Məhkəmə qərarları › İş №2-1(103)-2094/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2094/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2094/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-5310/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli qərarının ləğv olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək, müəssisənin hesablarına qoyulmuş sərəncamların geri çağırılması, kameral hesablama ilə yaranmış borca görə İddiaçı MMC-nin hazırda mövcud olan bütün növ əmlakının, xammal, dəzgah, avadanlıqların və digər əmlakların siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı müvəqqəti xarakterli müdafiə barədə ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərarının ləğv olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək, müəssisənin hesablarına qoyulmuş sərəncamların geri çağırılması, kameral hesablama ilə yaranmış borca görə İddiaçı MMC-nin hazırda mövcud olan bütün növ əmlakının, xammal, dəzgah, avadanlıqların və digər əmlakların siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5310/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərarında müəyyən edilmiş borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamlar istisna olmaqla İddiaçı MMC-nin hesablarına qoyulmuş sərəncamlar geri çağırılması, kameral hesablama ilə yaranmış borca görə İddiaçı MMC-nin hazırda mövcud olan bütün növ əmlakının, xammal, dəzgah, avadanlıqların və digər əmlakların siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, ərizəyə baxılması üzrə məhkəmənin gəldiyi nəticə işin hüquqi və faktiki hallarına uyğun olmadığından, eləcə də vergi qanunvericliyinin, inzibati-prosessual hüquq normalarının tələblərinə zidd olduğundan qanunsuz və əsassız sayılmaqla ləğv olunmalıdır. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi əsasları və qaydası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40-44-cü maddələri ilə tənzimlənir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsindən əvvəl məhkəmənin vəzifəsi ilk öncə iddianın uğurluluq ehtimalının müəyyən edilməsi olmalı idi. Lakin məhkəmə qərardadında iddianın uğurlu olmasına dəlalət edən hər hansı sübuta, formalaşmış məhkəmə təcrübəsinə istinad etməmiş, ümumiyyətlə qeyd edilən məsələ üzrə araşdırma aparmamışdır. Nümayəndə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, ilkin məhkəmə araşdırması aparmaqla ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. Məhkəmənin hazırkı qərardadı iddianın gələcəkdə uğurlu olmayacağı təqdirdə iddiaçının dövlət büdcəsinə olan borclarının alınması ilə bağlı mühüm çətinliklər yaradacaqdır. Nümayəndə qeyd etdi ki, mübahisələndirilən vergi məbləğinin vergi ödəyicisi tərəfindən şərtsiz qaydada büdcəyə ödənilməsinə dair qanunvericinin Vergi Məcəlləsinin 63.2-ci maddəsində olan tələbinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73 cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2016-cı il tarixli qərarında aydın ifadə olunmuşdur. Bundan başqa məhkəmə qərardadında qeyd olunmuş iddiaçının əmlaklarının siyahıya alınması ilə bağlı qadağa ilə əlaqədar nümayəndə bildirdi ki, bu hissədə də məhkəmə vergi qanunvericiliyinin tələblərinə zidd nəticəyə gəlmişdir. Göründüyü kimi qəbul edilmiş qərardadla vergi orqanlarının qanunvericiliklə nəzərdə tututmuş birbaşa səlahiyyətlərinə müdaxilə edilmişdir. Həmin qərardad iddiaçının vergi öhdəliklərinin alınmasına maneə yaratmışdır. Belə ki, vergi borcunun dövlət büdcəsinə məcburi qaydada alınmasının cavabdehə qadağan edilməsindən sonra vergi orqanının borc məbləğini vergi ödəyicisinin əmlakından tutmaq imkanı məhdudlaşdırılmış və iddiaçının vergi borcu olmasına baxmayaraq mülkiyyətində olan siyahıya alınmış əmlak barəsində hərəkətlər edilməsi qadağan edilmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilmiş hissədə ləğv edilməsi və həmin hissədə ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020ci il tarixli, **********080100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmiş və həmin qərara əsasən “xxxx” MMC-yə ümumilikdə 718.165,32 manat əlavə vergi məbləği hesablanmışdır. Hazırda iddiaçı tərəfindən ona hesablanmış borc məhkəmə qaydasında mübahisələndirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.11-2-ci maddəsinə görə vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. - 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. - 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. - 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmişdirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Vergi ödəyicisinin həmin vəzifəsi müqabilində isə vergi orqanının bu cür hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 40-cı maddəsinin tələblərinə görə maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, ididaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Qeyd olunan Məcəllənin 43-cü maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. “Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərarla müəyyən edilmiş borcun tutulması ilə bağlı vergi qanunvericiliyində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi davam etdirildiyi halda, hazırki iddia tələbi öz əhəmiyyətini artıq itirilmiş hesab edilə bilər. Belə ki, tətbiq edilməsi zəruri hesab edilən tədbirlə iddiaçının hüquqlarının qorunması ilə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməsi arasında tarazlığı apararkən, iddiaçının hüquqlarının qorunması daha üstün hesab edilməlidir. Çünki əgər iddia təmin edilməzsə, cavabdeh qanunvericiliklə ona verilmiş imkanlardan istifadə etməklə sonrakı hərəkətlərin, yəni müəssisənin hesablarına sərəncamların qoyulması, bütün növ əmlakının, xammal, dəzgah, avadanlıqların və digər əmlakların siyahıya alınması, artıq siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı verilmiş hüquqların həyata keçirilməsini davam edə bilər. Lakin mübahisələndirilən qərarla bağlı məhkəmə araşdırmasının mövcudluğu anında cavabdeh tərəfindən qərarın tam icrası iddiaçının məhkəmə müdafiəsi hüququnu əhəmiyyətsiz edir. Yuxarıda qeyd olunan 40.1-ci, 40.3-cü, 41.2-ci maddələrinin mənasından göründüyü kimi, iddiaçının ərizəsi əsasında məhkəmə işin hallarını araşdırıb qiymətləndirdikdən sonra, müəyyən şərtlərlə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İş materiallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********342900 haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, bina tikintisi ilə məşğul olan iddiaçı sadələşdirilmiş vergi ödəyəcisidir və təqdim edilmiş bəyənnamə üzrə 2017-ci ilin 4-cü rüb üçün hesablanmış vergi məbləği 1640673.54 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsinsə müəyyən edilmiş vergi 2407277,58 manat, əlavə hesablanmış vergi məbləği 766604,04 manat təşkil etdiyi müəyyən edilir. Həmin vergi məbləğin dövlət büdcəsinə ödənişinin təmin edilməsi üçün onun bank hesablarına sərəncamların qoyulması iş materialları ilə müəyyən edilmir. İddiaçı cavabdehin onu əlavə vergi məsuliyyətinə cəlb edən xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini tələb etmişdir. Onun həmin iddia tələbinin mahiyyəti üzrə araşdırılması sübutların hərtərəfli tədqiq edilməsini, onlara hüquqi qiymət verilməsini və gələcəkdə qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcud olmasının ortaya çıxarılması zəruriliyini yaratdığı nəzərə alsaq, işin hazırkı mərhələsində iddianın gələcəkdə və mahiyyəti üzrə hansı yekun məhkəmə qərarının qəbul olunacağını, bu və ya digər tərəfin xeyrinə işin həll olunacağını müəyyən etmək hazırkı mərhələdə mümkün və ağlabatan deyil. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməli və bu zaman hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinin tələbinə görə vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin də vəzifəsidir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin qərardadının qanunvericiliyə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilməli, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri ərizəsi qismən təmin edilərək, iddiaçının Yelo Bank ASC-nin bank hesablarına AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********342900 saylı qərarına əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması üçün yeni sərəncamların qoyulması cavabdehə qadağan edilməli, iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək, cavabdehin xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli qərarına əsasən hesablanmış vergilər və maliyyə sanksiyası üzrə ümumi məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatlarının aparılması iddiaçıya qadağan edilməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin digər hissəsini - kameral hesablama ilə yaranmış borca görə İddiaçı MMC-nin hazırda mövcud olan bütün növ əmlakının, xammal, dəzgah, avadanlıqların və digər əmlakların siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edərək haqlı olmamışdır. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin əmlakların siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli, **********342900 saylı qərar qəbul edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, vergi ödəyicisi “xxxx” MMC-nin siyahıya alınmalı əmlaklar müəyyən edilmədi. Ona görə ərizə bu hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilsin. İddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri ərizəsi qismən təmin edilsin. İş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək: İddiaçı “xxxx” MMC-nin Yelo Bank ASC-nin bank hesablarına AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********342900 saylı qərarına əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması üçün yeni sərəncamların qoyulması cavabdehə qadağan edilsin. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli qərarına əsasən hesablanmış vergilər və maliyyə sanksiyası üzrə ümumi məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatlarının aparılması iddiaçıya qadağan edilsin. İddiaçının ərizəsi qalan hissəsində təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar