Məhkəmə qərarları › İş №2-1(103)-2094/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2094/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2094/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3698/2024 saylı, 21 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsinin "Xidmətə xitam verilməsi haqqında" xx.xx.2019-cu il tarixli, 1000/1290S nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu vəzifəsi Komitənin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi, Beynəlxalq dəniz Ticarəti Limanı gömrük postunda Baş inspektor olmuşdur. İşlədiyi dövrdə heç bir tənbeh tədbiri almamış, əksinə, qüsursuz xidmətinə görə xx.xx.2019-cu il tarixdə döş nişanı ilə təltif olunmuşdur. xx.xx.2023-cü il tarixdə Komitədən ona bildirildi ki, işdən azad edilmişdir. Lakin bu barədə əmrin surəti ona verilmədi. Əmrin surətinin ona təqdim edilməsi üçün dəfələrlə şifahi şəkildə müraciət etsə də bir nəticə vermədi. Nəhayət yazılı surətdə müraciətinə əsasən, xx.xx.2023-cü il tarixli, 3-33/2-Ə- 001314/1-42/2023 nömrəli məktubla əmrin surəti ona təqdim edildi. Məlum oldu k, Komitənin sabiq sədri Səfər Mehdiyevin xx.xx.2019-cu il tarixli, 1000/1290S nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən tutduğum vəzifədən azad edilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, əmrdə işdən azad edilməyinə səbəb kimi "təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə" göstərilmişdir. Belə çıxır ki, komitədə digər vakant vəzifə olmamış və ya olan vakant vəzifə ona təklif olunsa da, iddiaçı həmin vəzifədən imtina etmişdir. Halbuki, belə bir hal olmayıb, ona hər hansı bir xəbərdarlıq edilmədən, vəzifə təklif olunmadan, işdən azad edilmişdir. Komitə rəhbərliyi həmin əmri ilə onun istər dövlət qulluğu və gömrük orqanlarında xidmət keçməyə dair sahəvi qanunvericiliklə, istərsə də əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş əmək hüquqlarını kobud şəkildə pozmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3698/2024 saylı, 21 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xidmətə xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 1000/1290Ş saylı əmrinə əsasən İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1ci hissəsinin 4-cü bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Gömrük Komitəsinin "xidmətə xitam verilməsi haqqında" xx.xx.2019-cu il tarixli, 1000/1290Ş nömrəli əmrinin ləğv edilməsini və işə bərpa olunmasını tələb edir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmr barədə uzun müddət ərzində məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmr İddiaçı xidmətdən xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının həmin əmrin məzmunundan qeyd edilən əmrin qəbul edildiyi gün məlumatlı olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzib olunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 1000/1290ş saylı əmri ilə iddiaçının xidmətinə xitam verilmiş və bu barədə iddiaçının əmək kitabçasının 48- 49-cu vərəqində müvafiq qeyd aparılmışdır. Həmçinin, iş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, iddiaçı xidmət illərinin nəzərə alınaraq, ona pensiya təyin edilməsi ilə bağlı Məlumat Vərəqəsinin hazırlanıb Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirilən əmrin məzmunundan 2019-cu ildə məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə uzun müddət sonra, yəni xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən əmrin ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilməsinə baxmayaraq, iddiaçı məhkəməyə müddətin bərpası barədə ərizə təqdim etməmiş və müddətin buraxılmasına səbəb olan halları əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Nəzərə alınmalıdır ki, müddətlə bağlı tələbə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə dövlət idarəçiliyində sabitliyi və hüquqi müəyyənliyi təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddia ərizəsində əmrin müddət ötürülməklə mübahisələndirilməsinin üzürlü səbəbləri göstərilməmiş və ümumiyyətlə, bu məsələdən bəhs olunmamışdır. Odur ki, qanunla müəyyən olunmuş müddət ərzində həmin əmrin mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması iddiaçının məsuliyyət sferasına aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edildiyi kimi, iddiaçı əmrin mövcudluğu barədə məlumatlı olmuş, lakin iddia ərizəsi ilə məhkəməyə yalnız əmrin verildiyi gündən 4 ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3698/2024 saylı, 21 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar