Məhkəmə qərarları › İş №2-1(103)-2094/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2094/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2094/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3523/2021 saylı 08 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11.12.2020-ci il tarixli 558 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 22.05.2011-ci il tarixində Dövlət Miqrasiya Xidmətinə işə qəbulla əlaqədar keçirilmiş imtahandan müvəffəqiyyətlə keçərək 11.07.2011ci il tarixindən miqrasiya orqanlarında qulluğa qəbul edilmişdir. İddiaçı işlədiyi müddət ərzində öz vəzifə öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun olaraq vicdanla icra etmişdir. İddiaçı barəsində heç vaxt intizam tənbehi tətbiq edilməmişdir. İddiaçı müxtəlif vaxtlarda 14 dəfə təlimlərdə iştirak etmiş və ona müvafiq sertifikatlar təqdim edilmişdir. 18.03.2016-cı il tarixində Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının doqquzuncu ildönümü və “X4” bayramı münasibəti ilə, həmçinin xidməti vəzifələrinin icrasına nümunəvi və məsuliyyətlə yanaşdığına görə iddiaçı Fəxri fərmanla təltif olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin 17.03.2017-cı il tarixli 89 nömrəli əmri ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı ilə təltif edilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi dəyişdikdən sonra iddiaçıya qarşı olan münasibət qərəzli olaraq dəyişmişdir. İddiaçının öz vəzifə öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun olaraq vicdanla icra etməsinə baxmayaraq, heç bir səbəb və əsas olmadan ona işdən çıxma barədə ərizə yazmalı olduğunu bildirmişlər. İddiaçının işdən çıxma barədə ərizəni yazmayacağı təqdirdə onu şərləyərək intizam tənbehi qaydasında işdən çıxaracaqlarını bildirmişlər. İddiaçı şər və böhtandan qorxduğu üçün məcbur qalıb 04.12.2020-ci il tarixində işdən çıxma barədə ərizə yazmışdır. İddiaçının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11.12.2020-ci il tarixli 558 nömrəli əmrinə əsasən miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Pandemiya səbəbindən dünyada və ölkədə vəziyyətin ağır olduğu bir dövrdə hansısa işçinin yeni iş tapmadan könüllü olaraq öz ərizəsi əsasında işdən çıxması heç bir məntiqə sığmır. Həmçinin iddiaçının atası da ağır xəstədir. Atasının ağır xəstə olması və onun da işdən çıxarılması onların ailəsinin maddi vəziyyətini olduqca çətinləşdirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2021 saylı 08 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: P.Hüseynov) Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11.12.2020-ci il tarixli 558 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və müəyyən etmişdir ki, iddiaçı 11.07.2011-ci il tarixdən 11.12.2020-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinə ərizə ilə müraciət edərək onun öz arzusu ilə işdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 558 saylı 11.12.2020-ci il tarixli əmri ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 111.1-ci (öz arzusu ilə) maddəsinə əsasən iddiaçı 11 dekabr 2020-ci il tarixdən (öz arzusu ilə) işdən azad edilərək miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı cavabdeh tərəfindən onun işdən çıxma barədə ərizə yazmağa məcbur edildiyini, əks təqdirdə onun intizam tənbehi qaydasında işdən çıxarılacağı ilə hədələndiyini, ona görə də məcbur olub işdən çıxma barədə ərizə yazdığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının miqrasiya orqanlarında qulluq keçməsinə qanunvericiliyin tələblərinə əməl olunmaqla xitam verilmişdir. Bu səbəbdən iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 094736 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 11.07.2011-ci il tarixdən 11.12.2020-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan ərizənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Təşkilat-nəzarət baş idarəsi, Nəzarət idarəsinin inspektoru İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinə ərizə ilə müraciət edərək onun 07.12.2020-ci il tarixdən öz arzusu ilə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 558 saylı 11.12.2020-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 111.1-ci (öz arzusu ilə) maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 4-cü hissələri və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.5-ci bəndi rəhbər tutularaq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Təşkilatnəzarət baş idarəsi, Nəzarət idarəsinin inspektoru, İ dərəcəli miqrasiya xidməti qulluqçusu İddiaçı 11 dekabr 2020-ci il tarixdən (öz arzusu ilə) işdən azad edilərək miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür; Həmin Əsasnamənin 3-cü maddəsinə əsasən miqrasiya orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Əsasnamə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir; Həmin Əsasnamənin 111-ci maddəsinə əsasən aşağıdakı əsaslar olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 111.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə. İş materialları ilə müəyyən olunur ki, iddiaçı “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 111.1-ci maddəsinə əsasən 11 dekabr 2020-ci il tarixdən öz arzusu ilə işdən azad edilərək miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində, eləcə də apelyasiya şikayətində onun işdən çıxma barədə ərizə yazmağa məcbur edildiyini bildirsə də bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddia tələbinin təmin olunmasına əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2021 saylı 08 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar