Məhkəmə qərarları › İş №2-1(103)-2094/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2094/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2094/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə plan-cizginin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Ləman Ceyhun qızı Şükürovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə plan-cizginin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6302/2022 saylı 21 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 17 iyun 2021-ci il tarixli BA-02664-2021 nömrəli məktubla keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 419 saylı sərəncamın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Əzizbəyov rayon İHB-nın Zirə qəsbəsindəki nümayəndəsinin xx.xx.2000-ci il tarixli 28 saylı təqdimatına baxılaraq, Bakı şəhər XDS İK-nin 27.01.90-cı il tarixli 13/713 saylı qərarını rəhbər tutaraq Zirə qəsəbəsi, Natəvan küçəsi, dön.2, ev 2-də yaşayan “Azərpoçt” DM-nin Əzizbəyov filialı, 120 saylı şöbədə poçtalyon vəzifəsində işləyən, ailə tərkibi 5 nəfərdən ibarət olan İddiaçı Zirə qəsəbəsində 40 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi sənədi əlavə edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ********** saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış Z3-092 saylı xx.xx.2022-c il tarixli imtina məktubundan görünür ki, Xəzər RİHB-nın Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən ərizədə qeyd olunan əraziyə yerində baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, istifadəsində olan torpaq sahəsi Zirə X1 rayonunun inzibati ərazisində yerləşsə də Abşeron RİH-nin idarəçiliyində olan torpaq sahələrinə aid olduğundan, sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri keçmiş Əzizbəyov rayon İHB-nın 419 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı keçmiş Əzizbəyov indiki Xəzər rayonu, Zirə qəsəbəsində 40 saylı fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 419 No-li xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı Əzizbəyov, indiki Xəzər rayonu, Zirə qəsəbəsində 40 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin yerquruluşu planının verilməsi ilə bağlı müraciətinə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə cavab verilmiş və göstərilmişdir ki, istifadəsində olan torpaq sahəsi Zirə X1 rayonunun inzibati ərazisində yerləşsə də, Abşeron RİH-nin idarəçiliyində olan torpaq sahəsinə aid olduğundan sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. Abşeron rayon İH-nin xx.xx.2021-ci il tarixli məktubunda isə göstərilmişdir ki, “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Qeyd olunanları nəzərə alaraq fərdi həyətyanı torpaq sahəsinin qanuni istifadəyə verilməsini təsdiq edən sənədləri təqdim etməklə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyyə olunur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh qismində yalnız Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin saxlanılması və Bakı şəhəri keçmiş Əzizbəyov rayon İHB-nın 419 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı keçmiş Əzizbəyov indiki Xəzər rayonu, Zirə qəsəbəsində 40 saylı fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair plancizginin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bu iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətinə cavab olaraq Zirə qəsəbəsi, Zirə-Südçülük- Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olması səbəbindən cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Xəzər Rayon İcra Hakimiyyətinin əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Bundan əlavə Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Bununla əlaqədar olaraq, hazırkı iş üzrə Xəzər Rayon İcra Hakimiyyəti cavabdeh inzibati orqan hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin yerquluşu planının tərtib edilib verilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6302/2022 saylı 21 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 05 may 2000-ci il tarixli, 419 nömrəli sərəncamına əsasən Zirə qəsəbəsində 40 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon İcra Hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır.Həmin qanunun 12ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icratının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 419 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Zirə qəsəbəsində 40 saylı sahədə 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi əlavə edilməmişdir. İddiaçı sözügedən sərəncam əsasında ona yerləşmə cizgisinin verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən istifadəsində olan torpaq sahəsi Zirə X1 rayonunun inzibati ərazisində yerləşsə də Abşeron RİH-nin idarəçiliyində olan torpaq sahələrinə aid olmasına istinad edilərək imtina edilmişdir. Halbuki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********40 nömrəli mütəxəssis rəyinə əsasən sözügedən 1200 kv.m torpaq sahəsi keçmiş Zirə Tərvəzçilik-Südçülük sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Hazırda iddiaçının tələbi “Bakı şəhəri keçmiş Əzizbəyov rayon İHB-nın 419 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona keçmiş Əzizbəyov indiki Xəzər rayonu, Zirə qəsəbəsində 40 saylı fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair plancizginin verilməsi” barədədir. İş üzrə birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında aparılmış işin hallarının “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırılma aparılmamasına, işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməməsinə, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabının verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmasına istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan 419 saylı xx.xx.2000-ci il tarixli sərəncamın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Əzizbəyov rayon İHB-nın Zirə qəsəbəsindəki nümayəndəsinin xx.xx.2000-ci il tarixli 28 saylı təqdimatına baxılaraq, Bakı şəhər XDS İK-nin 27.01.90-cı il tarixli 13/713 saylı qərarını rəhbər tutaraq Zirə qəsəbəsi, Natəvan küçəsi, dön.2, ev 2-də yaşayan “Azərpoçt” DM-nin Əzizbəyov filialı, 120 saylı şöbədə poçtalyon vəzifəsində işləyən, ailə tərkibi 5 nəfərdən ibarət olan İddiaçı Zirə qəsəbəsində 40 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********40 nömrəli mütəxəssis rəyindən görünür ki, göstərilən faktiki 1200 kv.m torpaq sahəsinin sərhəddinin iki tərəfi mişar daş hasar, iki tərəfdə isə təməl yeri qazılmışdır. Sözügedən torpaq sahəsinin yerini təyin edən cizgi təqdim edilməyib. Göstərilən 1200 kv.m olan torpaq sahəsi keçmiş Zirə Tərvəzçilik-Südçülük sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 saylı fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən BA-02664-2021 saylı 17 iyun 2021-ci il tarixli məktubu ilə vətəndaş İddiaçı torpaq sahəsinin ayrılmasına dair keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 419 saylı sərəncamın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məktubunun “Qeyd” hissəsində adı çəkilən sərəncama cizgi sənədinin əlavə edilmədiyi göstərilmişdir. Bu baxımdan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Göstərilən 1200 kv.m olan torpaq sahəsinin keçmiş Zirə Tərvəzçilik-Südçülük sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsi yuxarıda da qeyd olunduğu kimi, DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin məhkəmə sorğusuna əsasən verdiyi mütəxəssis rəyi ilə təsdiq olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 saylı sərəncamında göstərilmişdi ki, Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın. Göründüyü kimi, əvvəllər Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqların bir qismi, həmçinin iddiaçıya ayrılmış torpaq sahəsi sonradan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış və hazırda inzibati ərazi hüdudları baxımından Bakı şəhər Xəzər rayonuna aid edildiyi müvafiq qurum tərəfindən təsdiq olunur. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini məhz Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə münasibətdə təmin etməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün heç bir əsas yaratmır. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-2246/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6302/2022 saylı 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6302/2022 saylı 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar