Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2095/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı «iş stajı nəzərə alınmaqla əlilliyə görə pensiya təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-94/2019 saylı 19 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2-1(81)-2732/2018 saylı qərarı icra edilmədiyi üçün 50.000 manat məbləğində cərimə tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-94/2019 saylı 19 avqust 08.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1725/20 saylı, 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2-1(81)-94/2019 saylı qərardadı ləğv edilmiş, ərizəyə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-94/2019 saylı 19 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim: P.Hüseynov) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və cavabdehə cərimə tətbiq edilməsinə dair ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə öz qərardadında qərəzli olaraq cavabdehi müdafiə edərək göstərib ki, guya qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası istiqamətində cavabdehin hərəkətsizliyi mövcud olmamış, öhdəliyin icrası cavabdehdən asılı olmayan səbəblərdən təmin edilməmiş, məhkəmə qərarının icra edilməməsində cavabdehin mövqeyi qərəzli olmamışdır. Guya cavabdeh məhkəmə qərarının icrasında yaranmış maneələrlə əlaqədar ayrı-ayrı ərizələrlə məhkəməyə müraciət etmiş və bununla əlaqədar tərəflər arasında məlikəmə mübahisəsi davam etmişdir. Bakı Apelyasiya .Məhkəməsinin İnzibatı Kollegiyasının 2-1(103)-1725/2020 saylı, 12.10.2020-ci ıl tarixli qərardadında göstərilmişdir ki, Konstitusiyanın 125 və 127-ci maddələrinin mahiyyətinə görə həmin təminatlar tək hər bir şəxsin məhkəməyə müraciət etmək və işinə baxılması hüquqlarının təmin olunması ilə məhdudlaşmır, həm də işinə qərəzsiz, ədalətli, tərəflərin hüquq bərabərliyi, faktlar və qanun əsasında baxılmasını, o cümlədən qəbul olunmuş qərarın qanunla müəyyən olunmuş hədlər çərçivəsində icrasını tələb edir. Effektiv və real ədalət mühakiməsinin əsas şərtlərindən biri məhkəmə qərarlarının icra olunması ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə icraatı qaydasında qəbul olunmuş qərarın nəinki hər bir məhkəmə araşdırmasının ayrılmaz, mühüm hissəsidir, həm də fiziki və hüquqi şəxslərin hüquqlarının dövlət tərəfindən müdafiə olunmasının təminatıdır. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin sərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məlikəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki. məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Bakı inzibati Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 103)-1725/2020 saylı, 12.10.2020-ci il tarixli qərardadında göstərilənlərə ümumiyyətlə diqqət yetirməmiş, yuxarı instansiya məhkəməsi kimi həmin məhkəmənin mövqeyini nəzərə almamışdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin həmin qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin məhkəmə qərarını özündən asılı olmayan səbəblərdən icra etmədiyini göstərsə də, həmin səbəblərin nədən ibarət olduğunu əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin ikinci dəfə işə baxarkən həmin halı əsaslandırmaması artıq həmin məhkəmə qərardadının qərəzli olduğunu bir daha sübut edir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı cavabdehin nümayəndəsi X2 məhkəmə qərarının artıq icra olunduğunu və bu səbəbdən də apelyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2386/2018 saylı 19 dekabr 2018-ci il tarixli qərarı icra edilmədiyi üçün 50.000 manat məbləğində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh olsa da, hazırda qeyd olunan qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən icra edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış məktubdan və məktuba əlavə edilmiş sənədlərdən də görünür ki, həmin qərar icra edilərək iddiaçıya 01.03.1988-ci il tarixindən 01.10.2005-ci il tarixinədək əmək fəaliyyətində olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 22.02.2018-ci ildən 03.10.2018-ci ilədək İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş və ödənilmiş, 03.10.2018-ci il tarixdə isə əlillik etibarsız hesab edilmişdir. Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2018-ci il tarixli, 2-1(81)-2732/2018 saylı qərarı məhkəmə qərarını icra etməli olan inzibati orqan tərəfindən icra edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ərizə əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2-1(81)-2732/2018 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 01.03.1988-ci il tarixdən 01.10.2005-ci il tarixədək əmək fəaliyyətində olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 22.02.2018-ci il tarixdən 3-cü qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2- 1(103)-1904/2018 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2018-ci il tarixli, 2-l(81)- 2732/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-1(102)- 2386/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1904/18 saylı 11 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2-1(81)-2732/2018 saylı qərarı qanuni qüvvəyə mindikdən sonra 01.02.2019-cu ildə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Daha sonra isə 29.04.2019-cu ildə məhkəmə tərəfindən icra vərəqəsi verilərək icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 15.04.2021-ci il tarixli **********3 saylı məktubdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2018-ci il tarixli, 2- 1(81)-2732/2018 saylı qərarı icra edilərək İddiaçı 01.03.1988-ci il tarixindən 01.10.2005-ci il tarixinədək əmək fəaliyyətində olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 22.02.2018-ci il tarixindən əlilliyin etibarsız hesab edildiyi 03.10.2018-ci il tarixinədək İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş Əmək pensiyasının təyin edilməsi haqqında 07.01.2020-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 22.02.2018-ci ildən 03.10.2018-ci ilədək İİİ dərəcəli əlilliyə görə 574,23 manat məbləğində pensiya təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya cəmi 3.166,50 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qərarın icra olunduğunu, lakin sonradan iddiaçının əlilliyinin ləğv olduğunu bildirərək, əlilliyin bərpa olunmasını məhkəmə qaydasında mübahisələndirdiyini qeyd etmişdir. Göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2-1(81)-2732/2018 saylı qərarı artıq cavabdeh orqan tərəfindən icra olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan qərarın icra edilmədiyi üçün cavabdehə cərimə tətbiq edilməsi barədə ərizəsini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-94/2019 saylı 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2095/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2095/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver