olunma əmrlərinin olduğu əmrlər kitabından həmin əmrləri özündə əks etdirən səhifələrin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı 76 saylı körpələr evi – uşaq bağçasına məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şabanova (Masimova) Qüdrət Əhməd qızı 143 saylı xx.xx.1994-cü il tarixli əmrin §2 hissəsi ilə müvəqqəti dayə işinə qəbul edilmiş, 4 saylı xx.xx.1998-ci il tarixli əmrin §1 hissəsi ilə öz xahişinə əsasən işdən azad edilmişdir. Beləliklə, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işləməsi və işlədiyi müəssisənin mövcud olması faktı öz təsdiqini tapmışdır. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi barədə gətirdiyi dəlillə bağlı qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Odur ki, iddiaçının 1994-1998-ci illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün iddiaçının işlədiyi müddətlər ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan dövrlər üzrə stajdan irəli gələn hüquqlarının (hazırki halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi müddət onun stajına daxil edilməklə onun ümumilikdə 26 il 11 ay 15 gün iş stajı vardır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəlir və buna görə də qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1873/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1873/2022 saylı 09 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar