Məhkəmə qərarları › İş №2-1(103)-2096/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2096/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2096/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş *-**-*-*/*- *****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə (təkrar) ərizə təqdim edərək *-**- *-*/*-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsini tələb etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** saylı qərara əsasən iddiaçı İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı qeyd edilmişdir. Bununla bağlı vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən müraciətlərə hər hansı cavab verilməmişdir. Iddiaçı tərəfindən vergi orqanına ünvanlanmış məktub və şikayətlərdə qeyd edilmişdir ki, müəssisə tərəfindən riskli hesab edilməsi ilə bağlı mövcud olmuş hallar aradan qaldırılmışdır. Lakin vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmamış və müəssisə riskli vergi ödəyicisi olaraq qalmışdır. Qeyd edilir ki, həmin qərara nəzər yetirdikdə iddiaçının riskli vergi ödəyici hesab edilməsi üçün hansı əməliyyatın əmtəəsiz olması və ya əmtəəsiz əməliyyatların mövcud olmasının hansı qaimə fakturaya və ya sənədə uyğun müəyyən edildiyi qeyd edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən həmin riskli əməliyyatlar məlum olmadığından hər hansı tədbir görülməmişdir. Iddiaçı tərəfindən daha əvvəl ünvanlanmış riskli vergi ödəyicisi barədə araşdırmaya da nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, həmin məktubda da hər hansı bir əsas qeyd edilməmişdir. Müəssisə bu günədək hər hansı riskli əməliyyat həyata keçirməmişdir. Qeyd edilən qərarın qəbul edilməsinə əsas hansı qaimə və ya əməliyyat olması bildirilsə idi, iddiaçı bu barədə tədbir görə bilərdi. Lakin vergi orqanı tərəfindən vergi ödəyicisinə bu barədə ətraflı məktub və ya izah məlumat verməmişdir. Bu halın baş verməsi isə müəssisənin bazarda qarşılıqlı öhdəlik daşıdığı müştərilər ilə müəyyən problemlərin yaranmasına, öz iş fəaliyyətini davam etdirməyinə maneələr yaradır. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarda yalnızca Riskli vergi ödəyicinin o cümlədən riskli əməliyyatların meyarlarında 2.1.2-ci bəndə istinad edilmişdir. Bu halın isə nəyə əsaslandığı iddiaçıya məlum olmamış və qeyd edilməmişdir. Göstərilənləri nəzərə alaraq Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə ##.##.2024-cü il tarixli *-**- *-*/*-*****/**** saylı Qərarın ləğv edilməsi xahiş edilmişdir. Müəssisə fəaliyyətini davam etdirməkdə riskli vergi ödəyiciləri siyahısında olduğu üçün bir çox çətinliklərlə üzləşmiş, bir çox müəssislər isə riskli vergi ödəyicisi olduğunu gördüyü üçün “xxxx” MMC ilə iş görməkdən çəkinmişdirlər. Iddiaçı göstərilən səbəblərə əsasən hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** saylı qərar ləğv edilməli və müəssisə riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır. Cavabdeh tərəfindən verilmiş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, ldirilir ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar üzrə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyekti qeyri-müəyyən ünvan üzrə qeydiyyata alınmışdır. Vergi ödəyicisinin şəxsi məlumatlarında qeyd olunan mobil nömrə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin icarədar ilə bazada qeyd olunan mobil nömrə vasitəsilə əlaqə saxlamaq mümkün olmamışdır. Bu səbəbdən obyekti müəyyən etmək və müşahidə baxış keçirilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaçı İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanların nəzərə alınaraq, iddiaçı İddiaçı MMC-nin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli qərarın ləğv olunması və cəmiyyətin riskli vergi ödəyicilərı siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh vergi orqan tərəfindən vergi ödəyicisinin (iddiaçının) riskli vergi ödəyici hesab olunması üçün əsas olan faktiki hallar “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2024-cü il tarixli, 3-21-2- */*-*****/**** nömrəli Qərarda (eləcə də yazılı etirazda) əsaslandırılmamışdır. Belə ki, mübahisələndirilən qərarda ödəyicinin riskli siyahıya salınması üçün əsas aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildiyi qeyd edilsə də, nə qərarda, nə də ərizəyə yazılı etirazda bunu əsaslandıran konkret (faktiki) halları hər hansı şəkildə əsaslandırmamış, normaya istinadla kifayətlənmişdir. Cavabdehin nümayəndəsinin izahatından isə aydın olur ki, iddiaçı İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi üçün əsas müvafiq təsərrüfat subyektinin qeyd olunan ərazidə yerləşməsinin və vergi ödəyicisinə məxsusluğunun müəyyən edilə bilməməsi olmuşdur. Iddiaçı İddiaçı tərəfindən vergi orqanında qeydiyyatda olan təsərrüfat obyektinin (anbarının) olması ilə bağlı Arayışlar təqdim edilmişdir. Belə ki, * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” *********** nömrəli Arayışa əsasən İddiaçı (VÖEN **********) 5002 Sumqayıt şəhəri Inşaatçılar qəsəbəsi ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) - anbarın uçota alınması təsdiq edilmişdir (uçota alınma tarixi: ##.##.2023); * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” *********** nömrəli Arayışa əsasən İddiaçı (VÖEN **********) 5002 ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) - anbarın uçota alınması təsdiq edilmişdir. (uçota alınma tarixi: ##.##.2024). ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektinə dair iddiaçı “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli **/**-** nömrəli Subicarə Müqavilə də iş materiallarına əlavə edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavənin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2023-cü ildə təsis edilmişdir. Müəssisənin rəhbəri musiqi fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda şadlıq saraylarının idarə olunması sahəsində çalışmışdır. Vergi ödəyicisinin Sumqayıt şəhərində yerləşən cəmi 25 kv.m sahəyə malik obyekti olmuşdur. Bu obyektin ölçüsü və imkanları müəssisənin bəyan etdiyi dövriyyə ilə açıq şəkildə uyğunsuzluq təşkil edir. Eyni zamanda bildirilmişdir ki, müəssisə qeyri-müəyyən ünvan üzrə qeydiyyata alınmışdır, mobil nömrə vasitəsilə əlaqə saxlamaq mümkün olmamış, icarədar ilə də əlaqə qurmaq mümkün olmamışdır. Faktiki fəaliyyət yerinin müəyyən edilməsi və baxış keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş meyarların 2.1.2-ci yarımbəndinə əsasən (əmtəəsiz əməliyyatların aşkar edilməsi), vergi orqanının ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Riskli hesab edilən qaimə-fakturalar 11.2023 - 01.2024 dövrünü əhatə edir və ümumi məbləği 793.000 manat təşkil edir. Həmin dövrdə müəssisədə yalnız 1 işçi (xadimə) fəaliyyət göstərmiş, mövcud obyekt kiçik sahəyə malik olmuşdur, dövriyyə ilə real imkanlar arasında ciddi uyğunsuzluq mövcuddur Vergi orqanının ##.##.2024-cü il tarixli dəvətinə baxmayaraq vergi ödəyicisi iştirak etməmiş, əlaqə yaratmaq mümkün olmamış, izahat təqdim edilməmişdir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə əməliyyatlarda iştirak etmiş əməliyyat üzrə qarşı tərəf (kontragent) vergi ödəyicilərindən biri — “xxxx” MMC (VÖEN 1506560241) vergi orqanının ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunmuşdur. Qeyd olunan vergi ödəyicisi tərəfindən həmin qərar məhkəmə qaydasında mübahisələndirilməmişdir. Bu hal İddiaçı MMC tərəfindən aparılmış əməliyyatların real xarakter daşımadığını göstərir. Aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, “xxxx” MMC (VÖEN 1506567131), “FM900M” MC (VÖEN 1506544731) və “xxxx” MMC (VÖEN 1506567391) tərəfindən təqdim edilmiş mallar onlara təqdim edən müəssisələrin alışlarında müəyyən edilməmişdir. Müvafiq dövrlər üzrə İddiaçı MMC-yə satıldığı iddia edilən mallar əməliyyat üzrə qarşı tərəf (kontragent) vergi ödəyicilərinin alış sənədlərində əks olunmamışdır. Zəncir üzrə əməliyyatlar yalnız sənəd üzərində rəsmiləşdirilmiş, lakin faktiki mal dövriyyəsi təsdiqini tapmamışdır. Eyni zamanda, fiziki şəxs Mütəllimov Elvin (VÖEN2907250252) tərəfindən təqdim edilmiş mallar üzrə aparılmış araşdırmalar zamanı həmin malların onun alışlarında mövcud olmadığı, yəni faktiki olaraq alış əməliyyatlarının baş vermədiyi müəyyən edilmişdir. Həmçinin, uçot və baza sənədlərinin təhlili zamanı müəyyən edilmişdir ki, müvafiq əməliyyat üzrə qarşı tərəf (kontragent) vergi ödəyiciləri tərəfindən həmin malların daşınmasını həyata keçirən nəqliyyat vasitələri müəyyən edilməmiş, eyni zamanda mənfəət (gəlir) vergisi üzrə bəyannamələrdə daşıma xərcləri bəyan olunmamışdır. İddiaçı MMC tərəfindən rəsmiləşdirilmiş əməliyyatlar real iqtisadi məzmun daşımır və yalnız formal sənədləşmə yolu ilə süni dövriyyənin yaradılmasına xidmət edir. Əməliyyat üzrə qarşı tərəf (kontragent) vergi ödəyicilərinin alışlarının olmaması, malların mənşəyinin təsdiq edilməməsi və zəncir üzrə ilkin mənbənin müəyyən edilməməsi bu əməliyyatların əmtəəsiz xarakter daşıdığını birmənalı şəkildə ortaya qoyur. Bundan əlavə, əməliyyat zəncirində iştirak edən vergi ödəyicilərindən birinin artıq riskli vergi ödəyicisi kimi tanınması və bu statusun məhkəmə qaydasında mübahisələndirilməməsi həmin zəncirin bütövlükdə etibarsız və vergi nəzarətindən yayınma məqsədilə qurulmuş sxem olduğunu təsdiqləyir. Belə əməliyyatlar vergi uçotunun təhrif edilməsi, vergitutma bazasının əsassız şəkildə formalaşdırılması və dövlət büdcəsinə ödənilməli olan vergilərdən yayınma məqsədi daşıyan sxematik fəaliyyət kimi qiymətləndirilməlidir. Bu baxımdan, İddiaçı MMC-nin riskli vergi ödəyicisi kimi tanınması barədə vergi orqanının qərarı tam qanuni, əsaslı və mövcud faktiki hallara uyğun hesab edilməlidir. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Ilkin olaraq cavabdehin apellyasiya şikayətində yeganə istinad etdiyi məqam guya müəssisənin təsərrüfat subyektində, yəni vergi orqanına bildirdikləri obyektin mövcud olmamasıdır. Həmin obyektdə yoxlanış keçirildiyi və əlaqə saxlanıla bilmədikləri qeyd edilmişdir. Bu barədə nəzərə çatdırılır ki, birinci instansiya məhkəməsində icraat davam edən müddət ərzində təsərrüfat obyektinin olması barədə məlumatlar hər biri məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsini qərarına nəzər yetirdikdə belə müəyyən etmək mümkün olur ki, ##.##.2023-cü il tarixində, ##.##.2024-cü il tarixində * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” *********** nömrəli və * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” *********** nömrəli arayışlar əldə edilmiş, “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli **/**-** nömrəli Subicarə Müqaviləsinə əsasən “xxxx” MMC Kimyaçılar qəsəbəsi, Səməd Vurğun 1 ünvanında yerləşən 600 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binalarından, 35 kv.m sahəsini müqavilədə müəyyən olunmuş müddətdə həmin obyekt icarəyə verilmişdir. Bundan əlavə məkhəmə tərəfindən qərarın 31-ci bəndində qeyd edildiyi kimi məhkəmə cavabdehə obyektdə baxış keçirmələri üçün müddət belə tanımışdır. Buna baxmayaraq, cavabdeh vergi orqanı məhkəmə tərəfindən təmin olunmuş əlavə müddət ərzində hər hansı tədbir (təsərrüfat obyektinə baxış, vergi yoxlaması) həyata keçirməmiş və etirazda qeyd olunan halları təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə isə vergi orqanı apellyasiya şikayətinə nəzər yetirdikdə istinad edilən hər hansı bir məqam və ya istinad edilən məqamı əsaslandıracaq hər hansı mötəbər sübut mövcud deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, inzibati orqan öz qərarını əsaslandırmağa və nə üçün qəbul etdiyini sübuta yetirməyə borcludur. Lakin hazırkı iş üzrə cavabdeh vergi orqan tərəfindən vergi ödəyicisinin (iddiaçının) riskli vergi ödəyici hesab olunması üçün əsas olan faktiki hallar “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2024-cü il tarixli, *- **-*-*/*-*****/**** nömrəli Qərarda (eləcə də yazılı etirazda) əsaslandırılmamışdır. Belə ki, mübahisələndirilən qərarda ödəyicinin riskli siyahıya salınması üçün əsas aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildiyi qeyd edilsə də, nə qərarda, nə də ərizəyə yazılı etirazda bunu əsaslandıran konkret (faktiki) halları hər hansı şəkildə əsaslandırmamış, normaya istinadla kifayətlənmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti və ona əlavəyə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. IPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. IPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. IPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. IPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmış, ##.##.2024-cü il tarixli inzibati akt ##.##.2024-cü il tarixdə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X3ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin ## ###### 2024-cü il tarixinə qədər olan redaksiyası (“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”): 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FIN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Iddiaçı hazırkı tələbində cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” *-**-*-*/*-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarını mübahisələndirmişdir. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən iddiaçı İddiaçı barəsində aparılmış araşdırma nəticəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” *-**-*-*/*-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərara əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia mahiyyəti üzrə əsassızdır. Iş materiallarından görünür ki : - Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” *-**-*-*/*- *****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi İddiaçı (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən iddiaçıya ünvanlanan *-**-*-*/*-M-****-**/**** nömrəli ## ###### 2024-cü il tarixli məktubla bildirilmişdir ki, müraciətlərin araşdırılması zamanı ##.##.2024-cü il tarixə olan baza məlumatlarına əsasən fəaliyyəti üzrə mövcud olan risk meyarının aradan qaldırılmadığı müəyyən olunmuşdur. - * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” *********** nömrəli Arayışa əsasən İddiaçı (VÖEN **********) 5002 Sumqayıt şəhəri Inşaatçılar qəsəbəsi ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilmişdir. Təsərrüfat subyektinin (obyektinin adı): Anbar Kodu: **********-29001 Uçota alınma tarixi: ##.##.2023 - * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” *********** nömrəli Arayışa əsasən İddiaçı (VÖEN **********) 5002 ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilmişdir. Təsərrüfat subyektinin (obyektinin adı): Anbar Kodu: **********-29002 Uçota alınma tarixi: ##.##.2024 - “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli **/**-** nömrəli Subicarə Müqaviləsinə əsasən “xxxx” MMC Kimyaçılar qəsəbəsi, Səməd Vurğun 1 ünvanında yerləşən 600 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binalarından, 35 kv.m sahəsini müqavilədə müəyyən olunmuş müddətdə Icarəçinin (“xxxx” MMC) istifadəsinə verməyi, Icarəçi (“xxxx” MMC) isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. - Vergi ödəyicisinin obyektləri barədə (çap tarixi ##.##.2025-ci il olan) məlumatdan görünür ki, Sumqayıt şəhəri, Inşaatçılar qəsəbəsində yerləşən sahəsi 25 kv.m olan anbar **********-29001 kodu ilə vəziyyəti C qeyd olunmaqla, ünvan 2 ünvanında yerləşən sahəsi 35 kv.m olan anbar **********-29002 kodu ilə vəziyyəti A qeyd olunmaqla uçota alınmışdır. Beləliklə, hazırkı inzibati işin faktiki hallarından müəyyən edilir ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab olunmuş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş *-**-*-*/*- *****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsinə yönəlmişdir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili isə ondan ibarət olmuşdur ki, vergi ödəyicisi əmtəəsiz əməliyyatlar apardığından riskli vergi ödəyicisi hesab olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq hazırkı işin obyektiv araşdırılması məqsədilə AZ5002, Sumqayıt şəhəri, Inşaatçılar qəsəbəsi və AZ5002, ünvan 2 ünvanında qeydiyyatda olan iddiaçının təsərrüfat subyektlərinə baxış keçirilərək (tərəflərin iştirakı ilə) müayinə aktının (fotoşəkillərlə birlikdə) məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən verilmiş *-**-*-*/*-******/**** nömrəli, # ####### 2025-ci il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, vergi ödəyicisi İddiaçı məxsus (VÖEN: **********) Sumqayıt şəhəri, Inşaatçılar qəsəbəsi ünvanında yerləşən **********-29001 nömrəli təsərrüfat subyektinin ##.##.2024-cü il tarixdən (mübahisələndirilən qərardan əvvəl) və ünvan 3 ünvanında yerləşən **********-29002 nömrəli təsərrüfat subyektinin ##.##.2025ci il tarixdən fəaliyyətlərinin ləğv edildiyi müəyyən edilmişdir. Daha sonra cavabdeh inzibati orqana sorğu verilərək İddiaçı (VÖEN **********) hazırda mövcud olan obyektləri (təsərrüfat subyektləri) barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən verilmiş *-**-*-*/*-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, ##.##.2026-cı il tarixə vergi ödəyicilərinin vahid dövlət reyestri məlumatlarına əsasən İddiaçı MMC-nin (VÖEN: **********) aktiv təsərrüfat subyektinin (obyektinin) olması barədə məlumat müəyyən edilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda mübahisləndirilən qərarın qəbulu zamanı vergi orqanı tərəfindən qanunvericilik normalarının pozulub-pozulmaması ətraflı araşdırılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” *-**-*- */*-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərar qəbul olunarkən vergi ödəyicisinin aktiv təsərrüfat obyekti olmamışdır. Belə ki, Sumqayıt şəhəri, Inşaatçılar qəsəbəsi ünvanında yerləşən təsərrüfat obyekti ##.##.2024-cü ildə qeydiyyatdan çıxarılmış, ünvan 3 ünvanında yerləşən təsərrüfat obyekti isə ##.##.2024-cü il tarixdən qeydiyyata alınmış və ##.##.2025-ci il tarixdən qeydiyyatdan çıxarılmışdır. Həmçinin, vergi orqanın qərarında qeyd edilən və qərarın qəbuluna əsas verən əmtəəsiz əməliyyatlar barədə müvafiq araşdırma aparılmış və apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş diskə məhkəmə tərkibi tərəfindən baxış keçirilmiş və “xxxx” MMC (VÖEN 1506567131), “FM900M” MC (VÖEN 1506544731) və “xxxx” MMC (VÖEN 1506567391) tərəfindən iddiaçı İddiaçı MMC-yə təqdim edilmiş mallar onlara təqdim edən müəssisələrin alışlarında müəyyən edilməmişdir. Həmçinin fiziki şəxs Elvin Mütəllimov (VÖEN2907250252) tərəfindən təqdim edilmiş malların onun alışlarında mövcud olmadığı, yəni faktiki olaraq alış əməliyyatlarının baş vermədiyi müəyyən edilmişdir. Həmçinin, İddiaçı MMC ilə əməliyyatlarda iştirak etmiş əməliyyat üzrə qarşı tərəf (kontragent) vergi ödəyicilərindən biri — “xxxx” MMC (VÖEN 1506560241) vergi orqanının ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunmuşdur. Disk materialına baxış zamanı həmçinin müəyyən edilmişdir ki, riskli hesab edilən qaimə-fakturalar 11.2023-01.2024-cü illərdəki dövrü əhatə etmiş və ümumi məbləğ 793.000 manat təşkil etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə - elektron-qaimə fakturalar, gömrük bəyannamələri, vergi ödəyicisinin obyekti barədə məlumatlar-arayışlar, fotoşəkillərə məhkəmə tərkibi tərəfindən baxış keçirilmiş və iddiaçı tərəfindən alınmış malların, 11.2023-01.2024-cü illərdəki dövrü əhatə edən və müxtəlif təsərrüfat təyinatlı ümumi məbləği 793.000 manat təşkil edən malların sözügedən dövrdə mövcud olan 25 kv.m olan anbarda saxlanılmasının real və ağlabatan olmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatdır. Belə əməliyyatlar vergi uçotunun təhrif edilməsi, vergitutma bazasının əsassız şəkildə formalaşdırılması və dövlət büdcəsinə ödənilməli olan vergilərdən yayınma məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati iş üzrə aparılmış araşdırmalardan müəyyən edilmişdir ki, İddiaçı MMC ilə əməliyyatlarda iştirak etmiş əməliyyat üzrə qarşı tərəf (kontragent) vergi ödəyicilərindən biri — “xxxx” MMC (VÖEN 1506560241) vergi orqanının ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunmuşdur. Ancaq həmin müəssisə tərəfindən riskli vergi ödəyicisi hesab olunma barədə qərar məhkəmə qaydasında mübahisələndirilməmişdir. Həmçinin, uçot və baza sənədlərinin təhlili zamanı müəyyən edilmişdir ki, müvafiq əməliyyat üzrə qarşı tərəf (kontragent) vergi ödəyiciləri tərəfindən malların daşınmasını həyata keçirən nəqliyyat vasitələri müəyyən edilməmiş, eyni zamanda mənfəət (gəlir) vergisi üzrə bəyannamələrdə daşıma xərcləri bəyan olunmamışdır. Bunlara dair də iddiaçı vergi ödəyicisi tərəfindən məhkəmə araşdırmaları zamanı malların realda təhvil-təsliminə dair müvafiq sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, doğrudur, mübahisələndirilən qərarın qəbulunu şərtləndirən halları sübut etmək inzibati orqanın üzərinə düşür, lakin bununla yanaşı nəzərə almaq lazımdır ki, vegi orqanı tərəfindən gətirilən sözügedən arqumentlərə qarşı da iddiaçı heç bir sübut təqdim edə bilmir. Bu da məhkəmə kollegiyasında müvafiq daxili inamın formalaşmasına əsas verir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, xxxx” MMC tərəfindən rəsmiləşdirilmiş əməliyyatlar real iqtisadi məzmun daşımamış və yalnız formal sənədləşmə yolu ilə süni dövriyyənin yaradılmasına xidmət etmişdir. Əməliyyat üzrə qarşı tərəf (kontragent) vergi ödəyicilərinin alışlarının olmaması, malların mənşəyinin təsdiq edilməməsi və ilkin mənbənin müəyyən edilməməsi bu əməliyyatların əmtəəsiz xarakter daşıdığının göstəricisidir. Belə əməliyyatlar vergi uçotunun təhrif edilməsi, vergitutma bazasının əsassız şəkildə formalaşdırılması və dövlət büdcəsinə ödənilməli olan vergilərdən yayınma məqsədi daşıyan sxematik fəaliyyət kimi qiymətləndirilməlidir. Yekunda hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” *-**-*- */*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı qəbul olunarkən cavabdehin iddiaçını riskli vergi ödəyicisi hesab olunmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdeh inzibati orqan tərəfindən mübahisəli qərar qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə riayət edilmişdir. Bu baxımdan cavabdeh inzibati orqanın iddiaçı İddiaçı MMC-nin riskli vergi ödəyicisi kimi tanınması barədə qəbul etdiyi qərarı tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, hazırda qüvvədə olan Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtlərinin 4.5-ci bəndinə əsasən aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə; 4.5.2. aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə. Göründüyü kimi riskli vergi ödəyicisi siyahısına salınmış iddiaçı müvafiq qanunvericilik normalarında qeyd edilənlərə əməl edərək riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin e-*- *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar