Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2095/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4951/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı ürək xəstəliyindən əziyyət çəkdiyi üçün X5 üzərində açıq ürək əməliyyatı icra edilmişdir. Əziyyət çəkdiyi xəstəliklə bağlı orqanizminin funksiyaları 57% pozulmuşdur. Bununla bağlı əlilliyin müəyyən olunması üçün göndəriş verilmiş TSEK məlumatları düzgün qiymətləndirməyərək 28 oktyabr 2022-ci il tarixdə əlilliyin müəyyən olunmasından imtinaya dair qərar qəbul etmişdir. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduğundan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onu 17 noyabr 2022-ci il tarixdə əyani müayinəyə cəlb etmiş, lakin təkrar olaraq eyni qərar qəbul edərək altsistemə daxil etmişdir. İmtinaya dair qərar 9 dekabr 2022-ci il tarixdə çap olunaraq, iddiaçıya təqdim edilmişdir. İddiaçı orqanizminin funksiyalarının pozulması faizi ümumiyyətlə qeyd olunmayan həmin qərarı qanunsuz sayır. Belə ki, o, 12 dekabr 2022-ci il tarixdə təkrar həkim müayinəsindən keçmişdir. Bu müayinə zamanı da əziyyət çəkdiyi xəstəliklə bağlı orqanizminin funksiyalarının 57% pozulduğu aşkar edilmişdir. Göstərilənlərə və «Əlilliyin müəyyən olunması meyarları»na, «Əlilliyin qiymətləndirilməsi Qaydaları»na, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanuna əsaslanaraq, iddiaçının orqanizmin funksiyalarının 60 faiz pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4951/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı orqanizminin funksiyalarının pozulması müəyyən edilməklə onun xeyrinə əlverişli inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin iddiaçı da qeyd edilən qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilərək tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri, tərəflərin izahatları: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin diaqnoz iddiaçının hazırkı vəziyyətini əks etdirsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarrnda maddələrdən birini aid etmək mümkün olmamışdır. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiçıda sözügedən ağırlaşmalar mövcud deyil. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə keçdiyi təkrar həkim müayinə ilə əziyyət çəkdiyi xəstəliklə bağlı orqanizminin funksiyalarının 57 % pozulduğu təsdiq edilsə də, eyni zamanda funksiyaların pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparıldığından orqanizmimin funksiyalarının 60 faiz pozulmasının müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalı olsada, məhkəmə iddianın qismən təmin edilməli olduğuna dair səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə aşağıdakı əsaslara görə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Həmin Meyarların 3.1-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: - (3.1.1) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; - (3.1.2) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; - (3.1.3) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə görə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 2-ci Qan dövranı sisteminin xəstəlikləri bölməsinin İ20 - İ25 kodu ürəyin işemik xəstəliyi əlilliyin dərəcəsinin təyininə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. İş materiallarından müəyyən edilir ki, məhkəmənin 6 aprel 2023-cü il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinin 26 may 2023-cü il tarixli məktubu ilə T 313/2023 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilmiş suallara uyğun komissiya nəticəyə gəlir: (1) Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3-Sosial Ekspert komissiyaları tərəfindən həyata keçirilir. (2) İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda 7 oktyabr 2022-ci il tarixdə X1 müəyyən edilmiş ‘T20.8-ÜİX, stabil gərginlik stenokardiyası İ fs, İ25.2- İnfarktdan sonrakı kardioskleroz, Z11.0- Arterial hipertoniya İİ dərəcə, şəkərli diabet tip 2, İ05.1- Mitral qapaq çatmamazlığı İİİ dərəcə, İ50.0- Xroniki ürək çatmazlığı İİ FS. (AF+ 43%)” diaqnozundakı əsas xəstəlik və onun ağırlaşmalarından əziyyət çəksə də hazırda onun həmin xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur. Belə ki, əməliyyat keçirən xəstələr müalicə həkimi tərəfindən yazılmış dərman preparatlarını vaxtaşırı qəbul edir və müayinə olunurlar. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, iddiaçıda əlilliyin təyininə əsas olan xəstəlik müəyyən olunduğundan, onun orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları»nın müddəaları üzrə müvafiq tədbirlər görülməklə və tələbləri gözlənilməklə barəsində əlverişli inzibati akt verilməlidir. Məhkəmə kollegiyasının 2-1(103)-2095/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə aralıq qərardadı qəbul edilərək, İddiaçı orqanizminin funksiyalarının pozulması müəyyən edilməklə onun xeyrinə əlverişli inzibati aktın qəbul edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən araşdırma aparılması və bunun üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi və bunun nəticəsi barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin müddət ərzində məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3 sosial ekspert komissiyası tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, iddiaçının müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir Lakin iş materiallarında olan birinci instansiya məhkəməsinə təqdim edilən ekspert rəyinin nəticə hissəsində isə qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda xx.xx.2022-ci il tarixdə X1 müəyyən edilmiş ‘T20.8-ÜİX, stabil gərginlik stenokardiyası İ fs, İ25.2- İnfarktdan sonrakı kardioskleroz, Z11.0- Arterial hipertoniya İİ dərəcə, şəkərli diabet tip 2, İ05.1- Mitral qapaq çatmamazlığı İİİ dərəcə, İ50.0- Xroniki ürək çatmazlığı İİ FS. (AF+ 43%)” diaqnozundakı əsas xəstəlik və onun ağırlaşmalarından əziyyət çəksə də hazırda onun həmin xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur. Göründüyü kimi, cavabdehin ekspert komissiyasından fərqli olaraq Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş rəydə, iddiaçıda müəyyən edilən xəstəliklərin ağırlaşmalarının olduğu qeyd olunmuşdur. Lakin rəydən görünür ki, ekspert bu nəticəyə iddiaçının əyani müayinə olunması nəticəsində deyil, tibbi sənədlərə əsasən gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlillərindən biri isə göndərişdə qeyd olunan diaqnoz iddiaçının hazırkı vəziyyətini əks etdirsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmamışdır. Kollegiya tərəfindən mübahisənin obyektiv və ədalətli həlli üçün iş üzrə əlavə məhkəmə tibbi-ekspertizası təyin edilmiş və araşdırılması üçün məhkəmə-tibbi ekspertizası qarşısında aşağıdakı suallar qoyulmışdır: 1) İddiaçı müvafiq diaqnostik müayinə metodları əsasında canlı müayinə olunmaqla hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin dinamikası, klinik proqnozlarına əsaslanan sağlamlıq vəziyyətinin real və obyektiv qiymətləndirilməsini aparılmaqla onda müəyyən edilən xəstəlik və ağırlaşmaları hansılardır? 2) İddiaçıda xəstəlik və ağırlaşmalar məyyən edilcəyi təqdirdə, həmin xəstəlik və ağırlaşmalar orqanizmin funksiyalarının 31-60 faiz ( xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması) pozulmasına səbəb olmuşdurmu? 3) Bakı Xəzər Tibb Mərkəzi tərəfindən tərtib edilmiş F00036998VZQ nömrəli Forma 088 göndərişində göstərilən diaqnozlar öz əksini tapırmı? 4) Bakı Xəzər Tibb Mərkəzi tərəfindən tərtib edilmiş F00036998VZQ nömrəli Forma 088 göndərişində göstərilən diaqnozlar təsdiqini tapdığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” (ləğv edilmiş) və ya hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilmiş xəstəliklərin beynəlxalq təsnifat üzrə hansı kodlarına uyğundur? Kollegiyanın sözügedən qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinin 23 oktyabr 2024-cü il tarixli məktubu ilə ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adına tərtib edilmiş F00036998VZQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “İ20.8- stenokardiyanm digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası fsl. Ağırlaşma: İ50-ürək çatmamazlığı, xroniki ürək çatmazlığı fs İİ AF= 43%% 125.2- əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, aortokoronar şuntlu transplantatın olması, AKŞ* 3 (2022). Yanaşı xəstəliklər: İlO-essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ, İ34.0-mitral qapağın çatmamaz- lıq(ğı), mitral qapaq çatmamazlığı İİİ, F48.0-nevrasteniya” diaqnozundakı xəstəliklər ona anamnestik, klinik və laborator instrumental müayinələr əsasında müəyyən edilsə də həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik səviyyəsində olmadığından cavabdehin imtinası qanunyauyğun olmuşdur. Yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin əsaslı, iddiaçının apelyasiya şikayətinin isə əsassız olması qənaətinə gələrək hesab edir ki, mübahisələndirilən qərar ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4951/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2095/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2095/2024
06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver