Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2094/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı Nəbiyeva (Həmidova) Aidə Əyyub qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Nəbiyeva (Həmidova) Aidə Əyyub qızı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 61 yaş yarım tamam olduğu üçün 28 mart 2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. İşin faktiki hallarına əsasən xx.xx.1958-ci il təvəllüdlü iddiaçı, xx.xx.1976xx.xx.1979-cu illərdə X3 X3 Kombinatında şagird, usta, xx.xx.1981- xx.xx.1985-ci illərdə “Azərkitab” Kitab Ticarət Birliyinin 63 nömrəli mağazasında xəzinədar, kiçik satıcı, xx.xx.1986-xx.xx.2006-cı illərdə Yevlax şəhəri Qarışıq Mallar Ticarəti İdarəsinin 18 №-li mağazasında xəzinədar, 21-22 №-li mağazalannda nəzarətçi - xəzinədar və 32 №- li mağazasında satıcı və müdir vəzifəsində işləmişdir. Lakin cavabdeh tərəfindən onun həmin əmək fəaliyyəti arxiv arayışları ilə təsdiqini tapsa da, işlədiyi həmin illər əmək kitabçası ilə rəsmiləşmədiyi üçün yaşa görə pensiya təyin olunması barədə müraciətinə 23 iyul 2021-ci il tarixli cavab məktubu ilə həmin illərin onun sığorta stajına daxil edilməsindən, bununla da, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi arayışlarda qeyd olunmuş əmək fəaliyyəti dövrü əmək kitabçasında öz əksini tapmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmamış, buna görə də ona yaşa görə pensiya təyin olunmasından imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı Nəbiyeva (Həmidova) Aidə Əyyub qızına 61 yaş 6 ay tamam olduğu üçün 28 mart 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunidir. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbələrinə əsasən iddiaçının pensiya yaşına çatdığı xx.xx.2020-ci il tarixə qadınların pensiya yaşı 61,5 yaş müəyyən edilmiş və həmin tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün tələb olunan pensiya kapitalı 28.800 manat məbləğində olmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş Elektron X2 Alt Sisteminə əsasən Qanunun 22.1.1-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı A.Nəbiyeva onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı yaşa görə ona pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, sonuncunun imtinasını aldıqdan sonra, məhkəmədə cavabdehə qarşı 61 yaş 6 ay tamam olduğu üçün, ona 28 mart 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında hazırkı iddianı qəldırmışdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Cavabdehin iddiaçıya ünvanladığı imtana məktubunun, iddia ərizəsinə etirazının və hazırkı apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının təqdim etdiyi arxiv arayşıları üzrə əmək fəaliyyətinin, onun əmək kitabçası olmadığından sığorta stajına daxil edilməsinin mümkünsüz olduğunu, onun fərdi hesabının sığorta hissəsində minimum pesiya məbləğinin ödənilməsinə imkan verən pensiya kapitalının da mövcud olmadığını əsas gətirərək hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunidir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan dəliləri ilə razılaşmayaraq iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etməsini qanunsuz sayır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (No:06771577, Yevlax RPŞ) surətinə əsasən müəyyən olunur ki, xx.xx.1958-cı il tarixdə doğulmuşdur. Belə olan halda, onun xx.xx.2018-ci il tarixində 60 yaşı tamam olmuş, həmin tarixdə isə pensiya yaş həddi qadınlar üçün 61 yaş olmuş, xx.xx.2019-cu il tarixində 61 yaşının tamam olduğunda isə pensiya yaş həddi 61 yaş yarıma yüksəlmiş və nəhayət ki, həmin tarixdən 6 ay keçdikdən sonra, yəni, xx.xx.2020-ci il tarixində o, həmin yaşa dolmuş, Qanunun qeyd olunan 7-ci maddəsinin qeyd olunan tələbində nəzərdə tutulan pensiya yaşına çatmışdır. İddiaçının Qanunun qeyd olunan norması ilə müəyyən olunan digər şərtinin yerinə yetirilməsinə, o cümlədən, 25 il sığorta stajına malik olmasına gəldikdə, iddiaçının həmin staja malik olduğu da iş materialları ilə təsdiq olunur. Belə ki,“Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının cavabdeh orqana müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Onu da qeyd etmək lazımdır ki, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və X1 Mərkəzi (işəgötürən) tərəfindən verilmiş 31 may 2021-ci il tarixli **********46 nömrəli Arxiv arayışına əsasən onun aşağıdakı kimi iş stajına malik olmasının həqiqiliyi müəyyən olunur: xx.xx.1981-xx.xx.1981:“Azərkitab” Kitab Ticarət Birliyinin 63 №-li mağazasında xəzinədar - 21 gün; xx.xx.1981- xx.xx.1985: həmin mağazada kiçik satıcı – 4 il 5ay 13 gün; xx.xx.1986-xx.xx.1987: Yevlax şəhəri Qarışıq Mallar Ticarət İdarəsinin 18 №-li mağazaya xəzinədar - 1 il 3 ay 13 gün; xx.xx.1987- xx.xx.1988: 22 №-li mağazasında nəzarətçi-xəzinədar – 1 il 6 ay 1 gün; xx.xx.1988-xx.xx.2005: 21 №-li, 32 № li mağazalarda nəzarətçi-xəzinədar-16 il 2 ay 27gün; xx.xx.2005 - xx.xx.2006: 32 saylı mağazanın müdiri- 1 il 4 ay 8 gün. Eyni zamanda, işə əlavə olunmuş Azərbaycan Respublikası Milli arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət arxivinin Yevlax filialı tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, 195/10 nömrli Arxiv arayışına əsasən iddiaçının aşağıdakı iş stajına malik olmasının həqiqiliyi müəyyən olunur: xx.xx.1976 -xx.xx.1976:X3 kombinatında toxucu sexində şagird -4 ay 20 gün; xx.xx.1976 -xx.xx.1979: həmin sexdə usta – 2 il 9 ay 15 gün. Beləliklə də iddiaçının tədqiq olunan arxiv arayışlarına əsasən müəyyən olunan stajı ümumiləşdirildikdə, onun 27 il 28 gün sığorta stajına malik olduğu müəyyən olunur. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində tələb olunan 2-ci şərti ilə müəyyən olunan 25 il sığorta stajı da mövcuddur. Belə olan halda, həmin normanın tələbi baxımından, iddiaçıya minimum pensiya ödənişinin təminatı üçün pensiya kapitalına malik olması zərurəti yaranmır. “2006-cı ilə qədər məcburi dövlət sosial sığorta haqlarının ödənişi ilə əlaaqədar isə qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun bu Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanlar baxımından, cavabdeh tərəfindən iddiaçının əmək kitabçası olmadığı əsas gətirilməklə, arxiv arayışları ilə onun iddiaçının xeyrinə olan halların nəzərə alınmaması qanunsuzdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən isə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh əmək pensiyaları haqqında və inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin onun imtinasının qanuni və məhkəmənin qərarının isə əsassız olduğunu, qanunvericiliyin tələblərinin pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1840/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2094/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2094/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver