Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2093/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5798/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Mərkəzi Hərbi Həkim Komissarlığına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işğal edilmiş ərazilərin azad olunması uğrunda gedən döyüşlərdə iştirakını, əlillik səbəbinin hərbi xidmət dövrü ilə əlaqədar olduğunu, travmanın hərbi travma olduğunu və bunun Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığını nəzərə alaraq, əlillik təyinatının hərbçi kimi qeydə alınması və əlillik səbəbinin əlaqəsinin dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası kimi oxunmasını və iddia tələbinin “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozunun səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi barədə qərar qəbul edilməsi” kimi qeyd edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia tələbini bununla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.2020-ci il tarixdə SHXÇDX-nin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. İddiaçı N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş, 2-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur, müharibə veteranıdır. Müharibə zamanı aldığı travmalar nəticəsində ona kəskin şizofreniyaya bənzər psixotik pozğunluq, asteniya ilə nəticələnmiş şizofrenabənzər psixoz, Kəskin şizofreniyaya bənzər psixotik pozğunluq diaqnozu qoyulmuş, bununla bağlı ona 3-cü dərəcə əlillik təyin edilmişdir. Əlillik səbəbinin hərbi xidmət dövrü ilə əlaqədar olduğu da əlillik haqqında arayışla təsdiq olunur. Bundan başqa 11957 saylı xəstəlik haqqında şəhadətnamə ilə də travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı da qeyd olunmuşdur. Hazırda həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Buna baxmayaraq hansı səbəbdən olduğunu bilməsə də, ona əlillik dərəcəsinin təyinatı mülki şəxs kimi təyin olunmuşdur. Əlillik təyinatında qazilərlə mülki şəxslərin fərqləndirilməsi diaqnoza görə aparılmır. Onların fərqləndirilməsi əlilliyin səbəbinə görə aparılır. Cavabdeh təərfindən iddia tələbinə etiraz təqdim edilərək qeyd edilmişdir ki, Bakı şəhər Sabunçu rayon idarəsi tərəfindən 2020-ci ildən hərbi xidmətə çağrılmış, vətəndaş İddiaçı xx.xx.2021-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Asteniya ilə nəticələnmiş şizofrenebenzer psixoz. Hər iki miopik astiqmatizmi Em və M 0,50D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Retroserebellar araxnoidal kista” diaqnozu ilə olan xəstəliklərin səbəb əlaqəsi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi, “Partlayış travması (xx.xx.2020), burun sümüklərinin bitişməkdə olan sınığı, burun tənəffüsünün cüzi dərəcədə çətinləşdirən burun arakəsməsinin əyriliyi” diaqnozu ilə olan travmanın səbəb əlaqəsi isə “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli"nin 15 maddəsinin İİ qrafasına əsasən “HƏM DİNC DÖVRDƏ, HƏM DƏ MÜHARİBƏ DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZDİR” sayılmışdır. “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozu ilə olan xəstəlik kəskin xəstəlikdir, yəni bir neçə saatdan bir neçə günə kimi inkişaf edib yarana bilər. Həmin halda xəstə özündə olmur, davranışlarını bilmir. Hərbi hissənin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 1333 nömrəli aktdan görünür ki, İddiaçı davranışında pozuntular 2021-ci ilin mart ayında baş vermişdir. Müharibə isə 2020-ci ilin noyabrın 10-da başa çatmışdır. Hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədən də məlum olur ki, İddiaçı 2021-ci ilin mart ayınadək normal xidmət etmişdir. Həmçinin MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021- ci il tarixli göndərişinə əsasən İddiaçı SQ Baş psixiatrının konsultasiyasında olmuş və ona “Psixi sağlam” diaqnozu qoyulmuşdur. Beləliklə, İddiaçı “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozu ilə olan xəstəlik müharibədən 3 ay sonra yaranmışdır. Bu səbəbdən də həmin xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi düzgün olaraq “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5798/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarı (hakim: S.Salahova) ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş, 2-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur, müharibə veteranıdır. Müharibə zamanı aldığı travmalar nəticəsində ona kəskin şizofreniyaya bənzər psixotik pozğunluq, asteniya ilə nəticələnmiş şizofrenabənzər psixoz, Kəskin şizofreniyaya bənzər psixotik pozğunluq diaqnozu qoyulmuş, bununla bağlı ona 3-cü dərəcə əlillik təyin edilmişdir. Əlillik səbəbinin hərbi xidmət dövrü ilə əlaqədar olduğu da əlillik haqqında arayışla təsdiq olunur. Bundan başqa 11957 saylı xəstəlik haqqında şəhadətnamə ilə də travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı da qeyd olunmuşdur. Hazırda həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Buna baxmayaraq hansı səbəbdən olduğunu bilməsə də, ona əlillik dərəcəsinin təyinatı mülki şəxs kimi təyin olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən xəsarət almış, xidmət etdiyi N saylı hərbi hissə xəsarətin “Burun sümüklərinin posttravmatik sınığı, deformasiyası.”ndan ibarət olduğunu bildirmiş, iddiaçının aldığı həmin xəsarətin səbəb əlaqəsi hərbi həkim komissiyası tərəfindən «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi müəyyən edilmişdir. İddiaçı hazırda ona əlillik təyin edilmiş “kəskin şizofreniyaya bənzər psixotik pozğunluq. Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz. Kəskin şizofreniyaya bənzər psixotik pozğunluq” xəstəliyinin xx.xx.2020-ci ildə aldığı travma nəticəsində yaranmasına istinad edərək, həmin xəstəliyinin səbəb əlaqəsinin də «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən: - 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. - 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ...və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. - 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkimuçuş komissiyaları) yaradılır. - 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi qulluqçuların; ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi; - 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. - 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; Əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; Əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. - - 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. - 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli SX seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli 1121 saylı travma haqqında arayışından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü əsgər İddiaçı xx.xx.2020-ci ildə deməsinə görə, Azərbaycan Respublikası ərazi bütovlüyünü müdafiə edərkən “Burun sümüklərinin posttravmatik sınığı, deformasiyası.” xəsarətini almışdır. Xəsarəti döyüş tapşırığını yerinə yetirərkən almışdır. - xx.xx.2021-ci il tarixli 11957 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı anamnestik məlumatlardan aydın olur ki, irsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. İlkin inkişafı adi olub. Orta təhsillidir. Subaydır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən "Burun sümüklərinin posttravmatik sınığı, deformasiyası” xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən xx.xx.2021-ci il tarixli 1121 nömrəli travma haqqında arayış). Aldığı xəsarətdən sonra müalicə olunmayıbdır. Hərbi hissədən təqdim edilən aktdan aydın olur ki, tibb məntəqəsində dinamik nəzarətdə olarkən davranışlarında pozulmalar olmuşdur. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında "Keçirilmiş psixotik vəziyyətdən sonrakı astenik sindrom” diaqnozu ilə stasionar müalicə almışdır (əsas: 2054/21 nömrəli epikriz). Hüquq İdarəsinin Təhqiqat şöbəsinin rəisi tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. SQ baş nevroloqu, psixiatrı ilə konsultasiya olunmuşdur. xx.xx.2021-xx.xx.2021-Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2021-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Şəhadətnaməyə əsasən iddiaçının diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz. Hər iki gözün miopik astiqmatizmi Em və M 0,50D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Retroserebellar araxnoidal kista.” - Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır, “Partlayış travması (xx.xx.2020), burun sümüklərinin bitişməkdə olan sınığı, burun tənəffüsünün cuzi dərəcədə çətinləşdirən burun arakəsməsinin əyriliyi.” Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. kimi olmuşdur. - 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2736003AAEBD saylı tibbi sosial ekspertiza müayinəsinə göndərişdən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı kəskin şizofreniyaya bənzər psixotik pozğunluq xəstəliyi səbəbilə xəstəxanada müayinə olunmuş və aşağıdakılar müəyyən edilmişdir: anamnezindən məlumdur ki, irsiyyəti ruhi xəstəliklərlə ağırlaşmayıb. Orta təhdillidir. SHXÇDX-nin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağrılmışdır (könüllü daxil olmuşdur). İİ Vətən Müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci il kəllə beyin travması alıb. xx.xx.2021xx.xx.2021-ci il tarixədək RPX-da “keçirilmiş psixotik vəziyyətdən sonrakı astenik sindrom” diaqnozu ilə stasionar müalicə almışdır (əsas: 2054/21 nömrəli epikriz). xx.xx.2021-ci il tarixdə MN-MHP-da müayinə və müalicə olmuşdur. Diaqnoz və xəsarətin xəstəliyinin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: asteniya ilə nəticələnmiş şizofrenə bənzər psixoz. Hal-hazırda xəstənin vəziyyəti nümaişkardır. Davranışları qeyri adekvatdır. Ətrafına, o cümlədən tibbi personala qarşı çox aqressivdir. Xəstəliyinə və indiki vəziyyətinə qarşı tənqidi yoxdur. - xx.xx.2021-ci il tarixli ********** saylı əlillik haqqında arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “kəskin şizofreniyaya bənzər psixotik pozğunluq. Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz. Kəskin şizofreniyaya bənzər psixotik pozğunluq” diaqnozu ilə xx.xx.2021-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik (2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (F20-20.9) təyin edilmiş, əlilliyin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” kimi müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2026-cı il təyin edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "X1" publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2653 saylı ekspert rəyində qərara alınmışdır ki: İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Kəskin şizofreniyaya bənzər psixotik pozğunluq. Asteniya ilə nəticələnmiş şizofrenabənzər psixoz” qeyd edilmişdir. Bunu mülki iş materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, İddiaçı hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2001-ci il təvəllüdlü İddiaçı müşahidə olunan “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” xəstəliyi xx.xx.2020-ci ildə aldığı partlayış travması nəticəsində yarana bilərmi? (iddiaçı canlı müayinə olunmaqla) Cavab: Şizofrenəbənzər pozuntu etiologiyasına görə üzvi mənşəli deyil, belə ki, partlayış travması nəticəsində yarana bilməz. Bu pozuntunun yaranması kəskin stresslə əlaqəli olsa da, müddətinə görə 1-2 həftə əvvəl baş vermiş stress nəzərdə tutulur. Təqdim edilmiş tibbi sənədlərə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək staisonar müalicədə olmuş və həmin dövrdə onda “Keçirilmiş psixotik vəziyyətdən sonraki astenik sindrom” diaqnozu qeyd edilmişdir. 2-ci sual: xx.xx.2001-ci il təvəllüdlü İddiaçı müşahidə olunan “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” xəstəliyinin əlamətlərini xəstəliyin yaranma tarixindən hansı müddət ərzində müşahidə etmək mümkündür? 3-cü sual: xx.xx.2001-ci il təvəllüdlü İddiaçı müşahidə olunan “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” xəstəliyinə əsasən iddiaçının davranışında pozuntular 2021-ci ilin mart ayında baş versə də, həmin xəstəliyin göstərilən tarixdən əvvəl yaranması mümkündürmü? Mümkündürsə, təxminən nə qədər müddət əvvəl yarana bilər? 2-ci və 3-cü suallara cavab: xx.xx.2001-ci il təvəllüdlü İddiaçı müşahidə olunan “Kəskin şizofrenəbənzər pozuntu” gedişinə görə kəskin başladığı üçün, xəstəliyin iki həftə və daha az müddətə təzahür olunması nəzərdə tutulur. Tibbi sənədlərə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müalicədə olmuş və həmin dövrdə onda “Keçirilmiş psixotik vəziyyətdən sonraki astenik sindrom” diaqnozu qeyd edilmişdir. Təqdim edilmiş tibbi sənədlərə əsasən medikamentoz müalicə nəticəsində həmin pozuntu sağalma ilə nəticələnmiş və “Asteniya ilə nəticələnmiş şizofrenəbənzər psixoz” diaqnozu qeyd edilmişdir. Göründüyü kimi, ekpert rəyi ilə iddiaçıya qoyulmuş “Kəskin şizofrenəbənzər pozuntu” diaqnozunun partlayış travması nəticəsində yaranmasının mümkünsüz olması bildirılmiş, həmçinin iddiaçıya bu diaqnozun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aldığı stasionar müalicə zamanı qoyulması, xəstəlik kəskin başladığı üçün, xəstəliyin iki həftə və daha az müddətə təzahür olunması müəyyən edilmişdir. Deməli, həmin xəstəliyin iddiaçının xx.xx.2020-ci il tarixdə aldığı travma nəticəsində yaranması ekspert rəyi ilə öz təsdini tapmamışdır. Rəydə o da qeyd edilmişdir ki, “Psixi statusu: Zahirən bir qədər gərgindir. Düşüncəsi aydındır. Bələdliyi öz şəxsiyyətinə, zamana və məkana görə saxlanılıb. Söz ünsiyyətinə əsəbi şəkildə daxil olur. Verilən sualları əvvəlcə əsəbi və xəstə olduğunu deyərək cavablandırmaq istəmir, sonra sualları yenidən təkrar etdikdə mahiyyətinə uyğun şəkildə cavablandırır. Davranışında nümayişkarlıq elementləri və simulyativ davranış qeyd edilir. Nitqi və təfəkkürü ardıcıldır. Mühakimələri kifayət qədər məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Əhvali-ruhiyyə fonu sabitdir. İntellektual-mnestik pozuntular aşkar edilmir. Təsəvvür və bilik ehtiyatı yaşayış tərzinə, aldığı təhsilə uyğundur. Ona müraciəti ilə bağlı soruşduqda aşağıdakıları deyir: “Mən müharibədə yaralanmışam, kəllə beyin travması almışam, stress keçirmişəm. Döyüşlərdən sonra mən xəstələnmişəm, amma mənim xəstəliyimin hərbi travma olduğunu qeyd etməyiblər”. Yoxlanılan şəxs ekspertizaya göndərilməsi məqsədini düzgün başa düşür. Öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibəti saxlanılıb.” Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5798/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2093/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2093/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver