Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2094/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5266/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona əmək pensiyası təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq ona ödənilmiş sosial müavinət fərqi çıxılaraq ötən dövrlər üzrə yaranmış fərq məbləğinin aylıq pensiya ödənişlərinə əlavə edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ilin yanvar ayının 1-nə kimi 30 ildən artıq əmək stajı olmasına baxmayaraq, xx.xx.2021-ci il tarixindən ona yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 14 il 2 ay 18 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının əmək kitabçasının surətində xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatında əmək fəaliyyətinin olduğu qeyd edilsə də, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmamış pensiya kapitalı barədə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Sözügedən dövrün araşdırılması ilə əlaqədar Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından daxil olmuş müvafiq xidməti məktuba əsasən, "Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatına dair məlumatlar (SUN və ya VÖEN) Nazirliyin uçot bazasında aşkarlanmadığından qeyd olunmuş dövrün araşdırılması və iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Buna əsasən iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmaqla ödənişi davam etdirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5266/2025 saylı, 12 fevral 2025-ci il qərarı ilə (hakim B.Calalov) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarının ləğv edilməsi, İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq ona ödənilmiş sosial müavinət fərqi çıxılaraq ötən dövrlər üzrə yaranmış fərq məbləğinin aylıq pensiya ödənişlərinə əlavə edilərək ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmamış pensiya kapitalı barədə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Sözügedən dövrün araşdırılması ilə əlaqədar Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından daxil olmuş müvafiq xidməti məktuba əsasən “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatına dair məlumatlar (SUN və ya VÖEN) Nazirliyin uçot bazasında aşkarlanmadığından qeyd olunmuş dövrün araşdırılması və iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iddianı təmin edərkən müəssisənin mövcudluğunun və iddiaçının əmək kollektivinin üzvü olmasının Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ilə də təsdiq edildiyini bildirmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, 52 nömrəli sərəncamı ilə X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının bazasında “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X7” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Belə ki, Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) iddiaçı X2 adı əmək kollektivinin üzvü kimi əsas iş yeri “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X7” Açıq Səhmdar Cəmiyyəti olan müəssisənin işçiləri haqqında məlumat siyahısında (xx.xx.1988-ci il tarixdən rəngsaz-suvaqçı vəzifəsində) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin sırasında qeyd olunmuşdur”. İddiaçının adının özəlləşdirmə planında əmək kollektivinin üzvü kimi qeyd edilməsi onun xx.xx.1988ci il tarixdən həmin müəssisədə fasiləsiz əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48- 2F/2-147/2025 nömrəli məktubuna əsasən “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Nəticə olaraq, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatında əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edə biləcək kifayət qədər sübut mövcud deyildir. Buna əsasən iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmaqla ödənişi davam etdirilir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçı 1972-1975-ci illərdə Neft və qazçıxarma operatoru peşəsi üzrə təhsil almışdır. İddiaçıya məxsus ET-İ № ******* №-li, 26 avqust 1977-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək “Manqışlakneft” birliyinin Uzen qazma işləri idarəsində qazmaçı köməkçisi vəzifəsində işləmişdir (5 ay, 2 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Manqışlak kəşfiyyat qazması idarəsində qazmaçı köməkçisi vəzifəsində işləmişdir (3 ay 7 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək “MNTS” trestinin NBM-də formaçı vəzifəsində işləmişdir (3 il, 6 ay, 25 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək kompleks briqadanın briqadiri vəzifəsində işləmişdir (7 ay 1 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Bakı şəhəri Lenin rayon meyvətərəvəz ticarət kontorunda satıcı və baza işçisi vəzifələrində işləmişdir (5 il 1 ay 11 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı tikinti Baş idarəsinin KPD DSZ DSK 4-də (“Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatı) betonçu, qəlibçi, operator və suvaqçı işləmişdir (xx.xx.2006-cı il tarixədək 17 il 3 ay, cəmi 27 il 2 ay 16 gün). İşin araşdırılmış hallarından görünür ki, iddiaçı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya yaşa görə pensiya təyinatından imtina etmiş, xx.xx.2021-ci il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin etmişdir. Cavabdeh qurum imtinasının əsası olaraq pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az olduğunu və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını qeyd etmişdir. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsindən ibarətdir. Əmək kitabçasında qeyd olunan xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı tikinti Baş idarəsinin KPD DSZ DSK 4-də (“Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatı) betonçu, qəlibçi, operator və suvaqçı işlədiyi dövrü sığorta stajına hesablanmamışdır. Cavabdeh iddiaçının 14 il 2 ay 18 gün ümumi sığorta stajının olduğu qənaətinə gəlmiş, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması ilə iddiaçının fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının da toplanmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, iddiaçının minimum pensiya təminatına imkan verən kapitalının olmaması mübahisəsizdir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələbinə görə şəxsin pensiya kapitalı olmadığı halda belə azı 25 il sığorta stajı olduqda onun yaşa görə əmək pensiyası almaq hüququ vardır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı tikinti Baş idarəsinin KPD DSZ DSK 4-də (“Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatı) işlədiyi dövrlərin sığorta stajına aid edilməməli olması ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. İddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, 52 nömrəli sərəncamı ilə X1 Birliyinin “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının bazasında “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X7” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Belə ki, Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) iddiaçı X2 adı əmək kollektivinin üzvü kimi əsas iş yeri “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X7” Açıq Səhmdar Cəmiyyəti olan müəssisənin işçiləri haqqında məlumat siyahısında (xx.xx.1988-ci il tarixdən rəngsaz-suvaqçı vəzifəsində) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin sırasında qeyd olunmuşdur. Keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi “Aydın və Fəxrəddin Quliyev qardaşları adına X7” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, 52 nömrəli sərəncamı və səhmdar cəmiyyətin səhmlərinin satışına dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1925/2006 nömrəli qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə 17 avqust 2006-cı il tarixli 177 nömrəli əmrlə “Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 nömrəli Evtikmə Kombinatının bazasında eyni adlı Məhdud Məsuliyyətli Cəmiyyət təsis etmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 362s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli, 374 s nömrəli digər Sərəncamı ilə Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin tabeliyinə verilmişdir. Belə ki, həmin Sərəncamla Cəmiyyətin istifadəsində olan 18.3 ha torpaq sahəsi məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün çoxmərtəbəli yaşayış kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin daimi istifadəsinə, əmlakı isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilərək 28 sentyabr 2020-ci il tarixli, 9 nömrəli “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nə əsasən özəlləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli **********75 nömrəli bildirişə uyğun "xxxx" MMC-nin ləğvetmə prosesi yekunlaşmaqla, Cəmiyyət olaraq Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır”. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, Bakı tikinti Baş idarəsinin KPD DSZ DSK 4 (“Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatı) mövcudluğu iddiaçının əmək kollektivinin üzvü olması, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin 10 yanvar 2025-ci il tarixli məktubu ilə təsdiq edilir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iş № 2-1(102)-2264/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-582/2023 nömrəli iş üzrə, 2-1(102)-473/2023 nömrəli iş üzrə, 2-1(102)- 1728/2022 nömrəli iş üzrə, 2-1(102)-1476/2022 nömrəli iş üzrə, 2-1(102)-1180/2022 nömrəli iş üzrə, 2-1(102)-1431/2020 nömrəli iş üzrə qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır”. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (Qanunun 11.2-ci maddəsi). Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı tikinti Baş idarəsinin KPD DSZ DSK 4-də (“Aydın və Fəxrəddin Quliyev qardaşları” adına 4 saylı Evtikmə Kombinatı) işləməməsi və ya həmin dövrlərin sığorta stajına aid edilməməli olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından və qanunvericiliyin tələblərindən də görünür ki, İddiaçı xx.xx.2021-ci ildə tarixdə ilkin müraciəti əsasında hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5266/2025 saylı, 12 fevral 2025-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5266/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2094/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2094/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver